30 mart 2017, Cümə axşamı
Ana Səhifə - YazılarMEDİA - Türk parlamentarizm ənənəsi və TÜRKPA
Türk parlamentarizm ənənəsi və TÜRKPA
09.01.2017, 12:23

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru

MM-in TÜRKPA nümayəndə heyətinin üzvü,

 

Qədim zamanlardan bu günümüzədək cəmiyyət və dövlət həyatında baş verən ictimai-siyasi transformasiya hadisələri dövlət idarəçilik institutlarının fəaliyyətində dərin məzmun dəyişikliyinə, o cümlədən, siyasi idarəetmədə iştirakçılıq dairəsinin davamlı olaraq genişlənməsinə səbəb olmuşdur. Bu proseslərin gedişində parlamentarizm ənənələrinin yaranması dövlətin idarə olunmasında bütün maraqlı tərəflərin iştirakını stimullaşdırmışdır. Eyni zamanda, bu ənənə dialoq və əməkdaşlıq mühitində mövcud fikir ayrılıqlarının fəal müzakirəsinə imkan yaratmış, siyasi idarəetmədə güclər arasında balans formalaşdırmışdır. Beləliklə, ilkin parlamentarizm prinsipləri sonrakı yüzilliklər boyu özünün təkamül prosesində müxtəlif istiqamətli siyasi-ideoloji baxışların formalaşması üçün təməl rolu oynamışdır. 

Proto-parlamentar quruluşlara hələ eramızdan əvvəl qədim Yunanıstanda, Romada, Mesopotamiyada rast gəlmək mümkündür. Həmin quruluşlar birbaşa xalq tərəfindən seçilməsə də, siyasi hakimiyyətdə məsuliyyətli idarəetmə təcrübəsinin formalaşmasına yol açmışdır. Daha sonrakı dövrlərdə bu təsisatlar təkmilləşmiş idarəetmə institutları kimi hakimiyyət bölgüsündə siyasi mövqelərini gücləndirmişlər. 930-cu ildə İslandiyada yaradılmış Altinq (Ümumi Yığıncaq),  1215-ci ildə İngiltərədə Böyük Azadlıq Xartiyasının (Magna Carta) qəbul edilməsindən sonra yaranan Parlament, 1278-ci ildə Fransada təsis olunmuş Paris Parlamenti kral hakimiyyətinin məhdudlaşdırılmasında önəmli rol oynayaraq dar miqyasda da olsa, demokratiya ideyalarının yayılmasına və təşəkkül tapmasına səbəb olmuşdur.

Həmin dövrlərdə dövlət idarəetməsi ilə əlaqədar baş verən transformativ dəyişikliklər təkcə Avropa məkanı ilə məhdudlaşmamışdır. İctimai-siyasi yaşamında passionarlığı ilə seçilən türklər də təkcə zəngin mədəni irsi ilə deyil, eyni zamanda, qədim dövlətçilik tarixləri ilə Avrasiya məkanının böyük bir hissəsində dərin tarixi iz qoymağı bacarmışlar. Yuxarıda qeyd olunan təsisatlara oxşar, bəzi hallarda onların fəaliyyət və təsir dairəsindən daha geniş olan strukturlara qədim və orta əsr türk dövlətlərində də rast gəlmək mümkündür. Qədim türk dövlətçilik tarixində mühüm ictimai-siyasi təsir imkanlarına malik olan “Gənəşək” həmin təsisatların bizə məlum olan ən ilkin nümunəsidir. “Gənəşək” – müasir Azərbaycan türkcəsində və bir sıra türk dillərində işlədilən söz olmaqla, “gənəşmək” felindən yaranmışdır. Bu günümüzdə də “məsləhətləşmək, müzakirə açmaq, çözümü daha geniş arenaya çıxararaq ümumi, yekdil rəyə gəlmək” mənasında işlədilir.  Klassik türk dövlətçiliyinin formalaşdırdığı bir dəyər kimi bu təsisat siyasi idarəetmədə kollektivçiliyi, toplumsal iştirakı təşviq edirdi. Kağanlar bir çox qərarları ali hakimiyyət səviyyəsində Gənəşək ( məşvərət ) keçirdikdən sonra qəbul edirdilər. Göründüyü kimi, böyük imperiyalar yaratmış və idarə etmiş türk hökmdarları da öz iradələrini mütləqiyyətçilik əsasında həyata keçirən tiranlar kimi çıxış etmir, əksinə, idarəetmə işlərində bir qayda olaraq gənəşəyə üstünlük verirdilər. Bu isə qəbul olunmuş qərarların praqmatikliyini təmin edir, məsuliyyətli idarəetmə ənənəsini formalaşdırır və türk dövlətçiliyini inkişaf etdirirdi.

Tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatlar Böyük Hun imperiyası dönəminə təsadüf edir. Həmin dövr üçün kifayət qədər mükəmməl idarəetmə sisteminə malik olan Böyük Hun imperiyasında dövlət əhəmiyyətli bütün məsələlər Qurultaylarda (“Kurultay”) müzakirə olunurdu. Qurultaylar kağan tərəfindən hər il üç dəfə çağırılırdı. Yeni hökmdarın seçilməsi də həmin Qurultaylarda həyata keçirilirdi. Bu yığıncaqlara şahzadələrlə yanaşı, imperiyanın nüfuzlu şəxsləri, hərbi və mülki vəzifə sahibləri, ağsaqqallar da qatılırdı. Gənəşəyin sosial modeli kimi çıxış edən Qurultaylar eyni zamanda mülki problemləri araşdıran təsisat funksiyasını yerinə yetirirdi. Türklərin ictimai, siyasi, mənəvi həyatının universal nizamını yaradan, adət, ənənə və davranışlar toplusu olan “Törə” üç əsas mənbədən – xalqdan, qurultaydan və kağandan qaynaqlanırdı. Törəyə əsasən Qurultay çağırmaq kağanın əsas vəzifələrindən biri hesab olunurdu. Hunlar və Göytürklər dönəmində Qurultayın qanunvericilik səlahiyyətləri o qədər güclü idi ki, kağan tərəfindən qəbul olunan qərarlar yalnız Qurultayın razılığı ilə qüvvəyə minirdi. Şübhəsiz ki, mühüm siyasi qərarların hökmdar tərəfindən təkbaşına deyil, tədbirli dövlət adamlarının iştirakı ilə ortaq bir strategiya müəyyənləşdirilməsindən sonra qəbul olunması əski türklərin geniş bir regionda geopolitik nüfuz qazanmasına və qüdrətli dövlətlər qura bilməsinə zəmin yaratmışdır. 
 

Cəsarətli qərarları ilə Avrasiya tarixinin sonrakı gedişinə yön vermiş, əcdadı Çingiz xandan sonra Avrasiyada ən böyük əraziləri fəth etmiş Əmir Teymurun (Teymur-Ləngin) müasir anlamda parlamenti və hərbi şuranı əvəz edən Gənəşəyi var idi. Tarixdən məlumdur ki, dövlət və ordu rəhbərləri “Gənəşək”də toplaşıb müzakirələr aparır, məsləhətləşir, son qərarı qəbul etmək üçün hökmdara müvafiq tövsiyyələrini verirdilər. Qədim türk dövlət məclislərindən biri də “Toy” adlanırdı. “Kitabi-Dədə Qorqud” dastanında da bəhs olunan “Toy” oğuz türklərinin önəmli siyasi, hərbi, inzibati məsələləri müzakirə etdiyi bir toplantı idi.  Oxşar funksiyaları həyata keçirən təsisatlar sonrakı dövrlərdə “Seçilənlər Məclisi”, “İxtiyarlar Məclisi”, “Məşvərətçi Şura”, “Divani-Humayun” adı altında türk dövlətlərində siyasi hakimiyyətin aparıcı elementləri olmuşlar. Məsələn, orta əsr türk dövlətlərindən olan Ağqoyunlu dövlətində mühüm ictimai-siyasi məsələlər sarayda fəaliyyət göstərən Böyük Divanda müzakirə edilir və yekun qərar qəbul edilirdi. Osmanlı imperiyasında parlament tipli ilk məclis kimi tanınan “Məclisi-Ümumi” 1877-ci ildə fəaliyyətə başlamışdı.

