Modern.az

“Digər kanallarda yüz dəfə gördüyümüz simaları yüz birinci dəfə Mədəniyyət kanalında görmək istəmirik”

“Digər kanallarda yüz dəfə gördüyümüz simaları yüz birinci dəfə Mədəniyyət kanalında görmək istəmirik”

6 Yanvar 2011, 16:01

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti mədəniyyət sahəsi üzrə ixtisaslaşaşacaq ayrıca Mədəniyyət kanalı açmağa hazırlaşır. Modern.az saytı “Mədəniyyət kanalını necə görmək istərdiniz” sualı ilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvi Jalə Əliyevaya müraciət edib. Deputatın məsələyə münasibəti belə olub:
“Bu gün kütləvi şəkildə Azərbaycan mədəniyyətinin, musiqi sənətinin bayağılaşdırılmasından, sənətin səviyyəsinin müəyyən adamlar tərəfindən məqsədli şəkildə aşağı salınmasından narazılıq var və dövlət səviyyəsində həyacan təbili çalınır. Belə bir zamanda Mədəniyyət kanalının açılması çox əhəmiyyətlidir. Əsrlərdən bizə gələn incəsənətin ciddi məqamlarının daha da inkişaf etdirilməsində, populyarlaşdırılmasında bu kanalın rolu çox böyük olacaq”.

Millət vəkili Mədəniyyət kanalı vasitəsilə əsl sənət görmək istədiyini qeyd edib: “Tarixin dərin köklərindən gələn Azərbaycan mədəniyyətinin və unudulmaqda olan bəzi məqamların xatırlanması, yada salınması, sadəcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil - çünki bu bizim üçün daha asandır, soyumuzu, kökümüzü unutmuruq -  amma Azərbaycanın sərhədləri kənarında yaşayan, dünyanın bir çox yerlərinə dağılan soydaşlarımızın da mədəniyyətimizi unutmaması, övladlarına təqdim edə bilməsi üçün düşünürəm ki, bu çox əhəmiyyətli kanal, vasitə olacaq”.

J.Əliyevanın sözlərinə görə, Mədəniyyət kanalının daha effektiv, səviyyli olması o kanalda çalışacaq peşəkar insanlardan asılı olacaq.

“Əsil sənət biliclərinin Mədəniyyət kanalına cəlb edilməsini arzu edirik. Mənim fikrimcə, yeni açılacaq kanalda təkrarçılıqdan qaçılsa, daha yaxşı olar. Məsələn, bir çox proqramlarda yüz dəfə gördüyümüz, tanıdığımız simanı yüz birinci dəfədə göstərirlər, eyni müğənni, eyni yazıçı, eyni tarzən. Axı başqa dəyərlər də var, tanınmayan, böyük istedadı olanlar da var və bunları axtarıb ortaya çıxarmaq birinci növbədə qələm adamlarının və ekranın işidir. Populyar insanlarla yanaşı, həmin istedadı olanları da üzə çıxarmaq, onları bütün xalqın malı etmək Mədəniyyət kanalının vəzifəsi və borcu olacaq”.

Jalə Əliyevanın fikrincə, Mədəniyyət kanalında bu sahənin peşəkarları, bu sahəyə nəzarət edən dəyərli insanlar maraqlı, rəngarəng, səviyyəli, mənəviyyatımızı zənginləşdirə biləcək layihələr üzərində işləməlidirlər.

“Mədəniyyət kanalının Azərbaycan Dövlət Televiziyasının nəzdində açılması o kanalın  inkişafı üçün perspektiv vəd edir. Çünki Azərbaycan Televiziyası uzun illərin sınağından çıxıb, digər televizyalar isə AzTv-nin törəmələridir və bu kanallarda işləyən əməkdaşların əksəriyyəti  AzTV-nin yetişdirdiyi insanlardır”.

Aytən ƏLIYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir