Modern.az

“Kişilik, hörmət yoxdur!” - Deputatdan telekanallara ETİRAZ

“Kişilik, hörmət yoxdur!” - Deputatdan telekanallara ETİRAZ

12 Aprel 2016, 12:46

Ağacan Abiyev: “Pislədiyimiz şeyləri özümüz niyə tətbiq edirik?”


Milli Məclisin deputatı Ağacan Abiyev Azərbaycan telekanallarında qaydasız döyüş idman növü üzrə kadrların yayımının dayandırılması təklifi ilə çıxış edib.

Modern.az saytı xəbər verir ki, o, bu təklifi parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

Deputat deyib ki, qaydasız döyüşlər insanlarda, televiziya tamaşaçılarında, xüsusilə uşaq və yeniyetmələrdə qəddarlıq hisslərinin aşılanmasına səbəb olur:

“Mən özüm idmançıyam və daha çox da idman verilişlərini izləyirəm. Televiziyalarımızda qaydasız döyüşlər yayımlanır ki, mən bunun tam əleyhinəyəm. Çünki bu, qəddarlıqdır, vəhşilikdir.

Kimsə yerə yıxılır, uzanır, başqası da onun üzünə-gözünə döyəcləyir, onu qana boyayır. Belə də idman olar? Sovetlər dövründə eşidərdik ki, Amerikada belə bir yarış var və hamı onu pisləyərdi. İndi nə oldu, pislədiyimiz şeyləri özümüz təbliğ edirik? 

İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur. Ona görə də hesab edirəm ki, bu cür yarışların yayımı dayandırılmalıdır”.

“Mən hətta, özüm AzTV-də bu sahəyə baxan müvafiq şəxslə danışmışam, öz etirazımı da ona bildirmişəm. Bir daha belə hesab edirəm ki, insanlarda humanizm deyil, qəddarlığı aşılayan verilişlərin, yarışların yayımı dayandırılmalıdır” -  deyə, Ağacan Abiyev bildirib.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi