Modern.az

Həkim ixtisaslarının sayı azaldılacaq

Həkim ixtisaslarının sayı azaldılacaq

9 Sentyabr 2009, 15:35

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsindən Modern.az-a bildirilib ki, Dünya Bankının dəstəyilə hazırlanan Səhiyyə Sektorunda İslahatlar Layihəsində həkim ixtisaslarının azaldılması məsələsi öz əksini tapıb.
Hazırda Azərbaycanda 72 həkim ixtisası üzrə mütəxəssis hazırlanır. Avropa Birliyi dövlətlərində, ABŞ və Rusiyada bu göstərici 35-50 arasında dəyişir. Gələn ildən ölkəmizdə də həkim ixtisaslarının sayı azaldılaraq 40-a enidiriləcək.
Səhiyyə Nazirliyi əhalinin tibbi kadrlar və çarpayı fondu ilə təminatının yeni planlaşdırılmasında hər min nəfər əhaliyə 3,4 həkim hesablayıb. Yeni normativlərə görə nazirlik Avropa standartlarına uyğun olaraq hər min nəfərə 3,7 çarpayı nəzərdə tutur. Qeyd edək ki, Azərbaycanda əhalinin tibbi kadrlar və çarpayı fondu ilə təminatına dair yeni normativlər qərb dövlətlərinin təcrübəsinə əsaslanaraq planlaşdırılıb. Tezliklə yeni normativlərin tətbiqi istiqamətində tədbirlərə başlanılacaq.
Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsindən verilən məlumata görə, planlaşdırmada ölkə əhalisinə üç səviyyədə tibbi xidmət göstərilməsi nəzərdə tutulur: ilkin səhiyyə xidməti, stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət, respublika əhəmiyyətli stasionarlarda tibbi xidmət.
Səhiyyə Nazirliyində hesab edirlər ki, bu gün Azərbaycanda həkimlərin sayı Avropa göstəricilərinə uyğun olsa da, tibb müəssisələrində çarpayılar 2 dəfə artıqdır və hazırda mövcud  çarpayı fondunun 35-40 faizindən istifadə olunur. Çarpayı fondu azaldılarkən əhalinin real tələbatı nəzərə alınacaq. Səmərəsiz fəaliyyət göstərən xırda tibb müəssisələrinin ləğv edilməsi də planlaşdırılır. Səhiyyə Nazirliyinin mütəxəssisləri artıq əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlayıblar. Yaxın gələcəkdə ölkə xəstəxanalarının çarpayı fondunun 40-45 faiz azaldılması nəzərdə tutulur. Həkimlərə gəldikdə isə onların sayında ixtisar aparılmayacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi