Modern.az

Qabil Hüseynli: “Partiya yaratmaq fikrim yoxdur...”

Qabil Hüseynli: “Partiya yaratmaq fikrim yoxdur...”

Ölkə

7 Yanvar 2011, 18:29

“AXCP-Müsavatın birləşmə kampaniyasında iştirak etmək niyyətində deyiləm”

Müsavatın keçmiş funksioneri bitərəf olacaq və yaradacağı mərkəzdə politoloq kimi fəaliyyət göstərəcək

Müsavat Partiyasından istefa vermiş keçmiş Divan üzvü Qabil Hüseynli bundan sonra müstəqil politoloq kimi çalışacaq. Modern.az-a açıqlamasında Q. Hüseynli bildirib ki, hazırda Adil Qeybulla ilə birlikdə yaratdığı “Müsavat irsi və müasirlik” təşkilatının siyasi partiyaya çevrilməsi gözlənilmir.

“Mən yaratdığımız ictimai təşkilatın gələcəkdə siyasi təşkilata çevriləciyini güman etmirəm. Bu istisna olunur. Partiya yaratmaq çətin işdir”-deyə Q.Hüseynli vurğulayıb. Onun sözlərinə görə, bundan sonra hər hansı bir siyasi partiyaya daxil olmağı da düşünmür və bitərəf olaraq müstəqil politoloq kimi fəaliyyət göstərəcək.

Q. Hüseynli həmçinin bildirib ki, regional təhlükəsizliklə bağlı araşdırma mərkəzi yaradaçağı da istisna edilmir. Bununla yanaşı. professor elmi-araşdırıcı fəaliyyətini bərpa etmək niyyətindədir.

Müsavat Divanın keçmiş üzvü istefalarının AXCP-Müsavat birləşməsi ilə bağlı olduğunu rədd edib. O, vurğulayb ki, AXCP-Müsavatın birləşəməsi üçün aparılan kampaniyada iştirak etmək niyyətində deyil.

“Bizim partiyadan istefa verməyimizin AXCP-Müsavat birləşməsinə heç bir aidiyyatı yoxdur. Biz Məclis sədrliyinə keçirilən seçkilərin demokratik əsasda keçirlməməsinə etiraz edərək partiyanı tərk etmişik. Bu birləşmə ideyasını dəstəkləsəm də, aparılacaq aktiv kampaniyada iştirak etmək niyyətim yoxdur. Mən yalnız ideyanın tərəfdarı kimi təbliği ilə bağlı fikirlərimi irəli sürə bilərəm”-deyə Q.Hüseynli vurğulayıb.

Hazırda işləmək üçün yer imkanlarını araşdıran politoloq bildirib ki, uzun müddət heç yerdə çalışmayıb. Son iş yeri Azərbaycan Texniki Unversitetində kafedra müdiri vəzifəsi olan Q.Hüseynli 1995-ci ildən bəri işsizdir.
“Bunun da özünün ciddi səbəbləri var” deyən politoloq hakimiyyətdən işlə bağlı təklif olarsa, öz huqularının bərpası olaraq qəbul edəcəyini vurğulayıb.

Q.Hüseynli Türkiyəyə işləməyə gedə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, vaxtilə Türkiyədə yaşadığından orada əlaqələri var.

O, həmçinin vaxtilə yükək dövlət qulluğunda işlədiyindən qanunun ona verdiyi üstünlükləri də araşdırmaq istəyir. Politoloqun sözlərinə görə, 1993-96-cı illərdə Prezidentin müşaviri vəzifəsində işlədiyi zaman “Dövlət qulluğu haqqında” qanun olmayıb. Sonradan qəbul edilmiş qanunun ona şamil olunub-olunmadığından isə xəbərsizdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır