Modern.az

Şəhid anası

Şəhid anası

21 Aprel 2016, 16:35

QABİL,
Xalq şairi

Şəhid anası

Mavi ekranda şəhid anası minnətdarlıq edirdi...

Ay başına dönüm, şəhid anası!
Balası əlindən gedənim mənim.
Sənin ah-nalənə yer-göy yanası,
Sənə hüzr verir Vətənim mənim.

Sənə baş əyincə bu el, bu diyar,
Sən kimə təşəkkür edirsən, kimə?!
Siz ey türkəsaya, əziz analar,
Borclu da çıxırsız hələ hakimə?

Sinəndə göynəyən çalın-şarpaz dağ
Sağalan deyildir qiyamətəcən.
Ay anam, ay bacım, bu lap ağ oldu,
Minnətdarlıq nitqi söyləyirsən sən.

De ki: - Oğul verdim Vətənə qurban.
Dilinə başqa söz gətirmə, Anam!
Müxbir qabağında sorğu-sualdan
Tutulub özünü itirmə, Anam!

Dumanlı dağa dön mavi ekranda,
Dumanlı dağa dön, qorxağa dönmə!
Boş-boş təsəlliyə uyma heç yanda,
Kül altda közərə-közərə sönmə!

Keçək canımızdan torpağa görə,
Müqəddəs borcun da heç minnəti var?
Bəs əlindən getmiş uşağa görə
Hələ təşəkkür də etsin analar?!

Sənə başsağlığı verdi komandir,
Bu gözükölgəli qan bahasıdır.
Bəlkə həlakının səbəbi də sirr,
Sirli ölümlər tək sirr qalasıdır.

Şəhid anasına iftixar halal,
Təsəllisi olsun qoy bu iftixar.
Özgə şey, özgə söz, özgə hal-əhval
Müqəddəs varlıqdan qoy olsun kənar.

Sənə dil verəndə de, hanı mürvət? –
Səni öyrədənin həyası hanı?
Belə danışmazdın xoşunla əlbət,
Saxtalıq götürmür Ana vicdanı.

...Su qatma Ananın göz yaşına, dur!
O müqəddəs yağmur durası deyil.
Sırıma Anaya yalançı qürur, -
Yarası göbələk yarası deyil.

10 oktyabr 2002-ci il

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər