Modern.az

Bursa yollarında nələr gördüm...

Bursa yollarında nələr gördüm...

26 Oktyabr 2009, 11:08

MODERN.AZ-IN TÜRKİYƏ-ERMƏNİSTAN MATÇINI İZLƏYƏN ƏMƏKDAŞININ SƏFƏR QEYDLƏRİ

 

Oktyabrın 14-də Türkiyə-Ermənistan futbol matçının oynanıldığı Bursa stadionuna Azərbaycan bayrağı keçirməyə cəhd edənlər arasında ölkəmizdən gedən bir qrup gənc də vardı. Bursa stadionunda işğalçı Ermənistan əleyhinə şüarlar səsləndirən və tribunalarda üçrəngli bayrağımızı dalğalandıran azərbaycanlı gənclər arasında Modern.az-ın əməkdaşı Rövşən Nəcəfov da olub. Bir qədər gec Bakıya dönən müxbirimiz Bursada yaşanan olaylar barədə qələmə aldığı yazını təqdim edir. *** Türkiyəyə qardaş ölkə ilə Ermənistan milli futbol komandası arasında keçirilən oyundan hələ düz iki ay əvvəl dəvət olunmuşduq. Gənclərin ünsiyyət qurduğu Facebook şəbəkəsində “Stadyumu Azeri bayrakları ile dolduralım” adlı bir kampaniya başlanmışdı. Bu kampaniyaya qoşularaq qardaş ölkəyə dəvət alanlar içərisində mən də vardım. *** Bursada bizi-Azərbaycandan gedən gəncləri Cümhuriyyət Xalq Partiyasının (CHP) gənc üzvləri qarşıladılar. Zatən bizi Bursaya dəvət edənlər də elə onlar idi. Türkiyəli gənclər ilk görüşdən bizə sevgilərini maksimum göstərməyə çalışdılar. Otelə yerləşdirildikdən sonra CHP-nin Bursa ofisində düzənlənən tədbirdə iştirak etdik. Ardınca da Türkiyə-Ermənistan oyunu öncəsi şəhərdəki ab-havanı öyrənmək üçün Bursanı dolaşdıq.

Şəhərdə hər kəs Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində hökumətin atdığı addımlardan və tarixi Türkiyə-Ermənistan oyunundan danışırdı. Həm böyük, həm də kiçik oyun hər kəsin diqqətini özünə çəkmişdi. Bursa şəhərində “Azərbaycan” adlı bir park da var. Parkdakı üzərində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözləri həkk olunmuş abidəyə də  baş çəkdik. ***

Bursaya dəvət olunmamız təkcə məlum matçda iştirakla bağlı deyildi. CHP-nin keçirəcəyi “Türkiyə-Ermənistan sərhədlərinin açılması və Azərbaycan” adlı konfransa da dəvətliydik. Bu tədbirdə biz azərbaycanlı gənclərinin mövqeyinin ifadəsi vacib idi. Biz həmin konfransa fikirlərimizi paylaşmağa getmişdik. *** 

Türkiyəyə gəldiyimiz ilk gündən narahatçılıq vardı. Çünki

elə avtobusdan düşəndəcə eşitmişdik ki, Bursa valisi Şahabettin Harput Atatürk adına stadiona Azərbaycan bayrağının keçirilməsini qadağan edib. Bu rəsmi mövqe bizdə nigarançılıq yaratsa da, tarixi oyuna üçrəngli bayrağımızı keçirəcəyimizə söz vermişdik, eyni zamanda sadə türk insanlarının bizi dəstəkləməsi ümidimizi artırmışdı.

İstəklərə qarşı qadağanın tətbiq olunması türk insanlarını fikrindən döndərə bilməzdi. Türk qardaşlarla söhbət etdikdə, bütün Bursanı bürümüş Azərbaycan bayraqlarını gördükdə buna heç bir şübhə etmədik. *** Bursada olarkən qərarlaşdırdıq ki, Azərbaycanın üçrəngli bayrağını Türkiyə-Ermənistan matçından xeyli əvvəl də Atatürk stadionunda dalğalandıraq. Sanki biz də oyun gününə hazırlaşırdıq. Və istəyimizi gerçəkləşdirdik. Boş stadiona daxil olub sabahkı günə hazırlaşırmış kimi qaçış cığırında Azərbaycan bayrağını qaldırdıq. Təbii ki, bu hərəkətimiz Atatürk stadionunun məsul işçilərini qıcıqlandırdı. Onlar bizi bayıra çıxarmağa çalışaraq “bu tip hərəkətlər erməni takımının meydana çıxmaması ilə nəticələnə bilər” dedilər.

Amma biz bu təpkiyə rəğmən Azərbaycan bayraqları çiyinlərimizdə stadionun qaçış cığırları ilə yürüş etdik. 

*** Bursada olduğumuz müddətdə Mudanya deyilən ərazidə “Mudanya anıtı” adlı bayram qeyd olunurdu. Tədbir zamanı yürüş oldu. Yürüşdə Atatürk Gənclik Dərnəyi,  CHP Gənclər Komitəsi və Azərbaycandan gedən gənclər qrupu da iştirak etdi. CHP gənclərinin təşəbbüsü ilə aksiyada “Biz Mustafa Kamalın əsgərləriyik” şüarı səsləndirildi. *** Türkiyə-Ermənistan matçından əvvəl biz azərbaycanlı gənclər Bursada keçirilən tədbirdə şəhər valisi Şahabettin Harputa Azərbaycanın üçrəngli bayrağını hədiyyə etmək qərarına gəldik. Ona yaxınlaşanda, Şahapettin Harput tərəddüd etdi, elə bu an CHP-li millət vəkili Onur Öymən hamıya örnək ola biləcək addım atdı. O, validən tez davaranaraq Azərbaycan bayrağını götürdü və öpüb dedi: “Əgər matça getsəm, bu bayraqla gedəcəm”. *** Nəhayət 14 oktyabr-Türkiyə-Ermənistan matçının keçirildiyi gün. Matç günü Türkiyə qəzetləri “Bursada bayrak krizi” adlı manşetlərtlə çıxmışdı. Həmin ərəfədə Bursa valisi Şahabettin Harputun Azərbaycan bayraqlarına qoyduğu qadağanı aradan qaldırması, yalnız siyasi şüarların səslənməsini yasaq etməsi əhval-ruhiyyəmizi yüksəldi. Amma az sonra FİFA-nın stadiona Azərbaycan bayrağının keçirilməsini qadağan edən qərar verməsi bəyan olunanda türkün sözü “morallar yenidən pozuldu”.

*** Matça qədər Bursada müxtəlif etiraz aksiyaları keçirildi. Biz də bu askiyalarının episentrindəydik. Matç günü media nümayəndələri Bursanı bizimlə gəzirdi. Diqqətlər üzərimizə yönəlmişdi. Həm media, həm polis, həm də bursalılar tərəfindən. Oyunun başlamasına yarım saat qalmış Atatürk stadionunun yanında olduq. Stadionun ətrafına gücləndirilmiş polis kartonu yerləşdirilmişdi. Biletlərin olmasına baxmayaraq stadiona giriş çətinləşdirilmişdi. Hər kəs Azərbaycan bayraqlarını müxtəlif formalarda vücudlarına bağlayaraq gəlmişdi. Amma onları hətta biletləri olmasına baxmayaraq matça buraxmırdılar.

Türkiyəli tərəfdarlarımızın köməyi sayəsində Azərbaycandan gələn gənclərin bir hissəsi stadiona keçə bildi, digərlər isə əksər Türkiyə vətəndaşları kimi matça televiziyadan baxmaq məcburiyyətində qaldı. Bütün çətinliklərə baxmayaraq türk tərəfdarlarımızla birgə stadiona üçrəngli Azərbaycan bayraqları keçirə və onları tribunalarda dalğalandıra bildik. Tribunalarda bayraqlar daha çox ola bilərdi, amma polis buna imkan vermədi. Matçın davam etdiyi müddətdə öyrəndik ki, stadionun qarşısında polislə azarkeşlər arasında dava düşüb. Polisin Azərbaycan bayrağına qarşı sayğısız davranışları barədə artıq məlum xəbərləri də böyük üzüntüylə qarşıladıq. Orada 15-dək azarkeş polis tərəfindən saxlanıldı. Onların taleyi necə oldu bilmədik, amma matçın taleyini Türkiyə komandası öz xeyrinə həll etdi. Kiçik oyun bitdi. İndi qalır böyük oyun-Türkiyə -Ermənistan sarhədlərinin açılması məsələsini deyirəm. Gözlər yenə Türkiyədədir. Türkiyə Böyük Millət Məclisi sərhədlərin açılmasına imkan yaradan məlum protokolları təsdiqləyəcəkmi...?

Bursadakı "Azərbaycan" parkında
Azərbaycan bayrağına qoyulan qadağaya etiraz edirik
Türkiyə-Ermənistan matçından öncə də stadiona daxil olmuşduq
"Mudanya anıtı" yürüşü
Bu da matç zamanı

Rövşən NƏCƏFOV

 

Bakı-Bursa-Bakı

 

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi