Modern.az

Sabir bulağı

Sabir bulağı

Ədəbi̇yyat

30 Aprel 2016, 14:14

yaxud xalqın şairi, haqqın nasiri

Sabir Rüstəmxanlının  70  illiyinə  essevari fraqmentlər

...Çoxdan tanısam da, dəfələrlə görüşüb duz-cörək kəssək belə,  xalqın şairi, haqqın nasiri, Türkün  görkəmli oğlu Sabir Rüstəmxanlı  haqqında ilk dəfədir ki,  əlimə qələm alıb yazıram. Bu gecikmiş yazıya görə, özü olmasa da,  onu dəfələrlə sayılıb-SEÇİLƏN  ölkə ziyalıları arasından  millət vəkili  SEÇƏNLƏR  və  türk dünyasına  səs salan  əsərlərinə  görə  sevənlər  məni bəlkə də qınayacaq. Amma  burası da var ki,  çox vaxt  qələm əhli  özünə doğma bildiyi şəxsiyyətlər haqqında yazmaqda çətinlik çəkir. Yaddaşımın saxlancında Sabir bəylə bağlı o qədər faraqmentlər var ki,  hansından başlayım, özüm də bilmirəm... 

Birinci fraqment:  Tale elə gətirdi ki, 80-ci illərin sonu  Sabir bəyin Masallıda   müstəntiq işləyən qardaşı  Əlövsət  bəylə bir müddət  qapıbir  qonşu olduq. Bakıdan Yardımlıya  gedəndə Sabir bəy  həmişə yolüstü  Əlövsətgilə  baş çəkərdi. Milli ruhun  oyanmasına  təkan verən “Ömür kitabı”nın oxucular tərəfindən  böyük maraqla oxunduğu  vaxtlar idi.   Bir dəfə necə oldusa, Əlövsətgil evdə  olmadı.  Sabir bəyi evə dəvət edib “mən də sizin qardaşınız, buyurun bizə” dedim.  O, gülümsünərək  “çox sağ olun, yolçu yolunda gərək” dedi və dönüb getmək istədi. Bu zaman  qapı ağzında  üç yaşlı  oğlum İsmayılın əlində  ağ,  qalın cildli  “Ömür kitabı”nı görəndə ayaq saxladı.  Və  döş  çibindən  çıxardığı qələmlə avtoqraf yazıb  mənə  öz ömür kitabımı yazmağı dilədi.   

İkinci  fraqment  və ya görüşümüz Almaniyadan  yaşayan və  əslən  Cənubi Azərbaycandan olan dostu İbrahim Əhrari ilə birlikdə Yardımlıya  səfərimiz oldu. Bu, mənim həm də Sabir bəyin öz dünyasına sözün əsl mənasında, ilk ekskursiyam idi: Masallının qaynar İstisuyundan yuxarı -  dağlıq əraziləri keçəndən sonra sakit təbiət qoynuna çəkilib, daşların-qayaların qoynundan süzülüb gələn dupduru  çayın  hövzəsində  dəbdəbədən uzaq  xudmani süfrə açmağımız, təndir çörəyi,  üzlü-gözlü motal pendiri,  yüksək keyfiyyətli “Drezden” arağı və Sabir bəyin şirin söhbətləri... Gördüklərim -eşitdiklərim sanki öncədən hazırlanmış ssenaridə yazılmışdı . 

Sonra Sabir bəy  yaxınlıqdakı yoxuşu cəld və çevik addımlarla qalxaraq bizə   qocaman  palıdın dibində çağlayan  bulağı  göstərdi...  İlahi, elə  bil  mən  ondan yox, o, məndən on iki yaş gənc idi... O zaman Xəlil Rza Ulutürk “Sabir  Rüstəmxanlı şəlaləsi”  adlı  şeirini yazmışdı. Mən də tövşüyə-tövşüyə, nəfəsimi güc-bəla ilə dərib  adsız  bulağa  “Sabir  bulağı” dedim və əyilib  çeşməsindən su da içdim.   Amma  o dağlara  çıxmağın  yorğunluğu uzun müddət  canımdan çıxmadı...   

Mən  Sabir bəyin sayəsində onun doğma kəndi  Hamarkənddən adını eşidib üzünü görmədiyim başı qarlı Savalanın  ilk dəfə  uzaqdan  seyr etdim. Və  Xəqani Şirvaninin  ulu  Savalanı  vəsf etdiyi  bu misraları xatırladım:

Səadət qibləsi Savalan dağı,
Şərəfdə Kəbətək qazanıb şöhrət.
 Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki, ehram tutan geyər ağ xələt...

Üçüncü fraqment: Bir müddətdə sonra  Yardımlıda   tikdirdiyi  yarımçıq evində olduq.  Yenə  dəbdəbədən uzaq süfrə açıldı, qarpız,  pendir,  deyəsən  bu dəfə  boyat bozartma da vardı... İkinci mərtəbənin hələ çərçivəsi salınmayan   pəncərələrindən Yardımlının  möhtəşəm  mənzərələri görünürdü.  Dördükünc, eyni  ölçülü-biçili  o  pəncərələrdən  elə bil  daş  çərçivəyə  salınmış  canlı taplolar “asılmışdı”.  Sabir  bəy  sağlıq söyləyəndə  dedi ki, rəhmətlik Səttar Bəhlulzadə sağ indi sağ   olsaydı ,  burada oturub  əziyyət çəkmədən  bu  mənzərələri  kətana köçürərdi... 

Dördüncü fraqment:  1990-cı il,  Faiqin toy günü...  Xudu kişinin  öz əli saldığı bağda Yardımlı rayon partiya komitəsinin birinci katibi Fəzail Tağıyev başda olmaqla bir neçə yüksək vəzifəli şəxslər, Əlövsət bəyin Masallıda hüquq –mühafizə orqanlarında çalışan həmkarları ilə gözəl təamlar düzülmüş toy masasının ətrafında oturub Sabir bəyi dinləyirik. Mənimlə üzbəüz  əyləşən  “Salam dar ağacı”  kitabının müəllifi  şair Rüstəm Behrudini  ilk dəfə yaxından görürdüm və nədənsə  o an içimdən   “Salam,  çörək ağacı”  adlı  bir  esse  yazmaq keçdi.  Sabir bəy  o zaman bir il olardı ki,  Azərbaycanda ilk müstəqil, demokratik ruhlu  "Azərbaycan" qəzetini  təsis etmişdi və  onun baş redaktoru  idi.  İki  il idi ki, milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən biri kimi  tanınırdi.  Faiqin toy günü bəlkə də heç kim ağlına belə gətirmirdi ki,  vur-tut bir neçə aydan  sonra Sabir bəy Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri,  1991-ci ildə Mətbuat və İnformasiya naziri  olacaq...

...O toy  gecəsi  Hamarkəndən Yardımlıya,  ordan  da dağlara qıvrıla-dıvrıla dolanan  yolla  Masallıya dönəndə  Xəzər adlı  ümmüna can  atan Vıləş çayına düşən  dolğun və parlaq Ayın əksinə baxa-baxa  Sabir  bəy haqqında   düşünürdüm . Axı  o da bu  coşqun  dağ  çayına  oxşayırdı:  Hamarkənddən -  ata ocağından  götürdüyü  nuru  ürəyində  tonqala  çevirib Azərbaycan adlı  ümmana, böyük  Türk dünyasına  işıq daşıyırdı.

O zaman  44-45 yaşlarında  Sabir bəyin ən üstün cəhətlərii  nədə idi?   Nəfsinə müxalifətçilik etməkdə,  haqqa yar olmaqda,  qılıncla qələmin  birliyini  yaratmaq  amalı ilə yaşamağında... Əgər söhbət demokratik dövlət quruculuğundan gedirdisə,  demək, vəzifədən  istefa vermək,   hər hansı  mükafatdan  imtina  etmək adamdan   cəsarət və  yüksək mədəniyyət tələb  edir.

Məncə  92-də MM –in sədrliyinə  namizədliyini  geri götürməsi,  95-də  nazir postundan istefa verməsi, 96-da Prezidentinin fərmanıyla  təltif  olunduğu "Şöhrət" ordenini   almaqdan imtina etməsi  Sabir Rüstəmxanlının  ilk nöbədə  mənsub olduğu türk xalqına, Azərbaycan dövlətçiliyinə hörmət və ehtiramından qaynaqlanırdı.  O, nazir olanda qapısı  Azərbaycanın bütün  bölgələrindən  olan  yazarların üzünə açıq oldu. Gəlin görək,  indi  hər hansı nazirin,  komitə sədrinin,   icra başçısının,  heç  şöbə müdrlərinin qəbuluna düşmək olurmu?!

Haşiyə: ...Rəhmətlik Nüsrət  Kəsəmənlinin  Sabir  bəyə  ötən   əsrin  70-ci  illərində  həsr elədiyi  bir şeiri var:  “Mənim  bu şəhərdə kimim var axı,  hər qapı döyməyə  əlim gəlməyir...”.   Doğmalarının  qapısının zəngini çalmağa  qalxmayan o  əllər Sabir bəyin  qapısını  ərklə döyə  bilir. Niyə? Sabir bəyin ki,  o zaman heç bir titulu, fəxri adı ki, yox idi!  Çünki ürək  genişliyi Sabir bəyə  atadan-babadan,  Rüstəmxandan  miras qalmışdı,  layiq  olduğu titulları da, fəxri adları da,  oxucu sevgisini də ona   QƏLƏM  Xaqan   qazandırdı ...

Əsas fraqmentlərdən biri: Bu məqamda mən Sabir bəyin və onun qardaşlarının  xarakterində əsas   rol oynayan  Xudu  kişi haqqında  bir –iki  kəlmə yazmaq istəyirəm. Xudu kişi ilə Əlövsətgildə çox həmsöhbət olmuşdum.  Dünyagörmüş,  zəhmətkeş kişi idi.  Bir dəfə  Masallıdan Yardımlıya getmək  üçün bir taksiyə yaxınlaşır.  Adətən, İsgəndərli köpüsündən  aşağısında dayanan  taksilər  dörd  nəfə sərnişin  götürməmiş  yola düşməzdilər.  Özbəy adlı   bir taksi sürücüsü Xudu kişini şəxsən  tanıyır  və  qabaqda  oturacağda oturan çavan  oğlana deyir ki, sən  keç arxada otur, bu kişi Sabir Rüstəmxanlının atasıdır,  bir  oğlu Əlövsət də Masallıda müstəntiq işləyir, qoy  o, qabağda rahat otursun!  

Xudu kişi sürücüyə də, cavan oğlana  da üzünü tutub deyir ki:  -  Ay bala, siz Sabirə, Əlövsətə görə yox,  ağsaqqal olduğuma görə  mənə hörmət edin!..  

Bəli, çox gözəl  ibrət dərsidir. Yəni  hər ağsaqqalın ola  bilər  ki,  Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu  kimi oğulları olmasın,  amma bu o demək deyil ki, sən  o ağsaqqala  hörmət etməyəsən!..

Bir dəfə də Əlövsətlə  stadionda  futbol oynayanda  yüngülcə mübahisə  etmişdik və  ondan  küsmüşdüm.  Xudu kişi  növbəti dəfə onlara baş çəkməyə gələndə necə oldusa, incik olmağımdan  duyuq düşdü və  Əlövsətə dedi:  -  Bala, sənin  Yardımlıda  böyük  qardaşın Sadatdı, Sumqayıtda  Mədətdi, Bakıda Sabirdi, Masallıda da Nurəddin...

Xudu kişidən  bütün övladlarına  - Sabir bəy başda olmaqla Sadata, Mədətə, Əlövsətə, Şahbaza, Faiqə, Dilavərə, Cəlala hazırcavablıqla bərabər,  gözütoxluq, mərdlik, mətinlik  kimi xüsusiyyətlər, dözümlülük, zəhmətsevrlik  və  haqq-ədalət  uğrunda mübarizlik əzmi keçmişdi.  Onu  da  qeyd edim ki,   Sabir bəy  atası Xudu  kişinin son günlərini, psixoloji dəqiqliklə “Atamın Ruhu” romanında  çox   maraqlı  və yaddaqalan   ştrixlərlə qələmə almışdır. 

90-cı illərin ortalarında baş redaktoru olduğum “Masallı” qəzetində   respublikanın tanınmış ziyalılarına, xalq şairi və yazıçılarına ünvanlanan  müraciətim  böyük əks-səda doğurdu. Həmin  müraciətə  ilk münasibəti  bildirən Sabir bəy oldu:  “ ... Özünü ziyalı adlandıran şəxs respublikada bu gün baş verən  proseslərdən kənarda qala bilməz! Bəzən deyirlər ki,  yazıçı və şairlərin  borcu  ancaq yazmaq, yaradıcılıqla  məşğul  olmaqddır. Amma şair və yazıçı mücərrəd bir auditoriyaya müraciət etmir, hər bir əsərin  konkret ünvanı var. Bu ünvanın adı  Azərbaycan xalqıdır! Sevinirəm ki, bu müraciəti mənim millət vəkili seçilmiş olduğum bölgənin ziyalıları ediblər. Doğrudan da Masallı ziyalılar rayonudur...”

Sabir bəy təkcə  sözdə  bu fikri demirdi,   həm də  dəfələrlə  istər Bakıda,  istər Masallıda  ziyalılarla  görüşürdü...  O,  bu gün də  bir ağsaqqal qələm sahibi  olaraq  indiki çağda ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini yolverilməz hesab edir... Və  çalışır ki, bir-birindən  incik düşən ziyalıları   barışdırsın!

 Sabir bəyin  bir  gözəl kəlamı da  var: “Dünyada yalnız xalqın sevgisinə bel  bağlamaq olar! Ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın yaddaşıdır!”

Hərçənd Napoleon Bonapart  kimi  sərkərdə  “Yaratmaq məsələsində  zor  gücsüzdür” desə də, son zamanlar ZORUN bir çox yaradıcı adamlardan,   vətənpərvər  insanlardan  güclü olduğuna  az şahid olmamışıq. Mən  “Qarabağa aparan yol” qəzetində  redaktor müavini  olanda  bir müddət  parlament müxbiri  kimi   MM-in  iclaslarında  iştirak etmişəm...   Yadımdadır,   bir dəfə cari məsələlər müzakirə   olunanda   deputatladan  biri tanınmış tele-jurnalistin anasının  ünvanına   nalayiq sözlər dedi,  əslində  jurnalistən çox Azərbaycan qadını  təhqir olundu. Yalnız Sabir bəy özündə cəsarət tapıb  öz  çıxışında həmin  deputata  etiraz elədi.

 Yaxud Türkiyənin “Kanal 24” telekanalında Şah İsmayıl Xətai təqhqir olunanda  yenə Sabir bəy və  həyat yoldaşı, “Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə  Rüstəmxanlı  öz  etiraz səslərini  ucaltdılar. Sabir bəy parlamentdə  Azərbaycandan həmin kanala himayədarlıqda adı hallanan qurumdan məsələyə aydınlıq gətirməsini xahiş etsə də, demək olar ki, onun təklifinə laqeyd yanaşdılar.  Görəsən niyə?  Məgər millət vəkilləri  Xətai Yurdunun -  Şah İsmayıl Səfəvidən  dili,  Ali divan  məclisi, ərazisinin  yeddidə bir hissəsi  miras qalan Azərbaycanda ən yüksək  maaş aldıqlarının fərqində deyildilərmi?!  Üstəlik  deputalar arasından  da Şah İsmayılın ünvanına təqnqidi fikirlər səsləndirənlər oldu və böyük qardaş  dediyimiz Türkiyədə  Şah İsmayılı  aşağılayan  kitablar nəşr olundu,  “Möhtəşəm yüz il” serialında  həm özü,  həm oğlu Təhmasib şah  yenə  təhqir olundu...

Sabir Rüstəmxanlı  çox haqlı  olaraq bir şeirndə deyir:  “bir çiçəyin mehrinə sıxılıb ağlamayan məni anlamaz əsla!” Sabir bəy  ölüvaylığın,  cəhalətin, cahilliyin,  sərkərdə mundiri geymiş  köləliyin əleyhinədir:

Yandır, şəhid qanı, bu daşı yandır! 
Bu daşa çevrilən qardaşı yandır! 
Ya tamam yox elə, ya da oyandır,
 Bu uzun cəhalət uyğusu bitsin...

Dünən olduğu  kimi  bu gün də  Sabir Rüstəmxanlının  daxilində  sönməyən  Zərdüşt odu var. Sabir Rüstəmxanlının əlində Xətainin qılıncı  kimi  kəsərli qələmi var. Onun amalı “Əbədi sevda” və Ata  yadigarı olan ruhla “Tonqal başında” Vətəndaş  həmrəyliyinə  xidmət etməkdir!  Çünki Türk xalqının nicat  yolu - Zəka  qüvvələrinin birliyindədir, zəka qüvvələrinin vəhtəti isə Qılıncla Qələmin  həmrəyliyindədir...

Son söz yerinə təbrik:  Sabir bəy, dağ  adamları  binayi - qədimdən  Allaha yaxın  olublar. Bu gün düz otuz il öncə Sizinlə dağlara çıxıb  – “Sabir bilağı”ndan su içdiyim günü xatırlayanda, ürəyimdə bu arzu keçdi: Qoy o uca dağlar- “Rüstəmxanlı şəlaləsi”, “Sabir bulağı” 70 illik yubileyinizə hədiyyə kimi  ruhunuzu  daha  da  cavanlaşdırsın!

Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist. (29.04.2016)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir