Modern.az

20 yaşlı "Səs"in yeni törəmələri fəaliyyətə başlayır (FOTOLAR)

20 yaşlı "Səs"in yeni törəmələri fəaliyyətə başlayır (FOTOLAR)

Reportaj

10 Yanvar 2011, 22:14

“Səs” qəzetində gördüklərimiz

Modern.az saytının “Redaksiyalardan reportaj” layihəsinin bu dəfəki ünvanı 20 yaşını qeyd edən “Səs” qəzetinin redaksiyası oldu. 1991-ci il yanvarın 11-dən nəşrə başlayan qəzet növbəti ad gününü qeyd edir. Reportajı bu ərəfəyə salmağımızın bir məqsədi də elə həmkarlarımızı təbrik etmək idi.

“Səs” qəzetinin baş redaktoru ilə əlaqə saxlayıb onların redaksiyasından reportaj hazırlamaq istədiyimizi bildirəndə qarşı tərəf əvvəlcə tərəddüd etdi, sonra razılaşdı. Beləcə məsələni yönünə qoyub yollandıq “Səs”in “Sahil” bağının yanındakı redaksiyasına.

Saat 11.00-da “Səs”də olmalıydıq. Hər ehtimala qarşı deyilən vaxtdan əvvəl redaksiyanın yerləşdiyi binanın qarşısını kəsdirdik. Buralara nabələd olduğumuzu qapının ağzında dayanan tanımadığımız şəxs dərhal duydu və bizi saxladı:
- Hara gedirsiz? Sizə kim lazımdı?
Ona bildirdik ki, “Səs” qəzetindən reportaj hazırlamalıyıq və baş redaktor da bizi gözləyir. Amma bilmirik neçənci mərtəbəyə qalxaq.
Tanımadığımız adam bizə ikinci mərtəbəni nişan verdi:
- Qalxın ikinci mərtəbəyə…
Qalxdıq. Bəli “Səs”dəkilərin səsi buradan gəlirdi. Amma dəhlizdə kimsə gözə dəymirdi, səslər otaqlardan eşidilirdi. Axtarıb baş redaktorun dəhlizin sonundakı otağını tapdıq.

“Elə vaxtlar olub ki, “Səs”in tirajı 35 minə çatıb, əl-əl axtarılıb…”

Beləcə “Səs”də söhbətə baş redaktor Bəhruz Quliyevin səsini eşitməklə başladıq. O, bizə öncə “Səs” qəzetinin 20 illik tarixindən, keçdiyi yoldan danışdı:
“Səs” qəzeti 1990-cı ildə qeydiyyatdan keçib və 1991-ci il yanvarın 11-də “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb. O zaman hələ sovet dönəmiydi və nəşrə başlamaqla “Səs” qəzeti Azərbaycanda müstəqil mətbuat ilk qaranquşlardan biri oldu.
Sovet dönəmində qəzetə çox basqılar olub, çünki həmin vaxt açıq fikirli qəzet az idi. Elə vaxtlar olub ki, “Səs” qəzetinin tirajı 35 minə çatıb, yəni o dövrdə bu qədər tirajla çıxan yeganə qəzet idi və əl-əl axtarılırdı”.
Müsahibimiz dedi ki, həmin dövrdə xalq hərəkatının liderləri də “Səs” qəzetində çıxış ediblər: “Müstəqillik əldə edildikdən sonar, Ayaz Mütəllibovun dövründə “Səs” açıq fikirli qəzet olaraq o dövr hakimiyyətinə qarşı müxalifətdə dayanmışdı. Xalq hərəkatı sovetlərə qarşı olan vaxt “Səs” qəzeti də eyni funksiyanı yerinə yetirirdi. AXC-Müsavat birliyi hakimiyyətə gələndən sonra onların da yarıtmazlığı qəzetin diqqətindən yayınmadı və sözsüz ki, Azərbaycanın taleyini fikirləşən insanlar qəzetin ətrafında toplaşdılar. Həmin vaxt hələ Yeni Azərbaycan Partiyası yox idi, amma xalqın birliyi var idi və bu birlik “Səs” qəzetinin ətrafında cəmləşmişdi”.

“91-lər"in Heydər Əliyevə müraciəti “Səs”də dərc edilib…

Söhbətə davam edən baş redaktor “o çətin vaxtlarda “Səs” qəzeti sağlam düşüncəli insanların fikirlərini qorxmadan yaza bilirdi” dedi.
“Buna görə də qəzetin redaksiyasına dəfələrlə silahlı basqınlar olmuşdu. Həmin vaxt baş redaktor olan Ağabəy Əsgərovun maşınının qabağını bir neçə gecə kəsib onu qorxutmuşdular da...”.

B.Quliyev “Səs” qəzetinin retro nümunələrindən birini bizə göstərdi. Orada bir sıra ziyalıların yazıları, eləcə də Heydər Əliyevin Naxcıvanda verdiyi qərarlar dərc olunmuşdu. 7 dekabr 1992-ci il tarixində çap olunan qəzetin bir yazısında isə qeyd olunmuşdu ki, tanınmış hüquqşünas Murtuz Ələsgərov döyülüb və ayağı qırılıb.

“Həmin o acınacaqlı vəziyyət olan vaxtlar 91 nəfər ziyalı adından ulu öndərə müraciət edildi. 16 oktyabr 1992-ci ildə “Azərbaycan sizi gözləyir” başlığı ilə 91 ziyalının müraciətini “Səs” qəzeti dərc etdi. 24 oktyabr 1992-ci il tarixdə isə Heydər Əliyev cavab məktubu yazdı. Həmin cavab da “Səs” qəzetində dərc olundu. “Səs” bu faktları özündə əks etdirən yeganə tarixi sənəddir”.

Bəhruz Quliyev həmin dövrdə jurnalistlərin üzləşdiyi problemlərdən danışaraq bizə “Səs”in neçə çətin bir şəraitdə nəşr olunmasından bəhs etdi:
“O dövr idi ki, jurnalistə yazdığı yazını yedizdirirdilər. O dövr idi ki, jurnalistləri maşının yük yerinə basıb aparıb döyürdülər”.
B.Quliyev dedi ki, qəzet yarandığı gündən onun baş redaktoru Ağabəy Əsgərov olub (o, hazırda “Azərbaycan” Nəşriyyatının baş direktorudur-red.), daha sonra “Səs”ə bir neçə gün Eldar Baxışov rəhbərlik edib.
“2005-ci ildən isə “Səs”in baş redaktoru mənım”-deyə müsahibimiz bildirdi.

Söhbətimizin bu yerində öyrənirik ki, “Səs”in ideologiyasını təbliğ etdiyi Yeni Azərbaycan Partiyası da bu qərargahda yaranıb: “Sağlam fikirli insanlar məhz qəzetin ətrafında toplaşdılar. Heydər Əliyevin qərarları, verdiyi tapşırıqlar məhz “Səs” qəzetində dərc olunurdu. Yeni Azərbaycan Partiyasının 12 noyabrda ilk təsis iclasının, 21 noyabrda təsis konfransının materialları da bu qəzetdə çap olunub. Buna görə də ulu öndər öz çıxışlarında dəfələrlə “Səs” qəzetinin fəaliyyətini çox yüksək qiymətləndirib”.
Bunun təsdiqi olaraq müsahibimiz bizə Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində Heydər Əliyevin çıxışından bəhs edən videoyazını göstərdi. Orada mərhum Prezident qəzetin fəaliyyətini və həmin dövrdə heç kimin dərc etmək istəmədiyi çıxışın “Səs”də verilməsini yüksək qiymətləndirib. Çıxışda həm də qeyd edilib ki, “Səs” qəzetinin YAP-ın yaranmasında böyük xidmətləri olub.

“Müxalifətyönlü qəzetlər “Səs”in sağlam mübarizəsindən dərs götürməyə borcludurlar”

Bəhruz Quliyevdən o vaxtkı YAP nümayəndələrinin qəzetə münasibəti ilə indiki YAP nümayəndələrinin münasibəti arasında fərq olub-olmadığını soruşduq.
“Mən deyərdim ki, fərq yoxdur. O dövrdə partiyanın təşkilatlanması vacib idi, partiyanın ətrafında birləşməyə və ideoloji iş aparmağa ehtiyac var idi. Həmin insanları yönəltmək lazım idi. “Səs” qəzeti isə daha çevik və cəsarətlə ideoloji iş aparıb, insanları vahid ideolgiya ətrafında cəmləyə bilirdi, amma bu gün ona ehtiyac yoxdur. Bu gün ideya ətrafında hamı birləşib, artıq partiyanın yarım milyondan çox üzvi var. Bu gün biz sadəcə olaraq partiyanın fəaliyyətini işıqlandırırıq”-deyə o, cavab verdi.

