Modern.az

Səs-küylü TƏKLİF: “Erkən ərə verilən qızlar insan alveri qurbanı sayılsın”

Səs-küylü TƏKLİF: “Erkən ərə verilən qızlar insan alveri qurbanı sayılsın”

29 Aprel 2016, 13:43

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov mətbuat orqanlarını insan alveri ilə bağlı məsələlərdə ehtiyatlı olmağa çağırıb.

Modern.az xəbər verir ki, Z.Əsgərov jurnalistlərin işlətdiyi ifadələri ehtiyatla seçməyin vacibliyini vurğulayıb.  

“İnsan alverinə qarşı mübarizədən danışırıq, gərək ictimaiyyət və mətbuat da dəstək olsun. Bir də baxırsan ki, yazırlar filan futbol klubun üzvü başqa futbol klubuna satılıb. Burada müqavilə və tansferdən söhbət gedir. Satılıb nə deməkdir?! Bu insandır və necə alver predmeti ola bilər?!. İnsan alverinə qarşı mübarizədən danışırıq, amma belə sözlər eşidirik. İfadələrdə ehtiyatlı olmalıyıq”.  

Deputat Elmira Axundova təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınsın.

"İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatından görünür ki, insan alveri ilə mübarizə sahəsində həqiqətən də ciddi işlər görülür. İnsan alveri ilə bağlı həm maarifləndirmə tədbirləri, həm qabaqlayıcı tədbirlər, həm cəza tədbirləri daima həyata keçirilir. Bütün bunlar tərifə və təqdirə layiqdir. Bu ciddi mübarizəyə görə hesab edirəm ki, ölkəmizdə insan alveri məsələsi acınacaqlı halda deyil.

Hörmətli Vilayət müəllim, əgər yadınızdadırsa, Milli Koordinatorun keçənilki  hesabatında mən iri şəhərlərin küçələrində uşaq dilənçiliyinin geniş vüsət alması ilə bağlı sizə müraciət etmişdim və bu gün sizə  minnətdarlığımı bildirirəm. Məmnuniyyətlə qeyd etməliyəm ki, həmin vaxtdan bu yana Daxili İşlər Nazirliyi bu xoşagəlməz hallara qarşı ciddi mübarizə apardı. Müsbət hal odur ki, bu mübarizə bir günlük və ya bir aylıq olmadı, yəni kampaniya xarakteri daşımadı. Bu tədbirlər müntəzəm xarakter aldı, nəticədə Bakının küçələri az qala maşın altına özünü atan azyaşlı dilənçilərdən təmizləndi. Amma Bakı ilə yanaşı regionları da unutmaq olmaz. Bildiyim qədər Sumqayıtda başqa bir dilənçilik növü yaranıb, belə ki, bir qrup azyaşlı və cavan oğlanlar əlil kimi gəzərək mərkəzi küçələrdə, Sumqayıtın lap giriş hissəsində dördyolda dilənirlər. Ən dəhşətlisi isə odur ki, onlar əlil yox, sadəcə fırıldaqçıdırlar. Bununla da həqiqətən əlil olan vətəndaşlarımızın imicinə xələl gətirirlər. Unutmayaq ki, dövlət əlil vətəndaşlarımıza kifayət qədər qayğı göstərir, onlara pensiya ayırır. Amma mənim iradım Sumqayıt və digər yerlərdə özünü əlil kimi göstərərək insanların duyğularından istifadə etməklə pul yığan şəxslərlə bağlıdır. Xahiş edirəm qeyd etdiyim bu məsələni də nəzarətdə saxlaya, aidiyyəti qurum rəhbərlərinə göstəriş verəsiniz.

Digər mühüm məsələ ondan ibarətdir ki, son onillikdə insan alverinin çox əcaib və eybəcər formaları da peyda olub. İlk növbədə bu, müxtəlif səbəbdən narazı olan, radikal dini cərəyanlara qulluq edən bəzi insanların terror təşkilatlarına cəlb olunmasıdır. Təəssüf ki, onların arasında kişilərlə yanaşı qadınlar da var. Bir sıra xarici televiziya kanallarında belə qadınları tez-tez göstərirlər, onlar terror düşərgələrindən azad olunaraq söyləyirlər ki, əvvəl onlara evlənmək vəd edirlər, sonra isə aldadaraq aparıb İŞİD düşərgələrində cinsi istismara məruz qoyurdular. Elə bu günlərdə məlumat yayılıb ki, Mosul şəhərində İŞİD-çılar seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər. Kişiləri isə döyüş bölgələrində döyüşməyə məcbur edirlər, ya da onlardan kamikadze hazırlayırlar. Biz bunları artıq bilirik, həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti tərəfindən terror qruplarına qoşulan şəxslərə qarşı qabaqlayıcı tədbirlər görülür, onlar zərərsizləşdirilir. Hesab edirəm ki, belə hallara qarşı profilaktik tədbirlər görmək, bu qrup insanları nəzarətdə saxlamaq, izləmək və belə terror təşkilatlarına qoşulmasının qarşısını əvvəlcədən almaq lazımdır. Çünki bu da bir növ insan alveridir. Ona görə istərdim ki, belə hallar varsa, Milli Koordinatorun hesabatında öz əksini tapsın.

Ümumiyyətcə mənə elə gəlir ki, hörmətli Milli Koordinatorumuz insan alveri anlayışına daha geniş və əhatəli şəkildə yanaşmalıdır. Məsələn, bir neçə həftə əvvəl Milli Məclisdə qadın məsələləri üzrə Konfrans keçirilmişdi. Orada həm də erkən nikahlarla, yəni yetkinlik yaşına çatmadan zorla ərə verməklə bağlı da misallar göstərilmişdi. Azərbaycan üzrə erkən nikahlar aktual məsələdir. Bəlkə erkən nikaha məcbur etməni də insan alverinə daxil edək, çünki bu halda valideynlər yeniyetmə qızların arzu və istəklərinin ziddinə çıxırlar, məsələn təhsil almaq, işləmək, bununla da onları əşya kimi vermiş olurlar. Elə bu günlərdə bir dəhşətli xəbər yayılıb: Quba rayon sakini, 15 yaşlı qız özünü Samur-Dəvəçi kanalına ataraq intihar etmişdi. Ən dəhşətlisi də odur ki, azyaşlı qızın artıq nişanlı olduğu bildirilir və elə intiharın səbəbi də qızı yaxın vaxtda zorla ərə vermək cəhdi olmuşdur. Məncə qızına əşya kimi baxan, onun iradəsinə zidd gedən, uşaq ikən ərə verən valideyn ən ağır cəzaya və ictimai qınağa məhkumdur. İstərdim ki, sizin rəhbərlik etdiyiniz qurum da bu problem ilə ciddi məşğul olsun, çünki belə hallar insan alverinin ən çirkin formalarıdır.

Bir sözlə insan alveri və insan istismarı XXI əsrdə çox müxtəlif və eybəcər libaslara bürünüb. Amma mahiyyətinə vardıqda erkən nikahlar da, insanları terrorist təşkilatlara cəlb etmək də, insanları əlil formasında dilənməyə məcbur etmək də insan alverindən başqa bir şey deyil. Ona görə cəmiyyət üçün qorxulu və mənfi olan belə hallara qarşı aparılan mübarizənin nəticələrini növbəti hesabatlarda görmək istərdik. Ümumiyətlə Milli Koordinatorun hesabatını qənaətbəxş hesab edirəm və bu nəcib işdə xidmətin bütün əməkdaşlarına daha böyük uğurlar diləyirəm".

Aytən Zəhra 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir