Modern.az

Son imperator: Əbdülhəmid (I Hissə)

Son imperator: Əbdülhəmid (I Hissə)

26 Aprel 2016, 11:05

“Atam bizlərə xəbər göndərərək hamımızın salamlığa gəlməyimizi əmr etmişdi. Sarayda hər kəs bu ilk salamlığın necə olacağını maraq və təlaş içində gözləyirdi. Validə Sultan (hökmdar anasına verilən titul)  atamın son ağır xəstəliyindən az müddət sonra vəfat etdiyinə görə salamlığa Bədr-i-Fələk Baş Qadın Əfəndinin müşayiətilə çıxdıq. Millətin axın-axın Ulduz sarayına doğru gəldiyini səhərdən bəri eşidirdik.

Hamımız böyük bir həyəcan içində idik. Allaha pənah deyərək arabalarımıza minib sarayın qapısından çıxdıqda müdhiş bir çoxluğun içinə düşdük.

Ulduz yoxuşu məhşərdən bir gün almışdı, sanki. Hər növ, hər cins insan yığını bir dalğa kimi hərəkət edir, ayaq basılacaq yer qalmırdı. Ağacların, divarların, qaz dirəklərinin, barmaqlıqların üzərinə çıxmış minlərcə insan intizamsız, qaydasız, dəhşətli bir mənzərə təşkil edirdi.

Buna bir növ “insan dəryası” da demək olardı. Bizdən yüzlərcə il əvvəl yaşamış olanların belə bir gün gördüklərini təxmin etmədiyim kimi, bizdən sonrakılar da, bəlkə, görə bilməyəcəkdilər. Sanki bütün İstanbul xalqı Ulduz yolunu işğal etmişdi...”

II Əbdülhəmidin qızı Ayşə Sultan Osmanoğlunun xatirələrindən

Böyük imperatorun kədər dolu uşaqlığı

623 il (1299-1922) dünyanın idarəsini öz əlində saxlamağı bacarmış Osmanlı imperiyasının son hökmdarı, sultan səltənətinin son nümayəndəsi tarixi reallıqlara görə Sultan II Əbdülhəmiddir. Doğrudur, ondan sonra hakimiyyətə qardaşları V Mehmet Rəşad və VI Mehmet Vahidəddin gəlsələr də, dövlət onların dövründə yalnız rəsmi çöküş illərini yaşadı. Ona görə də bir sıra tarixçilər II Əbdülhəmidi sonuncu imperator kimi görürlər.

O, 1842-ci ildə İstanbulda Sultan Əbdülməcidin şahzadəsi olaraq dünyaya gəlib. Anası Tir-i-Müjgan Sultan Əbdülhəmid hələ 10 yaşında olarkən vərəm xəstəliyindən vəfat edib. Tir-i-Müjgan Sultanın milliyyəti ilə bağlı, əsasən, iki fikir var. Bunlardan biri onun Trabzon bazarından alınmış bir erməni qızı olduğunu göstərsə də, daha fakta yaxın məlumat çərkəz əsilli olmasıdır. Mənbə olaraq II Əbdülhəmidin qızı Ayşə Sultanın xatirələrində atasının hərəmdəki cariyələrə üzünü tutaraq öz anası haqqında “bunlar da çərkəzdir, bizim validənin soyundandır...” deməyi göstərilib. Anasının ölümündən sonra kiçik Şahzadə Əbdülhəmidin himayəsi gənc atasına və onun uşaqsız arvadı Rəhimə Piristü Qadın Əfəndiyə qalır. Şahzadə Əbdülhəmid analığı Rəhimə Sultanla çox yaxşı yola gedir, ikisi də biri-birini çox sevir, hörmət edirlər. Belə ki, 1876-cı ildə Sultan II Əbdülhəmid adı ilə taxta çıxdığı zaman, o, Rəhimə Sultana Validə Sultan titulunu verərək siyasi və dövlət idarəsi işlərinə qətiyyən qarışmamaq şərtilə hər zaman əl üstündə tutulacağına dair söz vermişdi. Rəhimə Validə Sultan da onun dediklərini yerinə yetirib və II Əbdülhəmiddən sonra taxta gələn iki qardaşının anası olmadığı üçün Osmanlı Validə Sultanları siyahısının sonuncu nümayəndəsi kimi tarixə düşüb. Onun haqqında geniş məlumatlar yoxdur. Yalnızca Ayşə Sultanın xatirələrindən görünür ki, sadə türk tərzində geyinmiş və dəbdəbədən uzaq qalmış biri olub.

Taleh ata sarıdan da Əbdülhəmidin üzünə gülməmişdi. Şahzadə 19 yaşında ikən atası Sultan Əbdülməcid ömrünün 38-ci ilində tüberkulyoz (vərəm) xəstəliyindən dünyasını dəyişir. Bu itkilər gələcək imperatoru sarsıtmaqla yanaşı, öz ayaqları üzərində durmaq, özünü güclü yetişdirməsi üçün təkan da verirdi. 

Hakimiyyətə gedən kəşməkəşli yol

Atasının ölümündən sonra taxta əmisi, Sultan Əbdülməcidin qardaşı olan Sultan Əbdüləziz gəlir. O, qardaşının şahzadələrini öz oğulları kimi himayə edir, xarici gəzintilərə, işgüzar səfərlərə onları da hər zaman özü ilə aparıb dünyagörüşlərini artırırdı. Onun verdiyi sərbəstliklə qardaşının böyük oğlu Şahzadə Murad (Sultan V Murad) Qurbağalıdərə adlı yerdəki köşkündə (bina hazırda Mərmərə Universitetinin Göztəpə korpusu kimi fəaliyyət göstərir) rahat bir həyat yaşayıb. Həmçinin Əbdülhəmidi də özü ilə xaricə aparır, siyasi, mədəni ab-havanı ona tanış edirdi. Yenilikçi xarakterə malik Sultan Əbdüləzizin dövründə Osmanlıda bir sıra mədəni tərəqqi işləri görülmüşdü. Bundan əlavə dövrü səciyyələndirən xüsusiyyətlərdən biri də bir sıra ziyalı və tələbənin “Osmanlı maarif cəmiyyəti”ni qurmağıdır. Burada yer alanlar sırasında mətbuatla sıx əlaqələri olan, “Tərcümani-əhval”, “Təsviri-əfkar” qəzetləri ilə adı mətbuat tarixinə düşən İbrahim Şinasi, məşhur yazıçı və dramaturq Namiq Kamal və digərləri özlərini “Yeni Osmanlılar” adlandırmağa başlamışdılar. Bu təşkilatın əsas məqsədi həmin dövrün ab-havası olan demokratiyaya meyillilik, ən əsası da məşrutə (konstitusiya) qəbul olunması idi. Lakin cəmiyyətin fəaliyyəti dayandırıldı. Xalq isə bir tərəfdən coşurdu, ölkə qaynar qazan vəziyyətində idi. 1876-cı ildə isə Sultan Əbdüləziz müəmmalı şəkildə öldü.Bəzi mənbələrə görə, o, iki biləyini kəsərək intihar edib. Digər mənbələrə görə isə sui-qəsd nəticəsində öldürülüb. “Sözcü” qəzetindən bir məqalədə oxuyuruq ki, Bahəddin Öztuncayın “Xatiratı-Üxüvvət: portret şəkillərinin cazibəsi 1846-1950” adlı kitabında Sultan Əbdüləzizin ölmədən öncəki son fotosu verilib. Bu fotoda sarayın aşağı xidmətçiləri Sultana mədəniyyətsizcəsinə dirsək dayamış, mərhum Əbdüləziz isə köhnə üst-baş və gözlərindən nifrət çıxan bir baxışlarla baxmışdır. Həmin fotonu təqdim edirik:

Əlavə olaraq Sultan Əbdüləzizin anası Pertevniyal Validə Sultan öz xatirələrində oğlunun üç pəhləvan tərəfindən öldürüldüyünü yazıb. Əlbəttə ki, tarixçilərin əksəriyyəti də Validə Sultanın yazılarını əsas götürürlər. Onun ölümündən sonra taxt yolu Əbdülhəmidin böyük qardaşı  Muradın olur, lakin Sultan V Murad əqli zəiflik və ağır depressiya diaqnozu ilə 93 gün hakimiyyətdə qaldıqdan sonra taxtdan salınır, Çırağan sarayına həbs edilir və o möhtəşəm gün gəlir: Şahzadə Əbdülhəmid Sultan II Əbdülhəmid (1876-1909) adı ilə taxta oturur, 33 illik  bir iqtidar, 34-cü Osmanlı sultanlığı, 113-cü İslam xəlifəliyinin başlanğıcına qədəm qoyur.

