Modern.az

Jurnalist hacılar...

Jurnalist hacılar...

9 Sentyabr 2009, 14:20

BU İL HƏCCƏ YOLLANACAQ ZƏVVARLAR ARASINDA KİV ƏMƏKDAŞLARI OLACAQMI?

Qarşıdan müqəddəs Həcc mövsümü gəlir. Hər il olduğu kimi bu il Azərbaycandan bir neçə min zəvvar Məkkə və Mədinəni ziyarətə yollanacaq. Qeyd edək ki, indiyədək Həcc ziyarətində olmuş soydaşlarımız arasında xeyli jurnalist də var. Maraqlıdır, bu il Azərbaycandan Həccə yola düşəcək zəvvarlar arasında həmkarlarımızdan kimisə görə biləcəyikmi?
Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a bildiriblər ki, qurumda hələ bu barədə dəqiq məlumat yoxdu.
«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bizimlə söhbətdə rəhbərlik etdiyi kollektivdə bir nəfərin Həcc ziyarətində olduğunu qeyd edib: «Müavinim və qəzetimizin dini məsələlər üzrə yazarı Vaqif Cəliloğlu Məkkəni ziyarətdə olub. Özü də o, sovetlər vaxtından, yəni 1978-ci ildən Hacıdır». A.Quliyev bu il qəzet əməkdaşlarından heç birinin müqəddəs torpaqlara ziyarətə getməyəcəyini deyib.
«Yeni Müsavat» qəzetindən aldığımız məlumata görə, baş redaktor Rauf Arifoğlu Həcc ziyarətində olub. Bu il isə qəzet əməkdaşlarından  heç kim Həccə getməyi planlaşdırmır.
«525-ci qəzet»də heç kimin “Hacı” titulu yoxdur. Heç qarşıdan gələn Həcc mövsümü başa çatandan sonra da olmayacaq. Çünki bu il «525-ci qəzet»dən də Səudiyyə Ərəbistanına getmək arzusunda olan yoxdur.
«Xalq cəbhəsi» qəzetində də “Hacı” titullu jurnalist çalışmır. Qəzetin əməkdaşlarının verdiyi məlumata görə, bu il redaksiyadan Həccə gedən olmayacaq.
«APA»da Həcc ziyarətində olan bir müxbir var. Bu, agentliyin parlament yazarı Elbrus Seyfullayevdir. APA-dan da bu il Həccə heç kim yollanmayacaq. Hacı Elbrusun sözlərinə görə, Həcc ziyarətindən sonra bir sıra vərdişlərini tərgitməyə məcbur olub: “Hər şeydən öncə spirtli içki ilə vidalaşmışam. Həccə getməzdən əvvəl içki içirdim. Bununla yanaşı, oruc tutur, namaz qılıram. İmkan daxilində  çalışıram ki, böhtandan, yalandan uzaq olum. Fikrimcə, təkcə Həcc ziyarətində olanlar deyil, olmayan müsəlmanlar da ibadət etməli, yalan və  böhtandan uzaq olmalıdır”.

 

Aqil LƏTİFOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...