Modern.az

Jurnalistlər müğənni Zamiq haqqında Modern.az saytına danışdılar...

Jurnalistlər müğənni Zamiq haqqında Modern.az saytına  danışdılar...

5 Yanvar 2011, 17:44


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez ünsiyyətdə olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.
Mədəniyyət yazarları Modern.az saytında tanınmış sənət adamlarını xarakterizə edirlər.
Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə, İlhamə, Tünzalə Ağayeva, Xatirə İslam, Faiq Ağayev və Manananı  xarakterizə edən yazarlar indi də Zamiq haqqında fikir söylədilər.
Beləliklə, “Zamiq necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları... 

Zamiq özündən çox razıdır və əbəbazdır...

Cəvahir Səlimqızı – “Mərkəz ” qəzetinin əməkdaşı:
“Zamiq “Azəri star” müsabiqəsinin yetirməsidi və onu güclü səs tembrinə malik müğənni hesab etmirəm. Sadəcə özünün auiditoriyası olan, dinləyicinin nəbzini tutmağı bacaran gənc müğənnidir. Yəni repertuarında olan mahnılarla dinləyicini ələ  almağı  bacarır. Bildiyimiz kimi, indi dinləyici tələbatı o qədər də yüksək zövq tələb etməyən mahnılaradır.

Zamiq sıradan bir müğənnidir, sadəcə, populyarlığı var. Bu mənada onu  həmkarlarından fərqli olaraq, şanslı müğənni hesab etmək olar. Ola bilsin ondan daha gözəl səsə malik müğənnilər var, amma Zamiq qədər populyar deyillər.

Zamiq özündən çox razıdır və əbəbazdır. Ona elə gəlir ki, sanki böyük bir sənətkardır. Özünü hər yerdə belə təqdim edir və bu xüsusiyyəti mənim hec xoşuma gəlmir. Mən ondan nadir hallarda nəsə yazmışam. Zamiqin yekəxanalığı, təkəbbürlülüyü, özündən razılığı nəyə əsaslanır, bilmirəm. Zamiq nəyə görə, özü haqqında yüksək fikirdədir, onun səbəbini anlamıram.

Düşünürəm ki, Zamiq jurnalistlərlə işini düzgün qurmur ki, hər hansı bir informasiya ilə jurnalistləri təmin etsin. Mən onda belə şeyləri görməmişəm”.

“Zamiqin öz sitili var”

Şahin Cavadsoy – “Trend ” İnformasiya Agentliyinin əməkdaşı:
“Zamiq Hüseynov deyiləndə ilk ağla gələn onun müğənni tipajından əlavə, çox yaxşı insan olmağıdır. Səmimi, xoş xasiyyətli və insanlarla tez dil tapmağa çalışan biridir.  Zamiq çox zəhmətkeş müğənnilərdəndir. Nəzərə alsaq ki, onun ailəsi Azərbaycanda məcburi köçgün həyatı yaşayan insanlardan olub, Zamiq burada çox ağır şərtlərlə musiqi təhsili alıb, xalq artisti Briliyant Dadaşovanın tələbəsi kimi püxtələşib, sonra solo karyerasına başlayıb və uğurla davam etdirir.

Məncə Zamiq öz səsinin, səhnə mədəniyyətinin və bir də xarici görünüşünün hesabına tamaşaçıların qəlbinə asanlıqla yol tapdı. Bir müddət var idi ki, Abbas Bağırov, Elton və Zamiq Hüseynovun səslərini ayırmaq olmurdu. Amma Zamiq sübut etdi ki, onun öz dəsti-xətti var. Gənc olmasına baxmayaraq, qısa müddət ərzində pərəstişkarlarının sevgisini qazanmağa müvəffəq oldu. Məncə 2010-cu il Zamiq üçün çox məhsuldar oldu. Yaxşı uğurlara imza atdı. “Doğma diyar” layihəsində Röya ilə birgə 15 rayonda çıxış etdi. Çox maraqlı layihə idi. Bakı konsertlərində də çıxış etdi. Məncə bütün bunlar maraqlı idi.

Ötən ilin yekunları ilə bağlı stilist Samir Əliyevin bir açıqlamasını oxudum. O,  Zamiqin adını zövqsüz müğənnilər sırasına saldı. Məncə, Zamiq zövqsüz müğənni deyil. Zamiqin sitili var, bir az da püxtələşsə, daha yaxşı olar.

Hesab edirəm ki, Zamiqin 2011- ci ildə ilk qalmaqalları da Samir Əliyevlə olacaq. Artıq Zamiqin köməkcisi ona cavab verib. Media ilə heç vaxt qalmaqallı münasibəti olmayıb. Şəxsi həyatında olan xoşagəlməz olaylar, medianın bu hadisələrə biganə qalmamasına baxmayaraq Zamiq susdu, hec bir jurnalisti də qınamadı. Sadəcə, susdu, maraqlısı odur ki, həyat yoldaşı Nigar xanımla ortaq nəticəyə gələ bildi və o da bu hadisə ilə bağlı danışmadı. Bu hadisəni çıxmaq şərtilə Zamiqlə media işçilərinin münasibəti rahatdır. Zamiq toylarda səs gücləndiricilərdən özünü qorumaq üçün qulağına pambıq qoyur, mən onun belə şəkillərini çəkmişdim, o çox israr etdi ki, bunları üzə çıxarmayım, amma buna baxmayaraq, mən yazını da yazdım, şəkilləri də verdim. Reaksiyası normal oldu. Jurnalistlərin onun şəxsi həyatı ilə bağlı və digər məsələlərdə bildiyi nəsə varsa, medianın bunları işıqlandırmağına hec vaxt qarşı çıxmır. Örnək olan müğənnilərdəndir. Hər zaman belə olsun və uğurları davamlı etsin”.

“Zamiqin jurnalistlərlə münasibəti yaxşı deyil”

Elşad Ümid – “Reytinq” qəzetinin əməkdaşı: “Çoxları elə bilir ki, Zamiqin ilk klipi “Uçduq” adlı mahnısına çəkilən klipdir. Amma ondan öncə Zamiq bir klip çəkdirmişdi, təqdimatı da olmuşdu. Bu klip çox uğursuz alınmışdı. Bir ildən sonra tamaşaçılara “Uçduq” adlı klipini təqdim etdi, ondan sonra populyarlıq qazandı. Demək istəyirəm ki, Zamiqin ilk addımı uğursuz olub və bu günə gələnə qədər bir sıra çətinliklərlə   üzləşib. Amma, estrada səhnəmizdə öz yerini tapdı və hazırda ən yaxşı kişi müğənnilərdən biri sayılır.  

Şəxsi keyfiyyətlərini də həmişə müsbət yöndə görmüşəm. O ki qaldı şəxsi həyatına, bizə aidiyyatı yoxdur, ailə qurdu, alınmadı, bu, onun öz işidi. Əsas odur ki, maraqlı mahnılar təqdim edə bilir və mahnıları sevilir. Ola bilər ki, Zamiq zahirən özündən razı görünür, amma şəxsən mən belə bir şey görməmişəm. Bizlərə qarşı normal münasibəti var. Zamiq bir çox müğənnilərdən sadədir. Bəziləri kimi, mənəm-mənəmliyi yoxdur.

Gördüyü işlər də göz qabağındadır, az işlər görməyib. Röya ilə baş tutan turnesi də kiçik iş deyildi, bundan əlavə konsertləri də olub.

Ola bilsin bəziləri düşünsün ki,  Zamiqin jurnalistlərlə   münasibəti yaxşı deyil. Çünki çox zaman özü ilə əlaqə saxlamaq olmur. Bəlkə də buna görə bəziəri belə fikirləşir. Amma nəsə bir yenilik olanda bunu jurnalistlərlə özü çatdırır. Tədbirlədə çox olur, tapmaq elə də çətin deyil. Mən onda mənfi xüsusiyyət görməmişəm”.

“Stilisti onun saclarını bərbad günə qoyub”

Zakirə Zakirqızı – “ATV maqazin” jurnalının redaktoru: “Zamiq “ATV maqazin” jurnalının dostudur və gözəl insandır. Amma axır vaxtlar Zamiqin stilisti onun saclarını bərbad günə qoyub. Kollektivimiz adından deyirəm ki, Zamiqin imicini bəyənmirik. Zamiq repertuarına əl gəzdirsə, çox yaxşı olardı, çünki repertuarı  zəngin deyil. Onun səs  potensialı  daha yaxşı mahnılar ifa etməyə  imkan verir, amma repertuarı çox zəifdir, bilmirəm bu nədən irəli gəlir. Çox istərdim ki, Zamiq bir az öz üzərində işləsin.

Zamiq tənqidlərə qarşı dözümlü deyil, hər zaman istəyir ki, onu tərifləsinlər. Bizim kollektivimizin bəzi nümayəndələrinin dediyinə görə, səhnədə çox sünidir. Geyimi pis deyil, zövqlə  geyinir, özünün dəsti-xətti var.

Mən hesab edirəm ki, indiki gənclərin demək olar ki, hamısında özündənrazılıq var. O ki, qaldı müğənnilərə, müğənnilərin hamısı özündən razıdır. Amma əsas odur ki, insanın özündən razılığı gördüyü işlərlə, sənəti ilə, mənəvi-daxili aləmi ilə, dünyagörüşü ilə üst-üstə düşsün. Zamiq bu baxımdan çox axsayır.

Zamiqdə dünyagörüşü baxımından da əksiklik var. Mən çox istərdim ki, Zamiq maariflənməyə daha çox üstünlik versin. Bir dəfə Zamiq mənim müsahibim olub, çox populyar olan bir sözü mən ondan soruşdum, o, buna qəribə bir tərzdə cavab verdi. Sonradan məlum oldu ki, o bu sualın, ümumiyyətlə, bu sözün mənasını bilmirmiş. Bunun özü gerilikdir. Ümumiyyətlə, müğənnilər bir az maariflənsələr yaxşı olar.

Biz hər zaman hər kəsə qarşı obyektiv yanaşmışıq. Zamiqə qarşı da həmişə münasibətimiz belə olub, obyektiv, acıq və səmimi...   Zamiq haqqında bircə tənqidi yazı gedəndə çox aqressiv şəkildə münasibət  bildirir. Hətta küsdüyü məqamlar da olur. Amma nəyə görə küsür, onu başa düşmürük. Zamiqin bir müsbət cəhəti odur ki, ürəyində kin yoxdur. Yəqin sonradan başa düşür ki, sənət adamısansa, sənin haqqında deyilən tənqidi fikirlərə qarşı açıq olmaq lazımdır”.

“Zamiq dünya səviyyəsinə çıxacaq müğənni deyil”

Azər Nəsibov – “Space” TV-nin əməkdaşı : “Zamiq haqqında mənfi fikir eşitməmişəm, ancaq müsbət fikirlər eşitmişəm.  Amma, bir şeyi də deyim ki, Zamiq dünya səviyyəsinə çıxacaq  bir müğənni deyil. Azərbaycan səviyyəsində əla müğənnidir. Səsi və repertuarı orta səviyyədədir. O qədər də güclü deyil.
Daha çox imicini bəyənirəm. Geyimi çox zövqlüdür, imici çox əladır.
Jurnalistlərlə münasibəti  normaldır.”

“Zamiq əvvəllər utancaq idi”

Mətanət Şamilqızı – “Oxu məni ” qəzetinin əməkdaşı: “Zamiq mənim çox sevdiyim və səsini bəyəndiyim bir müğənnidir. Gənc olmasına baxmayaraq, populyarlıq qazana bilib. Səhnə davranışı da yaxşıdır. Əvvəllər bir az utancaq idi, sıxılırdı. Mən ondan müsahibə də almışdım və görürdüm ki, suallarıma sıxıla – sıxıla cavab verir. Amma son vaxtlar hiss edirəm ki, Zamiqdə nəsə canlanma var, daha sərbəst olub. Bu da yaxşı bir haldır. Zamiq öz üzərində çalışır, mahnıları da populyarlıq qazanıb. Elə müğənnilər var ki, onun mahnıları xoşa gəlir, amma tez unudulur. Zamiqin mahnıları isə yadda qalandır. Görünür yaxşı bəstəkarlarla işləyir, özü də mahnı secimində zövqlüdür ki, belə mahnılar ifa edir.

Son vaxtlar bilmirəm, amma əvvəllər Zamiqdən müsahibə alanda elə bilirdim onda soyuqluq var. Sonra fikir verdim ki, bu utancaqlıqdır. Çünki, indi daha sərbəstdir, daha rahat danışır. Bəlkə də ola bilsin sıxılırdı, bu xüsusiyyət insana özündən razılıq kimi, soyuqluq kimi görsənirdi. Hesab edirəm ki, Zamiq indi daha maraqlı olub, əvvəllər ifası yaxşı olsa da, özünün xarakterinə uyğun olaraq onun haqqında müsbət fikir demək olmurdu. Ola bilsin ona müəyyən vaxt lazım idi ki,  daxilindəki potensialı  göstərsin...

O qədər də deməzdim ki, Zamiq özündən razıdır. İlk vaxtlar özündən razı kimi görsənə bilərdi, amma bu utancaqlıq idi”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir