19 noyabr 2017, Bazar
Ana Səhifə - Yazılar - Qabilin ədəbi portreti
Qabilin ədəbi portreti
12.08.2016, 10:58

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor  


Uşaq ana bətnində ananın qanı ilə, dünyaya gəldikdən sonra anasının südü ilə böyüyür. Bir müddətdən sonra qidaya düşür və  dünya nemətləri ilə qidalanır. Qan və süddən başqa, yerdə qalan dünya nemətləri – qidalar insanın nəfsini daha tez üzə çıxarır. Yüzlərin, minlərin, milyonların içərisində  barmaqla sayılacaq adamlar nəfsini qoruyur, dünya nemətlərinə uymur, dünya nemətlərinə şirniklənmir, nəfsinin quluna çevrilmir. Burada insanın mənəvi aləmi, daxili keyfiyyətləri, şəxsiyyəti, böyüdüyü mühit və s. böyük rol oynadığı kimi, onun genetikası da az əhəmiyyət kəsb etmir. Bax bu genetikanın içərisində qanın və südün rolunu heç cür inkar etmək olmaz. Qanı təmiz, südü halal olanların övladları da halal yaşamağa, dünya nemətlərinin qulu olmamağa üstünlük verirlər. Xalq şairi Qabil kimi.

Qabil təmiz qanın, halal südün acında ola-ola, bu təmizlik və halallıqla qidalana-qidalana böyümüş boya-başa çatmış, Azərbaycan xalqının görkəmli şairini Xalq şairi kimi yüksək mərtəbəyə ucalmışdır. "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq bilinmişdir. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı kimi adlarla təltif olunmuşdur. Onun mayası anası Suğra xanımın qanı, südü ilə yoğrulmuşdur. Elə onun anasına olan sadiqliyi, həyat yoldaşı Bəyim xanıma olan məhəbbəti, nəvələri Suğraya və Bəyimə etdiyi babalıq qayğısı, oğlu Mahirə öyrətdiyi həyat məktəbi − bütün bunların hamısının kökündə təmiz qana, halal südə bağlılıq dayanmışdır. Təsadüfi deyil ki, onun "Anamın sözəri", "Ana" şeirləri, "Anamın qanı..." novellası anası Suğra xanımın xatirəsinə həsr olunmuşdur. Bu şeirlərdə Qabil anasının halallığına övlad kimi etirafını gizlətmir. Həm də bu şeirlərlə Qabil tərcümeyi-halının müəyyən məqamlarını yazır. Bununla da biz Qabili daha yaxından tanımalı oluruq. Onu tanıdıqca, ona dərindən bələd olduqca Qabilin böyüklüyünü qəbul etməli olursan. Hiss edirsən ki, Qabil uşaqlıqdan hər şeyin səbəbinə varan, hər şeyin nəticəsini axtaran, hər şeyin kökünü öyrənməkdən çəkinməyən bir uşaq olmuşdur. Sonralar bu keyfiyyətlər onun daxili aləmində əsas gostəricilərə çevrilmişdir. "Anamın qanı..." novellasında Böyük Vətən Müharibəsi illərində  anası Suğra xanımın yaralılara qan verərək əvəzində ailəsinin dolanışığını qazanması səhnəsi o qədər təsirli və  təbiidir ki, oxucu o anları, məqamları yaşamalı olur, həm də hissini, duyğusunu gizlədə bilmir. "Anamın qanı..." novellasında Qabil yazır:

                                      Bir gün dərsdən evə gəldim:

                                      Bu nə deməkdir?

                                      Bu nə süfrə, bu nə dəsgah, bu nə yeməkdir?

                                      Lap ağ çörək... qolbas... süzmə... holland pendiri,

                                      Hələm-hələm ələ düşməz dənəvər kürü...

                                      Kərə yağı... şəkər tozu... mürəbbə, filan...

                                      Təsvirsiz bir təbəssümlə

                                      Anam dedi ki:

−       Gəl çıx, hardasan

                                      Keç əyləş, bala!

                                      Süfrəyə baxdım, getdim xəyala.

                                      Kişilik − qeyrət hissim oyandı,

                                       Qəlbimdə şübhə alovu yandı.

                                       Soruşdum:

                                       −Ay ana, hardandır bular,

                                        Axı, hansı evdə bu saat bu var?..

                                        Anam söylədi ki:

                                        − Boyuna qurban

                                        Əyləş, çörəyini ye,

                                        Olma nigaran...

                                        Allah ruzusudu – pakdı, halaldı.

                                        Bunun boyuna bax, bu nə sualdı?

                                        Könülsüz yedim, uddum... yemədim,

                                         Heç nə demədim.

 

       Axı bu dünyada başqa xislətli analar da var. Övladına laqeyd, biganə analar. Odur ki, Qabil anası Suğra xanımın timsalında əsl ananın necə olmasını oxucuya təqdim edir. Bu nizam tərəzisini itirmiş dünyada, həm də narahat dünyada, terrorun, qətlin haqsızlığın baş alıb getdiyi dünyada Suğra xanımlara ehtiyac var. "Cənnət anaların ayaqları altındadır" kəlamının hər zaman aktual olduğuna inam hissi ilə Qabil anasının dili ilə yazır:

 

                                         Gedirəm qan verirəm yaralılara, oğlum.

                                         Tapılmayan bu şeylər taqətimçün verilir.

                                         Yenə də qan verməyə növbətimçin verilir.

                                         Bu süfrə, bu naz-nemət qanıma əvəz, oğlum!

                                         Get, ay anası ölmüş, get arxayın gəz, oğlum!

 

Qabilin xarekterindəki etiraf eməyi bacarmaq keyfiyyəti anası Suğra xanıma münasibətdə də ən ali hiss kimi aydınca görünür.

                                         

                                         Düşdüm ayaqlarına məsum anamın bu dəm:

                                         −Ay anam, belə çıxır mən qanını yeyirəm?

                                         Qan bahası süfrəni bir də açsan əgər sən,

                                          Axtarma, baş götürüb qaçacağam bu evdən.

  Açığı deyək ki, "Ana" mövzusu Azərbaycan ədəbiyyatında şah mövzulardandır. Bu mövzuya müraciət edənlər az olmamışdır. "Ana" mövzusuna müraciət edib uğur qazanmaq da asan deyildir. Ancaq Qabilin "Ana" mövzusunda yazdıqları uğurludur. Bunun çoxlu səbəbləri sırasında bir də o dayanır ki, Qabilin anaya münasibətində genetik halallıq hər şeyi üstələyir. Bir də ki Qabildə, görünür ki, uşaq təmizliyi də var. Həmin uşaq təmizliyi onu ömrü boyu müşaiyət etmiş, izləmişdir. O, namaz qılan, ibadət edən, din-iman sahibi olan qadınları, xanımları ana kimi qəbul etmişdir. Necə ki, akademik Bəkir Nəbiyevin anası Zəhra xanımı ana deyə çağırmışdır. Bu, onun təbiətindən və təbiiliyindən irəli gəlmişdir. Qabilin təbiətindəki təbiilik, saflıq onu təbii olan hər şeyə bağlamışdır. O cümlədən akademik Bəkir Nəbiyevin anasına da. Bəkir Nəbiyev yazırdı: "Qəbri nurla dolmuş Suğra xanımı 1962-ci ildə itirmiş Qabil bu zaman artıq beş il idi ki, anasız qalmışdı. Mənimlə də, mənsiz də Şirvan tərəflərə yolu düşəndə anamın, ailəmizin əziz qonağı olardı..." İş elə gətirir ki, Bəkir Nəbiyevin Anası Zəhra xanım dünyasını dəyişəndə Qabil hadisədən bir-iki saat gec xəbər tutur. Dəfnə gecikir. Bəkir Nəbiyev yazır: "Bakıdan gələnləri, o cümlədən də bəzi qonşularını görüb dedi:

− Ay insafsızlar, qardaşım evinə təziyyəyə gəlirsiz, mənə isə barı bir xəbər də vermirsiz?! Axı mən Zəhra xanıma ana...  demişdim!

Əl-üzünü yumamış, bir stəkan çay belə içməmiş təkid etdi ki, onu qəbir üstə aparaq. Qardaşım Mahmud müəllimlə birlikdə arzusuna əməl etdik. 15-20 dəqiqədən sonra Qabil anamın qəbrinin hələ təravətini itirməmiş narın torpağını hamarlaya-hamarlaya doqaqaltı nəsə pıçıldayır, gözlərindən gildir-gildir yaş tökürdü." Bəli, bu elə bir mənəvi keyfiyyətdir ki, onu hər adamda axtarmaq, hər adamda görmək olmur. Onu yalnız sədaqətli, səmimi, sözü və özü bütövlərdə görmək mümkündür. Şair Qabil məhz belələrindən bu sırada olanlardan olmuşdur.        



Qabil Azərbaycan ədəbiyyatına  XX əsrin 40-cı illərində gəlmişdir. Artıq  XX əsrin 50-ci illərində o, şeir, ədəbiyyat aləmində peşəkarlığı ilə fərqlənmişdir.  XX əsrin 60-cı illərində Qabil Azərbaycan ədəbiyyatında aparıcı simalardan biri olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Qabil ədəbi prosesə qoşulanda, daha doğrusu, gələndə onunla çiyin-çiyinə addımlayan B. Vahabzadə, N.Xəzri, H.Arif, Ə.Kürçaylı, İ.Səfərli, A. Babayev və başqaları poeziyada öz isti nəfəslərini, üslublarını diqqət mərkəzinə çevirə bilmişdilər. Məhz ədəbi prosesdə layiqincə özünü doğruldan bu aparıcı simalar içərisində öz dəstxətti ilə seçilmək, bənzərsizliyi və özəlliyi ilə diqqət mərkəzində olmaq hər şairin işi ola bilməzdi. Heç şübhəsiz ki, Qabil bu baxımdan seçildi, fərqləndi və ədəbi mühitin ən parlaq nümayəndələrindən birinə çevrildi. Nəyin sayəsində? Hər şeydən əvvəl duyğularını, hisslərini tərənnüm etmək istedadına malik olması ilə. Həm də bu istedad üzərinə onu da əlavə etmək lazımdır ki, o, müraciət etdiyi mövzuların hər birini özünəməxsus üslubda, ifadə və deyim tərzində çatdırmaq istedadı  ilə də fərqlənmişdir. Məsələn, "Vətən" mövzusunda yazdığı şeirlərdə Qabil dili,üslubu, ifadə forması, məslək və əqidə sahibliyi baxımından bənzərsizdir. O, "Vətən" şeirində yazır:

                                   Bir birindən hər şey qopar, ayrılar−

                                   Ayrılmayan bəs nə var?

                                   Mən,

                                   Vətən!

 

         Bu cür dəqiq fikir söyləmək Qabilin öz xarekter dəqiqliyindən irəli gəlir. Qabil "mən"inin Vətəndən, Vətənin isə Qabil "mən"indən ayrılmazlığı maddə kütləsinin itməməsini, heçdən yaranıb heçdən yox olmamağı yada salır. Bir daha Qabil "mən"inin hətta bölünən atomlara ironiya ilə yanaşdığını xatırlayır. Bunların hamısının səbəbi də, nəticəsi də yenə də Qabil xarakterinin bütövlüyündən, bölünməzliyindən irəli gəlir. Ona görə ki, o, həyat tərzini əqidəsinə tabe etmiş, əqidəsinin işərisinə paylamışdır. Xarakter bütövlüyü həyat tərzinə, lap məişətinin hər anına sadiq olmağı təmin etmişdir. O yazır:

                            

                              Mən gözümü bu torpaqda açmışam,                                                                                                                                               

                              Mənim dilim bu torpaqda söz tutub,

                              İməkləmiş, yerimişəm, qaçmışam−

                              Dizlərimi qanadanda daş-kəsək

                              İlk yaram da bu torpaqda köz tutub.

 

      Qabil "Vətən" mövzulu şeirlərində Vətənin şəhərinə, kəndinə, qumlu sahilinə, gölünə, dağına, yaşıl ormanlarına sevgi və məhəbbətini gizlətmir. Onun üçün dünyanın bütün gözəllikləri Vətəndən – Azərbaycandan başlayır.

 

                              Azərbaycan torpağı,

                              Öpüm, öpüm səni gəl!

                              Axı, səndə görmüşəm

                              Hər şeyi əvvəl-əvvəl.

 

  Bu dünyaya sevgi, məhəbbət, bu dünyada hər şeyin gözəli, bir sözlə, xoş olan nə varsa, onların hamısı Qabil üçün Azərbaycan torpağından başlayır. O yazır:

 

                              Dünya mənə xoş gələr

                              Həyatın hər bir çağı? −

                              Sən bir dünyasan demək,

                              Azərbaycan torpağı.

 

  Qabilin " Azərbaycan torpağı”, "Göygöl", " Pirşağı", "Gül bağı", "Qoy danışsın təbiət", "Göyçay narı", "Çıxdım Əlincəyə", "Qız qalası", "Mərdəkan", "Bakı", "Yardımlıya qonaq gəlin" və s. şeirləri Azərbaycan torpağına bağlılığın ən bariz nümunələri olmaqla şairin təmiz, pak, isti və hərarətli nəfəsini oxucunun qəlbinə toxum tək səpir. Qabil Vətənin gözəlliklərini Vətənin özünə anlatmaq yolunda heç kəsə bənzəməyən bir üsluba, ifadə tərzinə malik şairdir. Yəni Qabil Vətənlə həmsöhbət olan şairdir. Məsələn:

 

                                Axı, bircə ovuc su deyilsən sən

                               Anasan, torpaqsan, Vətənsən, Vətən!

     Yaxud:

                               Azərbaycan – çınqısından vulkanınacan,

                               Azərbaycan – şeçməsindən ümmanınacan,

                               Azərbaycan – dahisindən adisinədək,

                               Azərbaycan – fəhləsindən aliminədək,                               

                               Azərbaycan – Babəkindən əsgərinədək,

                               Azərbaycan – Şahdağından düzlərinədək,

                               Tarixlərin yarpağında təvazölüdür,

                               Hər anında, hər çağında təvazölüdür.

 

  Qabilin xarakterində kişilik, sözündə bir kəsər var. Ona görə o, hər cür asanlıqla kiməsə baş əyməyi, kiməsə tabe olmağı sevmir və bəlkə də sevməkdən qabaq belə şeylər onun təbiətinə uyuşmur. Ancaq o, el-obaya və ən başlıcası torpağa münasibətdə tamamilə fəqrlidir. Özü demişkən:

 

                               Körpə, yaşıl çəmənlikdə nəhəng lalə tək,

                               Mən baxıram bağrı yanıq Yanardağıma.

                               Qürur ilə baş əyirəm səcdə edərək

                               Bu elimə, bu obama, bu torpağıma.

 

  Qabil yaradıcılığında "Vətən" movzusu bir obyekt kimi həm seçim, həm də bu seçilmişləri tərənnüm etmək, bundan başqa, coxlarının diqqətini cəlb etməyənləri diqqət mərkəzində saxlamaq, zahiri parıltıya aludə olmamaq baxımından çox cəlbedicidir. Bunun səbəbi onunla bağlıdır ki, Qabil Vətənin nəyindən yazırsa, onu yüksək səviyyədə, sözün yaxşı mənasında plagiat etməyi bacarır. Hətta onu plagiatlıqdan daha çox Qabilin haqqında yazdıqlarını yaxşıya çevirməyi bacarması adlandırardım. Bu məqamda Nobel mükafatçısı Tomas Eliotun "Məxfi meşə" adlı essesində yazdıqlarını xatırlatmaq istərdim. O yazırdı: "Yetişməmiş şairlər təqlid edir, yetkin şairlər oğurlayır, pis şairlər oğurladıqlarını təhrif edir, yaxşı şairlər isə onu daha da yaxşıya çevirir və ya necəsə fərqləndirirlər." Bu mənada Qabil sözün həqiqi mənasında  yaxşı şairdir. Axı o, həm də istənilən mövzuda yazarkən onun yazdığı bir mətn parçası kimi mövcud olanların (ona qədər mövcud olan mətnlərin) daxili proporsiyasını dəyişir. Mən buna ədəbi evolyusiya deyərdim ki, bunu Qabil bacarır və öz üslubunun ənənəsinə çevirə bilir. Bunu onun şeirlərinin əksəriyyətində müşahidə etmək olur. Sadəcə olaraq " Duz" şeirinə  fikir verək:

                                          Duz!

                                          Hər yerdə dolu,

                                          Hər yerdə ucuz.

                                          Ucuzdur iynədən-sancaqdan.

                                          Düymədən, daraqdan,       

                                          Acı siqaretdən,

                                          Şit qaletdən.

                                          Duz!

                                          Qışda qar da

                                          Duzdan baha olur.

                                          Bir parça

                                          Buz...

                                          Qonşudan duz istəyəndə

                                          Adam utanmır heç,

                                          Rişğənd ediləcəyinə

                                          İnanmır heç.

                                          Duz üstündə heç kimin

                                          Tamahı sürüşməyib.

                                          Duz üstündə bir kişi

                                          Bərkə-boşa düşməyib.

                                          Duz

                                          Duz

                                          Duz!

                                          Hər yerdə dolu,

                                          Hər şeydən ucuz...

 

  Bəli, Qabil mətndə daxili proporsiyanı dəyişir, ədəbi evolyusiya yaradır və bununla da öz üslubuna (//üslub ənənəsinə) qol-qanad verir. Yeri gəlmişkən bu qeyri-adi üslub onun şifahi nitqində də qorunur. Qabil şifahi danışığında da vaxtından qabaq dəfələrlə götür-qoy etmədən, məqsədli bir işə çevirmədən, danışacaqları barədə saatlarla baş sındırmadan sərbəst və asan bir yolla hamıya məlum olan həqiqətləri hamıdan fərqli şəkildə, hamının etiraf və təqdir edəcəyi formada deyə bilir, başqalarına çatdırır. Onu tanıyanların hər biri, yəqin ki, onun ali məclislərdəki nitqini dinləyiblər. Həmin nitq nə böyükdə, nə kiçikdə, nə vəzifəlidə, nə vəzifəsizdə qıcıq doğurmayıbdır. Bu cür üslub hər kəsə nəsib olmayan qeyri-adi üslubdur ki, o da Qabilin qisməti kimi ona mənsubdur. Bunun bir səbəbini həm də onda görmək olar ki, Qabil öz dəyərini dəyər kimi cəmiyyətə vaxtında təqdim etməyi bacarıbdır. Ona görə də heç zaman dəyərə etiraz etmək mümkün olmadığı kimi, Qabilin dəyərinə də yuxarıdan baxmaq, yaxud da hesablaşmamaq barədə düşünməyə ehtiyac olmayıbdır.

       Qabil mübariz şairdir. O, Azərbaycanın bütün ağrılarını ürəyindən, beynindən keçirərək poeziyanın dili ilə mübarizə aparmağı bacarır. Mübarizədə hədəfləri düzgün seçir. Qətilik və əminliklə, çəkinmədən və geri çəkilmədən öz sözünü deyir. Təbii ki, poeziyanın dili ilə. Hətta elə poetik söz deyir ki, o, aforizmə çevrilir. Onun " Çalsın Azərbaycan haray zəngini ",  "Təndir", "Türkün qəbri", "Mərsiyə ", " Qeyrət, a vətəndaşlar " , " İnanmaq öz yerində...",  " Çalma qaboy", "Nisbi sakitlik nədir?", " Özgədən çək gözünü", " Xəcalət ", " Çadırlar ", "Çadırlara alışmayın " ,  " Rəqs " , " Ümid sənədir ancaq..." və s. şeirlərinin hər biri siyasi-ideoloji mübarizənin poeziyanın dili ilə, poetik şəkildə ifadəsidir. Bu, Qabil yaradıcılığında çox yaxşı alınır, uğurlu və təsirli görünür. Siyasətçilər də bəzən belə movzulara toxunmamağa üstünlük verirlər. Çünki, həqiqəti söyləmək o qədər də asan başa gəlmir. Ancaq Qabil bu baxımdan o qədər məlumatlıdır ki, onun poeziyasında siyasi-ideoloji mübarizə siyasətçinin də, siyasətdən kənarda olanın da qəbul edəcəyi həqiqət olur. Məsələn:

 

                                     Qəlbi yanan xalqa bircə qurtum su,

                                     Lap bircə gilə də, qətrə də bəsdir.

                                     Bütün sualların cavabıdır bu:

                                     − Xalq var, xalqan başqa hər şey əbəsdir.

                Yaxud:

                                     Tutulub vahimədən nitq bu gün, dil bu səhər,

                                     Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,

                                     Bakı fəryad eləyir, gözdən axır sel bu səhər.

                                     Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,

                                     Gecəni atəş ilə qırmızı dan eylədilər,

                                     Xalqımı-millətimi güllə-baran eylədilər!

 

     Qabil o tipli şairdir ki, onun siyasi bilgisi heç də poetik duyumundan geri qalmır. Ona görə də o, siyasi həqiqətləri, dünyanın narahatlıqlarını poeziyasında səsləndirir. O, dünyanın siyasi mənzərəsində həqiqətin və yalanın, eləcə də onların sərhədlərinin dəqiq görüntüsünü görə bilir. Bunun sayəsində öz poeziyasında çağdaş dövrümüzə də, yaxın və uzaq keçmişimizə də  boylanır, baş çəkir, söhbət açır, danışır. Ona görə də onun şeirlərinin böyük əksəriyyətində siyasi superlərin apardığı siyasətə münasibəti görməmək olmur. Bu baxımdan Qabilin mövqeyi 2005-ci ildə Nobel mükafatına layiq görülmüş ingiltərəli Harold Pinterin mövqeyi kimi çox açıq və sərtdir. Harold Pinter Nobel nitqində deyirdi: "...İraq üzərinə hücuma haqq qazandıran cəhət Səddam Hüseynin fövqəladə qorxulu kütləvi qırğın silahına, o cümlədən 45 dəqiqə ərzində işə salınaraq dəhşətli dağıntılar törətməyə qadir silaha malik olması idi. Bizi inandırdılar ki, bu, həqiqətdir. Lakin yalan imiş. Bizə məlumat verdilər ki, İraq "Əl-Qaidə " ilə əlaqədardır və 2001-ci ilin sentyabr ayının 11-də baş vermiş Nyu-York faciəsinin məsuliyyətini  onunla bölüşür. Bizi inandırdılar ki, bu, həqiqətdir. Lakin yalan idi. Bizə dedilər ki, İraq dünyada təhlükəsizliyə qarşı yönəlmiş təhlükədir. Bizi inadırdılar ki, bu, həqiqətdir.  Lakin bu da yalan idi.

