Modern.az

Asim Mollazadə: “Məmurların ixtisarına böyük ehtiyac var”

Asim Mollazadə: “Məmurların ixtisarına böyük ehtiyac var”

19 Aprel 2016, 13:31

Azərbaycanda aparılan sturuktur islahatları nəticəsində bir sıra qurumların ləğv edilməsi və ya birləşdirilməsi məsələsi gündəmə gəlmişdi. Artıq bunun ilk nəticəsini gördük, Tələbə Qəbulu üzrə dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya birləşdirilərək, Dövlət İmtahan Mərkəzi yaradıldı. Digər belə bir birləşmənin Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı olduğu və onun Xarici İşlər Nazirliyinə birləşdiriləcəyi qeyd edilir.
Birləşməni vacib edən şərtlərdən biri kimi isə Komitənin fəaliyyətinin o qədər də efektiv olmadığı əsas gətirilir.

Modern.az məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadədən münasibət öyrənib.

Deputat bildirib ki, hökümətin stuktur islahatlarını gözləyirlər və məmurların ixtisarına böyük ehtiyac var. Onun fikrincə, məmur ordusunu ixtisar etməklə, bir neçə istiqamətdə dövlətin maliyyə vəsaitini artırmaq mümkündür.

“Bəlkə məmurların sayı azalmaqla iş adamları, sahibkarların işi daha da yüngülləşə bilər. Yeni texnologiyalardan istifadə reallaşar. Məsələn, ASAN-xidmət mərkəzləri öz effektiv işini nümayiş etdirdi. Ona görə düşünürəm ki, bu istiqamətdə ciddi işlərin davamına böyük ehtiyac hiss edirik. Qurumların ixtisarlarını təbii hesab edirəm. Bu gün Azərbaycanda nazirliklərin, komitələrin sayı böyük ölkədə olan hökümət sistemindən iki-üç dəfə artıqdır”.

Diaspor təşkilatlarının fəaliyyətinə gəlincə, deputat təəssüflə bildirib ki, Azərbaycan icmaları dünyada azdır.

“Ermənilərlə biz özümüzü müqayisə edəndə görürük ki, dünyanın bir sıra nüfuzlu ölkələrində zəngin, uzun illərdir təşkilatlanmış erməni təşkilatları fəaliyyət göstərir və Azərbaycan öz sistemini qurana qədər uzun vaxt lazımdır. Bundan əlavə, millətimizin bir xüsusiyyəti var ki, onlar daha çox öz vətənində yaşamağa üstünlük verir. Biz icmaların təşkilatlanması istiqamətdə işi gücləndirməliyik. Türkiyə ilə birgə işləmək mümkün olar. Dünyada mövcud olan Türkiyə icmalarını məhz diaspor təşkilatları kimi Azərbaycanla birgə səfərbər etmək mümkün olar. Əslində bizə qarşı yalan və iftiraları yayan qüvvələr həm Azərbaycan, həm Türkiyəyə qarşıdır. Bəlkə türk icmaları ilə çox məhdud çərçivədə fəaliyyət göstərən Azərbaycan icmalarının fəaliyyəti təşkilatlansa, o zaman bu iş ciddi nəticə verə bilər”.

A.Mollazadə vurğulayıb ki, Azərbaycan icmaları dünyada az olduğundan çox məhdud dairələrin fəaliyyətinin təşkilatlanması üçün hələ böyük işlər görülməlidir.

“Bununla yanaşı, mühüm amildir ki, Azərbaycanla bu bölgədə tərəfdaş olan İsrail var, dünyada nüfuzlu yəhudi təşkilatları fəaliyyət göstərir. Yəhudi təşkialtları ilə əməkdaşlıq, onları da ortaq maraqlarımıza cəlb etmək daha hansısa müsbət nəticələr verə bilər. Artıq bir neçə ildir ki, erməni təşkilatları Azərbaycana qarşı informasiya müharibəsi həyata keçirirlər. Onların istəkləri Azərbaycanın Qərblə münasibətlərini pozmaqdır. Bunun üçün isə onlar ABŞ-da, Avropa Birliyi ölkələrində fəaliyyətlərinə həyata keçirirlər. Bunun arxasında bir məqsəd də var: Azərbaycanı barbar ölkə kimi nümayiş tanıdaraq, “məzlum ermənilərin” azərbaycanlılarla birgə yaşayışının mümkün olmadığını göstərmək, Qarabağa  müstəqil status müəyyənləşdirmək”.

Deputat qeyd edib ki, informasiya müharibəsini çox zəngin, güclü, uzun illərdir türkə nifrəti ilə köklənmiş, təşkilatlanmış erməni təşkilatları həyata keçirir.

“Gənc dövlət kimi biz ilk dəfə bu problemlərlə üzləşirik. Buna baxmayaraq Azərbaycan dövlətinin xarici siyasəti bu informasiya blokadasını, müharibəsini də yara bildi.

Son hadisələr Azərbaycan prezidentinin ABŞ-a səfəri zamanı başladı, Bakıda TAP-la bağlı Məşvərət Şurasının iclası oldu. Bunlar özü-özlüyündə Azərbaycanın dünyadakı önəmini vurğualyır. Ermənilərin böhtanları, iftiraları bir nəticə vermədi. Burada Milli Məclis diplomatiyasının rolunu qiymətləndirmək istərdim. İndiki informaisya müharibəsində parlament diplomatiyasının rolu yüksəkdir”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir