Modern.az

Birinci Türkoloji Qurultaydan sonra repressiya: Xalid Səid Xocayev - III yazı

Birinci Türkoloji Qurultaydan sonra repressiya: Xalid Səid Xocayev - III yazı

Ədəbi̇yyat

2 May 2016, 09:58

filologiya üzrə elmlər doktoru, professor

Təsadüfi deyil ki, Xalid Səid Xocayevə pantürkist damğası ilə hökm oxunmuş və onun türkoloji düşüncənin inkişafındakı fəaliyyətinə son qoymaq üçün güllələnməyə məhkum etmişlər. Ona oxunan hökm belə olmuşdur: “Müttəhim Xocayev 1925-ci ildən Ümumittifaq antisovet, pantürkist, təxribatçı-terrorçu və cəsus təşkilatının üzvüdür. Onların məqsədi Sovet hakimiyyətini devirmək, milli respublikaları SSRİ-dən ayırmaq və vahid türk-tatar burjua dövlətini yaratmaqdır. Xocayev müntəzəm olaraq əksinqilabi millətçi təbliğat aparmış, əksinqilabi pantürkist təşkilata yeni-yeni üzvlər cəlb etmiş və 1924-cü ildən 1937-ci ilədək bir xarici dövlətin cəsusu olmuşdur.

Yuxarıda deyilənlərə əsasən və Azərbaycan SSR CPM-nın 316 və 317-ci maddələrinə müvafiq SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Xalid Səid Xocayevi ən ağır cəzaya – güllələnməyə məhkum etdi. Hökm qətidir, şikayət qəbul edilmir və hökm 1 dekabr 1934-cü il SSRİ CPM-nın qərarına görə dərhal yerinə yetirilməlidir”. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il)

Məlumatlara görə, Xalid Səid Xocayevin “Üslubiyyat nəzəriyyəsi”, “Sintaksis”, “Türk dillərinin tarixi qrammatikası” adlı kitabları da olubdur. Ancaq bu əsərlərin hər biri yoxa çıxıbdır. Onun 14 çap vərəqi həcmində “Sintaksis” adlı əsərinin redaktoru Bəkir Çobanzadə olmuşdur. Bu əsər redaktə olunub mətbəəyə verildikdən sonra çap edilməmiş, daha doğrusu, itirilmişdir. Xalid Səidin 1936-cı ilin ortalarında çapa hazır olan 14 çap vərəqi həcmində olan “Üslubiyyat nəzəriyyəsi”, 12 çap vərəqi həcmində olan “Türk dillərinin tarixi qrammatikası” adlı əsərləri də yoxa çıxıbdır. Xalid Səidin yoxa çıxmış, it-bata düşmüş əsərləri barədə Azər Turanın verdiyi müsahibələrin birində deyilir: “Divan”-dan başqa 11 böyük elmi əsəri (Xalid Səid Xocayevin elmi əsəri nəzərdə tutulur – B.X.) yağmalanıb. “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türküstan tarixinin qısa icmalı”, “Müfəssəl sintaksis” və s”.

Xalid Səid Xocayev Birinci Türkoloji Qurultayın təşkilati işlərində əvəzsiz xidmətlər göstərmişdir. “Yeni Əlifba Komitəsi”nin yaratdığı xüsusi komissiyanın tərkibindəki dörd nəfərdən (S.Ağamalıoğlu, C.Məmmədquluzadə, V.Xuluflu, X.S.Xocayev) biri də Xalid Səid Xocayev olmuşdur. Xalid Səid Xocayev 1924-cü il sentyabr ayının 7-dən oktyabr ayının 10-dək Krım-Türküstan ellərində səfərdə iştirak etmişdir. Səfər təəssüratlarından “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (1929) adlı əsərini yazmışdır. Bu əsər Azərbaycan-türk ədəbiyyatında “Səyahətnamə”dir. Əsərdəki ön sözdə Bakı darülfünunun şərq fakültəsinin müəllimi Əziz Ubaydullin yazırdı: “Xalid Səid yoldaşın oxucularımıza təqdim edilməkdə olan əsəri bir çox cəhətdən əhəmiyyətlidir. Bu “Səyahətnamə” bir cəhətdən yeni əlifba yolundakı böyük mədəni və inqilabi hərəkətin ilk dövrünü göstərdiyindən türk-tatar xalqı tarixinin mühüm bir səhifəsidir. İkinci tərəfdən bu əsər ədəbiyyatımızda bu dövrdəki türk-tatar ziyalılarının halət ruhiyyələrini göstərən birinci “xatirə-memuar”dır”. (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s.3)

Xalid Səidin belə bir kitabı yazmaqda məqsədi ondan ibarət olmuşdur ki, əlifba islahatının XIX əsrin ortalarından başlayaraq həmin dövrə qədər heç bir nəticə vermədiyini, belə bir mühüm işin həyata keçməsi üçün ictimai və siyasi inqilaba ehtiyac olduğu barədə oxucularda geniş təsəvvür yarada bilsin. Ona görə də oxucuları baş vermiş quru hadisələrlə yormamaq üçün əsərə bir bədii rəng də əlavə etmişdir. Orta Asiyada yeni əlifbaya qədərki tarixlə bağlı mövcud olan fikirləri, mövqeləri, münasibətləri xülasə etmişdir. Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabı bütövlükdə “Yeni Əlifba Komitəsi”nin fəaliyyətinin ən əhəmiyyətli məqamlarını özündə əks etdirir. Əslində bu kitabın məzmunu bir daha təsdiq edir ki, Xalid Səid Xocayevin duyğu və düşüncələrinə o vaxtkı rejim heç zaman biganə qala bilməzdi. Xalid Səid Xocayev “Yeni Əlifba Komitəsi”nin uğurlu fəaliyyətini təqdir edərək qeyd edirdi ki, onların bu səyahətləri Birinci Türkoloji Qurultayın çağırılmasına səbəb oldu. O yazırdı: “... bu səyahət türk-tatar və sair millətlərdən mürəkkəb olan Birinci Türkoloji Qurultay üçün yeganə amil və səbəb oldu. Bu qurultay Şərq aləmindəki mədəni inqilabın ən mühümü olan əlifba inqilabının rəsmi surətdə təməl və əsasını qoymuş olduğu kimi əsrlərcə ərəb əlifbasının muşkulatı altında əzilən xalqlar ilə əlifbadan məhrum olan bir çox ibtidai halda yaşayan xalqlar üçün elmi, fənni əsaslar üzərinə qurulan bir əlifba verdi”. (Xalid Səid. Yeni əlifba yollarında əski xatirə və duyğularım. Bakı, 1929, s. 147) Əlbəttə, bu cür, məhz tərəddüd etmədən Krım-Türküstan ellərinə etdikləri səyahətin Birinci Türkoloji Qurultayın çağırılmasına səbəb olduğunu yazan bir türkoloq – Xalid Səid Xocayev repressiyadan yayına bilməzdi. Təbii ki, o, repressiya olunmaq üçün siyasi rejimin diqqət mərkəzində olan şəxslərdən birinə çevrilmişdi.

Birinci Türkoloji Qurultay günlərində Xalid Səid Xocayevin evində olan qonaqlıq da, burada türkoloqların olması da o vaxtkı siyasi rejimin diqqətindən kənarda qala bilməzdi. Bəhicə xanımın verdiyi müsahibədə oxuyuruq: “Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə – rəssam Salam Salamzadənin yoldaşı mənim xalamın (Bəhicə xanımın – B.X.) qaynı Əliqulu Qəmküsarın qızıydı. O 1926-cı ildə keçirilən Türkoloji qurultayı yaxşı xatırlayırdı. Deyirdi ki, Türkoloji qurultay günlərində bizim evdə ziyafət olub. Evimiz çox böyük idi. Fuad Köprülü, Əli bəy Hüseynzadə, Hüseyn Cavid... həmin ziyafətdə iştirak ediblər”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il)

Təbii ki, bunların hamısı təsdiq edir ki, Xalid Səid həbs olunacağını da bilirdi. Bunu qızı Bəhicə xanımın verdiyi müsahibə də təsdiq edir. Azər Turanın “Xalid Səidin həbs olunduğu ərəfələri xatırlayırsız? Onu həbs edəcəklərindən bir əndişəsi vardımı? Bilirdimi həbs ediləcəyini?” sullarına Bəhicə xanım belə cavab verir: “Məsələ burasındadır ki, bəli, Xalid Səid həbs ediləcəyini bilirdi. Bir dəfə onu “Kommunist” qəzetinin redaksiyasına çağırıb nəsə demişdilər, onunla söhbət etmişdilər. Bundan sonra atam tam əmin olmuşdu ki, o da həbs ediləcək. Necə bilməzdi bunu? Türkiyədə təhsil alıb gəlmişdi. Türkoloq idi. Hələ üstəlik institutda hər gecə bir-iki nəfəri tuturdular. Ümumiyyətlə, həmin institutda dərin bilikli adamların hamısını sanki süpürdülər. Unutmadığım bir məqam da var. Həbs olunduğu ərəfədə məni çağırıb divanda öz yanında əyləşdirdi və bilmirəm nə üçünsə öz tərcümeyi-halını mənə ətraflı danışdı. Mən isə bunun fərqinə o qədər də varmadım. Kaş onun danışdıqlarının hamısını yadımda saxlayaydım”. (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il)

Deməli, Xalid Səid Xocayev həbs olunacağını bilirmiş. Ona görə ki, onun türkoloji fikrin inkişafındakı fəaliyyəti o dövrdəki siyasi rejimi təmin etmirdi. Onun 1937-ci il iyunun 3-də həbs edilməsi, 1937-ci il sentyabrın 13-də 12493/72 nömrəli iş üzrə ittiham qərarının imzalanması ölçülüb-biçilmiş bir iş olmuşdur. Bunu Xalid Səid Xocayevin ittiham olunduğu maddələr də təsdiq edir:

1.  Milli respublikaların SSRİ-dən silahlı yolla ayrılmasına çalışan və vahid türk-tatar dövlətinin yaradılmasına cəhd göstərən Ümumittifaq, əksinqilabi, terrorçu, pantürkist təşkilatın üzvü olmuşdur.

2.  Əksinqilabi pantürkist təşkilata yeni üzvlər cəlb etmişdir.

3.  Türkiyə kəşfiyyatında olmuşdur:

Yəni, Azərbaycan SSR CM-nın 73,70,63-1 maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilir. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il)

Xalid Səid Xocayevlə bağlı 1937-ci il oktyabrın 11-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar sessiyasının hazırlıq müşavirəsinin protokolu tərtib edilir:

1.  İttiham qərarı razılaşdırılsın və 1 dekabr 1934-cü il qanuna müvafiq işə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında baxılsın.

2.  Xocayev Xalid Səidin işi Azərbaycan SSR CM-nın 70,73,63-1 maddələri üzrə məhkəməyə verilsin.

3.  İşlə bağlı məhkəmə iclasında, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılsın. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il)

1937-ci il oktyabr ayının 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar sessiyasının məhkəmə iclasının protokoluna bu da yazılır: “Müttəhim Xocayev günahkar olduğunu tam etiraf etdi. Təxmini istintaqda verdiyi ifadələr təsdiq etdi və məhkəmə istintaqına heç bir əlavəsi olmayacağını bildirdi: 1937-ci il oktyabrın 12-də olan iclas 15 dəqiqə davam etdi. İclas 15:10 dəqiqədə başlandı, 15:25 dəqiqədə qurtardı. Xalid Səid Xocayevə güllələnmə hökmü oxunduqdan sonra bu hökm Bakı şəhərində icra edilmişdir: 12 oktyabr 1937-ci il. Və onun şəxsi işinə 1937-ci il 13 oktyabr tarixli bir arayış tikilmişdir ki, Xalid Səid Xocayevin güllələnmə hökmü Bakıda icra edilmişdir (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il)

Xalid Səid barədə güllələnmə hökmü çıxandan sonra onun həyat yoldaşı Sara Rza qızı Xocayevanı Qazaxıstana sürgün etmişlər. O, 13 oktyabr 1937-ci ildən 15 may 1941-ci ilədək həbs düşərgəsində olmuşdur. Bəzi məlumatlarda Xalid Səid Xocayevin həyat yoldaşının adı Sara, bəzilərində isə Sitarə kimi verilir. Bəhicə xanımın verdiyi məlumata görə, anasının adı Sitarədir. O, Mir Rza xan Talışinskinin qızıdır. Sitarə xanımın anası Məryəm xanım isə general Səməd bəy Mehmandarovun bacısıdır. Bəhicə xanım anası Sitarə xanımın həbs olunduğu gecəni belə xatırlayır: “Anamı aparmağa gəldilər. Gecəydi. Saat 12 olardı. Tək qaldığım üçün dedilər ki, balacanı da uşaq evinə verəcəyik. Mən bunu eşitdim. Üzr istəyirəm, gecə paltarındaydım. Evdən qaçıb xalam Cahan Talışinskayagilə gəldim. Xalamın evi indiki fəvvarələr meydanının yerləşdiyi ərazidəydi. Xalam nənəm Məryəm xanımla bir yerdə yaşayırdı. Sonralar həmin binanı sökdülər. Çox yaraşıqlı bir binaydı. Mirbəşir Qasımov da həmin evdə yaşayırdı. O zaman xalamın ərini də həbs etmişdilər”. (Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti. 14 noyabr 2008-ci il)

Bəhicə xanımın anasının hara sürgün edilməsi ilə bağlı dediklərindən: “Qazaxıstana (Qazaxıstana sürgün olunduğu nəzərdə tutulur – B.X.). Akmolinskiyə. İndiki Astanaya. Bura Akmala da deyirdilər. Dediyim kimi, “Xalq düşmənləri”nin arvadlarının hər birinə səkkiz il iş vermişdilər. Mənim anam tez qayıtdı. Onların arasında vaxtilə Kremldə işləyən Olqa Şapunovskaya adlı bir qadın vardı. Olqa anama demişdi ki, Sara, mən sənə bir ünvan verəcəm. Sən həmin adresə məktub yazıb xahiş et ki, səni azad etsinlər. Anam da Stalinə məktubu karton parçasına yazıb düşərgənin rəisinə verir ki, yola salsın. Rəis də görüb ki, Stalinə ünvanlanmış məktub karton üzərinə yazılıb. Kağız verir. Məktubu kağıza köçürüb yola salıblar. Bilmirəm, Stalinə çatıb, ya yox. Hər halda, anamı 1941-ci il mayın 28-də azad etdilər. Qayıdıb gəldi Bakıya” (“Füzuliyə aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini Xalid Səidin yanına göndərərdi...” – “Ədəbiyyat” qəzeti, 14 noyabr 2008-ci il)

Xalid Səid Xocayevin həyat yoldaşı 1955-ci ilin aprel ayında (16-da) Xalid Səidin işinə yenidən baxılmasını xahiş etmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərarına görə vaxtilə Xalid Səid barədə çıxarılmış hökm ləğv edilmişdir. Yəni SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1937-ci il oktyabrın 12-də çıxardığı hökm ləğv olunmuşdur. İş cinayət tərkibi olmadığına görə xətm edilmişdir. (Ziya Bünyadov. Arxivlər açılır. Xocayev Xalid Səid. İstintaq işi №12493. – “Azərbaycan müəllimi” qəzeti. 10 yanvar 1990-cı il)

Artıq 2016-cı il... Dan yeri çoxdan sökülübdür... Xalid Səid Xocayevin xidmətləri əsas verir ki, heç olmasa, onun əldə olan kitablarını yenidən çap edək. Onun barəsində yazaq. Tarixin bir çox qaranlıq məqamlarına aydınlıq gətirək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır