TƏHSIL NAZİRLİYİNİN MÜSABİQƏSİ 284 MÜƏLLİM YERİNİN TUTULMASI İLƏ NƏTICƏLƏNİB, 81 YER İSƏ BOŞ QALIB
Təhsil Nazirliyi 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün elan etdiyi müsabiqəni yekunlaşdırıb. Lakin bu müsabiqəyə çıxarılan bütün vakant yerlər tutulmayıb. Ümumiyyətlə, bu müsabiqənin gedişi barədə fərqli fikirlər səsləndirilir.
Qeyd edək ki, 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib. I mərhələdə müsabiqədə iştirak etmək üçün təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib.
II mərhələdə ixtisaslardan asılı olaraq müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilmiş keçid balını toplamış müəllimlər seçdikləri məktəblərə işə qəbul olunublar. Müsabiqənin nəticələrinə görə, Bakıdakı orta məktəblərə 32 ingilis dili, 20 riyaziyyat, 8 fizika, 4 kimya, 10 biologiya, 27 ibtidai sinif, 19 Azərbaycan dili və ədəbiyyatı, 2 rus dili və ədəbiyyatı, 19 tarix, 56 informatika, 15 coğrafiya, 45 fiziki tərbiyə, 11 gənclərin çağırışaqədərki hazırlığı, 4 əmək hazırlığı, 8 musiqi və nəğmə, 4 təsviri incəsənət və rəsmxət müəllimi işə götürülüb.
Təhsil Nazirliyi müsabiqəyə 365 vakant yer çıxarmışdı. Nazirliyin məlumatına görə, müsabiqəyə 1044 nəfər sənəd verib, onlardan 284-ü uğur qazanaraq müəllim kim işə təyin olunub. Müsabiqəyə çıxarılan 81 vakant yeri isə heç kim tuta bilməyib.
Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin ümumtəhsil məktəblərində müsabiqənin nəticələrinə əsasən boş qalmış vakant yerlərə yeni müsabiqə elan ediləcək.
Qeyd edək ki, başa çatan müsabiqənin gedişi ilə bağlı birmənalı fikirlər səsləndirilmir. Müsabiqədə iştirak etmiş bəzi pedaqoji kadrlar Modern.az-a bildiriblər ki, işəgötürülmə prosesi saxtakarlıqlarla müşayiət olunub.
Yeri gəlmişkən, müsabiqə başlayanda Təhsil Nazirliyi Bakı məktəblərində 357 vakant müəllim yerinin olduğunu bəyan etmişdi. Lakin müsabiqənin nəticələri açıqlananda paytaxtdakı ümumtəhsil müəssisələrindəki 365 boş yerə sənəd qəbulunun aparıldığı bildirildi. Bu fakt da işəgötürülmə prosesinə kölgə salmaya bilməz.
İşəgötürülmə müsabiqəsinin rəsmi nəticəsi:
İxtisaslar | Vakant yerlərin sayı | Sənəd verənlərin sayı | İşə qəbul olunanların sayı |
İbtidai sinif müəllimi | 29 | 182 | 27 |
Azərbaycan dili və ədəbiyyat müəllimi | 20 | 142 | 19 |
Riyaziyyat müəllimi | 22 | 92 | 20 |
İnformatika müəllimi | 83 | 79 | 56 |
Fizika müəllimi | 10 | 36 | 8 |
Kimya müəllimi | 7 | 30 | 4 |
Biologiya müəllimi | 11 | 58 | 10 |
Tarix müəllimi | 20 | 78 | 19 |
Coğrafiya müəllimi | 16 | 30 | 15 |
Rus dili və ədəbiyyat müəllimi | 2 | 20 | 2 |
İngilis dili müəllimi | 32 | 200 | 32 |
Fransız dili müəllimi | 1 | 7 | - |
Fiziki tərbiyə müəllimi | 64 | 50 | 45 |
Gənclərin çağırışaqədərki hazırlığı | 21 | 21 | 11 |
Əmək hazırlığı müəllimi | 7 | 9 | 4 |
Musiqi və nəğmə müəllimi | 12 | 11 | 8 |
Təsviri incəsənət, rəsmxət müəllimi | 8 | 6 | 4 |
Cəmi: | 365 | 1044 | 284 |
"Modern.az"