16 noyabr 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - İlıq bir təbəssüm sorağında - Asif Rüstəmlinin 60 yaşına
İlıq bir təbəssüm sorağında - Asif Rüstəmlinin 60 yaşına
15.02.2014, 15:01

Cəfər Cabbarlının 100 illik yubileyi münasibəti ilə yazıçının pyes, hekayə, şeir, məqalə və məktublarından ibarət «Cəfər Cabbarlı. Mənim tanrım gözəllik» adlı toplusuna (tərtib edəni Qəmər Seyfəddin qızı, Bakı, 2000, 283 səh.) Asif Rüstəmlinin ön söz kimi yazdığı «Susmaz duyğular səltənətində» məqaləsi aşağıdakı cümlə ilə bitir: «Yubiley ərəfəsində möhtərəm oxuculara ünvanlanan bu kitabın Cabbarlı sənətini sevənlərin çöhrəsinə ilıq bir təbəssüm bəxş edəcəyi gümanındayıq». Asif Rüstəmlinin 60 yaşı münasibəti ilə qələmə aldığımız yazını bu sitatla başlamağımız təsadüfi deyil. Əslində A.Rüstəmli bu cümlə ilə özünü ifadə etmişdir. Onun arzusu, amalı insanlara bir ilıq təbəssüm bəxş etmək olmuşdur, o, bu imanla, bu inamla, bu gümanla yaşamışdır. Onun ömür yolu, çoxşaxəli və fədakar fəaliyyəti ilə bağlı ştrixlər də deyilənləri təsdiqləyir…

Avtoqraflar… portretin konturları

Xalq yazıçısı Elçinin müxtəlif illərdə Asif Rüstəmliyə hədiyyə etdiyi kitablardakı kiçik avtoqraflar Asif Rüstəmlini həm insan kimi xarakterizə etmək, həm də alim kimi dəyərləndirmək baxımından diqqətçəkicidir.

Son 10-15 il müddətində Elçinin kitablarında Asif Rüstəmliyə ünvanladığı çoxsaylı avtoqraflar «Əziz dostum», «Səmimi dostum», «İstedadlı alimimiz», «İstedadlı qələm dostum», «Əzizim, Asif» xitabları ilə başlayır. Bu sözlərin arxasında Asif Rüstəmlinin gərgin axtarışları, «yoruldum-usandım» demədən, hər cür maneələri, əzab-əziyyətləri dəf edərək inamla, israrla məqsədinə, məramına doğru qətiyyətli qərarları və addımları, sözü, əməli, saf, səmimi duyğuları ilə ətrafına həssas, doğru-dürüst münasibəti, şərəfli, mənalı ömür yolu durur. Elçinin avtoqrafları Asif Rüstəmli portretinin əsas cizgilərini, konturlarını tam əks etdirir, desək, qətiyyən yanılmarıq.

Qəlbləri titrədən sətirlər

Asif Rüstəmlinin araşdırmaları görkəmli alimlər tərəfindən yüksək dəyərləndirilmiş, müasir dövr ədəbi-nəzəri irsimizin uğurları kimi qiymətləndirilmişdir.

1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Ankaradakı Azərbaycan Kültür Dərnəyi ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 850 illik yubileyi münasibəti ilə beynəlxalq simpozium keçirirdi. Tədbirdə Azərbaycandan Ankaraya gələn 21 nəfərdən ibarət nümayəndə heyəti iştirak edirdi. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı prof. Yaşar Qarayev, tanınmış alimlərdən f.e.d. Azadə Rüstəmova, f.e.d. Qafar Kəndli, prof. Rüstəm Əliyev, f.e.d. Nüşabə Araslı, f.e.d. Qasım Qasımzadə, prof. Şamil Qurbanov, prof. Şamil Vəliyev, prof. Teymur Kərimli, f.e.d. İmamverdi Həmidov, f.e.n. Asif Rüstəmli Nizami irsi haqqında maraqlı çıxışlar etdi.

Türkiyə səfəri və möhtəşəm tədbir, qardaş ölkədəki görüşlər, ziyafətlər Asif Rüstəmliyə o qədər ilham və mənəvi qida vermişdi ki, o, qısa müddət ərzində «Çırpınırdı Qara dəniz» adlı səfərnaməsini yazıb ərsəyə gətirdi (Bakı, «Sabah» nəşriyyatı, 1992-ci il, 80 səh.). Kitaba Yaşar Qarayev ön söz yazmışdır. O, bu unudulmaz və tarixi səfərlə, beynəlxalq simpoziumla bağlı Asif Rüstəmlinin böyük məhəbbətlə qələmə aldığı kitabı yüksək dəyərləndirir və yazır: «Dünyada ayağını dörd dənizə möhkəm dayayan və başını göyün dördüncü qatına söykəyən firavan, azad, məğrur, suveren bir Türkiyə var və bütün Şərq, bütün dünya onunla fəxr eləyə bilər! – biz Türkiyədən bu duyğu və düşüncələrlə ayrıldıq. Qara dənizi və Türkiyə xatirələrini ürəyimizdə Bakıya gətirdik. Lakin bu xatirələri kağıza köçürmək və onları hamının, bütün oxucuların da ürəyini titrədən bir yaşantıya çevirmək Asif Rüstəmliyə, mənim gənc həmkarıma, Ankara səfərinin istər təşkilində, istərsə də unudulmaz tarix və yaddaş kimi başa çatmasında ürəyinin istisini, düşüncəsinin, fikrinin işığını və enerjisini əsirgəməmiş istedadlı alimə nəsib olmuşdur. Mən bu qeydləri oxudum, Ankara səfərinin bütün xoş həyəcanlarını yenidən yaşadım və Türkiyəyə bu təkrar, bu ikinci səfər üçün artıq yalnız ona – Asifə minnətdar oldum. Güman edirəm ki, Asifin bu ilk kitabına məhrəm və aşina olacaq bütün digər oxucular da eyni hissləri keçirəcək və bu maraqlı ədəbi səfər üçün minnətdarlığı eyni səmimiyyətlə təkrar edəcəklər…».

7-dən 77-yə «əziz» kitab

2009-cu il dekabrın 17-də Cəfər Cabbarlının ev muzeyində Asif Rüstəmlinin «Cəfər Cabbarlı. Həyatı və mühiti» adlı kitabının təqdimat mərasimində akademik Bəkir Nəbiyev bu əsəri 7-dən 77-yə bütün Azərbaycan cəmiyyəti üçün, bütün ziyalılar üçün «əziz kitab» adlandırmış və qeyd etmişdir ki, Asif Rüstəmlinin bu kitabının onurğasını indiyədək elmə məlum olmayan zəngin faktlar təşkil edir. Həmin tədbirdə çıxış edən C.Cabbarlı ev muzeyinin direktoru Gülarə Cabbarlı kitabda toplanan faktların bu vaxta kimi heç kəsə məlum olmadığını bu sözlərlə ifadə etmişdir: - Bəlkə anamın da bilmədiklərini Asif müəllim tapıb-toplayıb bu kitabda vermişdir.

Orijinal və sanballı əsər axtarışında

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili akademik İsa Həbibbəyli Asif Rüstəmlinin Türkiyədə nəşr olunmuş «Cafer Cabbarlı:  Hayatı. Seneti. Mücadilesi» kitabının 2011-ci ilin 19 noyabrında keçirilən təqdimatında Asif Rüstəmlinin fəaliyyətinə yüksək qiymət verərək, onu müasir Azərbaycan ədəbiyyatşünaslığının çox tanınmış, zəhmətkeş və fədakar nümayəndələrindən biri, onun C.Cabbarlı haqqında yeni tədqiqat əsərini isə ədəbiyyatşünaslıq elmində hadisə adlandırmışdır. Akademik İsa Həbibbəyli qeyd etmişdir ki, tədqiqatçı mötəbər mənbələrə, məxəzlərə istinad etməli, ortaya orijinal və sanballı, qalıcı bir elmi əsər qoymalıdır. Asif Rüstəmli son 20 ildə arxivlərdə, kitabxanalarda, muzeylərdə Azərbaycan ədəbiyyatının naməlum qatlarını üzə çıxarmaq üçün ardıcıl olaraq iş aparır. Bunun nəticəsi kimi o, C.Cabbarlı irsinin bizə məlum olmayan bütün irsini üzə çıxarmış, tamamlamışdır ki, bu da  Asif Rüstəmlinin Azərbaycan ədəbiyyatşünaslığı elmi qarşısında xidmətidir.

Toplayıcı, tərtibçi, tədqiqatçı və naşir

Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, prof. Nizaməddin Şəmsizadə Asif Rüstəmlinin «Susmaz duyğuların səltənətində» adlı kitabına (Bakı, «Elm» nəşriyyatı, 2002, 174 səh.) ön söz əvəzi qələmə aldığı «İstiqlal işığında yazılanlar» məqaləsində onun çoxşaxəli fəaliyyətini sərrast səciyyələndirmişdir: «Asif Azərbaycan ədəbi-tənqidi və ədəbiyyatşünaslığı tarixində xüsusi rəğbət və ehtiramla qəbul olunan toplayıcı, tərtibçi, tədqiqatçı və naşir tipini əməlində və şəxsiyyətində uğurla birləşdirən alimdir» (səh.3). Asif Rüstəmlinin C.Cabbarlı irsinin tədqiqi sahəsindəki uğurlarını «təkcə cabbarlışünaslığa deyil, ədəbiyyat və mədəniyyət tariximizə hədiyyə» adlandıran prof. N.Şəmsizadə bu qənaətdədir ki, «Susmaz duyğuların səltənətində» kitabı ilə A.Rüstəmli ilk dəfə C.Cabbarlını «Azərbaycan sovet dramaturgiyasının banisi» kimi təqdim edən süni, marksist konsepsiyadan əl çəkərək onun Azərbaycanın milli varlığından qopan, susmaz duyğuların çox istedadlı tərənnümçüsü kimi təqdim edir.

Asif Rüstəmlinin «Ədəbi istiqlalımız» kitabında (Bakı, «Elm» nəşriyyatı, 2004, 383 səh.) müəllifin istiqlal mücahidlərinin həyatı, fəaliyyəti, Qarabağ problemi, folklor, mətnşünaslıq, ədəbi irsimizlə bağlı müxtəlif illərdə mətbuatda dərc olunmuş məqalələri toplanmışdır. Prof. Nizaməddin Şəmsizadə həmin kitaba yazdığı «Ədəbi istiqlaldan əbədi istiqlala» adlı giriş məqaləsində də A.Rüstəmlinin araşdırmalarını yüksək dəyərləndirir və göstərir ki, kitab ayrı-ayrı tədqiqat xarakterli məqalələrdən ibarət olsa da, əsəri vahid mövzu və problemə həsr olunmuş monoqrafiya kimi oxumaq mümkündür. Çünki kitaba daxil olan yazılar ədəbi istiqlaldan əbədi istiqlala gedən çətin, əzablı, kəşməkəşli, fəqət alovu ilə nurlanan fərəhli yolumuzu əks etdirir.

Ədəbi koordinatlar

Asif Rüstəmlinin coşqun elmi-pedaqoji fəaliyyəti, çalışdığı müəssisələrdə ictimai fəallığı onun fədakarlığının, işinə sonsuz sevgisinin təzahürüdür. Tədqiqatçı, naşir, redaktor, pedaqoq, publisist, həmkarlar ittifaqının təşkilatçısı… Asif Rüstəmlinin uğurları yaşına sığmır. «Ədəbiyyatın layiqli sıra nəfəri» adlı məqaləsində prof. Vilayət Quliyev Asif Rüstəmlinin 1987-ci ildən Ədəbiyyat İnstitutunda əmək fəaliyyətinə başladığı ilk illəri xatırlayaraq yazır ki, Asif aspirantura təhsili alan, daha perspektivli görünən gənclərin on ilə keçdiyi yolu bir neçə ilə keçdi. A.Rüstəmli «Çırpınırdı Qara dəniz» (1992) şair Bayraməli Abbaszadənin (1869-1926) həyat və yaradıcılığından bəhs edən «Tufanlardan keçən ömür» (1995), «Susmaz duyğuların səltənətində» (2002) adlı monoqrafiyaların müəllifi, ümummilli lider Heydər Əliyevin «Nəcib mənəvi idealların tərənnümü» kitabının (2000) tərtibçisi, «Ədəbiyyatın yüksək borcu və amalı (1999), «Heydər Əliyev sülhün carçısıdır» (1998) kitablarının buraxılışına məsul və redaktorudur. Bu gün anadan olmasının 130 illiyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qeyd edilən milli dövlətçilik ideyasının banisi və ilk Cümhuriyyətimizin qurucularından birinin – Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» (1990), «Bolşeviklərin Şərq siyasəti» (1994), eləcə də Azərbaycan xarici işlər nazirinin müavini, müstəqil dövlətimizin İrandakı ilk səfiri Adil Xan Ziyadxanın (1869-1954) «Azərbaycan» kitablarının nəşrə hazırlanması da onun əməyinin nəticəsidir. Cəfər Cabbarlının geniş ədəbi ictimaiyyətə məlum olmayan, yaxud sadəcə adları bilinən 6 pyesi, 4 hekayəsi, 30-dək lirik və satirik şeiri, 60-a yaxın ədəbi-tənqidi və publisist məqaləsi Asif Rüstəmlinin tərtib, müqəddimə və şərhləri ilə 1996-cı ildə AMEA-nın «Elm» nəşriyyatı tərəfindən «Ədirnə fəthi» adı ilə çap olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə çap edilən C.Cabbarlının 4 cildlik «Əsərləri»nin tərtibi də Asif Rüstəmliyə həvalə olunmuşdur. Asifin bu mühüm nəşrə yazdığı «Bədii həqiqətlər ustası» adlı geniş, əhatəli müqəddimə müasir dövrdə Cabbarlı yaradıcılığına tamamilə yeni, ideoloji ştamp və qəliblərdən təmizlənmiş münasibəti özündə əks etdirir. Cəfər Cabbarlının Təhsil Nazirliyinin qərarı ilə «Azərbaycan ədəbiyyatı» seriyasından buraxılan təxminən 50 m.v. həcmindəki «Seçilmiş əsərləri» də Asif Rüstəmli tərəfindən hazırlanmışdır.

Asif Rüstəmlinin həyat və yaradıcılıq yolunu diqqət, həssaslıq və məhəbbətlə izləyən, araşdıran, təqdim edən dostu prof. Vilayət Quliyev səmimiyyətlə bildirir ki, uzun illər sıx ünsiyyət saxladığı, müxtəlif şəraitlərdə görüb müşahidə etdiyi Asifin xarakterinin, həyat tərzinin səciyyəvi cəhətlərindən biri də onun iddiasızlığıdır: «Asif başını aşağı salıb öz işini görməkdən, ədəbiyyatın ləyaqətli və məsuliyyətli sıra nəfəri olmaqdan qürur duyan alimdir. Öz gördüyü işlərdən daha çox söz sənətimizin, mədəniyyətimizin böyük simalarını, diqqətəlayiq hadisələrini təbliğ etməyə can atan vətənpərvərdir. Bütün bunlar isə fərdi mənəvi xüsusiyyətlərlə bir sırada həm də yaşın, təcrübənin gətirdiyi fəzilətlərdir».

Tanınmış dövlət xadimi, görkəmli ədəbiyyatşünas, prof. Vilayət Quliyevlə Asif Rüstəmlinin məslək, əqidə, əməl, ruh yaxınlığı illər ötdükcə sarsılmaz dostluğa çevrilmişdir. Təməli təmiz və təmənnasız olan bu münasibətlərin – Vilayət Quliyevin təbirincə desək, «əməli iş birliyinin, səmimi dostluq münasibətlərinin» tarixi isə az qala 30 ilə yaxındır. Vaxtı ilə birgə çalışdıqları AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda başlanan birgə yol yalnız coğrafi mənada ayrılmışdır: Vilayət Quliyev diplomatik fəaliyyəti ilə əlaqədar Polşada, daha sonra Macarıstanda səfir kimi fəaliyyət göstərməkdədir. Asif Rüstəmlini Vilayət Quliyevin Azərbaycanda ədəbi təmsilçisi, obrazlı ifadə ilə desək, ədəbi səfiri Vilayət Quliyevin təbirincə «ədəbi koordinatoru» da adlandırmaq olar. Fikrimcə, Azərbaycan Vilayət Quliyevin ölkəmizin ədəbi-mədəni mühitində gedən proseslərin içində «felən» də olmasında Asif Rüstəmlinin də rolu var…

Muzeydən qayıdan bütün yollar...

Günlərin birində telefonla hal-əhval tutduqdan sonra Asif Rüstəmli soruşdu:

- İşdən neçədə çıxırsan?

- Həmişəki qaydada, saat altıda. Niyə soruşdun?

- Saat 7-də «Gənclik» metrosuna gələ bilərsənmi?

- Problem yoxdur. Amma «niyə»sini bilmək də pis olmazdı.

- Qoy bu dəfə sürpriz olsun. Görüşəndə deyərəm...

İsrar etmədim. Vədləşdiyimiz kimi saat 7-də «Gənclik»də görüşdük. Asif tək deyildi. Yanındakı ilə məni tanış etdi:

- Dostum Şahiddir, Şahid Həbibullayev. Sizin tərəflərdəndir, Oğuzdan. Mis qablar muzeyi var. Çox istərdim ki, sən də o muzeyin eksponatlarına tamaşa edəsən.

- Nə vaxt? – deyə təəccüblə soruşdum.

Onun «Elə bu gün» sözləri məndə təbəssüm yaratdı.

- Gec deyil? Qaranlıq düşüb. Bundan sonra, muzey...

- Olar, olar, əsas həvəsdir, o da ki, bizdə – bu dəfə yeni tanışım Şahid Həbibullayev Asifi qabaqladı.

- Bəs o muzey haradadır? – deyə soruşdum.

- Yaxında, Dərnəgüldən bir az o tərəfdə, «Çermet» körpüsünü keçən kimi yolun kənarında, keçmiş SSRİ-nin «Azavtoyoltrans»ın inzibati binasında.

Sözün düzü, bu sözlər marağımı bir qədər də artırdı...

Budur, nağıllarda olduğu kimi, muzeyin seyfə bənzər qalın, bir neçə yerdən kilidlənmiş qapısı açılır və sirli-sehrli bir dünyaya giririk: mis qablardan düzəldilmiş növbənöv samovarları, qazanları, sərpuşları, məcməyiləri, siniləri, nimçələri, badyaları, satılları, sərnicləri, süzgəcləri, tavaları, ləyənləri, dolçaları, camları, aftafaları, qaşıqları, çəngəlləri, tərəziləri... saymaqla tükənməyən, baxmaqla doyulmayan Şərq naqqaşlıq məktəbinin ən kamil keyfiyyətlərini özündə əks etdirən, döymə, oyma, qabarma üsulu ilə işlənmiş digər eksponatlara məhəbbət və heyrətlə tamaşa edirik. «Haradan», «nə vaxt», «necə» ilə başlayan suallarımın da sayı-hesabı yoxdur. Muzeydə toplanılmış 5 mindən çox eksponatın 1000 ədəddən çoxu 141 müəssisə tərəfindən hazırlanmış XVIII-XIX əsrlərdə istehsal edilmiş samovarlardır.

Sonralar Asif Rüstəmlinin «Fədakarlıq mücəssəməsi» adlı məqaləsindən («Mədəniyyət» qəzeti, 3 avqust 2012) öyrənəcəyəm ki, Şahid Həbibullayev 1952-ci il noyabrın 14-də Azərbaycanın əsrarəngiz dilbər guşəsi olan Oğuz rayonunun Muxas kəndində zəhmətkeşliyi, xeyirxahlığı, mərdliyi və halallığı ilə tanınan bir ailədə dünyaya göz açıb. Böyük zəhməti, təşəbbüskarlığı və təşkilatçılığı sayəsində adi fəhləlikdən, çilingərlikdən Şəhərlərarası Sərnişindaşıma Avtokombinatının baş direktoru vəzifəsinədək yüksəlib.

Erməni separatçılarının təhriki ilə Qarabağ hadisələri başladıqdan sonra Naxçıvanla kəsilmiş birbaşa yerüstü əlaqələrin İran ərazisindən keçməklə bərpa olunmasında, əhalinin avtobusla gediş-gəlişinin intensiv təminatında fəal iştirak edib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından və ölkənin ağır günlərində xalqa müraciətindən sonra Şahid Həbibullayev baş direktor vəzifəsini səngərlə əvəzləyərək bir qrup məsləkdaşı ilə könüllü olaraq Qarabağa – ön cəbhəyə yollanıb.

İgid, cəsur döyüşçü kimi Şahid Həbibullayev nəsillərə örnək olacaq qəhrəmanlığın nümunəsini göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə döyüş əməliyyatlarına bacarıqla rəhbərlik etdiyinə və şəxsi şücaət göstərdiyinə görə kapitan Şahid Həbibullayev 9 oktyabr 1994-cü ildə «Azərbaycan bayrağı» ordeni ilə təltif olunmuşdur.

Ş.Həbibullayevin on beş il ərzində topladığı kolleksiyasına daxil olan maddi-mədəniyyət nümunələrinin böyük əksəriyyəti Bakı, Naxçıvan, Gəncə, Şəki, Lahıc, Dərbənd, Təbriz, Ərdəbil sənət məktəblərinə mənsubdur.

Adı çəkilən məqalədə Asif Rüstəmli yazır ki, Şahid Həbibullayevin kolleksiyasına daxil olan sənət möcüzələrinin üzərindəki orta əsrlərə aid yazılar, rəsmlər, naxışlar mədəniyyətimizin, incəsənətimizin ən qədim qaynaqlarından və zəngin ənənələrindən soraq verir. Bu zəngin və dəyərli kolleksiyasının beynəlxalq aləmə çıxışı ilə bağlı ilk təşəbbüs şübhəsiz ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya məxsusdur. Fondun təşkilatçılığı ilə 2006-cı il oktyabrın 14-21-də Parisdə, UNESCO qərargahında keçirilən «Azərbaycan sivilizasiyasının və mədəniyyətinin kəsişmə nöqtəsi» adlı tədbirdə Ş.Həbibullayevin şəxsi kolleksiyasından seçmə eksponatlar bir guşədə ayrıca sərgiləndi və tamaşaçıların böyük marağını qazandı. Bu mədəniyyət hadisəsindən sonra şəxsi kolleksiya beynəlxalq tədbirlərin diqqət mərkəzində dayandı. Bir-birinin ardınca Ş.Həbibullayevə məxsus eksponatlar xarici ölkələrdə – Mərakeşdə İSESCO iqamətgahında (2008, mart), Tacikistanda (2008, noyabr), Misirdə (2010, yanvar), Daşkənddə (2010, noyabr), Londonda (2010, noyabr), Berlində (2011, yanvar), Parisdə (2011, fevral), Vaşinqtonda (2011, mart), Parisdə (2011, mart), Moskvada (2011, may və iyun), Sen-Tropedə (Fransa, 2011, iyul), Berlində (2011, sentyabr), Vyanada (2011, noyabr), Romada (2011, dekabr) böyük maraq və heyrətlə qarşılanmışdır. Misgərlik incilərinin Bakıda – Şirvanşahlar Saray Kompleksində (2008, mart), Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda (2008, oktyabr), İçərişəhərdə (2009, mart), «Gülüstan» Sarayında (2008, dekabr; 2010, may; 2011, aprel) nümayiş etdirilmiş, seyrçilərin yaddaşında silinməz izlər buraxmışdır.

Xarici ölkələrdə və respublikamızda təşkil olunan sərgilər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Təqdirəlayiq hadisələrdən biri də odur ki, Ş.Həbibullayevə məxsus kolleksiyanı vətənimizdə layiqincə nümayiş etdirmək üçün Qala qəsəbəsində Əntiq Əşyalar Muzeyi tikilərək, 2011-ci ilin sentyabr ayından ziyarətçilərin istifadəsinə verilmişdir. Muzeyin açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən iştirak etmiş, muzeyin rəy kitabına təəssüratlarını yazmışlar.

…Muzeylə tanış olduqdan sonra təxminən axşam 10-da geri qayıtmaq üçün yola çıxırıq. Ş.Həbibullayev «Çermet» körpüsü ilə hərəkət etmək əvəzinə ona paralel yolla sağa burulur. Mən yolu səhv getdiyini xatırladanda, o, özünəməxsus tərzdə zarafatla:

- Narahat olmayın. Muzeydən çıxan bütün yollar «Çermet»dəki «Dostluq» kafesindən keçir. Başqa yol yoxdur, başqa təkliflər də icazənizlə qəbul edilmir.

Bu görüşün təəssüratı uzun müddət məni tərk etmədi. Asif Rüstəmli ilə növbəti telefon görüşündə – Novruz bayramı ərəfəsində də bu mövzuya toxundum, Ş.Həbibullayevin əməlinə heyranlığımı və heyrətimi gizlətmədim. Asif Rüstəmli:

- Lap məqamında zəng vurmusunuz. Şahid Həbibullayev yanımdadır. Ədəbiyyat İnstitutuna gəlib, kollektivimizi Novruz bayramı münasibəti ilə təbrik etmək üçün, Sizə də salam söyləyir.

Asif Rüstəmlinin qəhrəmanı Ş.Həbibullayev haqqında bilərəkdən bir qədər geniş söhbət açdıq. Asifin dostluq etdiyi insanlar cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edir, təki onlar Vətən məhəbbəti, el-oba sevgisi ilə yaşayıb yaratsınlar. Asif münasibətlərdə təmiz, təmənnasız olduğu kimi, sədaqətlidir, qədirbiləndir. Şahid Həbibullayev dünyasını dəyişəndə Asif Rüstəmli onun Muxas kəndində dəfnində, mərhumun digər yas mərasimlərində yaxından iştirak etmiş, dostunu son mənzilə göz yaşları ilə  yola salmışdır.

Tədqiqatçı inadkarlığı və prinsipiallığı

Bir kitabın təqdimatında mühacirət mətbuatında dərc olunmuş məqalədə Cəfər Cabbarlının intihar etməsi ilə bağlı faktla rastlaşdığımı söylədim. Tədbirdən sonra Asif Rüstəmli mənə yaxınlaşdı: - Qardaş, o məqalə hansı jurnalda dərc olunub, müəllif kim idi?

«Ölkənin bir nömrəli Cabbarlışünasını» (Vaqif Yusifli) deyəsən əməlli-başlı qayğılandırmışdım:

- Sözün düzü, dəqiq xatırlamıram. Lakin məqaləni özüm oxumuşam.

- Şübhə etmirəm. Lakin çox xahiş edirəm, onu axtar, tap və mənə de.

- Yaxşı, çalışaram, - dedim və ayrıldıq.

Bir neçə gün sonra Asif Rüstəmlinin zəngi gəldi. Etiraf etdim ki, vədimi unutmuşdum. Asif isə çox ciddi tərzdə:

- Çox ola bilər və ehtimal var ki, yenə unudacaqsan. Amma o jurnalı tapmayınca, ən azı mənbəni mənə bildirməyincə, bu mövzu aktual olaraq qalacaq, - dedi və əlavə etdi. – Elə bir material olmayıbsa, bəri başdan de, mən də rahat olum.

- Yox, yox, səhv etmirəm. Olub, özüm oxumuşam.

- Elə isə xahiş edirəm, mənbəni mənə göstər. Onu oxumaq istəyirəm.

İki gün sonra Ankaradakı Azərbaycan Kültür Dərnəyinin orqanı «Azərbaycan» jurnalında dərc olunmuş tənqidçi-publisist Əbdül Vahab Yurdsevərin «Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı» məqaləsinin surətini Asif Rüstəmliyə çatdırdım. Heç bir həftə keçməmişdi ki, A.Rüstəmlinin «Ədəbiyyat qəzeti»ndə «İllər, şəxsiyyətlər» rubrikası ilə «Faktsızlıq sindromu» adlı irihəcmli, sanballı məqaləsi dərc olundu (28 fevral 2003-cü il). Həmin məqalədə tədqiqatçı-alim muzey və arxivlərdən əldə etdiyi yeni materiallarla Cəfər Cabbarlının həyat və yaradıcılığına dair maraqlı fikir və mülahizələr irəli sürmüş, mövcud tədqiqat irsini daha da zənginləşdirmişdir. Asif Rüstəmli Cəfər Cabbarlının intihar etməsi ilə bağlı fikrə də münasibət bildirməyi unutmamışdı: «Tədqiqatçı-alim dostum Abid Tahirli yenicə çapdan çıxmış «Azərbaycan mühacirət mətbuatı» (Bakı. QAPP-Poliqraf, 2002, II hissə) kitabını avtoqrafla mənə təqdim edəndə yarızarafat, yarıciddi ondan soruşdum: «Mühacirət mətbuatı Cabbarlıdan nə yazır?» O, kitabında Əbdül Vahab Yurdsevərin 1952-ci ildə «Azərbaycan» dərgisinin üç nömrəsində çap etdirdiyi «Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı» məqaləsindən istifadə etdiyini (səh.65-66) bildirdi. Materiala ciddi marağımı duyub Ə.V.Yurdsevərin məqaləsinin tam surət nüsxəsini mənə bağışladı».

Cəfər Cabbarlının intihar etməsi ilə bağlı Ə.V.Yurdsevərin yazdıqlarına Asif Rüstəmlinin münasibəti maraqlı və əsaslıdır. Tədqiqatçı-alim «…məqalənin sonunda Cəfər Cabbarlının ölümünün səbəbi ilə bağlı irəli sürülən mülahizə məni təəccübləndirdi» - yazır və «böyük sənətkarın ölümünə səbəb olmuş xəstəliyin tarixinə sənədlər və xatirələr əsasında» aydınlıq gətirir. Bu zaman Asif Rüstəmlinin mənbə və məxəzlərlə işləmək, faktları tutuşdurmaq, müqayisə və təhlil etmək məharəti, güclü məntiqi, prinsipial və elmi qənaətləri bir daha özünü göstərir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, A.Rüstəmlinin məqalələrinin dili, üslubu onun tədqiqatlarını daha sanballı və oxunaqlı edir.

Naşirin «səhvi»

«Azərbaycan mühacirəti (tarixi, mətbuatı, mədəniyyət mərkəzləri)» kitabının nəşri ilə bağlı «Tural-Ə» Nəşriyyat Poliqrafiya Mərkəzinin direktoru, dostum Asif Rüstəmliyə zəng edəndə gözlədiyim kimi çox sevindi: «Əla! Bu kitabı ən qısa vaxtda, ən yüksək keyfiyyətlə çap edəcəyəm. Özü də belə bir kitabın nəşri üçün əməkhaqqı almaq da günahdır. Yalnız material və mətbəə xərcini ödəyərsən, vəssalam». Mən əvvəlcə razılaşmadım. Yox, yox, nə danışırsan? Fəhləsi var, tərtibatı var, operatoru, korrektoru var. Asif dediyindən dönmədi: «Xahiş edirəm bu mövzuya qayıtmayaq. Danışdıq, qurtardı. Materialı nə vaxt verirsən?» «Elə bu gün axşam qovluğu nəşriyyata göndərəcəyəm» - dedim. Sonra əlavə etdim: «Sən də nəşrin xərcini hesabla, mənə de. İşimi bilim». Asif «10 dəqiqəyə zəng vuraram» dedi və az keçmədi ki, nəşriyyatdan zəng vurub vəsaitin miqdarını mənə bildirdilər. Mən də elə həmin gün qovluğu nəşriyyata göndərdim.

Gecə saat ikiyə işləyəndə telefon zəngi çalındı. Dəstəyi qaldırıb «Bəli» - dedim. «Qardaş, mənəm, Asif. Sən Allah, bağışla, bu vaxt zəng etdim. Yatmamışdın?» – deyə ehtiyatla və günah işləyibmiş kimi astadan soruşdu. «Yox, yox, nə narahat etmək, bu nə sözdü, Asif? Buyur» - dedim. Asif adəti üzrə birbaşa mətləbə keçmədi. Evdəkiləri, ümumi dost-tanışları soruşdu, sonra:

- Bilirsən, niyə narahat etdim? – deyə soruşdu.

- Əvvəla, narahat etmirsən, ikincisi isə deyərsən bilərəm, - dedim.

- Kitabının nəşri ilə bağlı vəsaiti düzgün hesablamayıblar. Cüzi yanlışlıq olsaydı, özüm ödəyərdim. Amma az qala yarıbayarı səhv ediblər, - dedi.

- Sözün düzü, mən də məəttəl qalmışdım. Az-çox nəşriyyat-mətbəə işindən bilirəm, axı. Asif, narahat olma. İşinizə davam edin. Evimi sataram, lakin səni kiminsə yanında borclu qoymaram, - deyəndə Asif deyəsən, sözümdən təsirləndi, dəstəkdə udqundu:

- Sən nə danışırsan, nə ev, nə evi satmaq? Lap ağ elədin.

- Misal üçün dedim. Yəni, narahat olma.

Asif Rüstəmli:

- Yaxşı, yaxşı, kitabın siqnal nüsxəsi hazır olanda xəbər edərəm, gəlib baxarsan, - dedi.

- Baxmağa ehtiyac yoxdur. Sənin işinlə tanışam, tiraj hazır olanda deyərsən, gəlib götürərəm.

Bu söhbətin üstündən 10 gün keçmişdi ki, nəşriyyata getdim. Kitab həqiqətən böyük məhəbbətlə tərtib edilmiş, nəfis nəşr olunmuşdu. Minnətdarlığımı bildirib vərəqləməyə başladım. Gözüm «tirajı 500 nüsxə» sözlərinə sataşdı. Asif ona təəccüblə baxdığımı görüb məni qabaqladı:

- Belə kitabı mən 300 nüsxə çap edə bilməzdim, - dedi.

Müdrik cavan

Həmişə maraqlı məcazları, məzəli və müdrik deyimləri ilə diqqəti çəkən dostumuz Əkrəm Qaflanoğlu biləndə ki, Asif Rüstəmlinin 60 yaşı münasibəti ilə yazı hazırlayıram, bunu təqdir etməklə kifayətlənmədi, heç demə, ürəyi doluymuş:

- Asifə 40 dəfə «maşallah».Od parçasıdır, hər yerə çatır, Akademiya, Universitet, xarici səfərlər, yazı-pozu, üstəgəl son vaxtlarda «teleulduz» olub, ekrandan «düşmür». Cavandır, həm də müdrikdir, yox, bu olmadı, müdrikdir, həm də cavandır. Allah qorusun.

Abid Tahirli


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
N.B.
16.02.2014, 06:08

Bu yazı Asfi oxuculara daha yaxşı tanıtdı.

Zəkulla Bayramlı
17.02.2014, 00:46

Çox səmimi və ilıq yazıdır. Müəllifini təbrik edirəm. Bu məqalə çoxdan tanıdığım və dostluq etdiyim A.Rüstəmlini, həqiqətən, mənə daha yaxşı tanıtdı. Asif müəllimi bütün tərəfləri, bütün yönləriylə burada görmək mümkündür. Mən də yubilyarı ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.

Qalib Əhmədov
22.02.2014, 06:03

Əziz dostum, Abid Tahirlinin lap gənclik dövründə, yəni "Odlar yurdu" qəzetində çalışdığı dövrdən onun yaradıcılığı üçün ən səciyyəvi cəhət oxuculara xalqımızın dəyərli övladlarını, ziyalılarını, sənətkarlarını və qürbətdə vətən həsrəti ilə yaşamış vətənkeşləri səmimi bir qələmlə yazıb bizə tanıtmaq olub. O, təxminən 30 ildən çoxdur bu nəcib keyfiyyətlərinə bu gün də sadiqdir. Ötən əsrin 80-90-cı illərində mən onun təqdimatı ilə əsasən məcburiyyət ucbatından xaricdə yaşayıb-yaratmış vətənkeş insanların yaradıcılığı, axtarışları və doğma VƏTƏNƏ Bağlı fəaliyyəti ilə məlumatlanıb həmişə müəllifə qəlbimdə təşəkkür etmişəm. Sevindirici haldır ki, o bu gün də öz yaradıcılıq ənənələrinə sadiqdir. Azərbaycan mühacir ədəbiyyatını tətqiq edib xalqımıza çatdırdığı üçün o xüsusi təşəkkürə layiqdir. Eyni zamanda müasirimiz olan, ümumi halda yaxşı tanıdığımız, lakin yaradıcılıq dəyərinə, xidmətlərinin miqyas və miqdarını lazımınca bilmədyimiz dəyərli ziyalılarımızı cəmiyyətə xüsusi səmimiyyət və sevgi ilə təqdim etməkdə yenə də o, başqalarından fərqlənir. Mən də Asif Rüstəmlini bir gözəl insan, naşir, tədqiqatçı folklorşünas kimi az-çox tanıyırdım. Lakin Abid Tahirlinin bu yubiley yazısı mənə çox şey dedi. Sevdiyim, şəxsiyyətinə, səmimiyyət və səviyyəsinə xüsusi rəğbət bəslədiyim Asif Rüstəmlini bu təqdimatdan sonra daha yaxşı tanıdım və daha çox sevdim. Yubilyarı ürəkdən təbrik edirəm. Müəllifə isə yaddaşımıza pozitiv qida verdiyi üçün öz dərin təşəkkürümü bildirirəm. Qalib Qadir

Asif Rüstəmli
22.02.2014, 20:52

Möhtərəm şərhçilər! Səmimi və dəyərli fikirlərinizə görə hər birinizə təşəkkür edirəm. Dostum Abid Tahirlinin haqqımda yazdığı məqaləni onun illərlə apardığı müşahidənin ən uğurlu təcəssümü, sevgi ilə dolu qəlbindən qopan səmimi duyğuların simfoniyası adlandırardım. Məqalə struktur etibarilə də gənc yazarlar üçün bənzərsiz örnəkdir, necə yazmağın nümunəsidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, filologiya elmləri doktoru Abid Tahirli bütün yaradıcılığı boyu haqqa və fakta güvənən, arxalanan qüdrətli qələm sahibi, respublikamızın bir nömrəli mühacirətşünasıdır. Onun yubileyöncəsi mənə hazırladığı bu sürprizi unudulmazdır. Moder.az saytına, müəllifə və şərhçilərə dərin minnətdarlığımı bildirirəm.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi
16.11.2018, 20:15

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

26 ton zərərli kartof məhv edildi - FOTO
16.11.2018, 20:01

26 ton zərərli kartof məhv edildi - FOTO

Bakıda liftin mühərriki yandı -  2 nəfər xilas edildi
16.11.2018, 19:51

Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb
16.11.2018, 19:40

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

İsrail növbədənkənar seçkiyə gedir
16.11.2018, 19:24

İsrail növbədənkənar seçkiyə gedir

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE   
16.11.2018, 19:17

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE  

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" -  Azay Quliyev
16.11.2018, 19:15

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" - Azay Quliyev

Türkiyədə 723 terrorçu təslim olub
16.11.2018, 18:51

Türkiyədə 723 terrorçu təslim olub

Putin Paşinyana zəng etdi
16.11.2018, 18:42

Putin Paşinyana zəng etdi

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib
16.11.2018, 18:31

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
16.11.2018, 18:21

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır

Prezident məktəb tikintisinə 1 milyon ayırdı
16.11.2018, 18:10

Prezident məktəb tikintisinə 1 milyon ayırdı

Yol tikintisinə 1.5 milyon manat ayrıldı
16.11.2018, 18:00

Yol tikintisinə 1.5 milyon manat ayrıldı

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO
16.11.2018, 17:52

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16.11.2018, 17:49

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”

“Hər ailə ağac əksin” aksiyası davam edir
16.11.2018, 17:49

“Hər ailə ağac əksin” aksiyası davam edir

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI
16.11.2018, 17:47

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov
16.11.2018, 17:38

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16.11.2018, 17:33

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
16.11.2018, 17:28

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16.11.2018, 17:21

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu
16.11.2018, 17:20

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
16.11.2018, 17:19

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur
16.11.2018, 17:05

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018, 16:57

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi
16.11.2018, 16:51

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü
16.11.2018, 16:48

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi
16.11.2018, 16:42

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...
16.11.2018, 16:35

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı
16.11.2018, 16:32

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı

Xızıda heyvan oğruları tutuldu
16.11.2018, 16:30

Xızıda heyvan oğruları tutuldu

Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək
16.11.2018, 16:20

Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək

Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması başa çatır
16.11.2018, 16:14

Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması başa çatır

Musiqili Teatr uşaqları payız tətilində sevindirəcək - FOTO
16.11.2018, 16:08

Musiqili Teatr uşaqları payız tətilində sevindirəcək - FOTO

5 nəfərin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi açıldı - RƏSMİ
16.11.2018, 16:02

5 nəfərin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi açıldı - RƏSMİ

“İƏT Modeli” - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi
16.11.2018, 16:00

“İƏT Modeli” - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi

“Palmali” rəsmən müflis elan edildi
16.11.2018, 15:55

“Palmali” rəsmən müflis elan edildi

Paşinyan Azərbaycanla sərhədə gəldi
16.11.2018, 15:50

Paşinyan Azərbaycanla sərhədə gəldi

ABŞ Gülənlə bağlı iddiaları inkar etdi
16.11.2018, 15:43

ABŞ Gülənlə bağlı iddiaları inkar etdi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi hazırlanır
16.11.2018, 15:36

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi hazırlanır

Şeyx Almaniyaya gedir
16.11.2018, 15:30

Şeyx Almaniyaya gedir

ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”
16.11.2018, 15:25

ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR
16.11.2018, 15:18

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO
16.11.2018, 15:15

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO

Nazirlik orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018, 15:10

Nazirlik orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Putin Lukaşenko və Nazarbayevə zəng etdi
16.11.2018, 15:04

Putin Lukaşenko və Nazarbayevə zəng etdi

Siqaret zavodu istifadəyə verildi - FOTOLAR
16.11.2018, 15:00

Siqaret zavodu istifadəyə verildi - FOTOLAR

Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb - FOTO
16.11.2018, 14:54

Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb - FOTO

Zombilər
16.11.2018, 14:48

Zombilər

Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTO
16.11.2018, 14:42

Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTO

ARXİV