Son səltənətin ilk illəri

Sultan II Əbdülhəmid dünya siyasi arenasında qarmaşıqlığın, özbaşınalığın artdığı və Osmanlıda vəziyyətin kəskin ağır olduğu vaxtlarda taxtın sahibi olmuşdu. Artıq bu dövrdə Osmanlı çökməyə doğru gedərkən güclü mütləqiyyət və səltənət quraraq heç kimin inana bilməyəcəyi şəkildə 33 il hakimiyyətdə qalacağını özü bilirdimi, görəsən, Sultan? Hakimiyyətə gəldiyi ilk günlərdə heç kimin gözləmədiyi qərarlar qəbul edirdi. Bunlardan biri də Midhət paşanın yenidən sədr-əzəm (baş vəzir) elan olunması idi. Əhməd Midhət paşa Sultan Əbdüləzizin və 93 günlük Sultan V Muradın taxtdan salınmasında şübhəli olan şəxslərdən biri idi. İlk sədr-əzəmliyi dövründə Misirin Böyük Britaniyanın hakimiyyəti altına düşməsinə səbəb olması və büdcədə kəsir olduğu halda yalan olaraq dolu göstərməsi üzündən vəzifədən azad edilmişdi. Sultan II Əbdülhəmidin dövründə ikinci dəfə vəzifəyə gəlir, lakin yenə fəlakətlərə səbəb olur. Sultanı dövlətin vəziyyəti ağır olduğu halda Rusiya-Osmanlı müharibəsinə təhrik edir, Böyük Britaniyanın köməyilə çar imperiyasını məğlubiyyətə uğradacaqlarına inandırır. Əslində isə elə Böyük Britaniya, Fransa və Avstriya-Macarıstan imperiyası da bu müharibəni istəyirdi ki, Osmanlını parçalayalar. Hətta vəziyyət o yerə çatıbmış ki, xarici dövlətlər müxtəlif şəhərlərdə konfranslar keçirərək Osmanlını öz aralarında necə bölüşdürəcəklərini müzakirə edəndə, adətən, leş qarğaları kimi hansına daha çox “ət düşəcək” mübahisəsi edir, bir-birləri ilə vuruşurdular. Midhət paşanın qələbə xəyalları gerçəkləşmir. 1877-1878-ci illərdə baş vermiş müharibə faciələrlə nəticələnərək II Aleksandrın qələbəsi, II Əbdülhəmidin məğlubiyyətini təsdiqləyən San-Stefano sülh müqaviləsi ilə bitir. Tarixə “93 Hərbi” adı ilə düşən müharibə dövründə və sonunda Balkan və Qafqaz torpaqlarında çox sayda qaçqın və köçkünlər meydana gəlib. Sülh müqaviləsi ilə Şimali Bolqarıstan, Serbiya, Monteneqro, Rumıniya müstəqillik əldə edib sultan səltənətindən çıxdı. Qars və Bessarabiya (Moldova) isə Rusiyanın əlinə keçdi. Az müddət sonra Sultan II Əbdülhəmidin siyasət işlədərək Avropa dövlətlərini Rusiyaya qarşı cəbhə aldırması nəticəsində Böyük Britaniya, Fransa və Avstriya-Macarıstan imperiyası Rusiyanı müharibə ilə hədələyib San-Stefano şərtlərinə yenidən baxılması üçün Berlində konqres təşkil etdilər. Lakin Berlin Konqresi də çox şeyi dəyişə bilməyib, sadəcə, Makedoniya və Şərqi Bayazidin Osmanlıya qaytarılmağı ilə nəticələndi. “Maraqlı”  bir şəkildə isə Bosniya və Herzeqovinanın idarəsi Avstriya-Macarıstana, Kiprın idarəsi isə Böyük Britaniyaya verildi. Bu rüsvayçı məğlubiyyətdən sonra Midhət paşa qovulub, 1881-ci ildə Sultan Əbdüləzizə sui-qəsd təşkil etməsi ittihamı ilə Ulduz sarayı məhkəməsində edam cəzası verilib. II Əbdülhəmid cəzanı həbs cəzasına çevirsə də, 3 ildən sonra həbsxana mühafizləri paşanı öldürürlər. Bəzi baxışlar bunun Sultanın özünün əmri olduğunu göstərir.

II Əbdülhəmidin ilk illərində həm də Osmanlıda Midhət paşanın hazırladığı Qanun-i-Əsasiyə görə Birinci Məşrutiyyə dövrü başlanır. Konstitusiyaya görə imperiyanı Sultanla Məclis birlikdə idarə etməli idi, amma mütləqiyyət tam şəkildə Sultanın əlində olub.

Əslinə qalsa, Sultan II Əbdülhəmidin dövrü Osmanlı torpaqlarının itirilməsi dövrüdür, lakin səltənətin qorunması və türk torpaqlarında Fateh, Sultan Süleyman kimi şəxsiyyətlərin idarəsinə bənzər bir idarənin qurulması onu möhtəşəm edir. Onun hakimiyyəti dövründə 1881-ci ildən 1908-ci ilədək baş verən hadisələr sırasında Tunis, Somali, Həbəşistanı xarici ölkələrin işğal etməsi, Küveytin müstəqillik qazanması, Yəmən üsyanları, erməni üsyanları (bundan ayrıca bəhs olunacaq), İkinci Məşrutiyyə və s. kimilər olub.

(ardı var...)

Nurlan Ağa
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin III kurs tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir