Modern.az

Deputatlar şəhidlərin dəfn mərasimlərinə gediblərmi?...

Deputatlar şəhidlərin dəfn mərasimlərinə gediblərmi?...

Parlament

4 Aprel 2016, 18:48


Aprelin 2-dən başlayaraq cəbhəboyu ərazilərdə aparılan əməliyyatlar nəticəsində ordumuz müəyyən qələbələr əldə etdi. Goranboy cəbhəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Tərtərdə Suysulan məntəqəsi, Füzuli istiqamətində Lələtəpə yüksəkliyi düşmən qüvvələrindən tam təmizlənib.

Təəssüf ki, əldə olunan bu uğurlar itkisiz başa gəlməyib və ordumuz xeyli şəhid verib.

Müdafiə Nazirliyi son iki gündə 15 nəfər həbçimizin şəhid olduğu barədə rəmi məlumat yayıb.
Azərbaycanın müxtəlif rayonlarında Vətən uğrunda şəhid olmuş hərbçilərimizin dəfn mərasimləri izdihamla keçir.

Həmin rayonlardan seçilən deputatlar bu mərasimlərdə iştirak ediblərmi?

Modern.az saytı parlamentarilərlə əlaqə saxlayıb.

21 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilmiş Məlahət İbrahimqızı deyib ki, həm rayonda, həm Bakıda Şəhidlərin dəfnində iştirak edib: “Hər  birimiz Şəhidlərin ruhu qarşısında baş əyirik. Bu, hər birimizin borcumuzdur. Hesab edirəm  ki, bunu qabartmağa ehtiyac yoxdur”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də şəhidlərin dəfn mərasimlərində iştirak etdiklərini deyiblər.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas deyib ki, sabah Ağdama gedəcək:

“Ağdama sabah gedəcəm. Hər gün 3-4 dəfə telefonla icra başçısı, polis rəisi, idarə və müəssisə rəhbərləri ilə əlaqə saxlayıram. Eyni zamanda Füzuli rayon icra başçısı və polis rəisi ilə, Tərtərin icra başçısı və prokuroru ilə də əlaqə saxlayıram. Şamaxıda dünən şəhidimizin dəfnində iştirak etdim. Sabah da Ağadama səfər edəcəm”.

Ağcabədi rayonundan seçilən deputat Tahir Rzayev bildirib ki, rayondan şəhid olan əsgərin dəfninə çata bilməsə də, yasına gedəcək:

“Sabah Milli Məclisin iclası olacağına görə mən bu gün Ağcabədidə dəfn olunan şəhidin yasına gedə bilmədim. Tez-tez Ağcabədi rayon rəhbərliyi ilə əlaqə saxlayıram, oradakı tanışlardan vəziyyəti öyrənirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Sözssüz ki, onların dəfn mərasimində iştirak etmək bizim borcumuzdur. Mən də şəhidimizin yas mərasiminə gedəcəm. Sabah Milli Məclisin iclasında cəbhədə yaranmış bu vəziyyətlə bağlı müzakirələr olacaq. Bizim hər birimiz bu günlərdə yerlərdə olmalıyıq. Məsləhət olsa, biz də deputatlar olaraq cəbhə bölgələrinə gedib, əhali ilə görüşmək istəyirik. Bizim də kəndimiz ermənilər tərəfindən 3 gün atəşə tutuldu.
Bu gün rayon gənclərində yüksək döyüş əhval-ruhiyyəsi var. Bizim ordumuz çox qüvvətlidir”.

Ağdamın deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, rayonla tez-tez əlaqə saxlayır və mətbuat orqanının bölgə müxbirləri şəhid ailələrinə baş çəkirlər:

“Mənim indiki vəziyyətdə qəzetin kollektivi ilə bir yerdə olmağım daha faydalıdır. Amma Ağdamla hər gün bir neçə dəfə telefonla əlaqə saxlayır, oradakı vəziyyəti öyrənirəm. Rəsmi və qeyri-rəsmi şəxslərdən, qohum və dostlardan rayon haqqında hər gün məlumat alıram. Ağdamdan olan şəhidimizin ailəsi ilə də əlaqə saxlayırıq. Bölgə müxbirlərimizlə də danışaraq nəyi necə yazmaqlarını tapşırırıq.

Cəbhə bölgələrində olan müxbirlərimizə oradan operativ məlumat ötürməyi, şəhid ailələrinə baş çəkməyi tapşırmışıq.
Gənclərimiz kütləvi şəkildə səfərbərlik xidmətinə gedərək, könüllü orduya yazılmaq istəyirlər. Əhali arasında böyük ruh yüksəkliyi var. Çünki indiyə qədər 22 il ərzində hələ belə bir addım atılmamışdı”.

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!