Modern.az

Dünyadakı ərzaq qıtlığı Azərbaycana təsir edəcəkmi?

Dünyadakı ərzaq qıtlığı Azərbaycana təsir edəcəkmi?

Ölkə

7 Yanvar 2011, 15:04

Vüqar Bayramov: “Qıtlıq olmasa da  böhran istehlak mallarının qiymətlərini artıracaq”

Dünyada ərzağın qiyməti artaraq rekord həddə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bəyanatına əsasən, son qiymət artımının rekordu 2008-ci ildə qeydə alınıb. Qiymət indeksinin artması 55 növ qida məhsullarına şamil edilib. Bu isə dünyada qənd, dənli bitkilər, yağ və ətin qiymətinin artmasından irəli gəlib.

Yeri gəlmişkən FAO dünyada ərzaq böhranının yarana biləcəyinə dair də xəbərdarlıq edir.  Bildirir ki,  təkcə ötən ilin oktyabrında dünyada ərzağın qiyməti 5 faiz artıb. Taxılın qiyməti isə son 2 ildə ən yüksək həddə çatıb. Nəticədə birjalarda 1 kiloqram ərzaq buğdasının qiyməti 29 sentdir. Braziliyada quraqlıqla əlaqədar 1 kiloqram şəkərin qiyməti son 30 ildə ilk dəfə 70 sentə təklif edilir. Şəkərin bahalaşması ilə əlaqədar  qənnadı məhsulları istehsalçılarının malların qiymətini artıracağı istisna olunmur. Ət və süd məhsullarının  qiymətlərinin  qalxması isə dünyada taxıl böhranının yaranmasının heyvan yeminin bahalaşmasına gətirib çıxarmasıı ilə əlaqələndirilir.  

Qeyd edək ki, dünyada ərzaqın bahalaşması  Azərbaycana yeyinti məhsullarının idxalının artdığı  vaxta təsadüf edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 9 ayında Azərbaycana ət məhsulları, buğda, şəkər və yağların idxalı artıb. İdxalın artması ilə yanaşı, ölkəyə gətirilən ərzaq məhsullarının qiymətində də artım müşahidə olunub. Belə ki, son 1 ildə Azərbaycana idxal olunan ət məhsulları 40 faiz bahalaşıb. Ötən il ölkə sərhədində 22 qəpiyə başa gələn ərzaq buğdasının qiyməti 28 qəpiyə qalxıb. Ölkəyə gətirilən şəkərin qiyməti isə 1 il əvvəllə müqayisədə 54 faiz artıb.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, dünyada müşahidə edilən ərzaq qıtlığının  Azərbaycanın istehlak bazarına təsir edəcəyi proqnozlaşdırılır: “Güman edilir ki, dünya bazarında qiymətlərin artması, eləcə də ərzaq qıtlığının yaranması ölkəyə idxal edilən məhsulların qiymətlərində kəskin artımlara səbəb olacaq. Xüsusən, 2010-cu ildə kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq istehsalının azalması nəticəsində  Azərbaycanda ərzaq məhsullarına tələbatın ödənilməsi istiqamətində boşluq yaranıb. Dünyada qıtlıq davam edərsə, bu birmənalı  şəkildə ölkədə ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxaracaq”.

Bununla belə iqtisadçı Azərbaycanda ərzaq qıtlığının yaşanacağını güman etmir: “Ərzaq məhsullarına tələbatın ödənilməsi istiqamətində problemlər gözlənilmir. Lakin böhran istehlak mallarının qiymətlərinin artımına səbəb olacaq. O baxımdan 2011-ci ildə ərzaq məhsullarının qiymətlərinin artması proqnozlaşdırılır”.

Azərbaycan istehlak bazarının dünyadakı qiymət artımlarına asdekvat reaksiya verdiyini vurğulayan iqtisadçı vətəndaşların böhranını təsirlərini qiymətlərdə hiss edəcəklərini söyləyir.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?