İctimai-siyasi müzakirələrin aparıldığı platforma kimi çıxış edən bu təsisatlar türk insanının sosiallaşmasında, dövlət idarəetmə təcrübəsinin zənginləşməsində əvəzsiz rol oynamışdır. Bir sözlə, həmin toplumsal qurumlar sosial-siyasi düşüncə sisteminə həlledici təsir göstərərək, türklərin ictimai yaşam tərzinin tərkib hissəsinə çevrilmişdir. Həmin quruluşlar müasir anlamda bütün demokratik xüsusiyyətləri özündə cəmləşdirməsə də, hələ o zamanlarda türklərin şüurunda, dövlət idarəçilik təcrübəsində demokratik dəyərlərin üstün yer tutduğunu göstərir. 

Yüzilliklər boyu davam edən bu ənənələr türklərin XX əsrin əvvəllərində demokratik, hüquqi dövlət quruculuğu istiqamətində səylərinə mənəvi güc vermişdir. Milli cümhuriyyətimiz qurulmazdan öncə, hələ 1906-cı ildə Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev kimi tanınmış Azərbaycan ziyalıları Çar Rusiyasının ilk parlamentinə – Birinci Dövlət Dumasına seçilmiş və bu qurumda Azərbaycan xalqının milli-mədəni hüquq və azadlıqları uğrunda mübarizə aparmışlar. Bu görkəmli şəxsiyyətlərin əldə etdikləri parlamentizm təcrübəsi, universal dəyərlər, müasir parlament mədəniyyəti barədə müfəssəl bilikləri az sonra yaranacaq milli parlamentimizin həmin təcrübə və dəyərlər əsasında fəaliyyətinə imkan yaratmışdı.

Şərqdə ilk parlamentli respublika kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması türk dövlətçilik tarixinin önəmli siyasi hadisəsi olmaqla, türk parlamentizmi ənənələrini daha da zənginləşdirmişdir. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasında təmsil olunan azərbaycanlı üzvlər 1918-ci ilin 28 may tarixində keçirilmiş iclasda Azərbaycanın müstəqilliyini elan etdilər. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası adlandırdı və növbəti gün Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə keçirilən Milli Şuranın tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Beləliklə, dünyanın türk coğrafiyasında ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Mürəkkəb daxili və beynəlxalq şəraitdə yaranan və fəaliyyət göstərən milli parlamentimiz qısa müddət ərzində demokratik Cümhuriyyətin zəngin qanunvericilik bazasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması istiqamətində milli parlamentımız tərəfindən ciddi səylər göstərildi. Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində süquta uğrasa da, bu müddət ərzində dövlətçilik və parlamentarizm ənənələrimizi daha da zənginləşdirdi, müsəlman Şərqində müasir parlament mədəniyyətinin özülünü yaratdı, xalqımızın azadlıq hərəkatı tarixində silinməz izlər qoydu.

Orta Asiya və Çar Rusiyası ərazisində yaşayan türk xalqları da milli-mədəni müstəqillik hüquqları uğrunda davamlı mübarizələrini məhz parlamentarizm prinsipləri əsasında qururdular. 1905-ci ildə Daşkənddə təsis olunmuş özbək, tatar, qazax, qırğız, türkmən və başqırd fəallarının təmsil olunduğu Türküstan Müsəlmanları Konqresi türk xalqlarının hüquq və azadlıqlarının təmin edilməsi, onların mədəniyyətinin qorunması istiqamətində mühüm işlər görmüşdür.Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün səyi ilə 1920-ci ildən fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisi  (TBMM) Osmanlı imperiyasının süqutundan sonra regionda yaranmış mürəkkəb geostrateji vəziyyətdə türk millətinin və dövlətinin bütövlüyünün, suverenliyinin təmin edilməsində önəmli addımlar atmışdır.

Sovet İttifaqı dönəmində qanunvericilik səlahiyyətlərini Ali Sovet adlı qurum həyata keçirirdi. Azərbaycan SSR-lə yanaşı, Mərkəzi Asiyanın türk dövlətlərində də fəaliyyət göstərən həmin qurumlar dövrün ideoloji məqsədlərinə xidmət etsə də, parlamentarizm tariximizin bir hissəsidir.

Suverenliyimizin böyük təhlükələrlə üzləşdiyi dönəmdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanın Ali Sovetinə sədr seçilməsi Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni dönəmi başlatdı. Məhz bu dövrdən sonra ölkə parlamenti xaotik siyasi məkan görüntüsündən uzaqlaşaraq sağlam müzakirələrin aparıldığı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatına dair önəmli qanun layihələrinin qəbul olunduğu ali qanunverici orqana çevrildi.

Bu gün dövlət hakimiyyətinin aparıcı qollarından biri kimi, Azərbaycan Respublikasının Milli Məclisi hüquqi dövlət quruculuğu və milli dövlətçiliyimizin möhkəmləndirilməsi üzrə fəaliyyətini uğurla davam etdirir. Müasir parlamentarizm prinsipləri əsasında fəaliyyət göstərən Milli Məclis dövlətimizin beynəlxalq miqyasda mövqelərinin güclənməsi və parlamentlərarası əlaqələrin dərinləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə imza atmaqdadır. Hazırda, Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Assambleyasının, GUAM Parlament Assambleyasının, Avronest Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tamhüquqlu üzvüdür. Bu kimi beynəlxalq parlamentar qurumlar dünya parlamentizmi təcrübəsinin öyrənilməsi və paylaşılması, eyni zamanda, milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiə olunması baxımından əhəmiyyətli siyasi platformaya çevrilmişlər.

Hazırda, türk respublikalarında və muxtar qurumlarında fəaliyyət göstərən parlamentlər müasir türk parlamentarizminin dəyərli siyasi nümunələridir. 125 nəfərlik Azərbaycan Respublikasının Milli Məclisi, 550 nəfərlik Türkiyə Böyük Millət Məclisi (TBMM), 2 palatadan və 154 üzvdən ibarət olan Qazaxıstan Parlamenti, 120 üzvdən ibarət Qırğızıstan Ali Şurası (Joqorku Keneş), 250 nəfər üzvü olan iki palatalı Özbəkistan Ali Məclisi, 125 üzvdən ibarət Türkmənistan Məclisi müstəqil türk dövlətlərinin qanunvericilik səlahiyyətlərini qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçirir, hökumətlərin formalaşmasını və onların fəaliyyətinə nəzarəti təmin edirlər. Həmin orqanların fəaliyyətində türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ortaq maraqların beynəlxalq müstəvidə müdafiə olunması xüsusi yer tutur.

Çoxşaxəli əməkdaşlığın dayanıqlı platforması kimi çıxış edən ümumtürk qurumları suveren türk respublikaları arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsində önəmli rol oynayırlar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk İşbirliyi və Koordinasiyası Agentliyi kimi təşkilatlar ictimai-siyasi sferadan mədəni, ortaq tarixi dəyərlərin tanıtımına qədər geniş diapazonlu fəaliyyəti ilə dərin əməkdaşlığın əsasını formalaşdırırlar.

Bu qurumlardan biri də Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır (TÜRKPA). Türk parlamentarizminin dəyərli siyasi nümunəsi olan TÜRKPA 21 noyabr 2008-ci ildə İstanbul şəhərində “Dolmabaxça Sarayı”nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunmuşdur. TÜRKPA-nın təsis sənədlərində qeyd olunduğu kimi, qurumun əsas məqsədi parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi hesab olunan parlament diplomatiyası vasitəsilə türk respublikaları arasında siyasi dialoqun daha da inkişaf etdirilməsini və türk dövlətlərinin yaxınlaşmasını təmin etməkdən ibarətdir. Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq, türkdilli ölkələr və digər regional siyasi subyektlər arasında faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək, tərəfdaş ölkələrin qanunvericiliklərinin təkmilləşdirilməsi istiqamətində məsləhətləşmələr aparmaq TÜRKPA-nın əsas fəaliyyət istiqamətləridir. O cümlədən, mədəni irsin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə ümumtürk dəyərlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə yönəlmiş fəaliyyətləri dəstəkləmək, TÜRKPA üzvü olan ölkələrin qanunvericiliklərinin uyğunlaşdırılması üzrə tövsiyələr vermək və tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələri dərinləşdirmək də TÜRKPA-nın fəaliyyət çərçivəsinə daxildir. Digər tərəfdaş ölkələrin parlamentləri və beynəlxalq təşkilatlarla yeni əlaqələrin qurulması və mövcud münasibətlərin inkişaf etdirilməsi TÜRKPA-nın fəaliyyətində mühüm yer tutur. Bu gün artıq TÜRKPA Parlamentlərarası İttifaqın, İslam Konfransı Təşkilatının Parlament İttifaqının müşahidəçilik statusuna malik tam hüquqlu üzvü kimi önəmli beynəlxalq struktura çevrilməkdədir.  2008-ci ildə bağlanmış TÜRKPA haqqında İstanbul Sazişi,  2009 və 2011-ci illərdə  qəbul olunmuş TÜRKPA-nın Bakı və Astana Bəyannamələri, 2011-ci ildə İstanbul Sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı imzalanmış Protokol, hər il keçirilən plenar sessiyalar TÜRKPA-nın son 8 ildə zəngin hüquqi bazasının və qarşılıqlı əməkdaşlıq mexanizminin formalaşdığını göstərir.

Bu günkü siyasi gerçəkliklər şəraitində qlobal müstəvidə təsirli siyasi mövqe formalaşdırmağın əsas yolu etibarlı müttəfiqlik yaratmaqdan, dəyişkən geopolitik situasiyalarda ortaq maraqların zədələnməsinə imkan verməməkdən keçir. Xüsusilə regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər türk respublikalarını daha çevik diplomatik gedişlərlə siyasi, iqtisadi, mədəni maraqların və dəyərlərin qorunmasına yönələn ortaq strategiya qurmağa sövq edir. Bu çərçivədə türk dövlətləri ikitərəfli və çoxtərəfli əməkdaşlığı beynəlxalq müstəviyə yüksəltmək istiqamətində önəmli addımlar atmışlar. 

 

22 dekabr 2016-cı ildə  Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri ilə Bakıda görüşən Prezident İlham Əliyev TÜRKPA-nın fəaliyyətinə daim yüksək qiymət vermiş, bu qurumun türk respublikaları arasında diplomatik, mədəni, parlamentar əməkdaşlığa verdiyi töhfəni vurğulamışdır:  “Türkdilli ölkələr həm ikitərəfli, həm çoxtərəfli formatda, həm də BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün səylər göstərir, hansısa türkdilli ölkənin təmsil olunmadığı beynəlxalq təşkilatda digər türkdilli dövlət onun mövqeyini dəstəkləyir və həmrəylik nümayiş etdirir”. Türk dövlətləri tərəfindən belə bir universal strateji platformanın müəyyənləşməsi müasir dövrümüzdə olduqca əhəmiyyətlidir. Çünki ümumtürk coğrafiyasına getdikcə artan geopolitik maraq, türk respublikalarının üzləşdiyi regional və qlobal təhdidlər, türk dövlətlərinin sərhədləri ətrafında mövcud münaqişə ocaqları bu əməkdaşlığın daha praqmatik məzmun və keyfiyyət almasına zərurət yaratmışdır. Bu baxımdan, digər ümumtürk strukturları kimi, unikal parlamentlərarası platforma funksiyasında çıxış edən TÜRKPA-nın da malik olduğu vasitələrdən daha səmərəli şəkildə istifadəyə ehtiyac vardır.

Türk respublikaları ilə əməkdaşlığın dərinləşdirilməsini xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycan türk birliklərinin formalaşmasına hər zaman dəstək göstərmiş, bir çox hallarda bu prosesin təşəbbüskarı kimi çıxış etmişdir. Ölkə rəhbərliyinin və səlahiyyətli dövlət qurumlarının təmsil olunduğu nümayəndə heyətlərinin türk respublikalarını və onların müvafiq orqanlarını özündə birləşdirən birliklərdə, zirvə toplantılarında fəal iştirak etməsi Azərbaycanın ümumtürk ideallarına sadiqliyinin, türk coğrafiyasında konstruktiv əməkdaşlıq və dialoq mühitinin yaranmasına davamlı dəstəyinin təzahürüdür. Bu dəstəyin tərkib hissəsi kimi dinamik xətlə inkişaf edən Azərbaycan-TÜRKPA əlaqələri artıq yüksək səviyyəli parlamentar əməkdaşlıq nümunəsinə çevrilmişdir. TÜRKPA-da təmsil olunan Azərbaycan Respublikası Milli Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti qurumun fəaliyyət strategiyasının və planlarının hazırlanmasında yaxından iştirak edir.

2016-cı ilin 22 dekabrında Bakıda TÜRKPA Katibliyinin mənzil qərargahının açılışı bu qurumun və eləcə də ölkəmizin tarixində əlamətdar hadisədir. Açılış tədbirində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük  Millət Məclisinin spikeri İsmayıl Kahraman, Qazaxıstan Parlamenti Məclisinin və TÜRKPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin (Ali Şurasının) sədri Çınıbay Tursunbekovun iştirakı türk respublikaları arasında parlamentar əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Bu fakt həm də Azərbaycanın və onun paytaxtının ümumtürk coğrafiyasında vacib siyasi mərkəzə çevrildiyini göstərir.

Türk respublikalarının parlamentləri arasında əməkdaşlığın unikal platforması olan TÜRKPA – parlamentar qurumlarla əlaqələrin genişləndirilməsinə yönəlmiş sistemli fəaliyyəti ilə yanaşı, türk coğrafiyasında vətəndaş cəmiyyəti institutları arasında səmərəli dialoqun aparılmasına da öz töhfəsini verir. TÜRKPA tərəfindən müntəzəm olaraq ictimai, siyasi, mədəni mövzulara dair təşkil olunan tədbirlər, konfranslar, müxtəlif formatlı ictimai müzakirələr bu təşkilatın fəaliyyət çərçivəsinin yalnız parlamentlərarası əməkdaşlıqla məhdudlaşmadığını göstərir. Eyni zamanda, TÜRKPA regionda və dünyada sülhün, sabitliyin, universal dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxlayaraq, qlobal müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun intensivləşməsinə də davamlı dəstəyini göstərir.

Göründüyü kimi, türk parlamentarizmi tarixində yeni səhifə açan TÜRKPA gənc regional təşkilat olmasına baxmayaraq, türk dövlətlərinin milli maraqlarının və türk xalqlarının ortaq dəyərlərinin beynəlxalq müstəvidə  qorunması və təbliği missiyasını uğurla həyata keçirməkdədir. Türk respublikaları tərəfindən fəaliyyətinə verilən hərtərəfli dəstək nəticəsində TÜRKPA – parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsinə və türk parlamentarizmi təcrübəsinin daha da zənginləşməsinə yol açacaq, Türk Dövlətləri Birliyi siyasətinin əsas dayaqlarından biri olacaqdır.


SON XƏBƏR
30.03.2017, 12:47

Azərbaycanlı polkovnikdən erməni generala sərt CAVAB

30.03.2017, 12:40

Sabah hava soyuyacaq - XƏBƏRDARLIQ

30.03.2017, 12:37

Öpüşün möcüzəsi və faydası, amma metroda yox...

30.03.2017, 12:35

Azərbaycanda dollar dəyişmək üçün ən sərfəli BANKLAR – SİYAHI

30.03.2017, 12:29

Harvard universitetinin məzunu UNEC tələbələrinə ustad dərsi keçib

30.03.2017, 12:28

Qanun layihəsi Milli Məclisdə etiraza səbəb oldu: “Bu, bir il haradan götürüldü?”

30.03.2017, 12:21

“Banklar haqqında” qanun dəyişir: Palata sədri təfərrüatları AÇIQLADI

30.03.2017, 12:13

“Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər” - MÜSAHİBƏ

30.03.2017, 12:04

Tramp Çin liderini qəbul edəcək

30.03.2017, 11:58

NATO Moldovada nümayəndəlik açır

30.03.2017, 11:52

İslam Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

30.03.2017, 11:50

İnsanlar niyə öpüşür? – ELMİ İZAH

30.03.2017, 11:32

İnsan əzablarının pula çevrilməsi

30.03.2017, 11:24

Ermənilər Əsgəran qalasının təmirinə başlayıb - FOTOLAR

30.03.2017, 11:20

Azərbaycanlı tələbə erməni müəllimi necə işdən qovdurdu - TƏFƏRRÜAT

30.03.2017, 11:15

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

30.03.2017, 11:07

Keçmiş deputatlar nə işlə məşğuldurlar…

30.03.2017, 11:03

Rezonans yaradan JURNALİST: “Onlar metroda öpüşürdülər...” 

30.03.2017, 10:54

Trampın sərəncamı Azərbaycan vətəndaşlarına şamil olunur? – Səfirlikdən AÇIQLAMA

30.03.2017, 10:46

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət

30.03.2017, 10:38

Gömrükçülər 15 mindən çox aksiz markasız siqaret müsadirə etdi

30.03.2017, 10:02

Məmurların zəbt etdikləri torpaqların araşdırılması üçün Dövlət Komissiyası yaradılsın

30.03.2017, 09:39

Cəbhədən son XƏBƏR: atəşkəs 143 dəfə pozuldu

30.03.2017, 09:33

Bakıda avtomobil piyadanı vurub öldürdü

30.03.2017, 09:30

Ermənistan 4 tərəfdən hücuma keçdi, Surət qoşunu Gəncəyə qaytardı, Rəhim oyun oynadı, Kəlbəcər işğal edildi - ŞAHİD DANIŞIR

30.03.2017, 09:29

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30.03.2017, 09:18

Bakıda ər arvadının başını kəsib

30.03.2017, 09:17

Dollar yenə BAHALAŞDI

30.03.2017, 01:14

Rusiya Qarabağı meydanın Moskvaya aid hissəsinə aparıb, Suriya kimi  

30.03.2017, 01:06

Qarabağ qazisi: "Rəsul Quliyev "Meydan TV”yə oxşayır"

30.03.2017, 00:52

“Elektron ipoteka” sistemində yenilik

30.03.2017, 00:34

İraqda partlayış: 13 ölü

30.03.2017, 00:19

Nikah şəhadətnaməsi ilə də maşın sürmək olar

30.03.2017, 00:02

Banka borcu olan Şəki sakini intihar etdi

29.03.2017, 23:49

ABŞ-da terror törədilə bilər  - İDDİA

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(4.20%)
Azərbaycan Dövlət İqtisad Universiteti(6.14%)
Bakı Dövlət Universiteti(17.4%)
Bakı Ali Neft Məktəbi(1.29%)
Azərbaycan Dillər Universiteti(49.1%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.58%)
Azərbaycan Texniki Universiteti(2.26%)
Azərbaycan Tibb Universiteti(2.26%)
Bakı Slavyan Universiteti(1.94%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(12.6%)