  Həqiqət tamam başqa şeydədir. Həqiqət Birləşmiş Statların dünyada öz rolunu necə təsəvvür etdiyində və bu rolu necə reallaşdırmaq istəməsindədir."

         Bu mənada Qabil dünyanın siyasi dairələrinə, super qüvvələrinə,  siyasi xadimlərinə Azərbaycan dilində öz poeziyası ilə deyir:

                                              Uzanır danışıqlar,

                                              İmzalanır sənədlər.

                                              Xəritədə aləmə

                                              Göstərilir sərhədlər...

                                              Səsimizə səs verir

                                              Dünya başbilənləri;

                                              Ümüd sənədir ancaq,

                                              Azərbaycan əsgəri!

              Yaxud:

                                              Deyinə-deyinə      

                                              Camaat gəzir:

                                              Kremlə sadəlövh

                                              Məktublar yazır...

              Başqa bir misal:

                                              Düşmən Xocalıya

                                              Raketlər düzür...

                                              Yansın baxışlarda

                                              Döyüş atəşi.

                                              Səfərbər etməli

                                              Eli-mahalı,

                                              Dəyişsin millətin

                                              Halı-əhvalı.

                                              Yığıb-yığışdıraq

                                              Hırıltıları,

                                              Yığıb-yığışdıraq

                                              Zırıltıları,

                                              Gileyi-güzarı,

                                              Qırıltıları.

 

     Qabil dünyanın ikili standartlarını qamçılayır. Azərbaycana olan qeyri-səmimi münasibəti tənqid edir. Əslində o, bununla belə, hərbi diktaturanın əleyhinə çıxır. Dolayısı yolla haqqı tapdalananları, başına min cür oyun açılanları müdafiə edir. Onun müdafiəsi fərdin, subyektin taleyindən başlayaraq məmləkətin, dövlətin, bütövlükdə dünyanın müdafiəsinə yönəldilir.

       Qabilin haqq-ədalət müdafiəsində haqqı vaxtilə tapdalananların və haqqı hər gün, hər an pozulanların payı var: İndoneziyanın, Yunanıstanın, Uruqvayın, Braziliyanın, Paraqvayın, Haitinin, Türkiyənin, Filippinin, Qvatemalanın, Salvadorun, Çilinin və digərlərinin.

      Qabilin yaradıcılığında diqqəti cəlbedən məqamlardan biri də onun şeirlərində yüksək əxlaqın olmasıdır. Bu, yaradıcı insanın özü üçün də, yaradıcılığının mənası üçün də vacib şərtdir. Özü də bu əxlaqın içərisində bir vicdan və məsuliyyət də vardır. Əxlaq, vicdan və məsuliyyət Qabil yaradıcılığının ölçüsüdür, meyarıdır.

       Qabilin yaradıcılığı üçün səciyyəvi olan bir cəhət də vardır. Bu da onun Azərbaycan dilinə və onun imkanlarına tələbkarcasına yanaşmasıdır. O, dilin hamıya məlum olan normalarını sözün yaxşı mənasında sındırmaqla məşğul olur. Sözün yaxşı mənasında dilin normalarını sındırması onun sözlə oynamasında, söz sırasını qurmasında, durğu işarələrini istifadə etməsində, fikri cümlə formasına salmasında sərbəstliyinə, azadlığına imkan yaradır. Nəticədə onun özünəməxsus, ölçülü-biçili, nizamlı, canlı və təsirli, qeyri-ənənəvi dili (//üslubu) yaranır. Bu dil vasitəsi ilə Qabil öz təfəkkürünü, düşüncəsini oxuculara daha dəqiq çatdırır. Ona görə də onun kristallaşmış, qəlibləşmiş saysız-hesabsız misraları və sətirləri hər bir oxucunun yaddaşına əbədi həkk olunmuşdur. Məsələn:

 

                                     Gecəni atəş ilə qırmızı dan eylədilər,

                                     Xalqımı-millətimi güllə-baran eylədilər!

                                                           ***

                                     Mən tufandan əvvəlin

                                     Sükütundan qorxuram.

                                     Təbiətin bu təslim

                                     Süqutundan qorxuram.

 

                                     Nisbi sakitlik nədir?-

                                     Yəni düşmən dəm alır...

                                     Səni yatırtmaq üçün

                                     Şirin layla da çalır.

 

                                     Nisbi sakitlik nədir?

                                     Şimşəklər çaxsın gərək.

                                     Suyumuz da düşməni

                                     Yandırıb-yaxsın gərək.

 

                                     Nisbi sakitlik nədir?

                                     Məəttəldir camaat.

                                     Düşməni göz açmağa

                                     Qoyma bir an, bir saat!

 

                                     Nisbi sakitlik nədir?

                                     Əldən fürsət verirsən.

                                     Öz əlinlə düşmənə

                                     Özün möhlət verirsən.

 

  1998-ci ildə Nobel mükafatı almış Portuqaliya yazıçısı Joze Saramaqonu deyirdi:   " Dilimiz qəribə və əsrarəngizdir. Onu nə qədər çox burur, nə qədər çox sındırırsansa, bir o qədər dərin mətləbləri anlada bilir... Ah, kaş ifadələrin baş-ayaq çevrilməsini qanuniləşdirə biləydik, görün onda necə qəribə, gözəl dünya yaradardıq." Bax Qabilin yaradıcılığı məcbur edir ki, ona bu baxımdan yanaşaq. Və bu baxımdan yanaşmalı oluruq. Nə görürük? Görürük ki, Qabil dilimizin qəribə və əsrarəngiz olduğunu duyur. Ona görə də dərin mətləbləri anlatmaq üçün dili burur, sıxır, sındırır... Baş-ayaq məsələləri dilin imkanları çərçivəsində oxucuya çatdırır. Həm də sadəcə olaraq çatdırmır, fikrinə, düşüncəsinə, mövqeyinə etibar və ehtiram hisslərini oxucuya aşılayır. Onun aşağıdakı misraları bu missiyanın dəqiq nümunələrindən bir neçəsidir.

                                   

                                    Duman dağı dolanar,

                                    Qiyamət olar.

                                    Duman yola sallanar,

                                    Müsibət olar.

                                    Müsibət oluruq biz,

                                    Səhv düşəndə yerimiz.

                                                   ***

                                    Nisbidir həm yaxşı,

                                    Nisbidir həm pis.

                                    Ancaq nisbi deyil,

                                    Nə qızıl, nə mis.

                                    Ancaq nisbi deyil,

                                    Cins ilə nacins.

                                    Gəzirik xalisi

                                    Gəzirik xası.

                                    Nə baş ağrıdım ki,

                                    Sözün qısası,

                                    Biz ayrı sövdanın xiffətindəyik,

                                    Yaxşı adamların həsrətindəyik.

                                                      ***

                                    Dirinin şəninədir məclisimiz-ehsanımız,

                                    Dirinin şəninədir tapşırılan Quranımız.

                                    Ölüdən yox, dirilərdən utanır vicdanımız,

                                    Gözümüzdən özümüzçün tökülür leysanımız.

                                    Diriyə hörmətimizdir ölüyə hörmətimiz,

                                    Olmasın yasin onun ruhuna qoy minnətimiz.

                                                       ***

                                    Can çürüyür,

                                    Şan çürümür,

                                    Çürüyüb gedən deyiləm.

                                                       ***

                                    Tayfa deyil, millətik Biz,

                                    Bir evik, bir külfətik Biz,

                                    Saraylara şöhrətik Biz,

                                    Çadırlara alışmayın!

                                                       ***

                                    Ağsan – ağ kimi görün

                                    Qarasan – qara kimi,

                                    Sağsan – sağ kimi görün,

                                    Yarasan – yara kimi.

 

                                                  ***

                                  Xəmir oldun, daş olma!

                                  Yoğrulub yapılmazsan.

                                  Daş oldun – yoldaş olma!

                                  Cərgədə tapılmazsan.

 

      Qabil yaradıcılığında qoşayarpaqlar və dördlüklər xüsusi yer tutur. O, bununla çağdaş Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni bir üslub gətirmişdir. Yeni nəfəs, yeni bir üslub deyirəm, ona görə ki, onun qoşayarpaqlarında və dördlüklərində poetik fikir, düşüncə, qeyri-adi yanaşma, qeyri-adi ifadə tərzi kifayət qədərdir. Bu mənada bəzi qoşayarpaqlara fikir verək:

                                   

                                   O gün olsun, o gün olsun! − Söyləyir millət,

                                   Yox,yox o gün olmayacaq yoxdursa qeyrət.

                                                             ***

                                   Girmək üçün qapı var – girirsən qapıdan gir,

                                   Deşik kişi işi yox, filan-filan... işidir...

                                                             ***

                                   Ən böyük dilşünas xalqın özüdür,

                                   Söz də ki... qulaq as, xalqın sözüdür.

                                                             ***

                                   Qanda şəkərin dərmanı çoxdur...

                                   Dildə zəhərin dərmanı yoxdur...

                                                            ***

                                   "Milçək bir şey deyil"− deyə öyrənib adamın dili,

                                    Milçək girib qulağına öldürür dağ boyda fili.

 

         Qabilin dördlükləri həyatın ibrətamiz anları və məqamları ilə bağlıdır. Bunun da səbəbi var. Qabil Azərbaycanı, bu xalqın dilini,  dinini, adət-ənənəsini nə qədər sevirsə, bir o qədər də çatışmayan cəhətlərə, qüsurlara reaksiyasını gizlətmir. Vaxtilə Amerika Birləşmiş Ştatlarının yazıçısı Nobel mükafatçısı Luis Sinkler Nobel nitqində deyirdi ki, "Mən Amerikanı sevirəm, amma o, mənim xoşuma gəlmir." Bəli, Qabil Azərbaycanı sevir, ancaq çatışmayan cəhətlər, qüsurlar onun xoşuna gəlmir. Ona görə də o, çatışmayan cəhətlərə, qüsurlara Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir sayağı mövqeyini bildirir və yazdığı dördlüklərdə həyatımızın, məişətimizin, dilimizin, dinimizin, bir sözlə, bizə aid olanların (hətta dünyaya aid olanların) hər birində gördüyü nöqsanlara qarşı mübarizə aparır. Bir daha qeyd etmək yerinə düşər ki, bu, Qabilin üslubu kimi  XX əsrin 1990-2000-ci illərində Azərbaycan ədəbiyyatında yenilik kimi diqqəti cəlb edir. Həmin dördlüklərin hamısı olmasa da, bir neçəsinə diqqət yetirmək fikrimizi bir daha təsdiq etmiş olar.

                                       

                                       Anadangəlmə dəli, anadangəlmə dahi,

                                       Bətndəki rüşeymə özün də mat, İlahi!

                                       Dəli-dahi arası olsa belə tük qədər,

                                       Dahi olmur dəlilər... Dəli olur dahilər.

                                                               ***

                                        Sözünün yerini bilməyən kəslər,

                                        İnan, zarafata girişir hədər.

                                        Zarafat nazik tel, iti bıçaqdır,

                                        Qanmazlardan zəriflik, itilik çox uzaqdır.

                                                               ***

                                       Bir gündə qohum yası, bir gündə qohum toyu,

                                       Demə, toyda-vaydaymış insan həyatı boyu.

                                       Bəs atalar deməyib "yarıyın xeyrə-şərə?!"

                                       Yox, ziddiyyət deməyin siz bu zərurətlərə.

 

        Qabil nə yazıbsa, nədən yazıbsa heç kəsə yazdıqlarını sırımaq istəyində olmayıbdır. Onun yazdıqlarının hamısı təbii yolla doğulub, yaşamaq vəsiqəsi alıbdır. Ona görə də həyatın baş-ayaq məqamlarında Qabildən ( daha doğrusu, yaradıcılığından) bərk-bərk yapışırıq.

      Qabildən çoxları yazıb və çox məqamlara toxunublar. Onların hər birinin haqqına hörmət xatirinə bəlkə adlarını çəksəm yerinə düşər: Anar, Abbas Abdulla, Ayaz Vəfalı, Arif Əmrahoğlu, Atababa İsmayılov, Azər Abdulla, Balasadıq, Balaş Azəroğlu, Bəkir Nəbiyev, Çingiz Abdullayev, Əli Səmədli, Fəxriyyə Quliyeva, Fikrət Qoca, Fikrət Sadıq, Xeyrəddin Qoca, İsa İsmayılzadə, İsmayıl Şıxlı, Kəmalə Ağayeva, Kərəm Kürqıraqlı, Qəşəm İsabəyli, Mahcamal, Mənzərə Sadıqova, Minayə Dəyanətqızı, Mİrzəli Cəfər, Mürsəl Qocayev, Ramiq Muxtar, Ramiz Əkbər, Seyidmiri Aslanov, Teyyub Qurban, Tofiq Hacıyev, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, hətta oğlu Mahir Qabiloğlu və digərləri. Deyəsən, adların sayı bir az çox oldu. Eybi yox, bu adlar içərisinə öz adımı da əlavə etdim. Qabil haqqında belə bir məqalə yazdım. Onun 90 illik yubileyi şərəfinə oxucularla bölüşdüm. Hələ yazmadığım məqamlar var ki, onu da Qabilin gələcək yubileylərində yazacağım inamı ilə hələlik deyirəm.

                                                                      




SON XƏBƏR
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
19.11.2017, 10:31

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB
19.11.2017, 10:21

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB

Çaylarda sululuq səviyyəsi açıqlandı
19.11.2017, 10:12

Çaylarda sululuq səviyyəsi açıqlandı

Düşmən atəşkəsi 135 dəfə pozdu
19.11.2017, 09:49

Düşmən atəşkəsi 135 dəfə pozdu

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident məşhur Aslan Aslanovu təltif etdi
18.11.2017, 21:08

Prezident məşhur Aslan Aslanovu təltif etdi

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

ARXİV