Modern.az

“Silahlı münaqişələri “kibermüharibələr” əvəzləyə bilər”

“Silahlı münaqişələri “kibermüharibələr” əvəzləyə bilər”

Parlament

9 Sentyabr 2009, 16:53

Milli Məclisin İnsan hüquqlari komitəsinin sədri Rəbiyyət Aslanova Modern.az-a bildirib ki, parlamentin payız sessiyasının gündəliyinə çıxarılacaq qanunvericilik aktlarından biri də “Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə sənəd olacaq. Onun sözlərinə görə, “Kibercinayətkarlıq haqqında” Konvensiya 2001-ci il noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə imzalanıb. Eyni zamanda, bu sənəd 2004-cü il iyulub 1-də hüquqi qüvvəyə minib. 2005-ci ilin sonlarına kimi həmin Konvensiyanı Avropa Şurasına üzv olan 38 ölkə imzalayıb: “Bu Konvensiya Avropa Şurasında həmin sahədə ilk və əsas beynəlxalq hüquqi sənəddir. O ki qaldı kibercinayətkarlığa, bu, kompüter sistemi vasitəsilə törədilən cinayətləri - qanunsuz bank əməliyyatlarını, hakerliyi, piratlığı, uşaq parnoqrafiyasının istehsalını, onun təklif edilməsini, yayılması, ötürülməsini, yetkinlik yaşına çatmamış şəxslərin açıq seksual hərəkətlərdə iştirakını və digər halları özündə birləşdirən bir cinayətkarlıqdır”.
R.Aslanova deyib ki, kibercinayətkarlığa daha çox internetdən istifadə zamanı rast gəlinir. Bu gün dünyada informasiya müharibələrinin dairəsi, kibercinayətkarlıq daha geniş miqyas almaqdadır: “Pirat saytlar, elektron kuryerləri, diskusiya forumları və yaxud, sadəcə, dinləmələr – bu siyahını uzatmaq da olar - bunlar istənilən müəssisənin və yaxud bankın kapitalına təsir etməklə, onların imiclərini tez bir zamanda dağıtmaq üçün həmin informasiya müharibələrində istifadə olunan “yeni silah” növləridir".
Qərb mənbələrinə istinad edən deputat deyib ki, gələcəkdə baş verə biləcək silahlı münaqişələri, müharibələri informasiya sistemləri ilə əlaqəli olan hərbi əməliyyatlar – “kibermüharibələr” əvəz edə bilər. “Ona görə mən də belə hesab edirəm ki, “kibermüharibələr” bəşəriyyət üçün silahlı münaqişələrdən, müharibələrdən daha təhlükəlidir. Bunlar informasiya və kommunikasiya sistemlərinin təşkilati strukturunun pozulması və dağıdılmasına yönəlib”-deyə müsahibimiz bildirib. Deputatın fikrincə, kibercinayətlərin əsas qurbanı iqtisadiyyatdır, lakin bu cinayətlərdən hakimiyyət orqanları və siravi vətəndaşlar da sığortalanmayıblar. R.Aslanovanın sözlərinə görə, Azərbaycan Ermənistanla, düşməni dəstəkləyən qüvvələrlə informasiya müharibəsi aparmaqdadır: “Bu mübarizədən qalib çıxmaq üçün, heç şübhəsiz, adını qeyd etdiyim  Konvensiyanın ratifikasiya edilməsi olduqca zəruri və vacibdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir