Modern.az

Parlament jurnalistləri Milli Məclisin işini cəmiyyətə necə çatdırırlar?

Parlament jurnalistləri Milli Məclisin işini cəmiyyətə necə çatdırırlar?

29 Dekabr 2010, 08:35


Hər il Milli Məclisin iclaslarında müxtəlif qanunlar qəbul edilir, ayrı-ayrı sənədlərə əlavə və dəyişikliklər həyata keçirilir. Bu sənədlərlə bağlı parlamentin rəsmi orqanı olan “Azərbaycan” qəzeti ictimaiyyətə məlumat verir. Amma parlamentdə digər gündəlik qəzetlərin və informasiya agentliklərinin, internet portallarının müxbirləri də akkreditasiya olunub. Bəs onlar Milli Məclisdə qəbul edilən qanunları cəmiyyətə necə çatdırırlar? Bu il qəbul olunan hansı qanunları xatırlayırlar?
Modern.az-ın əməkdaşı bu sualla parlament jurnalistlərinə müraciət edib.

“Parlament TV yaradılsaydı, biz orada sərbəst mövzular yazardıq…”

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, jurnalistlərin parlamentdə qəbul olunan qanunlar əvəzinə orada baş verən hadisələri cəmiyyətə çatdırması, önə çıxarması həmişə qınaq obyektinə çevrilir: “Milli Məclisdə baş verən digər hadisələr cəmiyyət üçün daha maraqlı olur. Hansısa qanunun qəbulu və qanunda nəzərdə tutulan müddəalardan çox, həmin qanunda insanları maraqlandıran problemləri önə çıxartmağa çalışırıq. Məsələn, insan hüquqları ilə bağlı hansısa qanun qəbul olunur və ya hansısa maddəyə dəyişiklik edilir. Biz də bu qanunun mahiyyətini bir kənara qoyub, deputatların dilindən səslənən, insanların lehinə və əleyhinə olan fikirləri önə çəkməyə çalışırıq. Yaxud cari məsələlərin müzakirəsi zamanı daha maraqlı hadisələr baş verir. Hər bir deputat öz fərdi təklifini, düşüncəsini irəli sürür. Müşahidə edirsən ki, bu təkliflərin səsləndirilməsi zamanı çox maraqlı proseslər baş verir”.
E.Muradlı bir sıra deputatların təkliflərini işıqlandırmadıqlarını da etiraf edib: “Düzdür, elə deputatlar var ki, onlar təkliflərini yazıb gətirir, səsləndirir, amma heç bir jurnalist onu qeyd eləmir və sabah mətbuatda da izləyirsən ki, onun çıxışına önəm verilməyib. 
Bizim tanıdığımız deputatlar var ki, biz onlara ənənəvi deputatlar deyirik, həmişə onlar çıxış edir, maraqlı təkliflər irəli sürür. Hər zaman belə deputatların  fikirlərini diqqətlə izləməyə çalışırıq ki, onlar nə deyəcəklər, hansı təkliflər irəli sürəcəklər”.
Həmkarımız bəzən parlamentdə olan mübahisələri qabartdıqlarını da qeyd edib: “Buna da təbii baxmaq lazımdır. Ümumiyyətlə, qanunvericiliklə bağlı nə qədər məlumat versən onu oxumurlar, amma yazanda kı filan deputatla rəhbərlik arasında qalmaqal olub, yaxud spiker filan məsələyə münasibət bildirib, bu daha  çox oxunur. Mənim fikrimcə, parlament televiziyası deyilirdi e, o yaradılsa, daha yaxşı olardı. Qanunların cəmiyyətə çatdırılması funksiyası o televiziya yerinə yetirərdi, biz də parlamentdə sərbəst mövzuları yazardıq”.
Elməddin Muradlının fikrincə, parlamentin iclasına hər bir jurnalistin özünün yanaşma tərzi var.
“Müxalifət deputatı çıxış edir, YAP-ın bostanına daş atır, amma çıxışını qutaran kimi durub gedir çölə və əks tərəfin cavabını gözləmir. Ya da əksinə, hansısa deputat yerindən atmaca atır, maraqlı hadisələr baş verir, jurnalist kimi istərdim bu məsələlərdən reportaj hazırlayım”.
“2010-cu ildə qəbul edilən hansı qanun sizin yadınızda qalıb” sualına cavabında E.Muradlı “Təhsil haqqında” Qanunun adını çəkib: “Təhsil qanunu neçə il idi ki, müzakirə olunurdu. Axır ki, o qanunun qəbul olunmasını görmək bizə qismət oldu.
Axırıncı iclasda isə Ombudsmana əlavə səlahiyyətlər verildi. İnformasiya məsələləri üzrə səlahiyyətlərin ona verilməsi çox ciddi müzakirələrə səbəb  oldu”.

“Özümü hər zaman müzakirələrdə iştirak edən insanların yerinə qoyuram”

15 il parlament jurnalisti kimi fəaliyyət göstərən “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu ilk vaxtlardan Milli Məclisdə baş verən prosesləri, müzakirələri, qanun layihələri, dinləmələri olduğu kimi cəmiyyətə çatdırmağa çalışdığını bildirib: “Hər zaman çalışmışam ki, hansısa təhriflərə, nöqsanlara, qeyri-peşəkarlıqlara yol verməyim. Millət vəkillərinin əksəriyyəti də bunu təsdiqələyə bilər. Onların fikirlərini heç vaxt təhrif etməmişəm. Özümü hər zaman müzakirələrdə iştirak edən insanların yerinə qoyuram, fikirləşmişəm ki, sabah kimsə mənim fikrimi hansısa formada təhrif edə bilər və mən hansı duruma düşə bilərəm. Milli Məclisdə qanun layihələri ilə bağlı aparılan müzakirələr ictimai həyatımızla bağlı olduğu üçün hadisələri obyektiv işıqlandırmağa çalışıram”.
2010-ci ildə elə bir vacib qanun layihəsini qəbul olunduğunu  xatırlamadığını bildirən K.Həmzəoğlu deyib: “Amma 2009-cu ilin ən vacib qanun layihəsi “Təhsil haqqında” Qanunun qəbul olunması idi. İlk dəfə 1992-ci ildə qəbul olunan qanun nəhayət ki, 17 ildən sonra Milli Məclis tərəfindən yenidən işlənilib qəbul olundu. 2010-cu ildə isə diqqətimi çəkən qanun layihəsi  olmayıb”.
K.Həmzəoğlunun fikrincə, müzakirəsi vacib olan bəzi qanunlara ciddi dəyişikliklər edilməlidir: “Məsələn, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara ciddi dəyişikliklər olunmalıdır. İstərdim ki, 2011-ci ildə bu qanun layihələrinə baxılsın və onlar sırf Avropa standartlarına uyğunlaşdırılsın.
2010-cu ildə müəyyən qanunlar qəbul olundu, məsələn, Obmudsmanla bağlı konstitusiya qanununa müəyyən dəyişiklər edildi, özü də iki dəfə dəyişiklik edildi. Həm onun səlahiyyət müddəti artırıldı, bu yaxınlarda isə ona həm də informasiya ombudsmanının səlahiyyətləri, hətta milli preventiv qrupun yaradılması ilə bağlı səlahiyyətlər də verildi”.

“Qəzetlər daha çox cari məsələlərin müzakirəsinə diqqət yetirirlər…”

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli hesab edir ki, qəzetlərin tirajı yüksək olmadığı üçün Milli Məclisdə qəbul olunan qanunların oxucuya çatdırılmasında müəyyən problemlər ola bilər: “Çünki qəzetlər o qədər də çox oxunmur. Biz çalışırıq ki, Milli Məclisdən hazırladığmız reportajın içərisində həmin sənədlərə yer verək. Qəzetlər isə daha çox cari məsələlərin müzakirəsinə diqqət yetirirlər, bu da təbiidir. Çünki cari məsələlərin müzakirəsi zamanı ciddi təkliflər səsləndirilir, müəyyən mübahisəli məqamlar yaranır, bu da qəzet, həm də oxucu üçün maraqlıdır”.
A.Cəfərli Milli Məclisdə qəbul olunan qanun layihələrini mümkün qədər oxucuya çatdırmağa çalışdıqlarını bildirib: “Qanun layihəsini sadələşdirilmiş formada oxucuya çatdırmağa çalışırıq ki, informasiya onlar üçün yorucu olmasın. Bizdə qanunun dili çətin olur, bəlkə də belə olmalıdır. Təbii ki, bunu hər zaman edə bilmirik, çünki bir iclasda həddindəın artıq çox məsələ müzakirə olunur. Çox vacib qanun layihələrini çalışırıq ki, reportajın içərisində çatdıraq”.
Həmkarımız 2010-cu ildə qəbul olunan qanunlar içərisində  “Təhsil haqqında” Qanunun qəbulunu xüsusi qeyd edib: “Qanunla bağlı parlamentdə ciddi müzakirələr gedirdi, hətta müəyyən qüvvələr bunun qarşısını almağa çalışırdı. Buna görə  qanunun qəbulu bizim üçün daha çox yaddaqalan olub”. 
A.Cəfərli “2011-ci ildə isə istərdim ki, “Siyasi partiyalar haqqında” Qanun qəbul olunsun və il bizim yadımızda bu qanunun qəbulu ilə qalsın. Çünki bu qanunun qəbulu artıq zərurətə çevrilib” deyə sonda bildirib. 

““Mediaforum” yeganə KİV-dir ki, Milli Məclisdə qəbul olunan sənədləri olduğu kimi dərc edir…”

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə imkan daxilində parlamentdə qəbul olunan qanunlar barədə cəmiyyətə məlumat çatdırmağa çalışdıqlarını bildirib:
“Parlamentdə elə olur ki, gündəliyə 30-a yaxın məsələ daxil edilir, onların çoxusuna baxılır və qəbul olunur. Bunların hamısını çatdırmaq isə mümkün deyil. Amma cəmiyyət üçün aktual olan məsələləri informasiya formasında veririk, eyni zamanda həmin qanunla bağlı edilən çıxışları, deputatların fikirlərini işıqlandırırıq. Bundan başqa, bir sıra sənədləri, qanun layihələrini olduğu kimi veririk. Azərbaycanda KIV-lər arasında “Mediaforum” saytı yeganə mətbuat orqanıdır ki, Milli Məclisdə müzakirə edilib, qəbul olunan sənədləri, qanun layihələrini olduğu kimi dərc edir. Bəzən geniş oxucu üçün elə də əhəmiyyət kəsb etməyən, müəyyən sahəyə xidmət edən layihələr olur ki,  onları yalnız kiçik informasiya şəklində veririk”.
İ.Əlizadə 2010-cu ildə bir sıra qanun layihələrinin qəbul olunduğunu deyib:
“Parlamentdə Azərbaycanın Hərbi Doktarinası təsdiqlənib. Ombudsmanla bağlı qanuna, eyni zamanda “Prokrurorluq haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Əlavə və dəyişikliklər nəticəsində Ombudsmanın və baş prokurorun səlahiyyətləri artırılıb. Bundan əlavə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna da əlavə və dəyişikliklər edilib”.

“Parlamentdəki müzakirələri həmin gün bütün media cəmiyyətə çatdırır”

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva bildirib ki, parlamentdə müzakirələr olsa, həmin gün, xüsusən də bütün media - istər televizya, yazılı mətbuat, istərsə də internet - hər bir onu cəmiyyətə çatdırır: “Bundan əlavə, biz çalışırıq ki, qəbul olunan qanunlarla bağlı ayrı-ayrılıqda müəyyən ekspertlərin, millət vəkillərinin fikilərini öyrənək. Bununla da həmin qanunların nələri nəzərdə tutduğunu  izah edib cəmiyyətə çatdırırıq”.
N.Ağaverdiyeva 2010-cu ildə həddindən artıq qanun layihələrinin qəbul olunduğunu vurğulayıb.
İnzibati Xətalar Məcəlləsinə, məişət zorakılığı, yol nişanları ilə bağlı qanunlara və bir çox başqa sənədlərə əlavə və dəyişikliklər olub. Ombudsmanın səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı qanun da bu yaxınlarda qəbul olunub”.

“Redaktə xarakterli məsələlərlə az maraqlanırıq…”

APA-nın  əməkdaşı Rəşad Süleymanov cəmiyyəti maraqlandıran qərarları, hər hansı qanunda ən maraqlı məqamları xüsusilə qabartmağa, önə çəkməyə çalışdığını bildirib:
“Xüsusilə qanuna edilən əlavə və dəyişikliklərdə buna diqqət yetirməyə çalışıram. Lakin bəzən olur ki, qanunlarda redaktə xarakterli kiçik və ya texniki dəyişikliklər olur. Mən hesab edirəm ki, onlar cəmiyyətin marağında olmadığı üçün o qədər də üzərinə getmirik. Ümumilikdə isə bütün qanun layihələri, onlara edilən əlavə və dəyişikliklər barədə mütəmadi olaraq məlumat verməyə, bu prosesləri izləməyə çalışırıq”.
R.Süleymanov “2010-cu ildə diqqətini çəkən qanunlardan biri, uzun müddət bu mövzuda yazdığım Hərbi Doktrinanın qəbulu oldu” deyə qeyd edib.
“Ümumiyyətlə, dövlət büdcəsi ilə bağlı qanun layihələri də çox maraqlı olub, yəni bu qanun həm sosial baxımdan, həm də biz jurnalistlərin marağı baxımından çox ələmatdar olub”.

“Milli Məclisdə qəbul olunan qərarların cəmiyyətə çatdırılmasında qəzetlər, televizyalar az rol oynayırlar”

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin fikrincə, Milli Məclisdə qəbul olunan qərarların cəmiyyətə çatdırılmasında qəzetlər, televizyalar az rol oynayırlar:
“Yazılarda adətən parlamentdə cari məsələlər üçün nəzərdə tutulmuş vaxtda millət vəkillərinin qaldırdığı məsələlər işıqlandırılır. Bu da ondan irəli gəlir ki, həmin vaxt maraqlı təkliflər, problemlər ortaya qoyulur. Konkret cəmiyyətlə bağlı əhəmiyyətli qanunların çatdırılmasında qəzetlər mühüm rol oynayır”.
“2010-cu ildə ən vacib qanunlardan biri Hərbi Doktrinanın qəbul olunması olub” deyən A.Hüseyinli qeyd edib: ”Hərbi Doktrinanın qəbul olunması ilə Azərbaycan öz daxili və xarici balanslaşdırılmış siyasətini müəyyən elədi, öz dost və düşmən ölkələrini tanıdı”.

“Ən yaddaqalan məsələ büdcənin müzakirəsidir”

“Lent.az” saytının əməkdaşı Elxan Salahov parlament jurnalisti olaraq Milli Məclisdə qəbul olunan qanunları cəmiyyətə çatdırmağın məhz onların işi olduğunu bildirib:
“Hətta digər qəzetlərdən, televizyalardan fərqli olaraq yeni qərarları və qanunları, millət vəkillərinin həmin qanunlar və qərarlara özünəməxsus şəkildə münasibətlərini biz operativ şəkildə - birbaşa redaksiyadakı əməkdaşlarımıza telefon vasitəsilə deyirik, onlar da həmin məlumatı bir neçə dəqiqədə lent.az-da yerləşdirirlər”.
E.Salahov 2010-cu ildə parlamentdə sonuncu iclaslarda iştirak etdiyini deyib:
“Həmin vaxt ərzində parlamentdə mənim üçün ən yaddaqalan hadisə dövlət büdcəsinin müzakirəsi olub. Bu qanun layihəsinin müzakirəsi zamanı həm komissiyalarda, həm müvafiq komissiyaların büdcə iclaslarında, həm də Milli Məclisin plenar iclaslarında iştirak etmişəm. Bu layihənin bütün məsələləri əvvəldən axıra qədər  mənim diqqətimdə olub və həmişə hesab etmişəm ki, bu ictimaiyyət üçün olduqca əhəmiyyətli qanun layihəsidir”.

Bütün qanunlar, onların mahiyyəti ictimaiyyətə çatdırılır…

“Milli Məclisdə müzakirə olunan və ictimai əhəmiyyət kəsb edən bütün qanunların cəmiyyətə çatdırılması mətbuatın əsas işlərindən biridir və biz də o vəzifəni bacardığımız qədər yerinə yetirməyə çalışanlardan biriyik” deyə  “Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov bildirib:
“Bütün qanunlar, onların mahiyyəti barədə istər komitələrdə, istərsə də Milli Məclisdə müzakirələr zamanı onlar barəsində mütəmadi bizim saytda informasiyalar verilir və ictimaiyyətə yayımlanır”.
M.Bünyadov 2010-cu ilin ən vacib sənədinin “Təhsil haqqında” Qqanun olduğunu qeyd edib.
“Bundan əlavə, Azərbaycanın milli maraqlarının müdafiəsi, xarici siyasətini müyyənləşdirməsi baxımından daha vacib olan Hərbi Doktrinanın qəbulunu, hərbi qanunvericiliyin möhkəmləndirilməsi baxımından bir sıra qanunların qəbul olunmasını, bir sıra xidmət orqanlarında, gömrükdə, polis orqanlarında xidmət keçməyə dair qanunları, Xarici İşlər Nazirliyində viza rejimi ilə bağlı bir sıra qanunları, konvensiyaların qəbul olunmasını, son iclasda Milli Məclisin Azərbaycanla Türkiyə arasında bir sıra qanunların, mühüm sənədlərin ratifikasiya olunmasını, xüsusən yüksək hərbi əməkdaşlıq sahəsində iki ölkə arasında strateji əməkdaşlıq şurasının yaradılması haqqında sənədlərin qəbul olunmasını göstərmək olar.
Bununla yanaşı, “Ombudsman haqqında” Qanuna əlavə və dəyişiklik edilib, “Normativ hüququ aktlar haqqında” Qanun, məişət zorakılığı ilə bağlı qanun qəbul olunub”.

“Son vaxtlar Milli Məclisdə yeni qanunlar qəbul olunmur”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki, parlament müxbirlərinin işi Milli Məclisdə qəbul olunan qanunları cəmiyyətə çatdırmaqdan ibarətdir: “Həm parlamentin iclasları olanda qanun  layihələri barədə yazdığımız reportajlarda məlumat verməyə çalışırıq, həm də bununla bağlı sonradan yazdığımız maarifləndirici yazılarla çıxış edirək qanun layihəsini daha oxunaqlı bir dildə oxuculara çatdırmağa çalışırıq. Bundan əlavə, qanunun aid olduğu sahənin mütəxəssisləri ilə müsahibələr hazırlayırıq”.
İ.Quliyev 2010 cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulunun diqqətini çəkdiyini qeyd edib: “Çünki əvvəlki illərdə bu çox mübahisələrə səbəb olmuşdu və qəbulu mümkün olmamışdı. Amma 2010-cu ildə bu qanun layihəsi qəbul olundu. Son vaxtlar Milli Məclisdə yeni qanun layihələri qəbul olunmur. Ölkənin qanunvericilik bazası tam formalaşdığından parlamentdə daha çox qanunlara əlavə və və dəyişikliklər edilir. Məsələn, yol hərəkətinə dair qanuna, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib”.

“Professional parlament jurnalisti çox deyil”

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı isə deyib ki, parlament jurnalistləri qanunları tam olaraq cəmiyyət çatdıra bilmirlər: “Bəzən belə düşünürük ki, daha çox qalmaqala, cari məsələlərə diqqət edilməlidir. Bu, öz yerində. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, biz qəbul olunan qanunlar barədə cəmiyyətə dolğun məlumat verməliyik. Ancaq etiraf edək ki, Milli Məclisin günün ikinci yarısındakı iclasları bizim jurnalistlər üçün o qədər də maraq kəsb etmir. Bu parlament jurnalistləri olaraq hər birimizə aiddir. Bəzən deyirik ki, insanların qanunları öyrənməyə marağı olmadığından biz də qanunlarla bağlı az yazırıq. Məsələ ondadır ki, biz bu marağı artırmalıyıq. Konkret olaraq deyə bilərəm ki, bizdə professional parlament jurnalisti çox deyil. Ona görə də qanunların cəmiyyətə çatdırılması məsələsindəki fəaliyyətimiz qənaətbəxş ola bilməz. Ancaq bu sahədə olan irəliləyişlər varsa, bu, bizim jurnalistlərin fəaliyyəti ilə bağlıdır. Hər halda, bu sahədə fəaliyyətimizi artırmalıyıq. Modern.az saytının bu məsələ ilə bağlı 2011-ci ildə xüsusi layihələri olacaq.
O ki qaldı konkret yadda qalan qanunlara, hər bir qanun maraqlıdır. Jurnalistika ilə bağlı hansısa sənəd daha çox bizə maraqlıdır, aqrar sahə ilə bağlı sənəd isə kəndlilərə, digər sahələr də belə…”. 


Sonda yazı müəllifi kimi bir cümlə də mən əlavə etmək istərdm. Nədənsə, bəzi parlament jurnalistləri “Təhsil haqqında” Qanunun 2010-cu ildə qəbul olunduğunu qeyd etdilər. Amma araşdıranda mənə məlum oldu ki, həmin qanun 2009-cu ildə qəbul olunub.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir