Modern.az

Xaricdə təhsil alan azərbaycanlı tələbələrdən xəbər var

Xaricdə təhsil alan azərbaycanlı tələbələrdən xəbər var

4 Sentyabr 2009, 19:34

Respublikamızın hüdudlarından kənarda təhsil alan Azərbaycan gənclərinin yaşam tərzi, yad mühitə uyğunlaşmaları və c. kimi məsələlər cəmiyyətimiz üçün maraqlıdır. Bu kimi məqamlarla bağlı həmin gənclərin fikirlərinin öyrənməyə çalışdıq. Bundan əlavə, gənclərimizin sərhəddən kənarda Azərbaycana baxışı, onların təhsildən əlavə fəaliyyəti də maraq doğurur.

 

Gürcüstanda təhsil alan Xanım Cavadova…

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirərək Gürcüstana magistratura oxumağa yollanıb. Hazırda Tiflisdə GIPA-nın (Georgian Institute of Public Affairs) “Qafqaz Jurnalistika və Media İdarəçiliyi” Məktəbinin 2-ci kursundadır.

Xanım Cavadovadan bu proqramı hansı yolla qazandığını soruşduqda, cavabə belə oldu: “Qafqazda müstəqil medianın rolunu və professionallığını gücləndirmək məqsədi ilə yaradılmış proqramdır (GJMIM). Bu proqram hər il Azərbaycan, Gürcüstan və Ermənistandan tələbə qəbul edir. Məndə 2008-ci ildə İngilis dili imtahanı və müsabiqə yolu bu proqramı qazandım”. Həmsöhbətimiz deyir ki, Gürcüstanda jurnalist işləmək çox asandır. Hətta sən istədiyin nazirdən hər hansı bir mövzuya görə müsahibə ala bilərsən. Bizimlə qonşu olan ölkədə Xanım Cavadova üçün ən böyük problem nədir? “Bəzən gürcü müəllimlər gürcü tələbələri ilə öz dillərində danışır və nəticədə biz heç nə anlamırıq. Bütün müəllimlərə xas olan xüsussiyyət olmasa da, bu, xoşa gələn deyil. Ümumiyyətlə, Gürcüstanda insanlar tolerantdır, dinə çox bağlıdırlar. Amma azərbaycanlı olduğunu eşidən kimi hər gün kürü yeyən və əli neftdə oynayan bir şəxs kimi başa düşülürsən”

Hollandiyadan İsa Yusifli danışır

Onun 20 yaşı var, 5 ildən çoxdur ki, Hollandiyada yaşayır və Amsterdam Universitetində Politologiya sahəsində təhsil alır. “Təhsilimdən əlavə, 2008-ci ilin yanvarından Hollandiyanın sosial-liberal yönümlü D66 partiyasının və eləcə də Gənc Demokratlar adlı siyasi təşkilatın üzvüyəm. Bu təşkilatın qolu olan Beynəlxalq Komissiyanın nəzdində yaradılan Qafqaz ölkələri, Demokratiya və İnsan Haqları bölməsinin sədriyəm. Siyasətin həyatımda böyük rolu olduğu üçün bu istiqamətə yönəlmişəm və ümid edirəm ki, səylərim yaxın gələcəkdə öz bəhrəsini verəcək”. Hollandiyaya gəldiyi ilk günlər hansı problem və yeniliklə qarşılaşıb: “Düzünü desəm, mən heç vaxt yenilik və absurd dəyişiklikdən qorxmamışam. Elə hesab edirəm ki, Hollandiyaya adaptasiyam çox asan olub və həyatımdakı bu fazanı tez bir şəkildə başa vurmuşam. İlk müşahidələrim o olub ki, bu ölkədə millətin mentaliteti bizdən çox fərqlənir. Azərbaycanda siyasi mühitlə əlaqlərim geniş olduğu üçün, burdakı vətəndaşların azadlıqlarını analiz etmək fürsətim olub. Hollandiyada azad, liberal, humanist və tolerant prinsiplərə əsaslanan bir cəmiyyət var”.
İsa Yusiflinin sözlərinə görə,  Hollandiya qayğı dövlətidir. Bu prinsip ikinci dünya müharibəsindən sonra meydana gəlib. Qayğı dövləti nədir? “Dövlət bütün vətəndaşlara bərabərhüquqlu sosial yardım edir. Məsələn, azmaaşlı ailələrin kirayə pulunun 50%-ni hökümət özü ödəyir. Bütün uşaqlı ailələrə 18 yaşına qədər aylıq sosial yardım edilir. Hətta gəldiyim ilk gündən söhbətlərdən mənə məlum oldu ki, küçədəki dilənçilər və bomjlar belə yardım alırlar. Təhsil alan gənclər ali məktəbi bitirənə qədər aylıq yüksək məbləğdə yardım alır və onların ölkə daxilində bütün nəqliyyat vasitələrindən istifadəsi pulsuzdur. Qısacası, hollandların əzmkarlığı nəticəsində cəmiyyətdə heç bir kəsim ac yaşamır”. O, siyasətdən əlavə, müəyyən vaxtlarda azərbaycanlı və türk immiqrantlar üçün tərcüməçilik edir, şahmat klubuna baş çəkməyi və müxtəlif diskussiya klublarında iştirak etməyi çox sevir.

“Avropalıların yeməyini yeyə bilmirəm”

Söhbətləşdiyimiz tələbələr arasında suallarımıza ən qısa cavabları Gülşən Yunisova adlı soydaşımız verdi. O, Azərbaycan Tibb Universiteti, 6-cı kurs tələbəsidir. Hazırda Azərbaycan Tibb Tələbələri və Həkimlər İctimai Birliyi (AZERMDS) və Beynəlxalq Tibb Tələbələri Assosisasiyası (IFMSA) tərəfindən dəstəklənərək Macarıstanda təcrübə keçir: “İlk gəldiyim gündən mənim üçün yemək problem oldu. Bu avropalıların yeməyini yeyə bilmirəm. Amma buradakı təhsil bizdəki təhsildən dəfələrlə yüksək və fərqlidir. Bunlar daha çox praktikaya üstünlük verirlər, bizdə isə nəzəriyyəyə”.

 

 

Azərbaycan gənclərinin ən çox maraq göstərdiyi ölkə - Amerika

 

Fariz  Hüseynov Amerikanın Memfis Universiteti (The University of Memphis) Maliyyə sahəsi üzrə (PhD in Finance) doktorant dərəcəsi alıb və indi North Dakota Dövlət Universitetində maliyyə müəllimi işləyir. Şəxsi təşəbbüsü ilə təhsilə başlayıb, daha sonra təhsil aldığı universitetin dəstəyi ilə təhsilini daha uğurlu davam etdirir: “Burada ele bir problemlə üzləşmədim. Daha çox məişət problemləri var idi, onu da amerikalıarın koməyi ilə həll etdim. Təbii ki, amerikalılarla müqayisədə burada təhsil alan digər ölkələrin  tələbələri ilə ünsiyyət qurmaq daha asan olur”.
Fariz  Hüseynov Amerikada Azərbaycanı müxtəlif cür təmsilçilik və maarifləndirmə işləri ilə tanıdır.

 

“ABŞ-da Azərbaycanı tanıtmağa çalışıram”

 

Əkrəm Nəbiyev Ağdaş Özəl Türk Litseyini bitirib və hazırda Houston İcma Kollecində Neft Mühəndisliyi fakultəsində təhsil alır. Dostu Qara Əmirovun köməyi ilə Amerikada təhsil almağa yollanıb: “İmtahanlarda və sosial işlərdə fəallıq göstərdiyim üçün dostum Qara Əmirov gələcəyimin parlaq olması üçün mənə xaricdə oxumağı təklif buyurdu, bura gəlməyimə yardım etdi. Mən də hazırda oxuduğum universitetin qəbul imtahanlarını yüksək qiymətlərlə keçərək nailiyyət qazanmışam və iki ildən sonra dünyanın tanınmış universitetlərindən birinə transfer olmağı düşünürəm”.

İlk gələrkən “insanlarla ünsiyyət, hava şəraiti, nəqliyyat problemləri ilə üzləşildi. Əlbəttə hər ölkənin mədəniyyəti başqa olduğu üçün (xüsusən Amerikada) çox problemlərlə üzləşildi. Amma zaman-zaman bunlar aradan qaldırıldı. Xristian olan ölkənin dinə çox sayğılı millət olduğunu belə bilməzdim”.

O, Azərbaycanın təbliği üçün Amerikada fəaliyyət göstərdiyini deyir: “Azərbaycanı tanıtmaq üçün AACA(Azerbaijan American Cultural Alliance) qurupunu dostlarımla qurmaqla, qrupun bir üzvüyəm. Azərbaycandan gələn tələbələrin universitet həyatı ilə tanış olmaları, onları Amerikada nə göləyir, müxtəlif Azərbaycan Gəncləri şəbəkələrinə cəlb olunmaları, bundan əlavə, viza işlərini həll etməkdə yardım edirik”.

 

“Mənim üçün Amerika doğmalaşıb”

 

Rəşad Nuraliyev hazırda Koliforniya ştatının Las-Veqas şəhərində olan müsahibimiz artıq 3-cü dəfədir ki Amerikadadır. İlk dəfə Nəsimi rayonu 35 saylı orta məktəbdə təhsil alarkən 1 illik Amerikada Cənubi Karolina ştatına təhsilini davam etdirməyə yollanıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub, birinci kursu bitirdikdən  sonra “Work and Travel” proqramı ilə yenidən Amerikaya gedib: “Mənim üçün Amerika doğmalaşıb. Amerikaya gəldiyim ilk gündən mədəniyyətlə bağlı problemlə üzləşdim. Hər halda, Amerika mədəniyyətinə ilk gündən uyğunlaşmaq mənim üçün bir az çətin olsa da amma qaldığım ailədə buna nail oldum. Azərbaycandan kənarda olduğum müddətdə Azərbaycanın  sərhəddən kənarda tanınmaması bir az təəccüb doğursa da daha sonralar onu anladim ki, bu, Amerikada mübadilə programlarına qatılan azərbaycanlı tələbələrin sayının azlığı ilə bağlıdır. Hətta oxuduğum məktəbdə professor məndən bu ölkənin harda yerləşdiyini soruşanda mən bu sualı xəritə üzərində izah etməyə çalışdım. Amerikada təhsil mübadiləsi və iş təcrübəsi programlarının iştirakçısı olduğum dövrdə müəyyən təcrübələr əsasında Azərbaycanda bu programların həyata keçirilməsi işləri ilə məşğul olmuşam. Burada dil kurslarindan başlayaraq staj programlarına və Work and Travel proqramı da daxil olmaqla bu işləri "Azerbaijan American Cultural Centre" adli şirkət daxilində edirəm. Burda həm şirkətin program meneceri olaraq həm də rəhbəri olaraq çalışıram”.

Rövşən NƏCƏFOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?