Modern.az

Oqtay Əsədov: "Sərhədlərin açılması ilə torpaqların işğaldan azad olunması paralel həyata keçirilməlidir"

Oqtay Əsədov: "Sərhədlərin açılması ilə torpaqların işğaldan azad olunması paralel həyata keçirilməlidir"

19 Sentyabr 2009, 17:17

Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 18-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub. Nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Əsədullayev, Asim Mollazadə, Elton Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Sentyabrın 17-də Milli Məclisin nümayəndələri əvvəlcə İsveçrə Parlamentində olublar, İsveçrə Milli Şurasının və Dövlətlər Şurasının plenar iclaslarının işini müşahidə ediblər.
İsveçrə parlamentinin binası ilə tanışlıqdan sonra Milli Şuranın Sədri xanım Çiara Simoneski-Kortezi ilə görüş keçirilib. Şura Sədri bu cür səfərləri yüksək qiymətləndirib və böyük inam hissi ilə qeyd edib ki, hər iki ölkə arasında aparılan dialoqa parlamentlərimiz öz töhfəsini verəcək. Şura Sədri İsveçrənin Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyası yerinə yetirdiyini diqqətə çatdırıb. Səmimi qəbula görə öz təşəkkürünü bildirən Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan dost İsveçrə ilə əlaqələrin bütün sahələrində, o cümlədən parlamentlər səviyyəsində daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir: “Ölkə başçılarımızın səyi nəticəsində bu əlaqələr daha da genişlənir və möhkəmlənir”. Spiker bu il İsveçrə Parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının Azərbaycan parlamentində məmnunluqla qarşılandığını qeyd edib. Söhbətdə bir sıra regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub. Görüşün sonunda Milli Məclisin Sədri Oqtay Əsədov Milli Şuranın qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan parlament nümayəndə heyətinin növbəti görüşü Dövlətlər Şurasının Sədri Alan Berse ilə olub. Bu görüşdən məmnun qaldığını bildirən Şura Sədri dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Şura Sədri inamla qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında İsveçrəyə nəzərdə tutulmuş səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə, İsveçrə-Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişafına təkan verəcək.
Qarşılıqlı səfərlərin son vaxtlar daha da artdığını bildirən Milli Məclisin Sədri Oqtay Əsədov ölkələrimiz arasında bir neçə mühüm sənədlər imzalandığını, aparılan danışıqların, imzalanmış sənədlərin bu əlaqələrin hüquqi bazasının yaranmasına və möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin prioritet istiqamətlərdən biri Avroatlantik məkana inteqrasiyadır.
Ölkəmizdə aparılan demokratik, hüquqi, iqtisadi islahatlardan söz açan Sədr bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində dünyada baş verən iqtisadi böhran Azərbaycana zəif təsir edib və bu böhranın ölkəmizdən yan keçməsi üçün bütün qabaqlayıcı tədbirlər görülüb. Görüşdə Azərbaycanın üzləşdiyi ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbətlər aparılıb.
Sentyabrın 17-də Milli Məclisin nümayəndə heyəti İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri (faktiki olaraq Xarici İşlər naziri) xanım Mişelin Kamili-Rey ilə görüşüb. Mişelin Kamili-Rey öz ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərdiyini söyləyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında İsveçrəyə nəzərdə tutulmuş səfəri ilə bağlı ciddi hazırlıq işləri görülür. İsveçrə bu səfəri səbirsizliklə və böyük məmnuniyyətlə gözləyir.
Söhbətdə Azərbaycanın üzləşdiyi ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan departament rəhbəri Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyasının İsveçrə hökuməti tərəfindən onun rəhbərlik etdiyi quruma həvalə olunduğunu diqqətə çatdırıb.
Bu görüşdən məmnun qaldığını bildirən Milli Məclisin Sədri Oqtay Əsədov ölkələrimiz arasında yaranmış əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. O.Əsədov ümidvar olduğunu bildirib ki, Prezident İlham Əliyevin İsveçrəyə səfəri ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına, daha geniş və hərtərəfli inkişafına təkan verəcək. Spiker Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə hökumətinə təşəkkürünü bildirdi. O.Əsədov qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır: “Bu məsələ isə neçə illərdir öz həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Azərbaycan isə nə Türkiyənin, nə də Ermənistanın daxili işlərinə qarışmaq fikrində deyil. Amma hamı bilməlidir ki, sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq həyata keçirilməlidir. Bu məsələdə paralelliyi pozmaq istəyənlər anlamalıdırlar ki, işğal olunmuş ərazilər boşaldılmadan sərhədlərin açılması Azərbaycanın milli maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün və əminamanlığın bərpasına ağır zərbə olar”.
Səfər çərçivəsində nümayəndə heyətimizin Bern şəhərinin tarixi və görməli yerləri ilə, eləcə də Liebştatda yerləşən Atom Enerji Stansiyası və onun iş rejimi ilə tanışlığı səfərin yadda qalan məqamlarından olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır