Modern.az

Bakı meriyasının Reklam Departamentindən şikayət var

Bakı meriyasının Reklam Departamentindən şikayət var

8 Sentyabr 2009, 11:32

Ötən gün Azadlıq prospektində alış-verişlə məşğul olan bir neçə sahibkar Modern.az-a müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin Reklam Depatramenti işçilərindən şikayətləniblər. Onların iddiasına görə, özünü departamentin nümayəndəsi kimi təqdim edən İlham adlı şəxs mağazaların qarşısında vürulan reklam lövhələrinə görə, əlavə pul tələb edib. Şikayətçilər bildiriblər ki, hər il sentyabr ayında bu əraziyə “baş çəkən” həmin şəxs onlardan dükanın adını göstərən lövhələrin məhz mağazanın bayır tərəfindən vurulduğu üçün pul tələb edir. Adı çəkilən şəxs mağaza sahiblərinə bildirib: "İstəyirsiniz bu lövhələri mağazanın içərisində yerləşdirin, amma əgər bayır tərəfdə vuracaqsınızsa, biz dediyimiz məbləği verməlisiniz”.
Ərazidə yerləşən mağazalardan birinin sahibi əməkdaşımıza bildirib ki, keçən il onlardan 150 manat alıblar: “Amma əvəzində bizə heç bir qəbz vermdilər. Bu il İlham adlı şəxs deyir ki, mağazanın yan tərəflərindəki lövhəyə görə  500 manat dövlət rüsumu verməlisiniz. Halbuki ötən il də yan lövhələr var idi. Amma bunun üçün haqq istəmirdilər. Bilirsiniz, tələblərini yerinə yetirmədikdə lövhələri sökürlər, hətta sındırırlar. Bizimlə qonşuluqda yerləşən mağaza sahiblərini də beləcə xərcə salırlar. Belə də məcbur qalıb istədikləri pulu verməli oluruq. Onlar əsas gətirirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı var, istənilən yerdə vurulan reklam xarakterli yazılar ödənişlidir. Əslində, onların haqqı yoxdur ki, birbaşa gəlib lövhələri söküb yerə atsınlar. Bunu yalnız məhkəmə yolu ilə edə bilərlər”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Reklam Departamenti ilə əlaqə saxladıq. Departamentin Nəsimi rayonu üzrə eksperti Elçin Məmmədov Modern.az – a bildirdi ki, Tarif  Şurasının 2008-ci il 30 iyul tarixli 7 saylı qərarına görə, reklam daşıyıcısının növündən asılı olaraq 22 adda müxtəlif tariflər müəyyən edilib: “Qeyd edilən məsələ ilə bağlı ətraflı məlumatım olmadığı üçün bu haqda heç nə deyə bilmərəm. Mağaza sahibləri o reklam lövhələrinin ölçülərini, eskizlərini idarəyə təqdim etsələr, məsələyə aydınlıq gətirilə bilər”.
“Sizin əməkdaşlarınızin aldığı “dövlət rüsumu”nun əvəzində nədən qəbz verilmir” sualına isə E.Məmmədovun cavabı belə oldu: “Əslində, mağaza sahibləri o rüsumu özləri bizim idarəyə ödəməlidirlər. Amma bunu etmədikləri üçün məcburuq ki, özümüz bir-bir mağazalara yaxınlaşıb bu rüsumları yığaq. Qəbzlərə gəldikdə isə, ödəyicilər özləri yaxınlaşıb idarədən bunu ala bilərlər”.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının “Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi” barədə 2008-ci il 30 iyul tarixli 7 saylı qərarına görə, Bakı şəhəri üzrə 1 kvadrat metr yerdə vitrin və pəncərələrdə yerləşdirilən afişalar, elanlar, plakatlar, ticarət nişanları, loqolar üçün aylıq ödəniş tarifləri 3 manat müəyyənləşdirilib. Həmçinin binaların fasadlarında, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə kommersiya məqsədilə yerləşdirilmiş həmin obyektlərin mənsubiyyətini, adını, firma nişanını göstərən lövhələr üçün isə 7 manat müəyyən edilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır