Modern.az

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iyirmiyə yaxın ölkə təmsil olunub

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iyirmiyə yaxın ölkə təmsil olunub

10 Sentyabr 2009, 17:06

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirilib. Modern.az xəbər verir ki, mərasimi baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev açıb: «Kitaba sevgi və ehtiram ənənələrinin davamı kimi Birinci Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirilir. Qısa müddətdə Azərbaycan Prezidentin sərəncamı ilə latın qrafikasında 10 milyondan artıq tirajla 400 adda kitab işıq üzü görüb və pulsuz olaraq kitabxanalara paylanılıb. Ensiklopediyanın nəşri bərpa olunub, 150 cildlik dünya ədəbiyyatı kitabxanası nəşrə başlayıb. Bu faktlar  özü xalqın, müstəqilliyimizin  taleyi ilə bağlı olan çox önəmli işlərdir».  
 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirin Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisə kimi dəyərləndirib: «Son dörd il ərzində nəşriyyatların çap etdikləri kitablar 20-dən çox beynəlxalq kitab sərgisində nümayiş etdirilib. Bu kitabların böyük əksəriyyəti maraqla qarşılanıb və ölkəmizdə nəşriyyat işinin yüksək səviyyədə inkişaf etdiyinin sübut edib. İlk dəfə keçirilməsinə baxmayaraq sərgidə 80-dən artıq nəşriyyat iştirak edir, 20 ölkəni təmsil edən 30 nəşriyyat və Azərbaycandan  60-a qədər çap evləri öz məhsulunu oxuculara təqdim edir. Bu, böyük göstəricidir. Bu bir daha sübut edir ki, müasir texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq kitab heç vaxt öz aktuallığını və populyarlığını itirmir».
 Sərgi-yarmarkada eləcə də iyirmiyə yaxın xarici ölkənin 30-dan artıq nəşriyyatı müxtəlif çap məhsulları ilə təmsil olunur. ABŞ, Rusiya, Türkiyə, Fransa, Pakistan, Polşa, Belorusiya, Estoniya, Latviya,  İran, Slovakiya, Tatarıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan və başqa ölkələrin kitab stendləri oxucu marağına səbəb olub.
Qeyd edək ki, sərgi-yarmarkanın ilk günündə həmçinin Prezidentin müvafiq sərəncamı ilə kütləvi tirajla latın qrafikasında çap olunmuş nəşrlərin də təqdimat mərasimi baş tutub.

 

 

Cavid ZEYNALLI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır