Modern.az

Deputat Azay Quliyevin köməkçisi Şahin Nəbiyev: “Köməkçi işləmək bütün sferalarda ən çətin peşədir”

Deputat Azay Quliyevin köməkçisi Şahin Nəbiyev: “Köməkçi işləmək bütün sferalarda ən çətin peşədir”

7 Sentyabr 2009, 13:29

«ATACAĞIM HƏR BIR ADDIMDAN AZAY MÜƏLLIMIN ƏVVƏLCƏDƏN XƏBƏRI OLUR»

"Deputat köməkçiləri" rubrikasının növbəti qonağı millət vəkili, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin koməkçisi Şahin Nəbiyevdir.

- Şahin müəllim, necə oldu ki, Azay Quliyev sizi koməkçi götürdü?
- Azay müəllim Şirvan şəhər seçki dairəsindən deputat seçilib. Mənim deputat seçkiləri zamanı və indi Şirvan şəhərində yaşamağım koməkçi vəzifəsinə gəlməyimdə başlıca amil oldu. Bununla yanaşı, o zaman Şirvan İcra Hakimiyyətində də çalışmışdım. Bir də məni tanıyanlar bilir kı, öhdəmə düşən hansısa iş yerinə yetirilməyincə rahat olmuram. Yəqin ki, bu məsələlərin hamısı Azay müəllimin məni özünə koməkçi götürməsində mühüm rol oynadı.
- Bir çox deputat köməkçilərinin məhz qohumluq, tanışılıq əlaqələrinə görə təyin olunduğu bildirilir. Sizin Azay müəllimlə hansısa qohumluq əlaqələriniz varmı?
- Mən müqavilə əsasında işə götürülmüşəm. Həmin müqavilənin müddəalarından biri də köməkçinin deputatla qohumluq əlaqələrinin olmaması ilə bağlıdır. Digər deputat köməkçilərini bilmirəm, amma mənim Azay müəllimlə heç bir qohumluğum yoxdur. Hesab edirəm ki, digər köməkçilərin də deputatla qohumluq əlaqələri olmamalıdır.
- Sirr deyilsə, nə qədər əmək haqqı alırsınız?
- Gəlir vergisini çıxdıqdan sonra 550 manat əmək haqqı alıram.
- Əlavə gəliriniz olurmu?
- Yox, əmək haqqından başqa heç bir gəlirim yoxdur.
- Əsas işiniz nədən ibarətdir?
- Ümumiyyətlə, köməkçi işi bütün sferalarda ən çətin peşədir. Biz deputatla seçicilər arasında vasitəçi kimi çıxış edirik. Elə ortaq mövqe tutmalıyıq ki, deputatın nüfuzu aşağı düşməsin, habelə onun gördüyü işlər incəliyinə qədər seçicilərə çatdırılsın. Həmçinin biz seçicilərin problemlərini yaxından bilməliyik ki, onu vaxtı-vaxtında millət vəkilinə çatdıraq. Seçicilərin problemini öz vəkillərinə vaxtında çatdırmalıyıq ki, vaxtında tədbirlər görülsün.
- Seçicilər daha çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər?
- Əsasən işsizlik, məhkəmə, maddi yardım və başqa problemlərlə bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, imkanımız daxilində seçicilərin bütün problemlərini həll edək.
- Siz özünüz seçicilərlə görüşlər keçirirsinizmi?
- Seçicilərlə mütəmadi görüşürük. Azay müəllim ən azı ayda bir dəfə seçicilərlə görüşür. Mən isə köməkçi olaraq hər an seçicilərin yanındayam.  
- Ofisiniz varmı? İş saatınız necədir?
- Şirvan şəhərində ofisimiz var. Seçiciləri daha çox orada qəbul edirik. İş saatımız əslində saat 9-dan 6-ya qədərdir. Lakin işimiz elədir ki, müəyyən sənədlərə rəy almaq, habelə seçicilərin problemlərini deputatın diqqətinə çatdırmaq üçün tez-tez Bakıya gəlib qayıdıram. Həfətənin iki gününü demək olar ki, burada, qalan günlərini Şirvanda oluram. Artıq ikinci deputat köməkçisinin olması ilə bağlı müəyyən fikirlər gəzir. Hesab edirəm ki, ikinci köməkçi olsa, bizim işimiz bir qədər yüngülləşər.
- Azay müəlimlə şəxsi münasibətiniz necədir?
- Münasibətlərimiz yaxşıdır. Onun iş təcrübəsi böyükdür. Azay müəllimdən çox şey öyrənmişəm.
- Azay müəllimin sizə QHT sektoru ilə bağlı hansısa tapşırıqları olurmu?
- Bu sektora mənim heç bir aidiyyatım yoxdur. Deputat köməkçisinin bu sektorla nə əlaqəsi ola bilər?
- Bəzən deputat köməkçilərinin daha çox öz problemlərinə diqqət ayırdığı da deyilir. Bu fikrə münasibətiniz necədir?
- Fikrimcə, bu hal yalnız deputatın öz köməkçisinə nəzarətinin zəif olmasına görə baş verə bilər. İşimiz elə qurulub ki, atacağım hər bir addımdan Azay müəllimin əvvəlcədən xəbəri olur. Elə bir işim ola bilməz ki, Azay müəllim məlumatsız olsun. 
- Azay müəllimi bir insan kimi necə xarakterizə edərdiniz?
- Azay müəllim çox tələbkar adamdır. Asudə vaxtlarda isə çox səmimidir. Onu qane etmək çətindir. Bir çox hallarda işdən kənar görüşümüzdə bəzi problemləri müzakirə edirik. Bu problemlər arasında seçicilərin məsələsi ön planda dayanır.
- Deputat köməkçilərinin ümumi fəaliyyəti sizi qane edirmi?
- Bu məni tam qane etmir. Deputat köməkçisi institutu yeni yarandığı üçün burada müəyyn problemlər var. Bu institutun cəmiyyətə inteqrasiyası lazımdır.
- Digər deputat köməkçilərilə əlaqələriniz var?
- Bu məsələ bizim başlıca problemlərimizdəndir. Köməkçilərin bir-birlə elə də böyük əlaqələri yoxdur.
- Bu, nə ilə bağlıdır?
- Yəqin ki, bu, birbaşa deputat köməkçisi institutunun təzə olması ilə əlaqəlidir.

 

Aqil LƏTİFOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi