Modern.az

Niyazinin Ev Muzeyinin 15 ili tamam olub

Niyazinin Ev Muzeyinin 15 ili tamam olub

17 Sentyabr 2009, 17:24

Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi  Üzeyir Musiqi Günü ilə əlaqədar Niyazinin Ev  Muzeyinin 15 illiyinə və  Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözüylə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ev muzeyi haqqında məlumat verib. Bəstəkarlar İttifaqının sədri  Firəngiz Əlizadə Niyazinin Ev Muzeyinin əhəmiyyətindən danışaraq onun fəaliyyətini yüksək qiymətləndirib. Zülfüqar Hacıbəyovun yaradıcılığından söz açan bəstəkar onun əsərlərini  musiqi sənəti üçün qiymətli xəzinə hesab edib: “Nə qədər ki, Azərbaycan musiqisi yaşayır Zülfüqar Hacıbəyov və Maestro Niyazi yaşayacaq”.

Millət vəkili Rafael Hüseynov Maestro Niyazi ilə bağlı xatirələrini danışaraq  onu nadir sənətkar adlandırıb. “Tələbə vaxtı bu evə gəlib bəzən səhərə qədər Maestro ilə sənət söhbətləri edirdim. Bu evdə dünyanın ən böyük sənətkarları qonaq olub.Niyaz musiqiyə, sənətə qarşı çox tələbkar adam idi. Onun sənəti ölməzdir, musiqi xəzinəmizin ən qiymətli nümunələrindəndir.”

Tədbirdə həmçinin  Heydər Əliyevin muzeyin açılışında iştirakını əks etdirən video sujet və 15 illik fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.Yubiley mərasimində Azərbaycan Dövlət Opera və Balet teatrının solistlərinin ifasında Zülfüqar Hacıbəyov, Niyazinin əsərləri səslənib

 

Cavid Zeynallı    

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir