Modern.az

Azərbaycanlı futbolçunun İngiltərə klubuna keçidi rəsmiləşib

Azərbaycanlı futbolçunun İngiltərə klubuna keçidi rəsmiləşib

Təhsil

7 Yanvar 2011, 12:54

"Neftçi" klubunun və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi sıralarına qatmaq istəyən İngiltərənin "Everton" klubunun nümayəndələri Bakıya gəliblər.
Yanvarın 7-də "Trend" agentliyinin mətbuat mərkəzində səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Mətbuat konfransında bildirilib ki, Araz Abdullayev «Everton»un məşqlərində iştirak etmək üçün fevralın 15-də İngiltərəyə yola düşəcək.
Araz Abdullayev «Everton» klubu ilə uzunmüddəli müqavilə imzalayıb. Bu haqda ingilis klubunun uşaq futbolunun inkişaf departamentinin rəhbəri Con Mördok məlumat verib. Lakin o, müqavilənin müddətini açıqlamayıb: «Bu, iki klub arasında sirr olaraq qalsa yaxşıdır».
«Biz bir klub olaraq gənc futbolçular yetişdirmişik. Araz da bu gənclərdən biri olacaq» - deyən Con Mördok Arazın «Everton»da özünü  göstərməsi üçün əllərindən gələni edəcəklərini bildirib.

«Everton»un futbol əməliyyatları departamentinin rəhbəri Devid Harrison bildirib ki, Araz Abdullayevin İngiltərəyə getmək üçün işçi vizası almaq problemi hələ də aradan qaldırılmayıb. Problemi yoluna qoymaq üçün Araz ilk növbədə milli komandada oynamalıdır.
«Onun futbolçu kimi göstəriciləri yerindədir. Amma Araz milli komandada mövqeyini möhkəmləndirməlidir» - deyə o bildirib.

«Çox şadam ki, «Neftçi» ilə əməkdaşlıq edirik. Arazı bir il əvvəl gənclər millinizin Şotlandiyaya qarşı oyununda görmüşdük. Onun oyununu çox bəyənmişdik. Arazı komandamıza cəlb etmək üçün bu gün Bakıya gəlmişik.  İnanıram ki, Arazın həm «Everton»a, həm də Azərbaycan futboluna böyük faydası dəyəcək» - deyə Devid Harrison vurğulayıb.

Araz Abdullayev özü «Everton» kimi bir kluba transfer olunmasından məmnunluğunu ifadə edib. «Belə bir komandada oynamaq hər bir futbolçuya nəsib olmur. İnanıram ki, İngiltərədə ölkəmizi layiqincə təmsil edəcəyəm. Amma hələ bir müddət «Neftçi»də oynayıb sonra «Everton»a gedəcəyəm» - deyə o bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...