Modern.az

Tərxis olunmaqdan imtina edən şəhidin qəhrəmanlıq DASTANI

Tərxis olunmaqdan imtina edən şəhidin qəhrəmanlıq DASTANI

18 Aprel 2016, 10:12

Vətəni qibləgah edən şəhidlər –V yazı

“Qəhrəman oğulları qəhrəman analar doğa bilər. Bir də ki, qəhrəmanlar dünyaya qəhrəman kimi gəlirlər” - bu sözləri mənə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki Laçınoba yatağında məşkunlaşan Laçının Qarakeçdi kəndinin sakini, ədəbiyyat müəlliməsi Zəhra Şirinova dedi. Söylədi ki, Ulvin Cəmaləddin oğlu Məmmədov həm qohumlarıdır, həm də  onun sinfində oxuyub.  Dərsini həm də ondan alıb:

- O elə bir qoçaq idi ki, ürəyi sinəsinə sığmazdı. Ürəyində bir od-alov var idi. Belə adamlar üçün el arasında deyərlər ki, “sağ baş qəbrə aparmayacaq”. Yaman at sürməyi var idi. Əsgər getməzdən qabaq bir də gördük ki, çaparaq atın üstündə gəlir, yaxınlaşanda yerdə çömbəlib oturan 11 yaşlı uşağı alıb tərkinə aldı, sonra da ilğım kimi getdi.  Bu bacarığı hər sinəsinə vuran oğul edə bilməz. At üstündə olanda atının da ayaqları yerə dəyməzdi. Yel kimi ötərdi. Bizim obanın, elin uşaqlarını zəhmət tərbiyələndirir. Vətən torpaqlarımızı azad etmək mücadiləsində Qarakeçdi kəndinin ilk şəhididir Ülvin.


...Onların evlərini sorağa-soraq gəlib tapdım.  Hər iki tərəfi palçıq, düzənliyin ortasından dağım-duğum, kələ-kötür  keçən yol bizi düz  yatağın içərisinə gətirmişdi. Buradakı  evləri görəndə məəttəl qaldım. Qarğı və qamışdan palçıqla hörülmüş daxmalar... Divarlarda palçıqlar da cadar-cadar idi.  Bu tikililərə ev demək mümkün olsaydı, görünən hər evin hündürlüyü  heç 1 metr yarım deyildi. Camaləddin Məmmədovun qamış evinin yanında  ağ rəngli iki böyük yas çadırı qurulmuşdu. Əvvəlcə qadınlara görüşmək üçün divarları qamış və qarğıdan olan bir otağa keçdim. Yerə sərilmiş xalçaların üstündə diz-dizə oturmuşdu Qarakeçdi kəndinin qadınları. 20 yaşlı şəhidi ağlayırdılar. Qadınlar bir-birinin dilindən söz alıb, bayatı deyirdilər. Bu bayatıları ürəyin içərisindən, qəlbindən keçirməyə insanda hünər lazım idi.  Oxucularımızn diqqətinə çatdırım ki, şəhid Ulvin Məmmədovun həyatından bəhs etdiyim bu yazını elə kəndin, obanın öz  sakinlərinin dili ilə yazaıram. Elə bilməyin ki, üstünüzə qəm-kədər, acı oxumaq fikrindəyəm.  Gördüklərimi olduğu kimi qələmə almaqla, dağ kəndinin adamlarının ilan mələyən səhralarda yaşadığı günləri öz dilləri ilə diqqətinizə çatdırsam, yəqin ki, məni anlayacaqsınız.

Beləliklə, Modern.az saytı son hərbi əməlliyyatlarda şəhid olmuş daha bir hərbçimiz haqda yazını təqdim edir .

“Südüm halalı olsun”

Saçları Laçın dağlarının qarı kimi ağarmış Göyüş nənə belə salamladı məni:

Otlar maralımı ver,
Dağlar maralımı ver.
Mənim balam əsgərdir,
Saçı qaralımı ver.
Balam laylay, a laylay...
Soldatım laylay, laylay...

Hökumətlərə demirəm ki, balam niyə gedib. Vaxtı tamam oldu, ona görə gedibdi. Ülvinin anası onu qarğıların altında, ilanların içində, müharibə başlayandan 5 il sonra doğurdu.  Balamın dayısı yox idi. 6 qardaşsız xalası vardı. 90 yaşında babası vardı. Deyirəm ay bala,
Gəl bizi qoyub getmə,
boynunu burub getmə.
Boynu çiyni üstündə,
qardaşsız ananı qoyub getmə.



Göyüş nənə bir sinədəftərdir ki, dediyi sözləri ipə-sapa yığıb dəstələmək də mümkün olmurdu.  20 yaşlı nəvəsinin yolunu gözləyən nənəyə onun tabutunu gətirmişdilər. Ülvin Göyüş nənəni  yaman dilləndirmişdi:

- O torpaqlara görə nə qədər şəhid, əsir vermişik. Mən də getməliyəm, dedi. O qədər müharibədən, düşmənə əsir olan Vətənimizdən danışdıq ki, ona... Bizim allı-güllü dağlarımız, şirin bulaqlarımız var idi. Ona deyirdim ki, bala, bizi düzlərlə bir elədilər, torpaqlarımızı qamarladılar. Xocalının müsibətindən danışırdıq, cavanları, qocaları, əli körpəli gəlinləri nə günə qoyduqlarından danışırdıq...
Oxuduğu, gördüyü o ağrıları, o dərdlərimizi bilirdi, canını götürüb getdi ki, düşməndən qisas alacaq. Bütün şəhid olan balalara bu yaralı canım qurban. Allah hamının ömrünü uzun eləsin.
Ay qızım, get mənim sözümü prezidentimizə çatdır, de ki, 70 yaşında arvad  xahiş edir, yalvarır ki, bu qan yerdə qalmasın. Bəlkə o torpaqlar alınsın, onda ürəyimiz sakitləşə...
Qurban olum o torpaqlara. Erməninin öz torpağımızda bizə tütdüğü divanların hayıfı alınsın, Vərənimizi azad edək. Şəhidlər vermişik, qisas günüdür, torpağı düşməndən təmizləməsək, bu yoldan geri dönmək yoxdur. Erməni bununla üçüncü-döründcü dəfədir, bizim camaatın leşkərini qırıb, gedib. O balamı bükdüyümüz bayrağı aparıb Laçına, Vətənimizə sancalar. O bayraq Vətənə sancılarsa, yarıdərd, yarıdərman olar. Ulvin gərək Laçına qədər gedəydi, orda şəhid olaydı. O bayrağı Laçına gərək Ülvin sancaydı.

Göyüş nənənin dilindən bayatını Leyli bibi aldı:

Su gəlib lülə lülə
Tökülüb qızılgülə.
Düşməndən qisas alıb
Qan töküb gülə-gülə.

Yar  aşiq yara məndə,
Al məndə, qara məndə.
Erməni bir yara vurdu
Sağalmır yara məndə. 

Göyüş nənə heç dil boğaza qoymurdu, bayatını belə davam elədi:

- Ay qızım bizi yaxşı anla sən...  Gələn ayaqlarına qurban olum. Dərd bizi dilləndirir. Bilirsənmi, Bir quşum var çığırqandı,
ət yeməz çığırqandı.
Balam Ülvin deyir ki, “özünüzü öldürməyin, Vətən yolunda getmişəm,
öz torpağımda erməni məni elə vurdu,
Cığırlarım tamam qandı”.



Sonra Ülvinin anası danışdı:

- Balamın o qanlı meydanı haqqı, dedi ki, “ay ana şəhidlik nə gözəl şeydir”. Dedim ay oğul, elə demə, dedi, “yox, mən əsgər gedib şəhid olacam”. Təpindim ona. Dedim qardaşın oxudu, biri də işləyir. Dedi ki, “mən onların hamısından üstün olacam. Görərsən, əsgər gedib qayıdandan sonra, özümü, adımı zirvələrə yazacam”. Zirvələrə qaldırdı, adını dünyalara yaydı, amma öz canını torpağa əmanət etdi. Uşağımız gedib şəhid oldu.
O vətəni, torpaqları  atadan-anadan üstün tutdu.  1996-cı ildə doğulmuşdu.  İndi fikirləşirəm ki, ay bala, sən o torpağı ata-anadan irəli bildin, döşümdən əmdiyin süd halalın olsun, get rahat yat balam. Axırıncı dəfə  6 ayı tamam olanda yanına getdik. Görüşdük. Elə bəxtəvər idik ki...
Səsəini 31 martda eşitdim axırınıcı dəfə. Onun üçün qoç qurban bağlamışdım ki, balam əsgərliyini bitirib gəlir. Dedim niyə gecikirsən ay oğul. Dedi “bir az işim var gələcəm”. Dostlarına deyib ki, “döyüşə getməyimi anam bilməsin”. Balamın salamat gəlişi üçün nəzir götürmüşdüm, boxçalar bəzəmişdim. Nəziri qəbul olunmadı.

Ülvinin yas məclisinə yığışan qadınların hər biri bir sinədəftər idi. Onların dərdlərini, dediklərini dəryalar mürəkkəb, meşələr qələm olsa, yazıb bitirə bilməzdi. 70-75 yaşındakı ağbirçək qadınlar qəhrəmanlıqdan, Vətəndən sevgisi, Vətən həsrəti haqqında sinədən elə bayatılar, elə şeirlər deyirdilər ki, insan bir anlığa ədəbiyyat dərsində oturduğunu zənn edirdi. Mən belə bir dərs görməmişdim.

Sayını, hesabını itirmişdim. Elə hey bayatı deyirdilər. Özləri də xahiş edirdilər ki, hər birini dinləyim. Bir də Aygün xalası dilləndi. Bunu da yazmasam olmayacaq, çünki, söz vermişəm:

Mən getdim anam qaldı
Oduma yanan qaldı.
Nə gedib Vətənə çıxdım,
Nə bir nişanam qaldı. 

Balam bulağa gəlsin,
Ensin bulağa gəlsin.
Anam bir dəfə çıxıb “balam” desin,
Səsi bulağa gəlsin.

“Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm”



Diz yerə qoyub, palçıq damın altında oturub, igid bir oğlanı sözlərlə, şirin laylalarla ürəklərinin yanğısı, ağrısı ilə vəsf edən, boyunu oxşayan, o qəhrəman analardan ayrılıb, bu kəndin qəhrəman kişiləri yığılan yas çadırına keçdim. Atası Cəmaləddin Qəmbər oğlu Məmmədovla və kəndin ağsaqqlları, cavanları ilə ehtiramla görüşdüm.  
Camaləddin kişi ilə söhbət etdim. Oğlunu söruşdum. Dedi ki, aprelin 1-də ordudan təxris olunubmuş. Elə həmin gün səhər çağı hərbi hissə komandiri tərxis olunanan əsgərləri sıraya düzüb  və soruşub:

- Siz azadsınız. Kim müddətdən artıq hərbi xidmət keçmək istəyirsə, bir addım irəli çıxsın”. 
Ülvin irəli çıxıb və deyib:
- Komandir, mən Laçına, Qarabağa qayıdana kimi sizinləyəm. Vətən uğrunda şəhid olmaq arzusundayam.

Komandiri qayıdıb deyir ki, “ay kürd balası, bilirdim ki, bizimlə qalacaqsan”.

Elə həmin gün Murov dağından enib Tərtər, Talışdağa yola düşüb. Aprelin 5-i 2016-cı ildə Tərtər, Talışdağ uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.   
Oğlumun komandiri məzarının üstündə ağlaya-ağlaya onun qəhrəmanlıqla həlak olduğunu dedi. Söylədi ki, üç yoldaş, üç dost  irəliləyərək erməninin səngərini və yüksəkliyi götürüblər. Orada xeyli silah-sursat da ələ keçiriblər. 9 erməni döyüşçüsünü məhv ediblər. Hətta ermənilərə köməyə gələn qüvvəni də darmadağın ediblər. Ulvin ermənilərin radiostansiyasını əlinə götürüb sevincindən “Azərbaycan-Azərbaycan!” deyə mahnı da oxuyub. Onun səsi radiostansiya ilə ermənilərə çatıb. Və  düşmən tərəfin atdığı  minomyot mərmisi oğlumu həlak edib. O, şəhidlik zirvəsinə də özünəməxsus .əkildə ucaldı. Oğlumu hər dəqiqə gözləyirdim ki gələcək...

İlanlar mələyən bu küdrü düzündə insanlar qocalır



Kənd məktəbinin direktoru İlqar Məmmədov qəhrəmanlıqla şəhid olan Ülvinin idmanın sərbəst güləş növündə qazandığı uğurlardan danışdə. Qeyd etdi ki, 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib, dəfələrlə idmanın sərbəst güləş növü üzrə Azərbaycan çempionu olub, fəxri fərmanlar və medallarla  təltif olunub. İdmana gec başlasa da, özündən peşəkar olanların arxasını yerə vurub.

“1992-ci ildən Laçın rayonundan köçkün gəlmişik. Bizim insanların üzünə diqqətlə baxsan görərsən ki, bu günə kimi onların sifət cizgilərində Vətən həsrəti iz salıb. Bu gün biz bir laçınlı kimi hamımız ürəkdən deyirik ki, şəhid balamız kimi silaha sarılmaq istəyirik. Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarını izləyirik, onun daxili və xarici siyasətini müzakirə edir, nəticə çıxarırıq. Bizim obanın adamları  prezidentimizə yazmışıq, müraciət etmişik ki,  torpaqlarımızın təmizlənməsində iştirak etmək istəyirik. Əməlimiz, məsləkimiz odur ki, yenə Vətən yolunda vuruşaq. Şəhidlər ölmür. Göylərə ucalırlar. Biz Laçının mərkəzində kəndimizin qəhrəmanı Ülvin Məmmədovun abidəsini ucaltmaq istəyirik.

Bu kəndin kişiləri də hamısı şeirlə danışır, o qədər savadlı nitqləri, danışıq qabiliyyətləri var ki, bir anlığa elə bilirsən ki, ətrafında oturan insanların hamısı böyük məktəb bitiriblər.

İlqar müəllim fikrinə belə davam etdi:

- Bizim belə sınıq görünməyimizə baxmayın. Bizim imkanımız vardı ki, özümüzə bir, ikimərtəbəli evlər tikək, lakin o dağların  həsrəti, vətən göynərtisi imkan vermir ki, daşı-daş üstünə qoyasan.
Direkktor daha sonra Laçın rayonunun məşhur şairi Məzahir Qarayevin bir şeirini səsləndirdi:

Səsinə səs verməz harayla, çağır.
Nə qədər çətindir, nə qədər ağır,
Allah qayalara yenə qar yağır,
Elə bil anamın saçında dəndir.
O dağın o üzü bizim Vətəndir.

Müdhiş yuxulardan oyanaq gərək
Düşmənlə üz –üzüə dayanaq gərək,
Yolunda  al qana boyanaq gərək.
Bircə addım atsaq, əlim yetəndir
O dağın o üzü bizim Vətəndir.

Söhbətimizə kəndin ağsaqqallarından biri Məhyəddin Əlvəndov körpü saldı. O danışdıqca, ürəyi köksünə sığmırdı:

- Biz bu ilanmələyən səhralarda ev tikməkdənsə, gedib Laçındakı daşların quru kölgəsində yatarııq. Vətənin havası, dadı başqadır. Kəndimiz 1 şəhid verib, 50-sini də verməyə hazırıq. Bizə yardım lazım deyil. Onu prezidentimiz versin silaha, silahı da versin bizə, gedək torpaqlarımıza. Bizə ata-baba torpaqlarımız lazımdır. 60 dərəcə istidə ilanlar mələyən bu küdrü düzündə insanlar qocalır, məhv olur. 1992-ci ildən bəri Azərbaycanın yaylaqlarını gəzib, arandan dağa, dağdan arana gedirik. Ata-baba sənətimiz çobanlıq, maldarlıqdır. Qışda yaylağa, yayda dağlara. Elə adam var ki,  imkanı olmadığından elə yayı-qışı bu şoran torpaqlarda keçirir. O vaxtdan bu vaxta gələnlərimizin yarısı qalıb. Yaraısı qırılıb, çoxusu da Vətən dərdindən. Qarakecdi kəndinin 20 minə yaxın əhalisi var. Laçının isə 75 min əhalisinin 80 faizi Ağcabədi rayonunun  ətrafında məskunlaşıblar. Hazırda, burda bizim bu yataq yerində 200 ailə var. 1000-ə yaxın əhali. Bizim indi gördüyünüz bu yatağı 1936-ci ildə Stalin Həsən əmiyə görə kəndimizə pay torpağı kimi verib. O vaxt maldarlıq planını yerinə yetirən Həsən əminin döşündən Lenin ordeni asıb.
Biz də elə o vaxtdan  qışda köçümüzü buraya gətirmişik. Kökçün düşəndə, ayrı yerimiz olmadığına görə öz yataqlarımıza gəldik. Biz istəyirik ki, qayıdaq torpaqlarımıza... Öləndə də orda ölək.

Məhyəddin Əlvəndovun ardınca söhbətə  Ələstən  Əlvəndov da qoşuldu:
- Biz hamımız prezidentimizin ətrafında birləşib torpaqları azad etməliyik. Ancaq ölmək haqqında  fikirləşmirik. Mənim 65 yaşım var. 100 cavana dəyərəm. Bir yaxşı top, yaxşı silah versinlər, gedək torpaqları azad eyləyək. Ağlı kəsən körpələrimiz də Vətən deyir.  Ölməyə yox,  qisasa hazırıq. Bilirsən nə var ay qızım, dərd bizi basıb, bir çıxılmaz yolda qalmışıq.

Mehrim mal-mülk deyil, var gəlib gedər,
Ancaq ürəyimdə dərd olub nələr.
Başı ata-baba ruhlu zirvələr,
Qoynu dəfinəli zirvələr qalıb.



Bu qocaman və mərd, bəzisi yaşlarından da yaşlı görünən kişilər, ağsaqqallar el-obalarının üstünü alan dərdə sinə gərmişdilər. Heç birinin boynu bükük görünmürdü.Çinar kimi şax qamətlərini dərdə əymək istəmirdilər. Hər birinin duruşunda, baxışında Laçında qalan İşıqlı, Qızılboğaz, Mıxtökən, Qırxqız dağlarının məğrurluğu vardı.
Və bu insanların bu boyda iradəyə, geniş qəlbə sahib olmasının da səbəbkarı o dağlar, o büllur bulaqlar idi. Ana südü kimi təmiz  büllur bulaqların suyu ilə böyüyən, o dağların havası ilə yaşa dolan  bu insanları şair, sinədəftər edən də  qoyub gəldikləri o gözəlliklər idi. Ona görədə kiçikl-böyüklü, qadınlı-kişili hansı ağzını açırdısa, dillərindən dürr tökülürdü:
 
Verməz  bilin bir özgəyə torpağın,
Koroğlular ovxarlıyır yarağın.
Al  qanın üstündə enən bayrağın,
Sülhlə düzəlməsə, alalrlar dağlar.

Bu şeiri də kəndin  toylarını şənləndirən aşıq Nizami dedi.  

Sonra  Ulvinin yaxın qohumu və dostu ilə Qarakeçdi kəndinin qəbristanlığına yol aldıq. Kənddən təxminən  1000 metr uzaqlıqda yerləşən bir məhəllə boyda qəbristan  həsrət  şəhərinə bənzəyirdi.  Ağsaqqalların bayaq yas çadırında dedikləri sözlər düşdü yadıma: “Yarımız qırılmışıq...”. 

Bu qəbristanlıqda uyuyanların hamısının ürəyində Vətən dərdi qubar bağlamışdı. Şəhid Ülvin Məmmədovun məzarının üstü tər çiçəklərlə dolu idi. Dostu dedi ki, “onu dəfn etməyə bütün el-oba gəlmişdi, tabutunun önündə idmanda qazandığı medallarını aparırdılar, onu son mənzilə yola  salan insanlar “Şəhidlər ölməz, Vətən bölünməz!” deyə hayqırırdılar”.
Qardaşları Elvin və Maqsud Ulvinin çərçivəyə  salınmış  şəklini ürəklərinə sıxıblarmış. Atası Camaləddin  kişi isə son sözünü belə deyibmiş: “Oğlum Vətən yolunda şəhid olub, Vətən sağ olsun!”.
Onu alqışlarla, əl çala-çala Vətən torpağına əmanət ediblər. “Nə vaxtsa, biz onu  güləşdə qələbə qazananda belə alqışlamışdıq... O bizim kimi yüzlərlə cavanı arxasınca getməyə vadar etdi”,-şəhidin dostu əlavə etdi.  



ARAYIŞ:
Ermənilərin Azərbaycanın tarixi torpaqlarının işğalı nəticəsində  Laçın rayonunda 264 nəfər şəhid, 103 nəfər əlil olub, 65 nəfər girov götürülüb. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 19 uşaq şəhid, 225 uşaq əlil olub. 31 nəfər hər iki valideynindən yetim qalıb. İşğalla əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi