Modern.az

"Cavidnamə" təqdim olunub

"Cavidnamə" təqdim olunub

24 Dekabr 2010, 18:47

Dekabrın 24-də fəlsəfə doktoru Azər Turanın "Cavidnamə" kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanın xalq şairi Zəlimxan Yaqub kitabın təqdimat mərasimində bildirib ki, "Cavidnamə" əsərində təkcə Hüseyn Cavidin yaradıcılığı deyil, onu yetirən zəngin mühitlə tanışlıq əks olunub.
"Hüseyn Cavidin həyatında İstanbul mühiti olmasaydı, bəlkə də "İblis", "Şeyx Sənan", "Peyğəmbər" kimi əsərlər yaranmazdı", - xalq şairi bildirib. O qeyd edib ki, Azər Turan Hüseyn Cavid həyatını dərindən öyrənib, o, Cavid vurğunudur.
Z.Yaqub bildirib ki, Hüseyn Cavidin yaradıcılığının elə sahəsi yoxdur ki, "Cavidnamə" əsərində öz əksini tapmasın.

Kitabın məsləhətçisi, millət vəkili Qənirə Paşayeva təqdimat zamanı bildirib ki, Hüseyn Cavid haqqında çox kitablar yazılıb, lakin "Cavidnamə" öz dolğunluğu və geniş faktlarla zənginliyi ilə fərqlənir.
Onun sözlərinə görə, "Cavidnamə" kitabının uğurlu alınmasının səbəblərindən biri müəllif Azər Turanın Hüseyn Cavid düşüncəsinin və ruhunun insanı olmasıdır. "Azər Turan XX əsrin əvvəllərinin ədəbi mühitini mükəmməl araşdıran və öz kitabında onları göstərən bir şəxsdir", - Q.Paşayeva bildirib.
Deputat qeyd edib ki, "Cavidnamə" kitabı hər kəsin anlayacağı dildə yazıldığından, orta məktəblərə, ali təhsil müəssisələrinin kitabxanalarına yayılmalıdır.
Millət vəkili kitabın işıq üzü görməsinə görə "Cahan Holdinq"in prezidenti Vüqar Abbasova təşəkkür edərək, bütün iş adamlarını ədəbiyyatımızın inkişafına yardım etməyə çağırıb.

Professor Nizaməddin Şəmsizadə təqdimat zamanı bildirib ki, Hüseyn Cavid ömrü yarıda qırılsa da, onun yaradıcılığı həm XX, həm XXI əsrdə yaşayır. "Azərbaycan istiqlaliyyəti dövrünü öyrənmək üçün Hüseyn Cavidə daha çox müraciət olunmalıdır. "Cavidnamə" Hüseyn Cavid haqqında yazılan kitabları tamamlayan bir əsərdir", - deyə professor bildirib. Onun sözlərinə görə, bu əsər Hüseyn Cavidə ümumxalq məhəbbətinin bir qədər də artmasına səbəb olacaq.

Millət vəkili Fazil Mustafa bildirib ki, Hüseyn Cavid özünü zamana, cəmiyyətin qlobal problemlərinə həsr etmiş şair olub. Onun sözlərinə görə, Hüseyn Cavidi dünya arenasına Azərbaycanın dəyəri kimi çıxarmaq olar. "Cavid yazıb-yaratdığı dövrdə heç bir çətinliyə görə Allah tərəfindən verilmiş missiyadan əl çəkmədi", - Mustafa deyib. Millət vəkilinin fikrincə, "Cavidnamə" kimi monoqrafiya cəmiyyətin Hüseyn Cavidi anlamasına səbəb olacaq əsərdir.

"Cavidnamə" Azər Turanın Cavidşünaslıq sahəsində nəşr etdiyi ilk kitab deyil. Bundan əvvəl müəllifin "Hüsni-xuda şairi", "Əbədi Turan", "Cavid əfəndi", "Hüseyn Cavid", "Turan Cavidin son söhbəti, son yaşantıları, son günü", "Tahir Rasizadə" kitabları çap olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir