modern.az - http://modern.az
54 gün erməni mühasirəsində
http://modern.az/articles/6316/1/
Dərc olunub 18.07.2010, 16:47
 

Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir

 


 

                                                        I hissə (Bayquşların gəlişi)

- 1980-ci illərin sonu Dağlıq Qarabağda ermənilərin başladığı və getdikcə genişmiqyaslı müharibəyə çevrilən separatçı fəaliyyətin acı təsiri Azərbaycanın hər tərəfində olduğu kimi Laçın rayonunun Oğuldərə kəndində də hiss olunurdu. Əhali daimi təşviş içində yaşayırdı. 1992-ci ilin soyuq qış ayları idi. Hava qarlı və şaxtalı idi. Küləyin vıyıltısı və tufanın uğultusu ac qurd kimi ulayırdı. Qar göydən elə yağırdı, elə yağırdı sanki ələkdən un ələnir. Belə bir vaxtda Laçından xəbər göndərildi ki, əhaliyə məlumat verilsin, köməyə gəlsinlər, ermənilər yenə hücuma keçib. Hava sərt olsa da, xəbər bir anda kəndin hər evinə yayıldı. Əli silah tutan kəndin ortasına toplandı. Ata-babadan qalan ov silahlarını götürüb Laçına köməyə getdik.
Bu xəbər qonşu kəndlərə də verilmişdi. Qar, çovğun insanların yolunu kəsə bilmədi. Erməniyə nifrət və vətən sevgisi insanı qılınc kimi kəsən qar-çovğundan qat-qat güclü idi. Köməyə gedənlər nə vaxt geri qayıdacaqlarını bilmədiklərindən özləri ilə mümkün qədər çox azuqə də götürdülər. Amma bu məsələdə ehtiyatlı olmaq lazım idi. Çünki bizi aldada, əvvəlcədən hazırlanan plan əsasında silahları təhvil verməyi tələb edə bilərdilər. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda, xüsusən Ermənistanla sərhəddə yaşayan insanlardan ov silahlarını belə toplayırdılar. Hamını xəbərdar etdim ki, vəziyyəti öyrənmədən silahları heç bir halda Laçına, rayon mərkəzinə aparmaq olmaz.
Qarıkaha kəndindən keçib getdik. Bu kənddən rayon mərkəzinədək xeyli məsafə var. Qarıkahaya çatanda problem ortaya çıxdı. Buradan rayon mərkəzinə necə getməli? Silahı yolun içində tökmək olmazdı. Rayonun mərkəzində dərin bir dərə var. Maşın orada qaldı. Biz Xalq Cəbhəsinin Laçın rayon şöbəsinin qərargahına yollandıq. Öyrəndik ki, təhlükə hələlik sovuşub. Evə qayıtmalı olduq. Gecənin soyuğu hamının iliyinə işləmişdi.

***

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımından sonra Oğuldərə sakinləri arasında narahatlıq daha da artmışdı. Bu qırğından sonra Oğuldərəyə sanki qəm dumanı çökmüşdü. İnsanlar günün əksər hissəsini televiziya və radionun qarşısında keçirir, hadisələri həyəcanla izləyirdilər. Hər yerdə bu məsələlər müzakirə olunur, ermənilərin hücumu zamanı kəndi necə müdafiə etmək götür-qoy edilirdi. Sanki böyükdən-uşağa hamı erməni təhlükəsinin tezliklə Oğuldərəyə çatacağını duyurdu...
Ancaq 1992-ci ilin yaz aylarında kənddə həyat öz axarı ilə davam edirdi. İlin bu çağında bizim yerlərdə təbiət göz oxşayır. Artıq yazın isti nəfəsi duyulur, dağları ağ ümmana çevirən qar əriyib yox olur, çaylarda axan suya dönür, dağlar və düzənliklər yaşıllaşır, novruzgülü, bənövşə və nərgiz dağların döşünü bəzəyirdi. Payız aylarında isti yerlərə uçub gedən quşlar, mal-qoyun saxlamaq üşün Aran rayonlarına köçmüş insanlar geri qayıdırdılar...
Erməni separatçılarının törətdikləri təhlükə, atəş səsləri təbiətin bu gözəlliyinə və füsunkarlığına təsir göstərmək qüdrətində olmasa da, hiss olunurdu ki, artıq adamlar bu gözəllikdən çox da həzz almır, yazın gəlişinə ürəkdən sevinə bilmirdilər. Ancaq kənd sakinlərinin əli işdən soyumamışdı. Hamı bağ-bostanını əkib-becərir, yaylağa köçməyə hazırlaşırdı. Heç kəs Laçının işğal olunacağına inanmırdı.
1992-ci ilin may ayının 8-i Azərbaycan tarixinə və xalqımızın yaddaşına qara hərflə yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim və gözəl Şuşa düşmən caynağına keçdi. Artıq hamının qulağı səsdə idi, kənd sakinləri arasında yalnız bir məsələ müzakirə olunurdu: Laçının və bizim taleyimiz necə olacaq? Laçın da düşmən əlinə keçəcək? Bu arada şayiələr də sürətlə yayılırdı və kənd sakinlərini qorxu içinda saxlayırdı.
1991-ci ilin sonlarından yaranmağa başlayan Azərbaycan milli ordusunun bölmələri Oğuldərə ərazisində bir neçə post qurmuşdular. Hərbi hissənin qərargahı qonşu Qorçu kəndinin məktəbində yerləşirdi. Tez-tez qərargaha gedir, yaranmış vəziyyəti öyrənməyə çalışırdıq.

***

Oğuldərə kəndi Laçının mərkəzindən 70 kilometr uzaqda yerləşir. Kəndin sərhədi aşağı tərəfdən Ağsu dərəsi ilə başlayır. Dərənin narahat yoxuşundan düzə çıxan kimi yol boyu bir-birinə yaxın, həyəti çəpərli, qapısında tövlə, bağ-bostanı olan, qışda dümağ qara bürünən, yaz-yayda yaşıllığa qərq olan evlər görünür. Getdikcə kəndin gözəl və geniş mənzərəsi açılır və bu mənzərə tez-tez dəyişir. Kəndin arasıyla uzanan maşın yolundan həyətlərə cığır ayrılır. Bu yol və cığırlar qollu-budaqlı bir ağac kimidir, uca dağlara sarı uzandıqca uzanır.
Oğuldərə adamları soykökləri ilə tanınır. İlyaslar (Eylaslar), Məcnun uşağı (Möjdünlər), Məmməd uşağı, Qılıc uşağı, Seyidlər, Xıdır uşağı, Şərəfli, Ağlar uşağı və sair. Laçının Zağaltı kəndi, Kəlbəcərin bir neçə kəndi Qaraçanlı soyköklüdür, Qaraçanlı tayfasındandır. Oğuldərə də Qaraçanlı tayfasındandır.
1992-ci ildə Oğuldərənin iki mindən artıq əhalisi vardı. Digər kəndlərdə olduğu kimi Oğuldərə sakinlərinin də əsas məşğuliyyəti kənd təssərüfatı, xüsusən də heyvandarlıq idi. Qışda evlərin əksəriyyətində hanalar qurulur, gəvə-kilim toxunurdu. Sakinlər dövlətdən əmək haqqı, pensiya, uşaq pulu da alırdı. Buna baxmayaraq əksər adamın yaşayış səviyyəsi aşağı idi. Payız olanda bir qrup sakin ailəsi ilə birlikdə Arana köçür, yazda yenə qayıdıb gəlirdilər. Gənclər rahat yaşayış, iş üçün şəhərlərə üz tuturdu. Kəndi bəyənməyənlərin çoxu “Allah səni xaraba qoysun” deyirdi. Bu sözləri deyən adamların əksəriyyəti köçkünlük fəlakətinə, doğma yurd-yuvanın, ev-eşiyin itkisinə dözə bilmədi, urəkləri dayandı.

***

Laçınlılar, o cümlədən Oğuldərə camaatı dəhşətli köçkünlük bəlasına düçar oldu 1992-ci ildə! Abad kəndləri yüz ilin xarabalığına döndərən il oldu 1992. Hələ 1991-ci ilin axırlarından - Laçının işğal olunduğu 1992-ci ilin 18 mayına, qaçqın düşdüyümüz günlərə xeyli qalmış - kənddə bir narahatlıq vardı. Bəzi insanlar fəlakət olacağını düşünürdülər.
Kəndə hardansa sayı-hesabı olmayan bayquş uçub gəlmişdi. 1992-ci ilin əvvəllərində bayquş sanki bu kənddən başqa yer tanımırdı, özünə yuva qurmağa yeri yox idi. İkinci hal kənddə itlərin ulaşması idi. Bir it ulamağa başlayanda elə bil obanın itləri bunu gözləyimiş kimi ağız-ağıza verib ulayırdı. İtlərin səsindən qulaq tutulurdu. Yaşlı insanlar bayquşun kəndə yığılmasını da, itərin ulaşmasını da bədlik əlaməti sayırdılar.
Novruz bayramına yaxın itlərin ulaşması, demək olar, hər gün bir neçə dəfə təkrarlanırdı. Yaşlı insanlar deyirdilər ki, 1937-ci ildə də (repressiya illərini nəzərdə tuturdular), İkinci Dünya müharibəsi illərində də belə olub: “Cavanlar getdi müharibəyə, kənddə başıpapaqlı qalmadı”.

***

Dağlıq Qarabağda yaşayan ermənilərin 1989-cu ildən Ermənistanla quru yol əlaqəsi kəsilmişdi. Laçın yolu bağlandığına görə Dağlıq Qarabağ erməniləri Ermənistana təyyarə və vertolyotla gedib-gəlirdilər. Qarabağdan Ermənistana gedən hava dəhlizlərindən biri Oğuldərənin üzərindən keçir.
Gün ərzində onlarla təyyarə və vertolyot Ermənistandan Qarabağa və əks istiqamətdə uçurdu. Lakin Oğuldərədə yerləşən və guya gecə-gündüz keşik çəkən hərbçilər bir dəfə də olsun ermənilərin təyyarə və vertolyotlarına atəş açmırdılar. Yerli sakinlər buna öz etirazlarını bildirəndə isə “yuxarıdan icazə vermirlər” cavabını alırdılar. Sonralar məlum oldu ki, həmin təyyarə və vertolyotlar Ermənistandan Dağlıq Qarabağa silah-sürsat daşıyırmış. Bu silahlardan Azərbaycan torpaqlarının işğal olunmasında istifadə edildi.
Bir fakt yəqin ki, Oğuldərə sakinlərinin yaddaşından silinməyib. Kənd sakinləri təhlükə yaxınlaşdığını hiss etdiklərinə görə bir neçə yerdə post qurmuşdular. Postda dayanan şəxslərdən biri Ermənistandan Qarabağa doğru uçan vertolyota atəş açmışdı. Bu hadisənin üstündən bir-iki gün keçməmiş Laçın rayonunun milis və təhlükəsizlik orqanlarından nümayəndələr gəlib kənddə axtarışlar apardılar, sakinləri sorğu-suala tutdular. Təhlükəsizlik qüvvələrinin əməkdaşları atəşi kimin və nə səbəbə açdığını araşdırırdılar. Onların məqsədi erməni vertolyotuna atəş açan şəxsi tapıb cəzalandırmaq idi.

***

1992-ci il qeyri-adi il oldu. Getsin gəlməsin. May ayının 14-ü idi. Bakıdan getmiş maşınlar kəndə çatdılar. Maşınların sürücüləri və onlarla gələnlər bildirdilər ki, artıq Laçın tamamilə boşalıb. Rayonun mərkəzində hərbçi və polislərdən başqa, demək olar ki, heç kim qalmayıb. Oğuldərə rayon mərkəzindən 70 kilometr uzaqda yerləşır. Ona görə də rayonda hansı hadisələrin baş verdiyindən çətin xəbər tuta bilirdik, bəzi hallarda bu məlumatlar doğru olmurdu.
Maşınları Bakıdan Oğuldərəyə kənd sakini Ağayev Baxşeyiş Qəzənfər oğlu gətirmişdi. O bildirdi ki, Laçın rayonun mərkəzində yaşayan əhali, demək olar, köçüb, lakin kəndlərdə hələ də insanlar qalıb. Ona görə də Laçında maşın tapmaq mümkün deyil. Lakin biz köçmək, öz doğma ev-eşiyimizi tərk etmək istəmirdik. Ona görə də çıxılmaz vəziyyətə düşmüşdük. Təəssüf ki, həyatımızı qurtarmaq üçün kəndi tərk etməkdən başqa çıxış yolumuz da qalmamışdı. Bir yerə yığılıb xeyli məsləhətləşdik. Əksəriyyətin fikri ondan ibarət oldu ki, biz heç bir yerə köçməməliyik, ermənilərə müqavimət göstərməliyik, ata-babalarımızın uyuduğu doğma və müqəddəs torpaqlarımıza düşmən ayağının dəyməsinə imkan verməməliyik. Hətta Bakıdan gələn maşınları geri qaytarmaq istədik. Lakin gözümüzün qabağına Xocalı soyqırımı, ermənilərin orada azərbaycanlı qız-gəlinlərin, qadın və körpələrin, qocaların başına gətirdiyi faciələr gəldi. Belə qərara aldıq ki, qadınları və uşaqları erməni cəlladlarının caynağına vermək olmaz. Ona görə də yaşlı insanları, uşaqları və qadınları daha təhlükəsiz yerə köçürək.
Ancaq Bakıdan gələn maşınlarla yalnız bir neçə evin əşyalarını köçürmək olardı. Bu səbəbdən hər evdən bir neçə xalça, yorğan-döşək götürmək mümkün oldu. Qoca-qarını, uşaqları və qadınları maşınlara yığdıq. Bu zaman hamı ağlaşır, heç kəs öz ev-eşiyindən ayrılmaq istəmirdi. Yaşlı insanları isə erməni təhlükəsinin real olduğuna inandırmaq, kənddən çıxarmağa razı salmaq olduqca çətin idi.
Beş ailənin əşyasını bir yük maşınına yığdıq, 40 nəfərə qədər adam üçün yer saxladıq. Elə bu arada məlumat aldıq ki, erməni silahlı dəstələri Laçının mərkəzini işğal edib və Laçın-Qubadlı yolunu bağlayblar. Bizm bir yolumuz - Murovdağdan aşan Laçın-Kəlbəcər-Xanlar yolu ilə hərəkət etmək imkanımız qalırdı. Murovdağda isə, demək olar, ilin bütün fəsillərində qar olur və hər maşın bu dağ yolunda hərəkət edə bilmir. Üz tutduq Kəlbəcərə doğru. Maşında kəndin bu sakinləri vardı:

1. Əliyev Əli Əliqəmə oğlu
2. Əlizadə Turac Əli qızı
3. Əlizadə Babək Əli oğlu
4. Əlizadə Mirzə Əli oğlu
5. Əliyeva Rəhimə Əli qızı
6. Əliyev Xıdır Əli oğlu
7. İlyasov Yahya Kərbəlayi Qənbər oğlu
8. İlyasova Hürü İsmayil qızı
9. İlyasov Ənvər Molla Zülfüqar oğlu
10. İlyasova Pəri Xudaverdi qızı
11. Zülfüqarov Arif Ənvər oğlu
12. Zülfüqarova Səfa Arif qızı
13. Zülfüqarova Sayalı Arif qızı
14. Zülfüqarova Raya Arif qızı
15. Zülfüqarov Ənvər Arif oğlu
16. Zülfüqarova Pəri Arif qızı
17. Zülfüqarova Qızbəs Arif qızı
18. İlyasova Gülgəz Şamil qızı
19. Ağayev Baxşeyiş Qəzənfər oğlu
20. İlyasova Nərgiz Yahya qızı
21. Ağayeva Nərgiz Hümbət qızı
22. Ağayeva Tünzalə Baxşeyiş qızı
23. Ağayev Əhməd Baxşeyiş oğlu
24. İlyasov Məhəmməd Yunus oğlu
25. İlyasov İlyas Yunus oğlu
26. İlyasova Zibeydə Yahya qızı
27. İlyasova Şəfiqə İsmayıl qızı
28. Əmrahova Məhluqə İsrafil qızı
29. İlyasov Vüqar İlyas oğlu
30. İlyasova Məhluqə İlyas qızı
31. İlyasov Məhəmməd İlyas oğlu
32. İlyasova Məlahət Xasay qızı
33. İlyasov Xaləddin Əşrəf oğlu
34. İlyasov Dağbəyi Əşrəf oğlu
35. Məmmədov Pənah Balay oğlu (Pənah 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Güllücə-Salahlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb).

(ardı növbəti səhifədə) 
 


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir.


                                                   II hissə (Dağdan eniş)

- Laçından Kəlbəcərə torpaq yol uzaq və narahat olduğundan Oğuldərədən çıxdığımız gün Murovdağı aşa bilmədik. Gecə Kəlbəcərin Qamışlı körpüsünün yanında qaldıq. Qamışlıdan Murova mayın 15-i səhər tezdən yola düşdük. Murovu aşmaq heç də asan deyildi. Bu dağ Azərbaycanın ən uca, başı buludlara çatan və hər zaman qarla örtülü, yüksəkliyindən baxanda ətəyi görünməyən əzəmətli dağlarından biridir. Dibi görünməyən uçurumlar adamı vahimələndirirdi.

Belə bir yolla yük maşınında qocaları, uşaqları aparmağa məcbur olmuşduq. Dağın sinəsi, çayın qırağı ilə uzanan yolun sağı və solu meşəlikdir. Maşın yolun sol tərəfi ilə axıb Tərtər çayına qovuşan kiçik çayın sahiliylə atılıb düşə-düşə Murova doğru irəliləyirdi. Burada Kəlbəcərin Yanşaq kəndi yerləşir. Yeni çəkilmiş Kəlbəcər-Xanlar-Gəncə yolunun üstündədir. Yanşaq Kəlbəcərin Murovdağ ətəyində olan axırıncı kəndidir.

Kəndi keçib dağa qalxdıq. Bu yolla birinci dəfə idi gedirdik. Ermənilər Kəlbəcərin Ağdərədən keçən yolunu bağlayanda Kəlbəcər-Gəncə yolu çəkilməmişdi. Kəlbəcər-Ağdərə yolunda ermənilər çox azərbaycanlı öldürmüşdülər. Camaat Kəlbəcərə çox uzaq yolla, Tərtər-Ağdam-Ağcabədi-Beyləqan-Füzuli-Cəbrayil-Qubadlı-Laçın yoluyla dolanıb çatırdı. Bu uzaq və əzablı yolu keçməyə məcbur edilmişdi əhali. Tərtərdən Kəlbəcərə iki-üç saatlıq yoldur, amma Ağdərə yolu bağlandığından iyirmi saatdan artıq maşın sürmək lazım idi. Sonra Kəlbəcər-Xanlar yolunu çəkdilər. Yaxşı ki, çəkdilər, yoxsa 1992-1993-cü illərdə Laçın və Kəlbəcər əhalisi tam mühasirədə qalardı.

Mayın ortaları olsa da, yolun qıraqlarında qar maşından qat-qat hündür idi. Buldozerlər qarı kürüyüb təmizləyəndə maşınlar saatlarla dayanmalı olurdu. Qar uçqunu adamı daha çox qorxudurdu. Yolla tez getmək mümkün deyildi. Qorxa-qorxa, addım-addım gedirdik. Əslində getmirdik, sürünürdük. Hər tərəf qar və buz dağları, dibi görünməyən uçurumlar. Uşaqlar çörək, su istəyir. Külək əsir, soyuq adamı qılınc kimi kəsir…

Dağı qəlbimiz dağlana-dağlana, hər dəqiqəsi Murov dağı boyda əzabla aşdıq.

***

Murovdağın Xanlar (indiki Göygöl) rayonu tərəfində, dağın ətəyinə yaxın bir yerdə “Yol evi” adlanan kiçik bir tikili var idi. Bu kiçik, birmərtəbəli yöndəmsiz bina dağın sinəsi ilə yol açan fəhlələr üçün tikilmişdi. Nə qədər ağır olsa da, yenə də qəlbimizdə, özümüzdə bir daxili qüvvə duyurduq. Elə bilirdik ki, bu əzab-əziyyətə tezliklə son qoyulacaq, hər şey öz yoluna düşəcək, ev-eşiyimizə qayıdacağıq, beş-on günlük əzaba dözməliyik. Bilmirdik ki, fəlakət indi başlayır.

Murovdağın Xanlar-Gəncə üzündə yolun buzu şüşəyə bənzəyirdi - bəyaz və ləkəsiz, hamar. Maşının qəzaya düşməsindən qorxurduq. Təkər yeri tutmurdu. Sürücünün təkərə doladığı zəncirin hesabına yavaş-yavaş, addım-addım irəliləyirdik. Piyada yeriyə bilən adamları maşından düşürtdük. Maşın qabaqda, adamlar isə ehtiyatla maşının arxasınca gedirdi.

Bütün günü belə əziyyətlə getdik. Qarlı dağlar arxada, daha doğrusu, arxada yox, başımızın üstündəki buludların arasında qalmışdı. Dağın ətəyinə, rahat yola sağ-salamat çatdığımıza şükür edirdik. Dağın ətəyindən Xanlara, Gəncəyə tərəf uzanan yol əyri-üyrü olsa da, rahat və qorxusuz, qarı-buzu olmayan yer idi. Hava da dağın başındakı havadan fərqli, xoş idi. Toğana kəndini keçdik. Hacıkəndə yaxın yolun qırağındakı yeməkxanaya çatdıq. Hamı ac-susuz və yorğun idi. Bir qədər çay içdik, çörək yeyib toxtadıq, gözümüzə işıq gəldi.

Maşında olanların hamısı, demək olar, yaşlı insanlar və uşaqlar idi. Ailəmizdən anam Rəhimə, həyat yoldaşım Zeynəb və oğlum İmdad kənddə qalmışdı. Mən bir neçə gündən sonra kəndə qayıdanda İmdadı nə yolda, nə də evdə tapdım. Onu bibim oğlu Məhəmməd müəllim aparmışdı. Onun həyat yoldaşı Səfa müəllimə 12 yaşlı İmdadı Oğuldərədən Bərdənin Alpout kəndinə qədər yük maşının kabinəsində, dizlərinin üstündə gətirmişdi.

***

Murov geridə qalmışdı. Kim haranı istəyirdisə, sürücü maşını həmin ünvana sürürdü. Ona çox pul vermişdik. Aramıza ayrılıq düşdü. Uşaqlar bir-birindən ayrılanda ağlaşırdı. Böyüklər isə onları sakitləşdirməyə və tezliklə bir yerdə olacaqlarına inandırmağa çalışırdı. Arif uşaqlarını Bərdənin Qılıclar (Mollalar) kəndinə, Məhəmməd Ağdam rayonun Çullu kəndinə, mən isə Tərtər rayonun Hüsənli kəndinə, qayınlarım Həsənlə Hüseyinin evinə apardım.

Uşaqları Hüsənlidə qoyub Oğuldərəyə qayıtdım. Gəncədən Kəlbəcərə getmək üçün maşın tapmaq müşkülə çevrilmışdi. Yolda əmim oğlu İlyasla qarşılaşdım. Murovdağı gecə aşdıq. Sürücü bizi Kəlbəcərin Qamışlı kəndinə çatdırdı. İlyasla mən Qamışlıdan Kəlbəcər-Ağdərə yoluna kimi piyada getdik. Yolun kənarında köhnə bir maşın dayanmışdı. Onun qapısını açdıq və içində gecələdik. Səhər açıldı. Evdə qalan əşyaları aparmaq üçün maşın axtarmağa başladım. Qamışlı kəndində və Kəlbəcər-Ağdərə yolunun qırağında səhərdən-axşamadək gah o maşının, gah bu maşının dalınca qaçdım. Ev əşyasından nə mən, nə də qonşularım heç nə çıxara bilməmişdik. Maşın tapmamış getmək istəmirdim. Maşınsız getməyin bir mənası yox idi.

Maşın da yağlı əppək olub göyə çəkilmişdi. Yolda kəndimizdən Nazimin maşınını gördüm. Nazim dedi ki, kəndə gecə gedərsən, erməni gəlir. Nazimin maşını ilə Gəncəyə qayıtmaq qərarına gəldim. Nazimin maşını yüklü idi. Yük kuzovdan xeyli yuxarıda dururdu. Yük iplə möhkəm çəkilib bağlanmışdı. Ayrı əlacım qalmadı, yükün üstünə çıxdım, üzüquylu uzandım. İpdən möhkəm tutdum. Xeyli yol getdim. Üşüdüm və yoruldum. Fikirləşdim ki, gedə bilməyəcəm, bundan başqa, yıxılıb ölə də bilərəm. Murovu aşandan sonra başıaşağı gedəcəm. Onda yükün üstündə dayanmaq qəti mümkün olmayacaq.

Maşını saxlatdım və düşdüm. Kəlbəcərin Qamışlı kəndinə qayıtdım. Bu kənddən olan bir sürücü söz vermişdi ki, mənimlə gedə bilər. Axşama qədər onu gözlədim. Maşın qırılmışdı, sürücü maşını düzəldirdi. Axşam maşın düzəldi. Lakin sürücü fikrini dəyişdi, dedi ki, getmirəm. Xeyli danışdıq, axırda razılaşdıq.

Bəylik kəndinin ətrafında mal-heyvanı gətirən adamlarla rastlaşdıq. Kəlbəcərin “Tunel” adlanan ərazisində, Tirkeçevənt-Başlıbel yolunun kənarı boyu, yolla paralel axan çayın o tay-bu tayında köçlər düşmüşdü. Gecə idi. Yanan ocağın işiğında mal-qoyun və ətrafdakılar görünürdü. Soraq edə-edə qonşuları və onlarla mal-qoyun gətirən ailə üzvlərimi tapdım. Maşına mindilər, ev əşyalarını götürmək üçün kəndə yollandıq. Sarı yoxuşu aşanda Lolabağırlı kəndinin güneyində yolun içində bir maşın durmuşdu. Bizim sürücü istədi ki, dayanmış maşının yanından keçsin. Maşının işığında sürücü elə bildi ki, yol yaxşıdır. Zeynəb, Arif, Fatma, Mötəbər, Güləbətin, Təvəkkül, Ağaşirin, Məmmədalı, Cənnət də maşında idi. Onlar da kənddən ev əşyalarını gətirməyə gedirdilər. Maşın uçuruma düşdü. Maşındakıların qışqırtısı göyə qalxdı. Maşın bir qədər silkələndi, lakin uçurumdan çıxdı. Təhlükədən sağ qurtardıq. Əvvələr bu dağlardan baxanda kəndlərdən işıq gəlirdi. Yollarda maşınların ardı-arası kəsilmirdi. İndi dağlar sanki yas içindəydi, hər yerdə səssizlik hökm sürürdü.

***

Oğuldərəyə girdik. Gecə maşını yükləməyə başladıq. Onu da deyim ki, qonşular bu maşınla ev əşyalarından nə gətirə bildilərsə, o oldu, hər şey düşmənə qaldı. Çöldə, köçkünlükdə bir yorğan da yox idi ki, üstünə örtsün. Gecə maşını yüklədik, qorxa-qorxa gecəykən kənddən çıxdıq. Gənc vaxtlarımdan qələmə aldığım həkayə, povest və xatirələrim qaldı. Həyatımın bir hissəsi idi. Ev-eşiyimdən, var-dövlətimdən çox o kitab-dəftər məni yandırır, hər zaman mənə mənəvi əzab verir. Maşınla Tirkeçevənt kəndinə gəldik. Anam Rəhimə bacım Sədaqətin köçü ilə bir qədər əvvəl Ağalarov Musanın traktoruyla bu kəndə qədər gəlmişdi. Burada anamı da maşına mindirdim. Murovdağa tərəf üz tutduq. Qar yağırdı. Yolda addım atmağa imkan yox idi.

Maşınlar bir-birinə söykənmişdi. Nə irəli, nə geri tərpənmək mümkün idi. Biz həmin axşam yenə də Murovdağın ətəyində qarın-palçığın içində qaldıq. Növbəti gün Murovdağa doğru hərəkət edik. Yol bağlandığından maşınlar gedə bilmirdi. Bundan xəbər tutan Kəlbəcər polisinin silahlı dəstəsi həmin əraziyə gəldi. Hərəkətə mane olan maşınları kənara çəkdilər. Yol açıldı, hərəkət hər iki istiqamətdə bərpa olundu. Murovdağı bir günə aşdıq. Neçə günün yorğunu və yuxusuzu idik. Yolda çay içdik, çörək yedik. Maşın dağların enişli-yoxuşlu, çala-çuxur yolundan asfalta çıxdı. Yorğun və yuxusuz olduğumuzdan maşın asfaltla getdikcə elə bil adama layla çalırdı. Göz qapaqları öz-özünə enir, adamı yuxu aparırdı.

Asfaltla xeyli getdik. Ağdam-Bərdə dəmir yolunu keçirdik. Bir də gözümü açdım ki, maşının qabaq təkərləri dəmir relslərin üstündədir, sol tərəfdən də qatar parovozu gəlir və bizim maşına çatır. Özümdən asılı olmayaraq qışqırdım: “Ayə bizi qırdın, evin yıxılsın, neyləyirsən, bizi qırdın!” Mənim həyəcanlı və uca səsimdən sürücü dik atıldı. Maşın atıldı-düşdü və dəmiryolu keçdi. Sürücü maşını saxladı, su verdik, əl-üzünü yudu, özünə gəldi. Anamı və gətirdiyim yükü də Hüsənli kəndində qoydum və geri qayıtdım.

***

Bu mənim bir həftədə Hüsənlidən Oğuldərəyə üçüncü qayıdışım idi. Dördüncü dəfə qarlı Murovdağı aşaraq piyada mal-heyvanı gətirən ailə üzvlərimə və kənd sakinlərinə köməyə getməli idim. Hüsənlidən Gəncəyə gəldim.

Gəncədən Murovun ətəyinə qədər getmək üçün cətinliklə maşın tapdım. Çörəyin qıt vaxtları olduğuna görə tapılmırdı, baha qiymətə çörək aldım. Murovdağın sinəsi ilə uzanan əyri yolla dağın ətəyindən başına doğru, sonu görünməyən yoxuşu piyada qalxırdım. Tələsirdim, həm də kənddə qalan adamlardan nigaran olduğumdan oturub dincəlmək ağlıma gəlmirdi. Bir addım tez getməyi qənimət bilirdim.

Belimdə də ağır çörək şələm vardı. Qabağıma çıxan adamın ac olduğunu hiss edəndə çörək verirdim, bəzən eləsi olurdu özü istəyirdi. Mən də dar gündə etdiyim bu xeyirxahlıqdan fərəh hissi keçirə-keçirə şələmi yerə qoyur, çox olan adama Gəncə çörəyini bütöv, tək olan adama isə əl boyda paylayırdım. Atalar “Bir tikə bir dağ aşırar” deyib. Kim yeyibsə, halal xoşu olsun! Bəzən mənə elə gəlir ki, məni ölümdən qardaşımın, ana-bacımın və özümün verdiyim çörək tikəsinin savabı qorudu və qurtardı. Rəhmətlik anam ac qarını doyurmağı dünyanın ən şərəfli və savab işi sayırdı. O, ac adam tapmayanda həmin tikəni ac itə verərdi.

Murovdağın ətəyində bibim oğlanları Məhəmməd müəllim, Sərdar həkim və Əli ilə qarşılaşdım.

Gecə orada qaldım. Səhər yola düşdüm. Mən Kəlbəcərə, onlar isə Xanlara tərəf gedirdi. Qamışlı kəndində mal-qaranı gətirənlərlə görüşdüm. Bir neçə günə Murovun Xanlar tərəfinə aşdıq. Dağın ətəyində yolun kənarında köçümüzü düşürdük. Bir çox adam ayrıldı, hara isə getdi. Qalan da çox oldu. Dadaş əmi, Mötəbər, Arif, İlyas, Eldar, Vidadi. Biz qalanlar fikirləşirdik ki, tezliklə öz kəndimizə qayıdacağıq. Ona görə uzaq getmək istəmirdik. Ailələrimizin qalan üzvlərini də apardığımız rayonlardan bura gətirdik.

Murovdağda bir yerdə qalmaqla taleyin bu ağır yükünü yüngülləşdirmək istəyirdik. Pərakəndə, ayrı halda yaşamaq istəmirdik. İstəyirdik ki, harda olsaq, bir yerdə məskunlaşaq. Belə bir vəziyyətdə xeyirdə-şərdə də bir yerdə olaq, bir-birimizə dayaq duraq ki, didərginlik bizə üstün gəlməsin. Qaçqınlığın faciə olduğunu bilirdik. Biz də faciəyə üstün, qalib gəlmək istəyirdik. Hələ bilmirdik ki, daha ağır fəlakətlə bundan sonra üzləşəcəyik.

(ardı növbəti səhifədə)


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir


                                                 III hissə (Sonuncu Novruz)

Yayı Murovdağda keçirdik. Dağın təmiz havasından udub, soyuq suyundan içdik. Özümüzü ovundurduq, güya heç nə baş verməyib. Alaçığmız yola yaxın idi. Yol keçən tanış adamlar dayanır, hal-əhval tuturduq. Rəhmətə gedəni kəndə aparıb torpağa tapşırırdıq. Məskunlaşdığımız yer Laçına yaxın idi. Elə bilirdik Laçın işğaldan azad ediləcək, biz də öz ev-eşiyimizə qayıdacağıq.

1992-ci ilin avqust ayında Murovdağın ətrafında olan əhali yavaş-yavaş köçürdü. Həmin dövrdə oğlum İmdadla kəndə getmişdim. Azərbaycan ordusu ermənini Laçın rayonunun mərkəzinə doğru sıxışdırmışdı. Oğuldərə kəndi azad edilmişdi.

Adam yanmış kəndə baxanda dəhşətə gəlirdi. Qorçu, Zağaltı və Oğuldərə kəndləri bir-birinə yaxındır. Qorçu altı kəndin mərkəzi hesab olunur. Vaxtilə natamam orta və orta məktəb, kənd soveti, kolxoz idarəsi, xəstəxana ancaq bu kənddə yerləşirdi. Hamının yolu bu kənddən düşürdü. Ona görə də Qorçuya hamı doğma evi kimi baxırdı.

Namlı və Qorçu çaylarının arasında yerləşir Qorçu. Qorçu çayının kəndlə üzbəüz sahilində meşə zolağı uzanır. Aşağı tərəfdə də nəhəng ağacları, dadlı meyvələri olan meşəlikdir. Bu meşənin qırmızı palıdı dünyada məşhurdur. Babamın anası, atamın anası, anamın anası bu kənddəndir.

Kəndə çatanda vaxtilə babamın qardaşı tikən, özümün oxuduğum, sonra isə müəllim işlədiyim Qorçu məktəbinə baş çəkdim. Məktəbin özünü yox, külünü gördüm. Adamların yanmış məktəbə baxıb necə göz yaşı axıtdığının şahidi oldum. Adam yanırdı.

***

1992-ci ilin sentyabr ayının sonunadək Murov dağının ətəyində alaçıqda yaşadıq. Həmin ilin yay aylarında Laçının bir neçə kəndi, o cümlədən Oğuldərə erməni işğalçılarından azad olunmuşdu. Murovun ətəyində məskunlaşan insanlar arasında köçmək məsələsi üstündə böyük mübahisə yarannmışdı. Bir qrup Oğuldərəyə, digəri isə Azərbaycanın başqa rayonlarına köçməyi təklif edirdi.

Mən əvvəlcə kəndə qayıtmağı planlaşdırırdım. Lakin sonradan bundan çəkindim. Həmin dövrdə Azərbaycanın nəzarətində olan Ağdərəyə, ya da Tərtər və Biləsuvar rayonlarından birinə köçmək istədim. Heç kim mənimlə birlikdə köçmək istəmirdi. Eyni zamanda birlikdə hansısa rayona köçmək təklifimi də qəbul etmirdilər. Oğuldərəyə köçən bir-birinə arxalanırdı. Bəlkə bir nəfər “getmirəm” desəydi, iş pozular, kəndə köçən olmazdı. Murovdağda isə havalar getdikcə soyuyurdu. Bir dəfə qar yağdı, çox əziyyət və qorxu çəkdik.

Köçməyə maşın axtarırdıq. Bir neçə dəfə Xanlar rayonuna gedik, maşın tapmayıb əliboş qayıtdıq. Bir gün maşın tapdım, gecə sürücünün evində qaldım. Növbəti gün maşınla məskunlaşdığımız əraziyə gəldim. Gördüm ki, mən gələnə qədər maşın tapıb köçüblər.

Xanlar rayonuna qayıtdım, yenə gecə sürücünün evində qaldım. Səhər tezdən Ağdərə yolu ilə gəldik. Zülfüqarlı kəndinin yaxınlığında İstisu adlanan yerdə mal-qaranı gətirənlərə çatdıq. Öyrəndim ki, mən maşın tapıb özümü yetirənə qədər əmioğlu Həsən gəlib, onun maşını ilə köçü yığıblar. Gecə İstisunun yaxınlığındakı düzənlikdə qaldıq. Sabahı gün Sarı yoxuşu aşaraq doğma kəndimiz Oğuldərəyə çatdıq. Elə bilirdik ki, dünyada bizdən xoşbəxt adam yoxdur.

Bizdən sonra Şəki və Qaxda qaçqın kimi məskunlaşmış bir neçə ailə də kəndə qayıtdı. Kəndə köçüb qayıdanlar bunların ailələri idi:

Əliyev Əli

Zülfüqarov Arif

İbrahimov Dadaş

İbrahimov Mötəbər

İbrahimov Təvəkkül

İlyasov Əşrəf

İbrahimov Xasay

İbrahimov Temir

Salahov Tofiq.

Lacın Rayon İcra Hakimiyyətinin başcısı Azər Məmmədov, Ali Sovetin deputatı Səlim Səlimov, məsul şəxs Qəzənfər Hüseynov, hərbi komendant Hüseynalı Həsənov Oğuldərəyə gəldilər, ev-eşiyinə qayıdanlara baş çəkdilər, gözaydınlığı verdilər.

Kənddə xeyli şagird vardı. Məktəb təşkil etmək istəyirdim. Oğuldərə məktəbini ermənilər yandırmışdı. Fikrimi gələnlərə dedim, böyük razılıqla qarşıladılar. İşə başladım. Gəncəyə gəldim. Təhsil şöbəsindən plan və proqram apardım. Beləliklə, düşmən gülləsi altında Oğuldərə məktəbi fəaliyyət göstərməyə başladı. Kəndə qayıtmayan müəllimləri də əvəz edirdik.

Boş qalan qonşu kəndlərin məktəblərindən parta, stol, stul, yazı lövhəsi, jurnal gətirmək lazım idi. Soraqlaşıb öyrəndik ki, Şəlvə məktəbinin bir hissəsi yandırılıb, qalanı durur. Məcidin maşınında mən, Babək, Kamal, Mötəbər, Məcnunov Sərdar, Ağalarov Rauf, İbrahimov Ağaşirin getdik.

Parta, yazı lövhəsi, stol-stulu məktəbin həyətinə yığıb maşına yükləmək istəyirdik ki, birdən kəndin başqa yerindən maşın səsi gəldi. Qorxduq ki, ermənidir. Qaçıb gizləndik. Bir neçə nəfərdə silah var idi. Onlar silahlarını hazırladılar. Maşın işğal altında olan Laçın tərəfdən yox, çayın yuxarı tərəfindən, xaraba qalmış Hacıxanlı və Qovuşuq kəndləri tərəfdən gəldi. Bir yük maşını idi, kuzovunda adamlar. Ehtiyatla maşından düşdülər və silahlarını hazırladılar.

Demə, Şəlvə camaatı imiş. Bərk narazılq etdilər. Şəlvə kənd icra nümayəndəsi Rafiq müəllimlə belə bir söz atışması getdi:

- Niyə dağıdırsız?

- Dağıtmırıq, bizim məktəb yanıb, aparırıq məktəbi təşkil edək.

- Bəs bizimki uşaq deyil? Qaytarın yığın yerinə.

- Axı burda bir uşaq da yoxdu…

- Bir-iki aya hamı qayıdır.

- Qış gəlir. Adamların indi geri qayıtması mümkün deyil. Məktəb bağlananda gətirib yerinə qoyarıq.

Mən təkidlə icazə istəyir, həyətdə yığılan məktəb əşyalarını maşına yükləmək, aparmaq istəyirdim. Rafiq müəllim isə dediyindən dönmürdü. Axırda dilimdən iltizam aldı və bir neçə əşyanı onun istədiyi vaxt geri qaytarmaq şərti ilə verdi. Nə qədər çalışdım ki, yazı taxtasının ikisini də ver, vermədi. Bir neçə sinifə bir yazı taxtası gətirdik.

***

Kənddə qalan sahibsiz itlərə yazığımız gəlirdi. İtlərin çoxunu erməni güllələmişdi. Qalanlarını isə biz, kənddəkilər saxlayırdıq. Süleymanın itini Arif saxlayırdı. Bir gün Arifin evinin qarşısında dayanmışdıq. Onda gördük Süleyman kəndin ortası ilə gəlir. İt də gördü. Sahibinin qabağına necə də qaçdı, qabaq ayaqlarını sinəsinə qoyub Süleymanı yaladı, zingildədi, zingildədi, zingildədi. İtin sahibindən ayrıldığı bir neçə ay idi. Heç kim bu mənzərəyə göz yaşını saxlaya bilmirdi.

Oğuldərə sakini Əşrəf İlyasovun iti onu görəndən bir gün sonra ölmüşdü. Əşrəf deyirdi, it o qədər sevinirdi ki, ürəyi partladı.

Oğuldərədə sakit həyat yaşayırdıq. Qonşu Qorçu kəndində Şuşa və Laçının polis şöbələri, Ərikli kəndində isə Laçın Rayon İcra Hakimiyyəti yerləşirdi. Kənddə yaşayan kişilərin hamısı (qocalardan başqa) 811 saylı hərbi hissədə qeydiyyatda idi.

Oğuldərədə yaşadığımız dövrdə döyüşən əsgərlərə əlimizdən gələn qayğını göstərməyə çalışırdıq. Elə bir gün olmurdu ki, onların qayğısından xəbər tutmayaq. Həmin dövrdə doqquz yaşında olan oğlum Babək hər gün onların yanına gedirdi. Əsgərlər nəyə ehtiyacları olduğunu Babəkə deyirdilər, biz də verirdik, heç nə əsirgəmirdik. Ayrılıqda bacarmayanda isə qonşularla birlikdə edirdik. Bəzən 50-60 əsgərə qulluq etməli olurduq. Onda əsgərləri evlərə bölürdük.

***

1993-cü ilin fevralında radio məlumat verdi ki, Ağdərə-Kəlbəcər yolunu ermənilər bağlayıb. Bu yol əvvəlki illərdə də ermənilərin nəzarətində olmuşdu. 1992-ci ilin yayında Azərbaycan ordusu hücum etmiş, yolu və onun ətrafında olan kəndləri ermənilərdən azad etmişdi. Bunu Kəlbəcərdə bayram kimi qeyd etmişdilər.

Əmioğlu Ramiz Ağayev Oğuldərə kənd icra nümayəndəsi təyin olunmuşdu və həmin yoldan keçməklə Oğuldərəyə gəlmişdi. Gecə güclü qar yağmışdı, insanı qılınc kimi kəsən şaxtadan çölə çıxmaq olmurdu.

Gəldiyi gecəni qohumların evində qalan Ramizlə səhər görüşdük. Bir neçə saatdan sonra Ramiz getmək qərarına gəlmişdi. Dedi ki, Əli müəlliim, salamat qal, Ərikli kəndinə, dayımgilə gedirəm. “Olmaz, bəri adla, uşaqlar səni atla aparıb yola salar” dedim.

Bizim aramızda dərə vardı. O, kəndin ortasından, İbrahim dayımın evinin yanından çağırırdı. Mən isə öz evimizin həyətində durmuşdum. Ramiz cavab verdi ki, at minməli gün deyil, soyuqdur.

Razılaşmadım:

- Gəl səninlə bir sabahın xeyir edək, sonra gedərsən.

Ramiz gəldi. Süfrə arxasınnda olanda Ramizə dedim ki, bir də ya qismət, görüşək, görüşməyək. Bizim həyatımız hər an təhlükədədir. Ermənilər bizi Xocalıdakı kimi qıra bilər. Bir yolumuz vardı - Ağdərə-Kəlbəcər yolu, onu da bağladılar. Onda bizi yada salarsan.

Dediklərim doğru çıxdı. Həmin süfrə arxasında bizimlə birgə əyləşən Mötəbər və Ağaşirin itkin düşdülər, hələ də onların taleyindən bir məlumat yoxdur. Biz əmioğlular bir daha bir yerə yığıla bilmədik.

Axır çərşənbə və Novruz bayramında uşaqlar kəndin yiyəsiz evlərini bir-bir gəzir, qapılarda tonqal qalayır, qırmızı bağlayırdılar. Elin dağa gəlməsinə darıxırdıq. 1993-cü ilin Novruz bayramı bizim doğma ev-eşiyimizdə keçirdiyimiz axırıncı bayram oldu. Aradan bir həftə keçməmiş təzədən qaçqın düşdük.

(ardı növbəti səhifədə)


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir.


                                                           IV hissə (Ayrılıq)

- 1993-cü il martın 31-i. Soyuq və küləkli bir gün idi. Görünür, təkcə təbiətlə bağlı deyildi, həm də yaxınlaşan düşmən təhlükəsinin gətirdiyi soyuq idi. Oğuldərədən bir neçə kilometr aralıdakı cəbhə bölgəsindən həyəcanlı xəbərlər gəlirdi. İşğal zamanı elektrik, telefon xətləri də sıradan çıxarılmışdı. Azərbaycan ordusu Laçının bir neçə kəndini, o cümlədən Oğuldərəni erməni işğalından azad etsə də, Laçının mərkəzi düşmənin nəzarətində olduğundan kommunikasiya xətlərini bərpa etmək mümkün olmamışdı. Ona görə də Azərbaycanda, cəbhə xəttində baş verən hadisələr haqda xəbərləri öyrənmək çox çətin idi. Məlumatları yalnız el arasında “əl radioları” adlandırılan kiçik radioqəbuledicilərdən almaq mümkün olurdu.

Radio xəbər verirdi ki, Ermənistan silahlı birləşmələri Kəlbəcərə hücumları intensivləşdirib. Cəbhə bölgəsindən aldığımız xəbərlər də narahatlığımızı artırırdı. Çünki Kəlbəcərin işğalı bizim erməni mühasirəsinə düşməyimiz demək idi. Düşmənin caynağından qurtulmaq üçün uzaq yol qət edib Kəlbəcərdən keçməliydik. Ermənilər Kəlbəcəri işğal edənədək oradan çıxa bilməsək, bizi ölüm gözləyirdi.

Mart ayının 30-da axşamtərəfi məlumat almışdıq ki, qonşuluqdakı Qorçu kəndinin sakinləri artıq kəndi tərk etməyə başlayıblar. Səhəri günü kəndimizə iki nəfər hərbi geyimli şəxs gəldi. Laçın polisinin əməkdaşları idi. Vəziyyətin ağır olduğunu bildirdilər. Biri vaxtilə şagirdim olmuşdu. Qorçulu Cəfərin oğlu:

- Əli müəllim, vəziyyət çox ağırdır. Laçın cəbhəsindəki bütün qüvvələr mövqelərini tərk eləyib. Ermənilərlə üzbəüz olan postlarda heç kim qalmayıb. Hərbi birləşmələr heç bir maneəyə rast gəlmədən bura yaxınlaşırlar. Təkcə siz qalmısınız. Təcili kəndi tərk eləyin.

Kənddə yalnız bir nəfərdə - Şərəfli Kamalın oğlunda "QAZ-53" markalı sınıq-salxaq bir avtomobil vardı. Həmin "QAZ-53"ün texniki imkanları qarlı-palçıqlı dağ yolları ilə hərəkət etməyə imkan vermirdi. Kəndin ortasında dəhşətli vəziyyət yaranmışdı. İnsanlar ağlaşır, nə edəcəklərini bilmirdilər. Heç kim də qarı-qocanı, arvad-uşağı düşmən caynağına vermək fikrində deyildi. Düşmən qarşısında əlacsız və köməksiz qalan adamların bir fikri vardı: nəyin bahasına olur-olsun, hamımız bir yerdə hərəkət etməliyik. İstər kənddən çıxmaq olsun, istər qalmaq.

Arif Zülfüqarovun vəziyyəti daha ağır idi. Anası Pəri İbrahimova bir neçə il əvvəl iflic olmuşdu. Ağır yataq xəstəsi idi. Arif bildirdi ki, anasını aparmaq imkanı olmasa, heç bir yerə getmək, kəndi tərk etmək niyyətində deyil, ailəsi, uşaqları ilə birlikdə kənddə qalacaq.

Erməni silahlı birləşmələri artıq bizdən bir qədər aralıda olan kəndləri də tutmuşdular, evləri yandırırdılır. Düşmən heç bir maneəsiz bizim olduğumuz əraziyə yaxınlaşsa da, Arif dediyindən dönmürdü. Qohum-qardaşı belə bir vəziyyətdə tək qoyub getmək yolverilməz olduğuna görə heç kim bununla razılaşmırdı.

Hələ maşın gəlməmiş mən iki körpə uşağımın - Rəhimə və Xıdırın əlindən tutub gözləyirdim. Rəhimənin yeddi, Xıdırın beş yaşı vardı. Onlar altdan yuxarı üzümə baxır, dodaqlarını büzür, ağlamaq istəyirdilər. Amma ağlaya bilmirdilər. Yenə də özümü toplayıb onlara ürək-dirək verirdim. Dilə tuturdum: "Qorxmayın! Qorxulu heç nə yoxdu. Dostlarınız da, yoldaşlarınız, tay-tuşlarınız da burdadı. Siz maşınla gedin, mən də dağı aşıb gəlirəm. Gəlib sizə çatacam".

Maşında oturan Əsli arvad ətrafına narahatlıqla boylanaraq əri Temirin niyə gəlmədiyini soruşdu: “Qoca kişidi. Piyada gələ bilməz. Çağırın gəlsin. Nə ağıl eləyir qalır? Sən Allah, saxla! Mayor, atanı çağır”.

Başımız qarışıq idi. Bilmədim ki, çağıran oldu, ya olmadı, amma Temir əmi gəlmədi. İkicə gün ondan sonra oğlu Ağaşirin (Mayor), bacısı oğlu Mötəbərlə (Qarasşla) birlikdə Kəlbəcərdə itkin düşdülər. Temir əminin yetmiş yaşı vardı.

Əlli-altmış nəfər qarı-qocanı və uşağı yığdıq maşına. Maşın yerindən tərpənəndə uşaqlı-böyüklü hamının ağlaşma səsi dağları başına almışdı. Evə tərəf qayıtdıq. Piyada gedəsi adamları yola salmalı idik. Qalan arvad-uşağı, qız-gəlini piyada yola saldıq. Piyada gedən arvad-uşaq da ağlaya-ağlaya yola düşdü.

Hər kəs öz evindən gücü çatanla - təzə paltar, adyal, ayaqqabı şəllənmişdi. Bundan başqa yalnız çörək götürülürdü. Az şey götürmək lazım gəlirdi ki, at yolda yorulmasın, tez yerimək mümkün olsun. Bir də ayaq tutmayan adam olsa, ata mindirmək lazım gələrdi.

Oğlum İmdadı yanımda saxladım. Gedənlər kənddən uzaqlaşandan sonra dedim ki, qaç, gedən adamlara çat. O da yüyürə-yüyürə məndən uzaqlaşdı. Bir neçə nəfər kişi kənddə qaldıq ki, ev-eşiyə, qoyun-quzuya baxaq. İki nəfəri - Ağaşirini və Muxtarı piyada gedən dəstəyə qoşduq ki, Kəlbəcərin Bəylik kəndinə qədər gedəni yola salıb bizə bir dəqiq xəbər gətirsinlər, görək Kəlbəcərin işğal olunması şayiədir, yoxsa gerçək, əhali qaçır, çıxır, ya yox...

***

Ağaşirin və Muxtar ertəsi gün gəldilər. Xəbər gətirdilər ki, Bəylik kəndində tək-tək adam var. Qərara aldıq ki, piyada gedən arvad-uşağın arxasınca getmək lazımdır. Bir o qədər qarı-qocanın, arvad-uşağın əziyyətini beş-altı adam çəkə bilməz. Gedən adamı Kəlbəcərin bir kəndində saxlamağı, soyuqdan-aclıqdan qorumağı düşündük. Dedik vəziyyət yaxşı olsa, kəndə qayıdarıq, ağır olsa, Kəlbəcər əhalisinə qoşulub çıxarıq. Bu məqsədlə mən, Mötəbər və Ədalət (Ədalət Laçın rayonunun Lolobağırlı kəndindəndir, anası bizim kənddəndir) saat üçdən sonra yola düşdük.

Kəlbəcərin Oğuldərəyə yaxın kəndi Bəylik kəndidir, iyirmi-iyirmi beş kilometr uzaqdadır. O kəndi Oğuldərədən uca dağlar ayırır. Enişli-yoxuşlu, daşlı-kəsəkli dağ yolu ilə getmək heç də asan deyildi. Yer palçıq olduğundan tez yerimək mümkün olmurdu. Hər beş-on dəqiqədən bir dayanır, ayağımızın palçığını təmizləyir, yola davam edirdik. Beş-on dəqiqə keçməmiş yenə də ayaqlarımız daş kimi ağırlaşırdı.

Laçınla Kəlbəcəri ayıran Çilgəz yaylağının Sarı Yoxuş adlanan yerinə çatdıq. Buradan baxanda həm Laçın tərəfdəki dağlar, həm də Kəlbəcər üzdəki dağlar sanki adamın ayağı altındadır. Dağların sinəsini meşələr bəzəyir. Yazın ilıq, mülayim nəfəsi duyulur, qarı təzəcə ərimiş torpaqdan qalxan xoş ətir-iy adamın burnunu oxşayırdı. Adam bacardıqca bu ətiri daha çox canına çəkmək istəyirdi.

Çilgəz dağında, yaylağında yiyəsiz mal-qoyunun sayı-hesabı yoxudu. Sahibləri atıb qaçmışdı. Mal naxırı, qoyun sürüsü bir-birinə qarışmışdı, bir yerdə otlayırdı. Yiyəsiz itlər sahibsiz mal-qoyunun yanınca gəzir, gah hürüşür, gah da o baş-bu başa qaçır, ulaşırdı.

Bəylik kəndinə gəldik. Kənddə bir insan belə yox idi. Lələ göçmüşdü, yurdu qan ağlayırdı. Mal-qara, toyuq-cücə bir-birinə qarışmışdı, dağlara səpələnmişdi. Çox həyətdə it bağda qalmışdı, evlərin əksəriyyətinin qapıları açıq, süfrələr sərili, samovarlar dəmdə, xəmir yoğrulu qalmışdı.

Bu kəndin adı boş yerə Bəylik deyil. Bir vaxt əsilli-nəsilli bəylərin kəndi olub. İki çayın arasındakı evə tərəf yollandıq. Mötəbər dedi ki, bura Baxış bəyin evidir. Baxış bəyin atası İmran bəyin anası, Baxış bəyin öz anası və Baxış bəyin qardaşı Hacağa bəyin (Hacağanın oğlu Laçında şəhid oldu) həyat yoldaşı bizim kənddəndir. Mənə də qohumdur. Başqa sözlə, bu xaraba kənddə yenə də öz qohumumuza "qonaq olduq". Guya başqa evə bizi qoymurdular.

Çıraq yandırdıq. Hələ kəndin arası ilə gələndə yolun alt-üstünə yorğan, qadın və kişi paltarı, ayaqqabı, müxtəlif bağlama səpələnmişdi. Mən yolun qırağında uşağımın sığallaya-sığallaya, az-az geyindiyi paltarlarını gördüm, az aralıda isə Mötəbər öz uşağının paltarlarını tapdı. Elə düşündük ki, erməni arvad-uşağı girov götürüb, paltarı tökməyə məcbur ediblər. Sonra öyrəndim ki, dayanmaq mümkün olmayıb. Bura qədər elə biliblər dincələ-dincələ gediləcək, dayanmaq mümkün olmayanda ağsaqqallar deyib: "Kimin əlində, şələsində nə varsa töksün. Gecə-gündüz yol gedəcəyik". Onlar da hər şeyi atıblar.

Vaxt az idi. Azca dincəlib geriyə - Oğuldərəyə qayıtmalı, qalan adamı çıxartmalıydıq. Amma dildə qayıtmaq asandır. Bayaq dediyim kimi, yol uzaqdır, çoxlu eniş-yoxuşu var, həm də yağış yağıb, yer palçıqdır. Özümüz də piyadayıq.

Bilmirəm bir saat, yoxsa saat yarım dincəldik. Dincəldik deyəndə qəribə səslənir, necə od üstündə oturaq. Çöldə gecə öz zülmət yorğanını çoxdan yerin üzünə sərmişdi. Geriyə yola düşdük. Yerdə də, göydə də bir qəmginlik var idi. Dağlar da yasa batmışdı.

Oğuldərəyə çatanda saat yeddi-səkkiz olardı. Kənddə öz evimiz görünənə qədər - Nərimanın evinin yanına, Bənövşəliyə çatanda dörd nəfər də aşağıdan - Laçın tərəfdən gəldi.

Tanış olduq. Onların adı - Saşa, Mişa, Valeri və Slavik idi. Mişa Ukraynadan gəlmiş, qalanı Azərbaycan vətəndaşı və ordunun əsgərləri idi. Onlar dedilər ki, erməni dalımızca gəlir, dayanmaq olmaz. Sonra bildik ki, Slavik azərbaycanlıdır. Familiyası Şirəliyevdir. Anası rusdur. Azərbaycanca bir kəlmə də bilmirdi. Arif ona tez-tez zarafat edirdi: "Ay urus, niyə bu urus azərbaycanca bilir, sən urus bilmirsən?" Doğrudan da, Saşa və Valeri Azərbaycan dilində təmiz danışırdılar.

***

Doğma ev-eşiklə vida vaxtı çatmışdı. Hamımız ağlayırdıq. Bu evləri tikənə qədər mən, anam Rəhimə, bacım Cahan, qardaşım Ağa nə qədər əzab-əziyyət çəkmişik. Mən cibimin pulunu axırıncı qəpiyinə qədər sürücüyə-traktorçuya vermişəm. Hələ daşa, əhəngə, sementə verdiklərimi demirəm. Tövləni tikəndə o qədər də mal-qoyunum yox idi. İndi isə tövlə ağzınacan qoyun-quzu, at, malla doludur. İçəridən çıxan quzular həyətdə atılıb-düşməyə, oynamağa başladı. Mən isə tələsə-tələsə tövlənin qapısını açıq qoydum ki, daldalanmaq istəyən heyvan içəri girsin-çölə çıxsın. İti bağdan açdım. Bir də üst evə qalxdım. Hazırladığım əşyaları götürdüm. Üst evin də qapılarını açıq qoydum. Mən onları düzəltdirəndə və yerinə saldıranda elə bilirdim dünya mənimdir. Bu qapı-pəncərənin pulunu Ağa vermişdi. Elə bilirdim ki, ölənə qədər bu evdə rahat olacam. Heç ağlıma gəlmirdi ki, hələ işimi başa vurmamış, ev-eşiyi rahatlamamış qaçaq olacam, didərgin düşəcəm.

Üst evə qalxdım. Evi axtardım. Bir ağ torba tapdım və həmin ağ torbaya bir cüt qara ayaqqabı, bir cüt yun corab, çörək və yağ-pendir yığdım. İkimərtəbəli və beş-altı otağı olan evimdən, on beş metr uzunluğu, səkkiz metr eni olan tövlədən, tövlə dolu mal-qoyundan, evdəki yorğan-döşəkdən, mebeldən, qab-qacaqdan, stəkan-nəlbəkidən, ata-babadan qalmış mis qablardan, gəbə-kilimdən, xalça-palazdan mənə düşən pay bu oldu - bir ağ torba, bir cüt qara ayaqqabı və bir cüt də yun corab.

Faciəmiz təkcə bununla bitmirdi. Biz hamımız ailəni, oğul-qızı, arvad-uşağı da itirmişdik.

Hazırladığım əşyaları götürdüm. Üst evin qapılarından öpdüm, pilləkənlərin başında üzümü divara söykədim, yenə də öpdüm, aşağıya endim. Pilləkənin ayağında diz çökdüm, üzümü pilləkənə söykədim, gözümün yaşı ilə ağacı və daşı islatdım, yenə də öpdüm. Dilsiz daş-divarla danışdım. Dedim ki, bağışla, ata ocağı, səni qoruya bilmədim.

Çiynimə bir əl dəydi. Baxdım ki, Arifdir. Dedi ki, belə olmaz, biz sənə ümid edirik, sən də belə: “Olmaz! Ayağa dur!”

Durdum. Elə bil ki, bədənimdə sağ yer yoxdur, sümüklərim sındırılıb, əzilib, ətimə qatılıb. Sürünə-sürünə, ağlaya-ağlaya Arifgilə getdim. Hamı burada idi. Temir əmidən başqa. Çay içdim. Çölə çıxdıq və Temir əmini çağırdıq. Lakin o, 70 il ömür sürdüyü doğma kəndindən, ev-eşiyindən çıxmaq, ayrılmaq istəmirdi. “Heç hara getmirəm, siz gedin. Gördüm ki, erməni gəlir, gizlənəcəm. Erməni burada qalan deyil ki. Erməni qayıdan kimi mən də öz işimlə məşğul olacam” dedi. Razılaşmadıq. Temir əmi evə qayıtdı. Ariflə məsləhətləşdik.

Onu bir də çağırdım. Dedim ki, sən getməsən, biz də səni burada qoyub getməyəcəyik. Razı olma ki, sənə görə bizi də erməni güllələsin. Bu söz ona təsir etdi. Könülsüz-könülsüz, çətinliklə, güc-bəla ilə tikdiyi ev-eşiyini qoyub çıxmağa, bizimlə birlikdə getməyə razı oldu.

(ardı növbəti səhifədə)


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir


                                                    V hissə (Qaranlığa sarı)

- Bir-birimizə dayaq dura-dura yol gedirdik. Danışa-danışa gedirdik ki, dərd azalsın. Amma isti evdən çıxıb pay-piyada sonsuz çöllərə düşən, yeridikcə yurdundan uzaqlaşan adamın dərdi azalarmı? Uşaq kimi özümüzü aldadır, ovundururduq.

Yer palçıq, yol uzaq, adamlar yaralı və piyada. Bu yol bizi qaranlıq dünyaya aparırdı. Ağlım kəsmirdi bu qaranlıq dünyadan işığa çıxarıq. Dünyada işıq gələn bir yer olduğunu ağlıma gətirə bilmirdim. Yolum zülmətdən-zülmətəydi.

Sağa-sola baxıram. Qarağacı dərəsinin yolu, Kəmər qaya, Qızıl qaya, Topdaş, Yuxarı Haça, Aşağı Haça, Novun düzü, Qəbirli, Dəmirçi dağı, Korcabulaq kəndi, Ərikli kəndi, Qarabəyli və Lolabağırlı kəndləri, Qırxqız dağı. Baxa-baxa düşünürəm ki, bəlkə də axırıncı görüş, axırıncı baxışdır.

Valeri adlı yoldaşımız (dörd əsgərdən biri) çətinliklə yol gedir. Ayaqlarındakı yaraya baxanda cəsarətinə heyran olurdum. Dabanı, barmaqlarının üstü, ayaqlarının yanı qıpqırmızı yara, qabar-suluq idi. Çəkmə ayaqlarını döymüş, böyük qabar və yaralar əmələ gətirmişdi. Torpaq, palçıq buz kimi soyuq idi. Valeri gah çəkmələrini çıxarıb boynundan asır, gah geyinir, gah yenə çıxarıb atın üstünə bağlayırdı. Qarlı yeri keçmək üçün ayaqqabısını geyməyə məcbur olurdu. Ayaqqabısını çıxaranda isə ayağından qan axırdı. Biz dayanır, ona kömək edirdik. Qoymurduq Valeri bizdən geri qalsın.

Küləyin vurub çala-çuxura yığdığı qar dizdən yuxarı olanda qarı yara-yara getməli olurduq. Şükür olsun ki, belə yer az idi. Bu cavan rusu necə olur-olsun özümüzlə bərabər çıxarmaq, gözü yolda qalan ata-anasına çatdırmağı özümüzə borc bilirdik. Atın birini Valeriyə verdik ki, rahat olsun, amma atın üstündə dura bilmədi, gah o üzə aşdı, gah da bu üzə aşdı.

Valeri mənim Vətənim, Azərbaycanım üçün silaha sarılmışdı. Ona hörmət etmək borcumuzdur. Müharibə dövründə minlərlə azərbaycanlı qaçıb gizlənmişdi. Valeri, Slavik, Saşa da qaçıb gizlənə bilərdi, amma bunu etməmişdilər. Mişa uzaq Ukraynadan gəlmişdi...

Şirəliyev Slavikin də ayaqları yara tökmüşdü, amma onun yarası az idi. Ona kömək az olurdu. Yolun çoxunu gedə bilirdi.

Yaşca hamıdan böyük Temir əmi idi. Bəlkə də bu iş ona hamıdan ağırdır.

Çətinliklə Sarı yoxuşun ayağına çıxdıq, oradan Ağ duzdağa sarı gəldik və Laçından Kəlbəcərə gedən və təzə çəkilən maşın yoluna çatdıq. Sola döndük.

Buradan belə Kəlbəcər torpağıdır.

Temir əmi də çox vaxt piyada gedir, atı Valeriyə verirdi. Kimsə cilovu əlinə alıb, atın başını çəkməli, yedəzləməli olurdu.

***

Axşamçağı Bəylik kəndinə çatdıq. Bəylik, nə Bəylik, sanki yüz ilin xarabasıdır. Kamran bəy və onun yoldaşları ilə görüşdük. Kamran bəy Temir əmiyə dedi ki, yol bağlıdır, geri qayıdaq, ara sakitləşəndə çıxmalı olarıqsa, çıxarıq, qalmalı olarıqsa qalarıq. Onsuz da getməyə yol yoxdur. Temir əmi razı olmadı. Kamran bəy öz yoldaşları ilə Bəylik kəndində qaldı. Biz isə Kəlbəcərə sarı bir az getdik, sol tərəfdəki çayın üstündəki körpüyə çatıb onu adladıq. Yuxarıda, meşənin talasında yerləşən Əsrik kəndinə çıxdıq və gecə orada qaldıq.

Kənddə çoxlu əsgərimiz vardı. Bunlar postu tərk edib getmək istəməyən adamlar idi. Eləsi vardı ordunun çıxdığından xəbəri olmamış, gecikmişdi. Əksəriyyəti laçınlı idi.

Əsrikdə bir qarı gördüm. Beli əyilmiş, büzüşmüşdü. Səhv etmirəmsə, adı Sabahı idi. Dedim ki, ay nənə, səni niyə aparmayıblar? Məzlum-məzlum üzümə baxdı. Qəhərləndi. Amma ağlamaq arına gəldi. Çiynini çəkdi: "Nə bilim".

Çox olduğumuzdan hamı bir evdə qala bilməzdik. Evlərə bölündük. Ayaqlarım alışıb yanırdı, yuyunduq, çay qaynatdıq, çörək yedik. Paltarımı soyundum və yorğan-döşəkdə rahat uzandım. İsgəndərov Şakir gəlib uzandığımı görəndə qəzəbləndi: “Bu nə istirahətdi, Əli müəllim, belə hərəkət olar, siz belə eləyəndə başqasına nə deyək?”

Mən həyəcanımı gizlədərək gülə-gülə dedim: “Şakir, get, sən də soyun, rahat yat. Səni inandırım ki, bu gecə bura erməni gəlməyəcək. Bəlkə də rahat yatdığımız axrıncı gecədi. Bir də ya qismət, bu qədər adam bir yerə yığıla, ya yox”.

Həmin gecə Temir əmi, Mötəbər, Ağaşirin, Bahadur dayı, Nübar, Sahiblə bir evdə qaldıq. O biri gün üç nəfər - Temir əmi, Mötəbər və Ağaşirin itkin düşdü...

***

Hərbçilər bizi gözləmədi. Biz səhərə yaxın yola düşdük. Gəldik ki, hərbçilərin bir traktoru var, o da palçığa batıb, çıxara bilmirlər. Bahadur dayı, Temir əmi, Sahib, Nübar traktor batdığı yerdə dayanmadı. Sahib traktorçudur, dedi ki, traktoru palçıqdan çıxarmaq mümkün olmayacaq. Bizdən aşağıda bir dərə vardı, onlar dərəyə endi və dərənin o biri tayına adladılar. Biz traktorun yanında qaldıq, onu çıxarmağa çalışdıq. Bir şey alınmadı, mən, Arif və Təvəkkül Temir əmigil gedən tərəfə yol aldıq. Onlara çatmağa cəhd göstərmədik. Arxadan gələn adamları gözlədik. Traktorun yanında qalanlar da bizim ardımızca dərəyə endilər. Ancaq gəlib bizə çatmadılar. Demə, dərə-təpə ilə gəlib bizdən qabağa keçiblər. Yolda rastlaşdıq.

Əsgərlər idi, bir də bizim yoldaşlardan Əşrəf. Əşrəf dedi ki, qalan yoldaşlar da sizin dalınızca, arxanızca gəldi. Demə, yoldaşlar da bizdən qabağa keçiblər. Bizim getdiyimiz yolu Əsrik kəndindən olan bir əsgər göstərdi . O, traktor batan yerdə arxadan gəlib bizə çatmışdı. Əsrikli oğlan yolu göstərib getdi. Dedi yol sizi körpüyə çatdıracaq, həmin körpüdən Murovdağ taya adlayacaqsınız. Bizi inandırdı ki, arxayın gedin, yolda erməni-filan yoxdur.

Əsgər dediyi yolla getdik. Quzeyçirkin kəndinə yaxınlaşanda hərbiçilər həmin yolla getmədi. Sağdakı cığırla meşəyə tərəf getdilər və aşağıda bir kənd göründü, kəndə endilər. Biz də onların arxasınca getdik. Bu, Quzeyçirkin kəndidir.

Biz ayaz gündə, günün günorta çağı pərakəndə düşdük. Quzeyçirkin kəndində Arif su istədi. Təvəkkül qaçıb su dalınca getdi. Kəndin arasında su yox idi. Təvəkkül tez qayıtdı, əlində maye dolu bir şüşə, stəkan və bir tikə də çörək. Arif şüşənin ağzını açdı, ehtiyatla iylədi, stəkana süzdü, dodağına vurmaqla “öldüm” deyib qışqırdı. Onun dilinin yarısı, dodaqları, damağı, dişinin dibi soyulub çıxmışdı. Şüşədəki bəlkə də kislota imiş.

Təvəkkül dedi ki, su gətirdiyi evdə yiyəsiz bir qoca qadın qalıb. Deyir ki, mən başqa kənddənəm. Deyəsən, Qaraçanlıdan idi. Qadın demişdi ki, oğlanlarım məni bura şələsində gətirdi, getdilər yola baxıb qayıdalar, bilmirəm nə səbəbə gəlmədilər. Həmin qadın Təvəkkülə sacda bişmiş əl boyda çörək tikəsi vermişdi.

***

Həmin gün neçə yerə ayrıldıq. Bir dəstədə Temir əmi, Bahadur dayı, Nübar, Sahib; başqa dəstədə mən, Arif, Təvəkkül, Muxtar; digərində Əşrəf tanımadığım əsgər yoldaşla; bir başqasında Mötəbər, Şakir.

Arifin ağzının yandığından Əşrəfin xəbəri olmadı. Dal-qabaq gedirdik. Arifin ağzının od-alovunu yaş torpaqla, payızdan qalmış yarpaqla və qarla aldıq. Arifi toxdadıb cəhd etdik ki, Qabil müəllimə, Əşrəfə çataq. Quzeyçirkin kəndinin ayağına enmişdik ki, qəfildən atışma başladı. Ayaq saxladıq. “Bizimkiləri qırdılar. Bu atəşin qabağında sağ adam qalmaz”.

Atışma baş verən kənd Kəlbəcər rayonunun Quzeyçirkin kəndi idi. Kəndin adı klubun qapısına yazılmışdı. Xeyli vaxt keçəndən sonra Arif toxdadı, özünə gəldi. Çəpərli həyətlərin arası ilə aşağı endik. Burada bulaq da varmış. Cəhd etdik ki, gedən yoldaşlara çataq. Biz kəndin ayağından körpüyə sarı dönən zaman atəş başladı. Daha irəli getmədik. Sonra bildim ki, səhərdən ayrı düşən yoldaşların hamısı körpüdə bir yerə yığılırmış; bizdən indicə ayrılan Qalib müəllim, İsmayılov Şakir, İlyasov Əşrəf və səhərdən ayrı düşmüş Temir əmi, Bahadur dayı, Sahib, Nübar, traktorun yanında qalmış İsgəndərov Şakir, Mötəbər, Ağaşirin, bir sözlə, hamı bir-birindən xəbərsiz körpüdə birləşirmiş. Elə bu an ermənilər atəş açmışdılar. Arif, Təvəkkül və məndən başqa hamı oradaymış. Bizim də başımızı Arifin ağzının yanması qatmışdı.

Sağ qalmaq üçün gizləndik. Atışma dayanandan sonra geriyə - Quzeyçirkinə qayıtdıq. Gizləndik və gözlədik. Geri qayıdan olmadı. Daldadan çıxdıq aşkara. Mən döyüş yerinə getmək, münasib bir yerdən ətrafı gözdən keçirmək istədim. Getməyə qoymadılar. Arif və Təvəkkül döyüş yerinə tərəf yollandı. Şərtimiz də bu oldu ki, əgər gülə atılsa, bilin ki, bizi qırdılar, dalımızca gəlməyin. Biz halallaşdıq və ayrıldıq. Muxtar və mən qaldım. Muxtar cavandır, iyirmi yaşı var. Biz oturduq və gözlədik. Heç bir xəbər-ətər olmadı. Nə güllə atıldı, nə də gedənlər qayıtdı. Muxtar gözlənilməz qərar verdi. Dedi ki, Əli müəlim, mən əsir düşmürəm, özümü öldürürəm, sən nə edəcəksən?

O, məndən cavab gözləmədən sözünə davam etdi: “Çalış, sən sağ qal. Başımıza gələni danış, heç kəsin gözü yolda qalmasın”.

Muxtar silahı özünə tərəf çevirdi. Mən ona mane oldum. Əlimi dirsəyinin üstünə qoydum. Dedim ki, adam bərkə düşəndə səbirli, dəyanətli olar, darıxma, özümə nə məsləhət bilsəm, sənə də onu məsləhət biləcəm. Müqavimət göstərmədi. Əlini aşağı saldı. Gözlədik, gözlədik, yenə də gələn olmadı. Dedim ki, hamını qırdılar, bizim daha sağ qalmağa haqqımız yoxdur, sağ qalsaq, nə olacaq? Biz də koldan-kola, bu daşdan o biri daşın arxasına keçə-keçə döyüş yerinə yaxınlaşdıq. Dedik, yoldaşdan kimi isə taparıq, yaralı olsa, kömək edərik.

Arif və Təvəkkülü tapdıq. Onlar döyüş yerinə uzaqdan baxıb geri qayıdırdılar. Heç nə görə bilməmişdilər. Dördümüz də kəndə çıxdıq. Qaranlıq düşənə qədər bir evin qapısında dayandıq.

Qaranlıq düşdükdə isə başqa evə getdik. Ev yiyəsi qapını arxadan bağlayıb pəncərədən çıxmışdı. Qapını sındırmağa qıymadıq. Düşündük ki, ev yiyəsi bir neçə günə gələcək. Pəncərədən içəri girdik. Azca yatdıq. Dan yeri sökülməmiş yoldaşları çağırdım. Arif dedi ki, mən getmirəm, qoy erməni gəlsin məni burada güllələsin: “Əşrəfi saxladım, böyütdüm, axırda da verdim erməniyə. Mən nəyə sağ qalıram?”

Arif Əşrəfin dayısıdır. Əşrəf körpə ikən anası ölmüş, onu dayısı Arif saxlamışdı.

Mən ona toxtaqlıq verdim və təkid etdim ki, durun. Hamı durdu və yenə də pəncərədən çıxdıq. Dünən yığışdığımız evin həyətinə getdik. Yoldaşın bir neçəsini, o cümlədən Əşrəfi burada sağ-salamat tapdıq. Arif Əşrəfi görəndə hönkürtü ilə ağladı, qucaqlayıb öpdü, bağrına basdı. Əyildi ki, dizlərindən öpsün... Onlar dedilər ki, o biri yoldaşlardan xəbərimiz yoxdur. Döyüş zamanı necə yoxa çıxdılar, bilmədik. Ayrı düşdük.

***

Çıxış yolu yox idi. Ermənistandan gələn ordu Dağlıq Qarabağdan gələn erməni separatçı dəstələriylə birləşmişdi. Quzeyçirkin kəndinin aşağı hissəsində, bir daşın arxasında gizləndik və ermənilərin hərəkətlərini müşahidə etdik. Onlar mal-heyvanı yük maşınına yığıb aparırdılar. Hər bir keçiddə silahlı dəstələr dayanmışdı. Sarı rəngli “UAZ” maşını Kəlbəcər-Ağdərə yolu ilə aşağı-yuxarı şütüyür, başqa maşında gəlmiş əsgərlərə göstəriş verir, gah avtomat, gah da tapançadan bizim dayandığımız tərəfə atəş açırdılar. Görünür, bu, komandir maşını idi.

Biz hansı cığırı özümüzə çıxış yolu hesab etdiksə, axşama qədər hamısına keşikçi qoydular. Axşama qədər pusquda durduq. Seyid Şakir deyirdi ki, Murov yolu ilə getmək lazımdır. Ona o biri yoldaşlar da şərik çıxırdı. Başqa yol bilmirdik. Qalmışdıq canımızın əlində. Ölmək istəmirdik. Yaşamaq istəyirdik. Balalarımızdan nigaran idik. Bilmirdik onlar sağdır, yoxsa düşmən gülləsinə tuş olublar. Murova tərəf getməyə mən razı olmurdum. Nəhayət, məni də razı saldılar. Seyid Şakir inandırırdı ki, mən sizi Tərtər çayından elə adladaram ki, heç paltara su dəyməyəcək, qupquru keçəcəksiniz. Mən deyirdim ki, Murova sarı üz tutmaq olmaz. Birincisi, döyüş gedir, düşmən qüvvəsini ora cəmləşdirib, ikincisi, yaş paltarla Murovu aşmaq olmaz. Erməni bizi qırmasa da, Murovun soyuğu, şaxtası donduracaq. Yoldaşlar mənim dediyimlə razılaşmadılar, mən onların dediyinə əməl etməli oldum.

Muxtar və Əşrəfi Quzeyçirkinə çörəyi gətirməyə, atları açıb buraxmağa, bir də uzun kəndir gətirməyə göndərdik.

Tərtər çayından keçmək üçün kəndirdən istifadə etməliydik. Tez qayıtdılar. Bildik ki, o biri yoldaşlar da kəndəddir. Kəndə gəldik.Yoldaşlarımızdan üç nəfər - İbrahimov Temir Zülfiqar oğlu, İbrahimov Ağaşirin Temir oğlu (ata-oğul), İbrahimov Mötəbər Dadaş oğlu (Temir əminin bacısı oğlu) yox idi. Onlardan bu gün də heç bir xəbər yoxdur. İtkindirlər. Ədalət isə ağır yaralanmışdı. O, qaçarkən düşmən onu arxadan atmış, güllə qulağının üstündən başının dərisini yaralayıb keçmişdi. Saleh Mirzalı oğlu da ayağından yaralı idi. Hər kəsin müxtəlif dərəcədə yaraları vardı.

Kəlbəcərdən də burada çox adam var idi, təxminən 15-16 nəfər. Biz birlikdə çıxış yolunu müzakirə etdik. Onlar dedilər, gəlin bizimlə gedək. Biz isə təklif etdik ki, onlar bizimlə getsin. Onlar əvvəlcə razılaşdılar. Sonra nə düşündülər, bilmirəm, razılaşmadılar. Biz də çox götür-qoy etdik. Mən Təvəkküllə dedim ki, biz istəyirik Mehdixan müəllimlə gedək, sən nə desən, o da olacaq. Təvəkkül dedi ki, kim istəyir, getsin, mən Muxtarla Oğuldərəyə qayıdacam: “Siz hara getsəniz, biz də sizinlə gedəcəyik. Ölənə qədər, Təvəkkül!”

Muxtar və Təvəkkül itkin düşən Mötəbərin qardaşlarıdır, Temir əmi onların doğma dayısı, Ağaşirin isə dayısı oğlanlarıdır. Çoxumuz bir nəsildən, əmi oğlu idik. Ağlımıza gəlirdi ki, tapılmayan adamlar kəndimizə qayıda bilər. Beləliklə, biz kəlbəcərlilərdən ayrıldıq. Mehdixan müəllim dedi ki, Hopurlu yolu ilə gedəcəyik.

***

Kədərli gün, zülmət qaranlıq gecə idi. Geriyə - Laçın rayonunun Oğuldərə kəndinə qayıdırdıq. Bəlkə də Təvəkkül elə deməsəydi, Kəlbəcərdən olan adamlardan ayrılmazdıq.

Yolda atı Salehə, Valehə, Ədalətə, Valeriyə verir, onları ata mindirir, düşürür, piyadanın gah qoluna girir, özümüzlə bərabər aparırdıq. Hələ səhər açılmamışdı, sabaha çox vardı.

Gecə bir kəndə çatdıq. Qərara aldıq ki, burada qalaq. Evdə hər bir əşya yerində idi. Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək, gəvə-kilim, kitab-dəftər, stəkan-nəlbəki, xrustal qablar, stol-stul... Yemək üçün də hər nə istəsən var idi. Yorğan-döşəkdə yatdıq, rahat olduq, səhər açıldı. Durduq, həyət-bacaya baxanda adamın xoşuna gəlirdi. Evin böyük bir bağı var idi. Evin bir tərəfində tövlə, bir tərəfində isə arı yeşikləri ilə dolu arıxana vardı. Qapıdakı elektrik dirəyinin birinə qartal başı vurulmuşdu. Qartalın başı quzu başından böyük idi. O biri dirəyə, dirəkboyu qartalın qanadları bərkidilmişdi. Bağın qırağında isə uzun bir tövlə tikilmişdi. Evdə bal var idi, həm yedik, həm də yaranın üstünə qoyduq. Çörək bişirdik. Başqa bir evdən dərman gətirdilər, özümüzlə götürdük. Ev sahibinin müəllim və həmkarlar komitəsinin işçisi olduğu evdəki yazılardan bilinirdi. Kəndin adını da həmin yazı ilə aydınlaşdırdıq: Moz-Qaraçanlı.

Qaranlıq düşəndə yenə yola çıxdıq. Meşənin içi ilə yol getmək asan deyildi. Hamıdan çox Ədalət əziyyət çəkirdi. Əsrik kəndinə çatdıq. Kəndə girmədik. Biz ağacın altında oturduq. Arif kənddə qalan qarıdan itkin düşənləri soruşmağa getdi. Qayıdıb dedi ki, bizdən sonra heç kəsi görməyib arvad.

(ardı növbəti səhifədə)


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir


                                                                 VI hissə (Bizim dərə)

- Oğuldərəyə getmək üçün aşağıya enməli idik. Erməni həmin yolu - Bəylikdən Tunelə gedən yolu tutmuşdu. Yanan evlərin tüstüsü dağlara yayılmışdı. Atəşdən qulaq tutulurdu. Ona görə də yola enə bilmədik. Sağ tərəfə, dağlara sarı üz tutduq.

Bu dağlarda bələdçi Arif idi. Bir kəndə çatdıq. Kəndin aşağısından çay axır. Quzey taya, tək-tək təzə evlər tikilmiş tərəfə keçdik. Erməni gəlsə, bura daha çox təhlükəsizdir. Gecəni bir evdə qaldıq.

Cavanlar səhər kəndə endi və xəbər gətirdi ki, kəndin mal-heyvanı tövlədə bağlıdır. Dedim ki, açın çıxarın çölə. Heyvan yazıqdır. Xəstələnmişdim. Hərarətim var idi. Təvəkkül, Arif məni bankaladılar, mürəbbəli çay verdilər, ayağımı isti suya qoydular.

Əşrəf dedi ki, bura Ağcakənd, aşağıdakı kənd isə Orucludur. Bura erməni gəlib çıxmamışdı.

Gecə yol gedirdik. Yolun qırağında, dağda bir-iki yiyəsiz it bizə yaxınlaşdı. Arifə dedim ki, itlər bura adamla gəlib: “İtlər yiyəsiz olsa, bizdən əl çəkməzdi, yanımızda qalardı”. Bir neçə metrdən bizi izlədilər və yenə yox oldular. Doğrudan da, burada bizim döyüşçü dəstəsi varmış. Qoşunun çıxdığını bilməyiblər. Mən də bunu mühasirədən sonra eşitdim.

***

Söhbətləşə-söhbətləşə dağdan enirdik. Arif dedi ki, bu dağın döşü ilə getsək, Başlıbel kəndinə gedib çıxarıq. Çaya enəndə aydın oldu ki, Arif doğru yol göstərib. Başlıbelə gedən yolu tanıdıq. Gəlib çıxdığımız kənd isə Qaraxəncərli idi. Kolluqla yolumuza davam etdik.

Şəkərəm kəndində isə başımıza hadisə gəldi. Kəndə girəndə itlər üstümüzə düşdü. Canımızı birtəhər qoruya-qoruya kəndin yuxarı tərəfinə gəldik. İki dərənin arasında yiyəsiz evlərin qapısında dayandıq. Atları tövləyə çəkdik. Evə girdik. Çıraq vardı, yandırdıq.

Bu evin də sahibi heç nə apara bilməmişdi. Üç litrlik bankada moruq şirəsi vardı. İçdik, bir-iki tikə də çörək yedik. Səhərə az qalırdı. Bütün gecəni yol gəlmişdik. Yorulub əldən düşmüşdük. Yuxu da bir yandan bizi göz açmağa qoymurdu. Yorğan-döşək salıb yatdıq. Gözümüzü təzəcə yummuşduq ki, Arif qışqırdı ki, bizi qırdılar, durun.

Yerimdən qalxdım, ancaq silahımı götürə bildim. Evdən çıxdıq. Ev dar olduğuna yoldaşımın bir neçəsi qonşu evdə yatmışdı. Şakir qaçdı və onları qaldırdı. Heç nə götürə bilmədik. Atları və çörəyi də qoyub qaçdıq. Qarşımızda qarlı və uçurumlu dərələr dururdu. Xeyli gəldikdən sonra dərənin sol tərəfinə adladıq. Ora uçurum idi. Yerimək çox çətin idi. Üzü yuxarı iməkləyə-iməkləyə qalxırdıq. Arxaya baxdıq. Dalımızca gələn yoxdur. Dayandıq, nəfəsimizi dərdik. Dağın üstünə, meşənin talasına çıxdıq. Orada oturduq və dincəldik. Yemək üçün bir tikə çörəyimiz də qalmamışdı.

Hamı ətrafı diqqətlə və dönə-dönə nəzərdən keçirir, ölümün pəncəsindən necə yaxa qurtara bilmək haqqında düşünürdü. Sakitlik idi. Erməni olsaydı maşınla gələr, həm də atəşin arası kəsilməzdi. Arif dedi ki, kəndin qənşərinə (yaxşı görünən yerə) enim və baxım. O, getdi. Qayıtmadı. Nigaran oldum. Adam göndərdim. Xəbər gətirdi ki, yoxdur. Özüm getdim. Qarşıma çıxdılar. Hərəsi bir at minmiş, çörək olan xurcunu götürmüş, qalan at və əşyalara bənd olmamışdılar. Arif dedi ki, xurcundan radionu götürüblər. Çörəyə və başqa şeyə dəyməyiblər. Deməli, güllə atan azərbaycanlı imiş.

Mühasirədən sonra bir oğlan yanıma gəldi. Atası Bağmanın, əmisi Yapon və İsmayılın kənddə qaldığını bildirdi. Mən əhvalatı danışdım. Sonra eşitdim ki, onlar da gəliblər. Bizə güllə atan da onlar olardı.

***

Çörək yedik və toxtadıq. Axşam yola düşən zaman Əşrəf, Sahib, Muxtar da bizdən ayrıldı və qalan atların və əşyanın ardınca getdi. Mən razı deyildim onlar bizdən ayrılsın. Sözümə baxan olmadı. Kənddə qalan atların dalınca getdilar. Biz isə Laçına doğru yola düşdük.

Geridə qalanlardan çox nigaran olduq, ayaq saxlayır, onları gözləyirdik. Onlar isə gəlib çıxmırdı. Mıxtökənin ətəyindəydik. Dağın belinə qalxmışdıq. Qarşıda görünən dağ-dərə Laçın ərazisidir. Aşağıda, xeyli aralıda Laçının Qovşuq kəndi yerləşir. Mıxtökən sağda qalır. Bizə isə sola qayıtmaq, xeyli yol getmək lazımdır. Belə də etdik.

Gədiklərdə qar o qədər çoxdur ki, yerimək heç də asan olmayacaq. Qara düşməmək üçün Kəlbəcər tərəflə getməyi qərara aldıq. Doğrudan da, yerimək heç də asan olmadı. Gah qalın qara, gah palçığa düşür, gah da qaya ilə qarşılaşırdıq, keçmək çətin olurdu. Çox əziyyətlə gəlib bir binəyə, fermaya çatdıq. Mal ferması idi. Mal çöldə, arxacda yatmışdı. İçəridə bir eşşək bağlı qalmışdı. Eşşəyi açdıq və çölə qovduq. Arif kənddən bir-iki yorğan-döşək gətirdi.

At dalınca gedənlər də - Sahib, Əşrəf, Muxtar - bir gündən sonra gəldilər. Eşşək bağlanan tövlədə yatdıq. Bura Qalaboynu kəndinin Kalaflıq binəsi idi.

Axşamın düşməsini gözlədik. Qaranlıqda yola düşdük. Buradan bizim kəndə çox məsafə qalmayıb. Bu gecə çatacağıq. Bura kəndimizin yaylağına daha yaxındır. Dağlar qar olduğuna yolu ağır-ağır gedirdik. Buradan bizim kəndə gedən yolla getmək mümkün olmadı. Dağın qar ərimiş hissəsiylə Buzxananın dağına qalxdıq. Bu yolda da bir çox yerdə qar bizə yeriməyə imkan vermirdi. Bəzən qurşağa qədər qara batır, bir-birimizə kömək edə-edə, əlindən tutub çəkə-çəkə irəliləyirdik.

***

1993-cü ilin aprelin 8-dən 9-na keçən gecə Laçın rayonunun Oğuldərə kəndi ərazisinə, Qarağacı dərəsi adlanan yerə çatdıq. Başqa sözlə, öz kəndimizin ərazisinə yetişdik. Bu yerin hər qarışına, hər bir cığırına yaxşı bələdik. Axırıncı dəfə də 1991-ci ildə bura yaylağa çıxmışdıq. Mənim uşaqlığımın da iki ili burada keçib. Səkkiz-doqquz kilometr məsafədə yerləşən Qorçu kəndinə məktəbə gedib-gəlmişəm. Nə isə...

Səhər açıldı. Ətrafa göz gəzdirdik. Dağlarda - Buzxananın dağında, Yelli gədikdə, Cəhənnəm dərəsində, Divlərdə, Meytilidə, Bəyliyin yurdunda, Xanım yurdunda, Bazar düzündə, Pərxan gölündə hansı tərəfə baxırdın qoyun sürüsü, mal naxırı görünürdü. Kənd camaatı dağa, yaylağa çıxanda Qarabağdan el dağa gələndə bu qədər mal-qoyun görünürdü. Bir tərəfdən bizim Laçının, digər tərəfdən isə Kəlbəcərin bizimlə həmsərhəd olan kəndlərinin yiyəsiz mal-qoyunu bir-birinə qarışmışdı. Yiyəsiz itlərin səsi həm dağlardan, həm də kəndlərdən gəlirdi.

Qarağacı dərəsinin dağında iki it görünürdü. Yerdə də nəsə qaralırdı. Təvəkkül xəbər gətirdi ki, it imkan vermir, ona yaxınlaşaq. İki-üç nəfər getdi və bir kisə un, bir balaca uşaq corabı, kilim və bir qara yapıncı gətirdi. Qaçan adam özü ilə götürdüyü ehtiyatı apara bilməmiş, töküb qaçmışdı. İt isə keşiyini çəkir, sahibinin qayıtmasını gözləyirdi. Təvəkkül ət apardı və itə atdı. Bir-iki gündən sonra itlər biz yaşadığımız evin qapısına gəldi. İti görən hər kəs çağırır, ət atırdı.

Daha bizdən qaçmadılar, gecə-gündüz yanımızda qaldılar. Əşyanı gətirməyə gedən adamı bir neçə dəfə az qala tutmuş, dişləmişdilər. Hər iki iti "Bənək" deyə çağırırdım.

***

Kədərimi dağıtmaq üçün özümü ovundururdum. Gecələr Aya baxırdım. Moskvada və Bakıda tələbə olanda anam mənə deyərdi ki, gəlib səni görə bilmirəm, Ay doğanda sən Aya bax, mən də baxacam, ana-bala bir-birimizi ayda görək, biz ayda görüşək. Hər axşam Aya baxır və deyirdim: “Ana, axşamın xeyir. Darıxma ana, inşallah, görüşərik. Mən sağam. Bilirəm, sənin nəfəsin qoymaz mən ölüm. Nə qədər sən sağsan, mən də sağam, ana. Vallah, sağam. Darıxma, qoyma Ağa da darıxa. Ağa, sən də qoyma anamı darıxsın".

İsgəndərov Şakirlə İlyasov Əşrəf aprelin 9-da kəndə getdi. Xəbər gətirdilər ki, erməni mal-qoyunu və evin çox əşyasını qarət edib, aparıb. Əşrəf qaranlıqda üst evə keçəndə ayağına nəsə dəymişdi. Demə, güllə dəymiş it üst evə qaçmış və orada canını tapşırmışdı.

Qarağacı dərəsində səhər-səhər yuxudan durur və üzü gündoğana, Günəşə sarı gedirdim. “İlahi, sənə şükür, bir gün də sağ qaldıq, bir gün də yaşadıq” deyə öz-özümə düşünürdüm. Anamı, qardaş-bacımı yada salırdım: “Sabahın xeyir, ana, sabahın xeyir, Ağa, sabahın xeyir, Cahan bacı, sabahın xeyir Sədaqət bacı...” Övladlarımı yada salırdım: “Sabahın xeyir, Turac, sabahın xeyir, İmdad, sabahın xeyir, Babək, sabahın xeyir, Mirzə, sabahın xeyir, Rəhimə, sabahın xeyir, Xıdır...” Öz-özümə danışırdım.

Övladlarımdan nigaran qalmışdım. Elə bilirdim ki, erməni onları güllələyib. Danışandan sonra ətrafa göz gəzdirirdim - yoldaşlardan eşidən olmadı ki, ayıbdır. Bir gün Təvəkkül Arifə dedi ki, Əli müəllimdən soruş gör, hər gün çay aşağı hara, nəyə gedir? Bəhanə elədim ki, havamı dəyişməyə gedirəm. İnanan olmadı və bir də qoymadılar bir tərəfə tək gedim.

Qarağacı dərəsində Qasımov Salehin vəziyyəti ağırlaşdı. O, Quzeyçirkində ayağından yaralanmışdı. Yara göyərdi və şişdi. Şiş dizi keçərək yuxarı çıxdı. Arifə dedim ki, Salehin ölümü hamıya bəla gətirəcək: “Onu harada dəfn etsək, qəbir qazsaq, erməni tapacaq və başa düşəcək ki, burada hələ də azərbaycanlı var. Yazıq deyir ki, iki qızım var. Balası da bir yandan yetim qalacaq. Harada gizlənsək, erməni bizi tapacaq. Ölsə onu dağa, çınqıllı qayalara aparmaq və orada dəfn etmək lazımdır. Üstünü daşla örtək ki, izi qalmasın. Yenə də ümidi itirmək olmaz. Axır ana qədər çalışaq ki, o, sağ qalsın. Dərmandan keçib, dərman kömək eləmədi. Gəl onun ayağına dəri çəkək”.

Arif mənimlə könülsüz razılaşdı:

- Deyirsən, eləyək? Axı dərinin nə xeyiri? Ağlım kəsmir sağalsın.

Cavanlar dəri gətirdi və onun ayağını sarıdı. Saleh dedi ki, ağrı azalmasa da, heç artmır. Bir neçə saatdan sonra ağrının azaldığını bildirdi. Çay içdi, çörək yedi. Üç gün idi ki, heç nə yemirdi. Yuxuladı, mən deyirdim ki, yaranı üç gündən sonra açmaq lazımdır. Eşitmişdim ki, atın beli əziləndə, heyvanın bir yerinə daş dəyəndə ona palçıq və ya dəri çəkər və iki-üç gündən sonra açarlar. O biri gün Saleh təkid etdi ki, yaranı açın. Mən çöldəydim, içəri çağırdılar ki, Saleh yarasını açıb. Onun ayağının dərisi, ayağına sarınmış heyvan dərisi ilə bərabər soyulub çıxmışdı. Dəri ayağının üstündən üç yerdən irin-çirki sorub çıxarmışdı. Yaranı dərmanla sağaltmağı Mişaya həvalə etdik. Tay-tuşun köməyilə yaranı açıb-bağlayırdı. Saleh yaxşı oldu, sağaldı.

Ədalətin isə yarası sarınsa da, bağlansa da, dəhşətli ağrı verirdi. Onun rəngi bozarmış, ağarmışdı. Başının yarası olan tərəfdən ayağının ucuna qədər ağrıdığını bildirirdi. Tay-tuşları Təvəkkülə, Şakirə acıqlandım ki, məni gözləyirsiz, onu soyundurun, başdan-ayağa bədənini gəzin. Bir neçə dəqiqədən sonra Təvəkkül əlində Ədalətin qanlı paltarını çölə gətirdi. Demə, Kəlbəcər ərazisində Ədalətin həm başına, həm də çiyninə güllə dəyibmiş. Çiyninə güllə dəydiyini bilmirmiş. Elə düşünürmüş ki, çiynindəki, bədənindəki ağrı başının yarasındandır. Qan axıb quruyub, paltar üstünə yapışıb qanı kəsib. Ədalətin də yarası sarındı. Ədalət də sağaldı.

Qumbaraatanlardan yaralanmış Valehin də yarası sarındı. O da sağaldı.

Qarağacı dərəsində olduğumuz ev Seyid İbrahimin evi idi. Erməni gəlib qayıdandan sonra mal-qoyun kəsir, çörək bişirirdik. Qaranlıq düşməmiş kəndə tərəf gedir, evimizdən nə lazımsa ata yükləyir və gətirirdilər. Mən getmirdim, cavanlar gedirdi. Gedənin biri İsgəndərov Şakir olurdu.

Aclıq çəkmirdik, amma rahat da ola bilmirdik. Bir yerdə çox qalmaq olmazdı, erməni tapa bilərdi. Yerimizi dəyişdik. Kəmər qayanın altında Seyid İbrahimin dəmir çardağının altına yığıldıq. Külək qalxdı. Soyuq iliyimizə işlədi. Bura elə bir yerdir ki, hər tərəfdən görünür. İstədiyimiz vaxt ocaq da qalaya bilmirdik. Düşməndən müdafiə üçün əlverişli olsa da, soyuq imkan vermədi ki, orada istədiyimiz qədər qalaq.

Köçməyə məcbur idik. İsgəndərov Şakirlə Seyid Əliheydərin evinə baxdıq. Şakir çox bəyəndi: həm yaşamaq üçün rahat, həm də müdafiə üçün əlverişli idi. 23 aprel 1993-cu ildə gündəliyə qeyd etmişəm: "21 aprel 1993-cü ildə Seyid Əliheydərin evinə gəldik. Mən xəstələnmişdim. Tez yaxşılaşdım. Evi yığıb hələ hazırlamamış qar başladı. Ayın 22-də axşama qədər yağdı. Sanki çillə idi. Görməyən inanmaz! Qar dizdən yuxarı idi. Sonra radio dedi ki, Arktikadan soyuq keçib. Ayın 23-də gündüz hava xoş idi. Mühasirədən çıxmaq üçün arası kəsilməyən fikir mübadiləsi edirik".

Qar o qədər qalın idi ki, qarşıdakı dağ yamacında üç yerdən qar uçqunu baş verdi. Arxayın olduq. Erməni dağa tərəf gələ bilmirdi. Bəlkə də Allahın yazığı bizə gəlmişdi. Qar erməninin yolunu kəsdi. Sevinirdik. Evdən yuxarıda, dağ başına yaxın alaçıqdan da böyük qayalar vardı. Elə yağmışdı ki, qayalar seçilmirdi.

Mühasirədən çıxmaq üçün müxtəlif plan hazırlayırdıq. Laçın-Kəlbəcər-Ağdam, Laçın-Kəlbəcər-Xanlar, Laçın-Kəlbəcər-Daşkəsən, Laçın-Kəlbəcər-Basarkeçər-Daşkəsən, Laçın-Naxçıvan, Laçın-Gorus-Qubadlı.

Bu variantın hansının qorxusuz olduğunu min dəfə götür-qoy etməli, qərar çıxarmalı idik. Qərar çıxarmağa isə tələsmirdik. Meşənin, dağların yaşıl dona bürünməsini gözləyirdik. Ona isə çox qalmışdı.

(ardı növbəti səhifədə)


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir


                                                     VII hissə (Daşa yalvaranda)

Radiomuz vardı. Gündə bir neçə dəfə xəbərlərə qulaq asırdıq. BMT-nin işğal olunmuş torpaqlarımızdan erməni qoşununun çıxmasını tələb edən qətnaməsini Seyid Əliheydərin evində eşitdik. Rus dilinə tərcümə etdim, ruslar da bildi. Hamı ayağa qalxıb oynamağa başladı.

Ən ağır xəbər isə Türkiyənin prezidenti Turqut Özalın ölümü oldu. Ümid edirdik ki, müharibəni kəsəcək. Amma Turqut Özal öldü. Bizim də sağ qalmağa ümidimiz qəlbimizdə öldü. Yasa batdıq.

Ağlımıza hər şey gəlirdi. Düşünürdük ki, Azərbaycan ordusu hücuma keçər və biz də arxadan erməniyə zərbə endirərik, dağdan keçən Laçın-Kəlbəcər yolunu bağlayarıq. Göz dikdiyimizin heç biri olmurdu. Gözümüz yolda qalmışdı.

On doqquz nəfərin arasında məndən yaşda böyük Bahadur dayı idi. 70 yaşı vardı. O da savadsız idi. Ali təhsilli bir mən idim. Ali təhsilli olduğuma görə də sovet ordusunda xidmətimi zabit kimi çəkmişəm, əvvəlcə taqım komandiri, sonra bölük komandirinin müavini olmuşam. Amma təbii ki, mən də hərbçi deyiləm, filoloqam, ədəbiyyat müəllimiyəm. Bununla belə, keçmiş təcrübəmi, yəni ehtiyatda olan zabit olmağımı, ali təhsilimi, bir də Ermənistan-Azərbaycan münaqişəsi başlayandan hərbçilərlə daim əlaqə saxladığımı (xüsusilə Ərikli kəndində yerləşən 811 saylı hərbi hissəylə), yəni yeni təcrübəmi nəzərə alıb məni komandir seçdilər.

Yaralı yoldaşın hər birini sağaltmaq, qayğısını çəkmək müqəddəs işimizdir. Elə ab-hava yaratmaq lazımdır ki, özünə rəva bilmədiyini yoldaşına da rəva görməyəsən. Qəlbən sevinirdim ki, belə mühit yaranıb. Heç kəsə fikir söyləməyə qadağa qoyulmamışdı. Hər kəs istədiyi fikri söyləyir, istədiyi qədər də danışırdı. Cavanlar çox fəallıq göstərirdi. Hər kəs yoldaşdan artıq iş görməyə çalışırdı. Demək olar, hamı bir-birindən razı idi.

Kiçik inciklik də olurdu. Əsas inciklik Qasımov Salehdən idi. O, camaatla süfrə arxasına oturmurdu. Özünə bir qab yemək çəkir, bir tərəfdə təkcə yeyirdi. Etiraz səsi ucaldı:

- Əli müəllim, Saleh bizimlə bərabər oturmasa, biz də yeməyəcəyik.

- Vərdişimi belə almışam, məni bağışlayın - Saleh cavab verdi. - Axı mən on altı il məhbus olmuşam. O xarabada belə öyrənmişəm.

Sonra yoldaşla oturdu, yoldaşla durdu.

Kəşfiyyata, kəndə ərzaq dalınca gedənin biri İsgəndərov Şakir olurdu. Onun zəhməti, hünəri əvəzsiz idi. Seyid Şakir isə mal-qoyun kəsir, soyur, heç kəsi dindirmədən bişirirdi.

Mühasirədə şeir yazanlar vardı. Onlardan biri də Muxtar idi. Onun "Ağlaram" şeiri çox kədərli və urək ağrıdandır:

İzn ver gedim, a dağlar,
Sən ağlama, mən ağlaram.
Yollarımda qan-qada var,
Sən ağlama, mən ağlaram…

Muxtarın qardaşı, altı uşaq atası Mötəbər 3 aprel 1993-cü ildə Kəlbəcərdə itkin düşmüşdü. Muxtar "A qardaş" şeirini Mötəbərə həsr etmişdi:

Sevinməyə, şadlanmağa, gülməyə,
Zalım düşmən vermir aman, a qardaş.
İndən belə bir də səni görməyə
Daha yoxdu məndə güman, a qardaş…

Slavik də rus dilində yazırdı…

Mühasirədə heç də hər günümüz dəhşətli keçmirdi. Uşaqlar danışır, gülür, zarafat da edirdilər. Əşrəf Bahadur dayıya deyirdi ki, sağ qalacağıq, mühasirədən çıxacağıq: “Bərdənin mərkəzində görəcəksən ki, bir qadın dikdaban ayaqqabı, gödək yubka geyib, saçına rəng qoyub, üzünə kosmetika çəkib, cavan bir oğlanın qoluna girib gedir. Baxıb görəcəksən yoldaşındır. Cağıracaqsan ki, mənəm, sağ qalmışam, mühasirədən çıxmışam. O isə deyəcək, səni tanımıram, bu cavan oğlana ərə getmişəm”.

Bahadur dayı bu zarafatlardan incimirdi...

***

1993-cü ilin mayın 15-də səhər yuxudan durduq. Yenə də Seyid Əliheydərin evində olurduq. Bura daldalanmaq, gizlin yaşamaq üçün ən münasib yer idi. Səhər çay içdik, çörək yedik. Papiros çəkənlərin vəziyyəti pis idi. Papiros, tütün-tənbəki qurtarmışdı. Ona görə də bir neçə nəfər tütün-tənbəki üçün Dambulaq kəndinə yollandı. Mişa, Saşa, Slavik, Saleh.

Mişagil Dambulağa, mən, Arif, İsgəndərov Şakir, Valeh isə Qızılqaya dağına çıxdıq. Buradan bizim Oğuldərə kəndi və kənddən yuxarı uzanan yol güzgü kimi görünür. Erməni maşını kəndin qurtaracağında, Alsoltanın evinin yanında saxladı. Onun evində və tövləsində çox çalışdılar. Tövlədən çıxıb evə, evdən çıxıb tövləyə girirdilər. Erməninin iki nəfəri ayrıldı. Çınqılın yoxuşu ilə yuxarı çıxdı. Çınqılın başında düzənlikdə yiyəsiz itlərə güllə atdılar. Tofiq müəllimin iti kəndə tərəf qaçdı. İt aşağıda dayanan ermənilərə çatanda bu dəfə də onlar itə güllə atdı. İt bir də üzü geriyə qaçdı.

Dağda dolaşan iki erməni hər on-on beş dəqiqədən bir havaya üç güllə atırdı. Cavab olaraq kəndin qırağında dayanan ermənilər də güllə atırdı. Həmin iki erməni Çınqılın başından, Çərgədən, Cəhənnəm dərəsindən keçib Qarağacı dərəsinə gəldi. Orada Seyid Cəfərin və Seyid İbrahimin evi yerləşir.

Arada adam göndərmiş, yoldaşları xəbərdar etmişik: "Erməni gəlir". Onlar da evdən kənara çıxmış, ətrafa səpələnmiş, gizlənmişdilər.

Qarağacı dərəsində erməninin biri Oğuldərəyə sarı getdi, o biri isə yuxarı çıxdı. Seyidin yeri deyilən əraziyə gəldi. Dağlarda axtarışı davam etdirir, əliboş qayıtmırdılar. Dərədə Seyid Əhmədin evindən aşağıda at otlayırdı. Erməni atı gördü. At bizim gizləndiyimiz yerə bələd idi. Uşaqlar onunla ərzaq gətirirdi. At gizləndiyimiz yerə qaçdı. Erməni də atın dalınca. Onun biri lap irəlidə gedirdi. Erməni mal-qoyunu, iti, bəlkə adamı da gördü və geriyə qaçdı. Arxadan gələn yoldaşını da geriyə qaytardı.

Erməni durduğu yerdən kəndə yol uzanır. Onlar yolla getmədilər. Yolun sağında, Meytili yalının dikinə çıxdılar və aşağıda dayanan adamları çağırdılar. Aşağıdakı yoldaşlarından bir nəfər ayrıldı və həmin iki nəfərin yanına gəldi. Mənimlə burada, yəni dağda olan Arif, Şakir elə hey dedilər ki, çıx, dur gedək. Mən onlardan aralıda, erməni tərəfdə idim. Elə yerdə idim ki, qorxurdum tərpənəndə erməni məni öldürsün. Arxasında gizləndiyim daş balaca idi, amma ümid yeri idi. Elə balaca idi ki, başımı arxasında gizlədim, bədənim açıqda qaldı. Süründüm, bədənimi daşın arxasına verdim, başım qaldı aşkarda, qənşərdə. Daşa yalvardım: “Daş, başımı qorusan, başına dolanaram”.

Hələ dəqiq bilmirdim ki, erməni məni görür, ya yox. Mən gün batan tərəfdə idim. Gün ermənin gözünə düşə bilərdi. Ağlıma belə gəlirdi.

Ariflə Şakirin səsi kəsildi. Deməli, onlar qaçıb uzaqlaşıblar. Ermənilər isə durduğu yerdən tərpənmirdi. Mənimlə üzbəüz idilər. Daşın arxasında üstünə uzandığım paltomu da götürmədim: "Mane olar, bir də ki, bu an atacaqlar, palto nəyimə gərəkdi" düşündüm və Allahı çağırıb gizləndiyim yerdən qalxdım. Yol yoxuş, amma məsafə az idi. Altdan yuxarı iməklədim, yüyürdüm və təpəni o biri üzə aşdım. Daha məni güllə tutmaz.

Gördüm ki, Şakir burada məni gözləyir. Geri qayıtdıq. Erməniyə tərəf boylandıq. Onlar biz tərəfə baxırdı. Bu üç nəfər aşağıdakı yoldaşlarına tərəf getdi. Şakir də gedib mənim paltomu gətirdi. Nə erməni bizə, nə də biz erməniyə güllə atdıq.

Gizləndiyimiz evə qayıtmadıq. Bir yerə toplanmağımız çox çətin oldu. Nə qədər axtarsaq da, yoldaşları tapa bilmirdik. Yoldaş gedən tərəfdə dağ var və o dağın o biri üzü Hacıxanlı meşəsidir. Ağlıma gəldi ki, meşəyə tərəf gedərlər. Yerə, izə diqqətlə baxdım - keçən olmayıb. Hacıxanlı tərəfdən də güllə səsi gəldi. Bu da bizi dolaşdırdı, karıxdırdı. Şakirlə ayrıldıq. Hərəmiz bir tərəfi axtarmağa başladıq. Bir müddətdən sonra dağdan məni çağırdılar. Onların yanına uzaqdan, özü də ehtiyatla getdim. "Erməni yoldaşı tapar, məcbur edər ki, çağır gəlsin” düşündüm. Gəldim ki, yoldaşlarımdır. Qaldı papiros dalınca gedənin tapılması. Əvvəlcə dağda bir yerə yığıldıq. Sonra papiros dalınca kəndə gedənləri gözlədik.

Gecə idi. Şakirlə Əşrəf Əliheydərin evinə getdi. Tapşırdım ki, əvvəlcə gizlənib, gələn adamı sayın, sonra çağırın. Axı kəndə gedənin bu hadisədən xəbəri yox idi. Gecə evə qayıdanda Əşrəf və Şakir onları dağa, bizim yanımıza gətirdi. Kəndə gedənlər də erməni ilə qarşılaşmışdı. Erməni qarətçi olmuşdu.

Mişa və yoldaşları Dambulağa yox, azıb İmanlar kəndinə enibmişlər. İmanlarda erməni maşının gəldiyini görən Slavik qaçıb bağın içində gizlənib. Maşından üç erməni düşüb. İki nəfəri yaşlı, biri cavan. Evin mebelini aparmağa gəliblərmiş. Qocalar evdə mebeli sökür, cavan isə maşına yığırmış. Cavan bir də baxır ki, bağda bir adam var. Evdəki adamlara xəbər aparır. Yaşlı ermənilər də çölə çıxır. Slavik avtomatı bunlara tərəf çevirir. Ermənilər bir-birinə dolaşa-dolaşa maşına minib qaçırlar.

***

Gecə saat bir idi. Qızılqayadan Oğuldərə kəndinin qabağındakı Yuxarı haçayal deyilən yerə endik. Atların yəhərini aldıq və meşəyə tərəf qovduq. İtləri də qovduq, amma itin ikisi bizdən əl çəkmədi, ayrılmadı. Güllə atmaq da olmazdı, erməni eşidə bilərdi. İtlər də bizdən ayrılmır. Yanımda dayanan Mişa dedi ki, komandir, deyin itə dəyməsinlər, ölüm ayağında kəsib yeyərik. Mən də itə dəyməməyi tapşırdım.

Həmin gecə, yəni 1993-cü ilin may ayının 15-dən 16-na keçən gecə Dambulaq və Kaha kəndini adladıq. Kaha kəndinin yanında meşədə gizləndik. Buradan Dambulağa gedən yol görünürdü. Dambulağa erməni gəldi və axşamçağı qayıtdı. Biz Laçın-Qubadlı marşrutunu seçdik. Bu, daha çox ümid verənə oxşayırdı. Radiodan eşitmişdik ki, Güləbird kəndi bizdədir. Ora çatsaq, sağ qalacağıq.

Dambulaqda bir neçə yerdən tüstü çıxırdı, deməli, yandırırdılar. Bütün günü gizləndiyimiz yerdən çıxa bilmədik. Susuzluqdan dil-dodağımız yanırdı. Ehtiyat edirdik ki, suya getsək, erməni ilə qarşılaşarıq. Yaşamaq üçün əzaba dözmək lazımdır.

Axşam yola düşdük. Yolda su tapıb doyunca içdik. Daşlı kəndinə çətin endik. Uçurumla getdik. Bir evin həyətində dayandıq. Ay doğmuşdu. Həyətdə bulaq axırdı. Mən çağırmağa başladım:

- Ay ev yiyəsi, ay ev yiyəsi, ay Elbrus, çölə çıx, qonağı çox görüb niyə gizlənirsən?

Yoldaşdan kimsə astadan soruşdu:

- Əli müəllim, kimi çağırırsan? Kimlə danışırsan?

- Bu evin sahibi Elburusla bir oxumuşam. Onu çağırıram. Zarafat eləyirəm. Yada salıram.

Daşlı kəndini adladıq, özü də yuxarı tərəfdən, Narışlara gedən körpüdən. Əslində kəndin ayağından adlamalı idik. Kəndin içi ilə gedə bilmədik. Kənddə erməni olmasından ehtiyat etdik. Bir az getmiş sola döndük, yuxarı çıxdıq. Dərə vardı, üstündə iki ağacı qoşa atılmış körpü düzəldilmişdi. Qalın və keçilməz meşəyə girdik. Yerimək qeyri-mümkün oldu. Yıxılan və əzilənin naləsi meşəni bürüdü.

Gecə Şəlvəyə tərəf maşın keçdi. Bəlkə də erməni bizi axtarmağa gedirdi. Səhər baxdıq ki, az qalırmış yola çataq. Gecə yol getdik. Alıqulu kəndinin yanına çatdıq. Meşədə qaldıq.

İki-üç nəfər Alıquluya baxıb qayıtmışdı. Kənddə erməni var. Çoxdular.

Yoldaşlardan biri məni yanladı:

- Əli müəllim, bəlkə bu dəqiqə döyüş başladı. Kim ölər, kim qalar, onu bilmək olmaz. Nübarın taleyi necə olacaq?

- Atası da burada, qardaşı da. Qardaşına deyin ki, yanıma gəlsin.

Nübarın qardaşı Sahib yanıma gəldi. Dedim ki, erməniyə lap yaxınıq:

- Döyüş başlar. Ola bilsin ki, kimsə əsir düşsün. Onda Nübarın taleyi necə olacaq? Onu girov vermək olar? Yoxsa...

Sahib cavab verdi:

- Yox, Əli müəllim. Döyüş başlasa, mən hər şeyi həll eləyəcəm.

- Sahib, cavansan, xətrinə dəyməsin. Get, sağ ol.

Bildirdim ki, döyüş olsa, Sahib Nübarı öldürəcək.

İtlər quş səkməyə qoymurdu. Qaranlıq gecədə bizi qoruyurdu. Biz heç nə görmürdük, amma it hürürdü. Erməniyə yaxınlaşmışıq. Gizlənmək lazım olacaq. İtlər isə aman verməyəcək, hürəcək, yerimizi bildirəcək. Mişanı yanıma çağırdım.

- Sən dağda zarafat eləyirdin, yoxsa həqiqi sözündü ki, iti kəsib yeyərsən?

- Həqiqi sözümdü, yoldaş komandir. Acından ölmək olmaz ki!

- Bu çox çətin işdi, Mişa. İtlər qocadı, əti çətin ki, bişsin. O biri yandan da tava-qazan lazımdı, ocaq qalamaq lazımdı. Erməninin yanındayıq, ocaq qalamaq olmaz! Papirosu ovcunuzun içində çəkirsiz, ocaq qalamaq olar? İtlər bizi erməniyə qırdıra bilər.

- Heç ağlıma gəlməyib…

İti qovmaqla heç vaxt bizdən uzaqlaşan, aralanan deyil. Qərara aldıq ki, itləri ağaca bağlayaq. Axşam yola düşən zaman telefon məftili qırdıq, Arif itləri ağaca bağladı. Ay göydə görünür, ulduzlar sayrışırdı. Düşməndən qaçıb bizə sığınan, pənah gətirən itlərdən ayrılanda hamı ağladı. Üzümüzü göyə tutduq: "İlahi, keç günahımızdan, özünə agahdı ki, başqa nicat yolu yoxdu".

***

Qabaqda İsmayılov Şakir gedirdi. Bura onun doğulduğu Alıqulu kəndinin ərazisidir. Bizi Arpa yerindən Pircahan çayının sahilinə endirdi. Erməni yaxında olsa da, bura təhlükəsizdir. Hələ gündüz bir erməni maşını Qaşqa taladan Hacısamlıya tərəf keçmişdi. Qorxurduq, ehtiyat edirdik, amma erməni belə gizli yola nəzarət edə bilməzdi. Pircahan körpüsünə çatdıq. Bu əraziyə bələdik. Laçından kəndə gedib-gələndə avtobus burada saxlar, çay-çörək yeyib-içərdik. İndi isə dayanmaq olmazdı. Bura keçid nöqtəsidir, erməni olar! Çay aşağı yolumuza davam etdik. Gecə qaranlıq, yol palçıq, qalın və tikanlı kolları yarıb yerimək mümkün deyil, ancaq yenə də addımlayırdıq.

Mayın 19-u gündüz bir Kövşənə, taxıl yerinə çıxdıq. Qanqal tapıb yedik və o bizə xeyli qüvvət verdi. Yemlik va zirinc yarpağı yedik. Hoçaz çayına çatırdıq. Duman idi. Birdən duman qaçdı, dəhşətli yağış başladı. Soyunmağa imkan olmadı. Çayı paltarlı keçməyə başladıq.

Hoçaz çayı gur, ilin on iki ayı suyu çox olan çaylardan biridir. Daşanda heç üzünü görmə. Ətrafda nə varsa hamısını - əhəng daşları, köklü, qollu-budaqlı ağacları silib-süpürüb aparır. İlin ən quraqlıq dövründə də bu çayı adlamaq qorxuludur, ehtiyatla keçmək lazımdır.

Çay məni, Arifi, Slaviki, Təvəkkülü, Ədaləti yıxdı. Əl-ələ tutmuşduq, bizi zorla bir-birimizdən araladı. Az qala aparmışdı. Çayın axarı ilə üzdüm və çır-çırpı yığılmış yerə çatdım. Oranı dayaz bildim. Düşündüm ki, burada çır-çırpı durubsa, deməli, dayazdır. Çır-çırpı da yerindən qopdu. Yorulmuşdum. Su məni bir az da aparsa, Həkəri çayına çata bilərdim. Sahilə can atdım. Çox çalışdım və sahilə çatdım. Bu zaman Seyid Şakir özünü yetirdi.

- Əli müəllim, deyəsən, çıxdın...

- Yorulmuşam. Əlini mənə ver.

Ayağa durdum. Kömək etdi, çayı keçdim. Yağış yağa-yağa paltarı soyunduq, sıxdıq və geyindik. Biz oradan aralaşana qədər çayın suyu xeyli artdı. Yarım saat gec gəlsəydik, keçə bilməzdik.

Yuxarı çıxdıq. Maşın yolu ilə gedirdik. O da çox az yoldur. Bu yolla Laçın-Gorus yoluna enməliyik. Nə sağa - Laçına sarı, nə də sola - Gorusa sarı getmək olar. Yol keçmək lazımdır.

(ardı növbəti səhifədə)


Laçın rayonundan məcburi köçkün Əli Əliyevin xatirələri  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az  saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir


                                                     VIII hissə (Qurtuluş)

Çaya enməmiş Laçını gördük. Yüz ilin xarabasını xatırladırdı. Tək-tək işıq gəlirdi. Laçın-Gorus yolunda isə maşının ardı-arası kəsilmirdi. Elə bil şəhər mərkəzidir. Maşının işığı yolu keçməyə imkan vermirdi. Bir neçə dəfə cəhd etdik. Geri qaçmağa məcbur olduq. Az qala bizi görəcəkdilər.

Nəhayət, keçdik. Biz aralanmamış Laçın tərəfdən maşın gəlib yolun kənarında saxladı. Sürücü düşüb yola baxdı. Görünür, ayaq izi qalmışdı. Havaya bir-iki güllə atdı. Bir az getdi, maşını saxladı, yenə güllə atdı. Bu işi bir neçə dəfə təkrar etdi. Yoldan uzaqlaşdıq.

Gecə yol gəldik. Laçının altındakı körpünü keçdik. Meşədən çıxış yolu tapmadıq. Yaş paltar, aclıq, yuxusuzluq bizi təngə gətirmişdi. Kol-kos, daş-qaya hamının əyin-başını, əl-ayağını paralamışdı.

Mayın 20-də gün çıxdı. Paltarı bir az qurutduq. Ayın 22-də Zabux çayına enmək üçün dəhşətli əzaba düşdük. Həkəri çayının səsi gəlirdi. Eşitmişəm ki, gecə qayadan uçmaqdan qorxan adam dayanıb daş atar, daşın yerə, ya suya düşdüyü eşidilməsə, geri qayıtmaq lazımdır. Məndən qabaq gedənləri səslədim ki, dayanın. Daş atdım. Heç nə eşidilmədi. Geri qayıtdıq.

Hiss etdik ki, qayadan düşürük. Aralıdan dolanıb çaya endik. Bu dəfə də qarşıda keçilməz hündür qaya dayanırdı. Bir meşə, kolluq və qayalıqla erməni kəndinə tərəf getdik. Erməni kəndinin yanından keçib Həkəri çayının qırağına enənə qədər səhərin açılmasına az qaldı. Valeh Çərkəz oğlu dedi ki, Güləbirdə on iki kilometr var. Yoldaşlara dedim ki, burada qalacağıq. Bir tərəfdə erməni kəndi, digər tərəfdə isə haradasa bir kilometr aralıda Qayğı qəsəbəsi yerləşirdi. Qayğı qəsəbəsində erməni ordusu dayanmışdı. Postun sayıq vaxtına düşərdik. Getmək olmazdı.

Çox çətinlikə yoldaşları razı saldım. Gəlib çıxdığımız bağın bir tərəfi qayalıq idi. Yuxarı çıxıb qayanın dibində gizləndik. Bağla bizim aramızdakı ot əzilməmişdi, iz düşmədi. Mən iki daşın arasına girmişdim. Arxası üstə uzanmışdım. Yerim qəbir kimi dar idi. Sol qolumu nə yanımda, nə də sinəmdə gizlətməyə yer olmadı. Qolumu sinəmin üstünə qoysam, daşdan yuxarı duracağıdı, aralıdan görünərdi. Qolumu uzadıb o biri tərəfdəki kolun altına saldım.

***

Səhər saat on bir radələri olardı. Arif Zülfüqarov dedi ki, ermənilər gəlir. Başımı zorla çevirib gördüm ki, bizə tərəf yön alıblar. Ariflə birlikdə iki nəfər mənim ayaq tərəfimdə, kolun altında uzanmışdı. Arifə dedim ki, bizimki bura qədərdir: “Heyif, kaş biləydik ki, uşaqlarımız, ailəmiz sağdı, yoxsa ermənilər qırıblar. Bir də biləydilər ki, bizi burada qırdılar. Ana-bacının, uşqaların, qohum-qardaşın gözü yolda qalmayaydı. Keçib hər şeydən, avtomatı ayağımın arasına qoy, görüm götürə bilirəm, heç olmasa qanımızı alaq. Ağıla gəlməz ki, Kəlbəcərdə mühasirəyə düşəni Gorusda qıralar. Bizi Kəlbəcərdə axtaracaqlar”.

Arif Zülfüqarov avtomatın lüləsindən tutub iki ayağımın arasına qoydu. Ayaqlarımla silahı özümə tərəf çəkəndə arasında gizləndiyim kol titrəməyə başladı. Əlim silaha çatmadı. Ayağımı uzatdım. Silah qaldı iki ayağımın arasında, əlim silahsız. Erməni isə gəlirdi.

Arif cibindəki “Quran”ı çıxardı, ikimizin arasındakı daşın üstünə qoydu. Allaha, imama, peyğəmbərə yalvardıq, kömək istədik. Həmişə ocağına ziyarətə getdiyimiz Seyid İbrahim ağanın, Seyid Məcid ağının cəddinə yalvardıq, köməyə çağırdıq.

Elə bir vəziyyət yaranmışdı ki, düşmən səni axtarır, sənin isə tərpənmək imkanın yoxdur.

Ermənilər bağa enmişdi, çox diqqətlə bizi gəzirdilər, bizə tərəf gəlir, iyirmi-otuz metr qalmış geri qayıdırdılar. Avtomat sinədə, əl çaxmaqda idi. Silah adamın başını hədəfə alır, bir də geri qayıdır. Dəqiqədə bir neçə dəfə təkrar olur. Deyə bilmərəm erməni neçə dəfə bizə yaxınlaşdı, geri qayıtdı. Bağın arasını, çayın qırağını, bağa gələn quru arxın içini çox diqqətlə gəzir, bir yerə yığılır, danışır, yenə də hərə bir tərəfi gəzirdi. Yer tapmasaydıq, arxın içinə uzanmaq istəyirdik, yaxşı ki, ayrı yer tapa bilmişik.

Axırda onlar üzü bizə sarı durdu, sağ-solumuza güllə atdılar. Biz onlarla üzbəüz idik. Saxlayan kişi, o gözəgörünməz saxladı. Arxalarını bizə tərəf çevirdilər və ətrafda olan kol-kosu, daş-qayanı gülləbaran etdilər.

Kənd tərəfdən gəlmiş bu adamlar gizləndiyimiz qayanın üstündəki yolla Qayğı qəsəbəsinə getdilər.

Bədənimə düşən üşütmə-titrətmə kəsdi, yuxuya getdim. Oyananda gördüm ki, yenə iki daşın arasındayam.

Az sonra erməni alayı ("Qayğı" qəsəbəsi) tərəfdən “UAZ” və “QAZ-66” markalı iki maşın gəldi, başımızın üstündə saxladı. "Bayaq bizi qəsdən qırmadılar, yəqin sağ tutmaq istəyirlər" düşündüm. Erməni qayanın başında, biz isə qayanın dibində, erməninin ayağının altındayıq. Əsgərlər başımızın üstündən güllə atdılar. Bizi görmürdülər.

Atəş kəsdi. İçi dolu əsgər maşını kəndə tərəf getdi. Ardınca da bir maşın keçdi.

Daş belimi doğrayırdı, mən isə tərpənə bilmirdim. Axşam saat yeddi-səkkiz olardı. Arif ağlaya-ağlaya dedi ki, heç kəs görünmür, başını qaldır, axı öldün.

- Onsuz da ölümdü, belə ölmək daha yaxşıdı, - dedim.

Mən on altı-on yeddi saat beləcə qaldım. Daş belimi doğramış, ətimə keçmişdi.

***

Qaranlıq düşdü. Ayağa durduq. Pıçapıçla danışdıq. Susuzluq bizi əldən salmışdı. Həkəri çayına endik. Yağmışdı, su bulanıq idi. Doyunca içdik. Yola düşdük.

Yolda Bahadur dayını və iki övladını - Sahibi və Nübarı itirdik. Qorxduq ki, azsınlar, erməniylə qarılaşsınlar.

Erməniylə qarşılaşmaq təsadüf ola bilərdi. Aramızdan Həkəri çayı axırdı. Hərəmiz çayın bir tayındayıq. Üst tərəfimiz isə həm kolluq, həm də uçurum idi.

Xeyli qabaqda tapdıq onları.

Bahadur dayı uzanıb qalmışdı:

- Ta gedə bilmərəm. Ayağım yer tutmur.

Mən dilləndim:

- Əşi, ayıbdı, çatmışıq.

Sonra bildim ki, qoca uşaqlarına deyirmiş ki, siz məni qoyun gedin, mənə görə özünüzü qırdırmayın...

Həkəri çayının qırağıyla, erməni postunun arasıyla gedirdik, irəliləyirdik. Erməni əsgəri sağdan və soldan havaya, özü də çay aşağı güllə atırdı.

Bu dəm uzaqda atılan işıqlı güllə başqasından seçildi. Güllə çay yuxarı, Laçına - erməniyə sarı atıldı.

Əks istiqamətdə atılan güllə ümid yeri oldu. Zülmət gecədə içim alovlandı:

- Gözünüz aydın olsun! O gülləni atan bizimkilər olacaq, bərk durun!

Valeh dedi ki, keçən il həmin güllə atılan istiqamətdə bizim postlar vardı, indi nə bilim kimdir, Allah bilir.

Həkəri çayının qırağında bir daşın dibinə yığıldıq. Valeh dedi ki, kəndə postun yanından keçilir, ayrı yol yoxdur.

Qərara aldıq ki, postda erməni olsa, aldadıb yaxınlaşmaq lazımdır. Otuz-qırx metr qalmış atışarıq, kimin qismətinə nə düşər-düşsün. Kim sağ qalsa, burada ölənin xəbərini evə çatdırsın.

Həkərinin sahilindən bir söyüd ağacı gətirdik, qol-budağını qırdıq. Bir ağ torbanı cırdıq, bayraq düzəltdik. Seyid Şakir xeyir-dua verdi, yola düşdük. Birinci adam tez-tez dəyişilirdi.

İrəlidə Şakir İsgəndərov gedirdi, onun ardınca əlimdə ağ bayraq mən gedirdim. Şakir birdən durdu. Soruşdum ki, niyə durdun?

- Gedə bilmirəm, yerimək mümkün deyil.

- Dön sağa, çıx döşə.

O da belə etdi. İşıqlaşırdı, dan yeri sökülürdü. Çayın qırağında tək ağac, üst tərəfdə isə bir dəmir güclə görünürdü. Əlimdə ağ bayraq tutmuşdum. Hamı bir-birinin ardınca muncuq kimi düzülmüşdü, gedirdik. Postun bərabərinə çatar-çatmaz çağırdıq:

- Ey postdakılar, siz kimsiz? Biz azərbaycanlıyıq. Ermənisizsə, bizə güllə atmayın! Təslimik.

Post cavab vermədi. Bir anın içində başlar göründü və yox oldu. Deməli, keşikçi dəstəsi silahı bizə tuşlayıb. Bizi nişan alıb. Hər an güllə açıla bilər və bizi qırarlar.

Bizim gizlənməyə, daldalanmağa heç bir yerimiz yoxdur. Çaydan aralı, dağın döşündəyik.

Yenə də çağırdıq:

- Bizə güllə atmayın. Ermənisizsə, sizə təslimik. Bizə güllə atmayın. Biz azərbaycanlıyıq.

Çağıra-çağıra nə qədər cəld yeriyə, qaça biliriksə, o qədər də gedirik. Post isə cavab vermir ki, vermir.

Xeyli gəlmiş, nəhayət ki, cavab gəldi:

- Biz də azərbaycanlıyıq, qorxmayın!

Qorxurduq. Hey çağırırdıq:

- Ey qardaşlar, balalar, fikirinizi dolaşdırmayın, bizə güllə atmayın, erməni olsanız, sizə təslimik. Azərbaycanlısansa, bizə kömək eləyin.

Postdan yenə də cavab gəldi:

- Azərbaycanlıyıq!

Mən təkbir dedim:

- Allahu-Əkbər!

Yoldaşlar səsimə səs verdi:

- Allahu-Əkbər!

- Ya Əli!

- Ya Əli!

Qorxudan ölürdük, amma nə etmək olar? Ayrı çıxış yolu yoxdur. Qazıdərəsi körpüsünə yaxınlaşanda ağ bayrağı, ağ torbanı yerə atdıq. Şakir İsgəndərov cibindən bir milli bayraq çıxardı, yenə də həmin söyüd ağacına bağladıq, yenə də mən götürdüm və körpüyə tərəf yeridik.

Post nizamnaməyə uyğun hərəkət edirdi. Bir nəfər körpünün biz tərəfində dayanmışdı - ayaq üstdə, avtomat sinəsində, barmağı çıxmaqda. Qalan əsgər isə müdafiə yerində gizlənib, bizi izləyirdi.

Tək əsgər dedi ki, kimdə sənəd var, irəli gəlsin.

Əlimi qoltuq cibimə saldım və oradan qara üzlük çəkilmiş sovet pasportumu çıxardım, pasport əlimdə irəli yeridim və həmin əsgərə verdim.

Pasportu açdı. Oxudu və dedi:

- Xoş gəlmisiz.

Bizi qucaqladı. Əsgərlər bizə tərəf yüyürdülər. Hamı boynumuzu qucaqlayır, bizi öpür, öz doğması kimi qəbul edirdi. Kimi su gətirir, kimi qoldan tutub oturmağa kömək edir, kimi qaça-qaça vaqondan çörək gətirir, kimi siqaret yandırırdı.

Əsgərlər bizi görəndə ağladılar.

Biz isə ağlamırdıq. Ağlamaq balaca sözdür. Üzümüz aşağı bəlkə on yerdən yaş axırdı...

54 gündən sonra, 1993-cü il mayın 23-də, səhər saat 5.30-da mühasirələrdən çıxmışdıq:

1. Əliyev Əli Əlqəmə oğlu - Laçın, Oğuldərə kəndi

2. Zülfüqarov Arif Ənvər oğlu - Laçın, Oğuldərə kəndi

3. İbrahimov Təvəkkül Dadaş oğlu - Laçın, Oğuldərə kəndi

4. İbrahimov Muxtar Dadaş oğlu - Laçın, Oğuldərə kəndi

5. İlyasov Əşrəf Qəmbər oğlu - Laçın, Oğuldərə kəndi

6. İsgəndərov Şakir Teyyub oğlu - Laçın, Oğuldərə kəndi

7. Rzayev Bahadur Həmzə oğlu - Laçın, Qorçu kəndi

8. Rzayeva Nübar (Sərmayə) Bahadur qızı - Laçın, Qorçu kəndi

9. Rzayev Sahib Bahadur oğlu - Laçın, Qorçu kəndi

10. Həmzəyev Adıgözəl Rza oğlu - Laçın, Qorçu kəndi

11. Verdiyev Ədalət Qasım oğlu - Laçın, Lolabağırlı kəndi

12. İsmayılov Şakir Əkbər oğlu - Laçın, Alıqulu kəndi

13. Abdullayev Valeh Çərkəz oğlu - Laçın şəhəri

14. Mərdanov Ağamalı Zəbulla oğlu - Dəvəçi, Günəşli kəndi

15. Doşevski Mişa - Ukrayna Respublikası, Odessa şəhəri

16. Şirəliyev Slavik - Bakı şəhəri

17. Nemaşkalov Valeri - Bakı şəhəri

18. Ovçinnikov Saşa - Bakı şəhəri

19. Qasımov Saleh Mirzəli oğlu - Tovuz, Aşağı Quşçu kəndi.

***

Bizi Güləbird kəndində yerləşən Laçın batalyonun qərargahına gətirdilər. Təcili çay, yemək verdilər. Sonra batalyon komandiri Vaqif Cabbarov gəldi. Soruşduq ki, bilmirsən bizim uşaqlar, ailə sağdır, yoxsa qırıblar? Dedi ki, sizin itkin düşməniz barədə məlumat vardı, uşaqlarınız, ailəniz haqqında məlumat yoxdur.

Posta az qalmış tək ağacın yanından necə keçdiyimizi soruşdu. Mən sağa dönüb döşə çıxdığımızı bildirdim.

Möcüzədir, düz gəlsək minalanmış sahəyə düşərdik. Bir o qədər uçurumu keç, yol gəl, minaya ikicə metr qalmış o biri tərəfdən keç. Bizi Allah qorumuş, yaradan özü saxlamışdı.

Vaqif bizi evinə apardı. Yuyunduq. Hamıya corab, ayaqqabı, pal-paltar verdi, cibinə pul qoydu. Evində yatdıq, özümüzə gəldik. Həkim gəldi, yaralarımızı sarıdı. Demək olar, hamı yaralı idi.

Həmin gecə Güləbirddə qaldıq.

Mayın 24-də bizi 706 saylı hərbi hissənin qərargahına gətirdilər. Qeyd etdilər. Hər birimizin adına mühasirədən çıxmaq haqqında arayış verdilər. Oradan da Qubadlıya gətirdilər. Əhali yola çıxmışdı ki, bizi görsün. İstər Güləbirddə, istər yolda, istər Qubadlıda kişi də, arvad da sinəsinə döyür, hönkürüb ağlayırdı.

Qubadlıda icra başçısı Elxan Nuriyev bizi qəbul etdi. Prezident Əlbülfəz Elçibəyə zəng edib onu məlumatlandırdı.

***

Ayrıldıqdan 57 gün sonra ailəmlə, balalarımla görüşdüm.

Uşağımın da başı bəla çəkmişdi. Yolda oğlum İmdad, Babək yıxılmışdı. Onlar döyüş xəttinə düşmüş, az qala erməni ilə qarşılaşmışdılar...

Oğlum Xıdır 1999-cu ildə, 11 yaşı olanda “Ata” adlı şeir yazıb:

Gecə getdi, gündüz dincəldi,
Calladların içi ilə gəldi.
57 gün sonra gəldi,
Mənim atam, mənim atam...

(Son)

p.s. Bu yazılar Əli Əliyevin xatirələrinin ixtisar edilmiş formasıdır. Müəllifin mühasirə qeydlərini tam şəkildə kitab kimi çap etdirmək fikri var.