Baş redaktor söhbət əsnasında müxalifət qəzetlərinə daş atmağı da unutmadı:
“Onu da qeyd edim ki, biz həmin dövrdə yazanda indiki müxalifət qəzetləri kimi dağıdıcı şəkildə yazmır, ağa qara və ya qaraya ağ demirdik. Obyektiv olaraq nəyi görürdüksə, onu da yazıb dərc edirdik və insanlar hansı ideyanın ətrafında birləşməlidirsə, onu çatdırırdıq. Yoxsa biz insanlara yalan ideya, yalan vədlər və yaxud yalan yazılar sırıyıb onları aldatmaq istəmirdik və aldatmırdıq. Sivil mübarizə aparırdıq. İndiki müxalifətyönlü qəzetlər müxalifətçiliyi də bizdən örnək götürə bilər və onlar bu gün həmin dövr “Səs” qəzetini vərəqləyib “Səs”in sağlam mübarizəsindən dərs götürməyə borcludurlar. Müxalifətçi sağlam ideya verməlidir, hansı ideologiyanın ətrafında birləşməyi isə oxucu, geniş ictimaiyyət özü bilər.  

Bəzən deyirlər ki, iqtidar qəzetləri tərifləyirlər də, nə yazırlar ki..? Amma bu tərifləmək deyil. Biz olanı yazırıq. Regionlarda social-iqtisadi inkişafla bağlı müxtəlif işlər gedir, biz onları yazırıq. Biz olandan artıq yazmırıq, o dövrdə də belə edirdik, bu dövrdə də… Sadəcə olaraq görmək istəməyənlər görmürlər”.

 “Hansısa dövlət məmurunu da tənqid edirik...”

İqtidar qəzeti sifarişli yazılar dərc edibmi? Baş redaktor bildirdi ki, “Səs” qəzeti heç vaxt sifarişli yazılar dərc etməyib, kiminsə əleyhinə sifariş də verməyib:
“İqtidar qəzeti olsaq da, cəmiyyətdəki hansısa neqativ halları tənqid edirik. Yeri gələndə hansısa dövlət məmurunu da tənqid edə, sosial problemləri də qabarda bilirik, ictimaiyyəti narahat edən məsələni də araşdırırıq, cənab Prezidentin apardığı siyasəti də işıqlandırırıq. Qəzetin siyasətinin bünövrəsi əzəldən necə qoyulubsa, əminəm ki, elə də davam edəcək”.

Bəhruz Quliyev qeyd etdi ki, bu qəzet həmişə kadr yetişdirən məktəb funksiyasını yerinə yetirib.

“İşçilər bura birbaşa jurnalist kimi gəlməyib. Olub ki, bura Yeni Azərbaycan Partiyasının funksioneri kimi gəlib, burada jurnalistika məktəbi keçiblər. Bu qəzetdə o dövrün tanınmış adamlarından Fərəməz Maqsudovun, Ziya Bünyadovun, Hacıbala Abutalubovun, Əli Əhmədovun, Əli Həsənovun yazıları gedib. “Səs” qəzetindən deputatlar da çıxıb - Səyyad Aran, Eldar Sabiroğlu, Ağabəy Əsgərov, Siyavuş Novruzov. Nəriman rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də bu qəzetin əməkdaşı olub. Kərim Kərimov da bizlə daim əməkdaşlıq edib. Bu birinci mərhələ.

İkinci mərhələdə burada məktəb keçənlər Rasim Quliyev bu gün Bakı şəhəri icra hakimiyyətində aparatın rəhbəridir, Sabir Şahtaxtlı bu gün İranda AzərTAc-ın xüsusi müxbiridir, Rabil Kətənov bu gün “Şərq qapısı”nın baş redaktorudur. Onlar da “Səs”in şinelindən çıxıblar, sonra vəzifəyə yüksəliblər. Ağabəy müəllimin özü neçə illər bu məktəbə direktorluq edib”.

“Zaman bu günlə ayaqlaşmağı tələb edir”

Baş redaktor “Səs” qəzetinin jurnalistikaya aid olmaması ilə bağlı söylənilən fikirləri təsdiqlədi:
“Düz deyirlər, “Səs” qəzetinin jurnalistikaya aidiyyatı yoxdur. Biz indi çalışırıq ki, jurnalistləri yığaq. Müasir “Səs” qəzeti müasirliyi özündə əks etdirməlidir, jurnalistlərin müstəqil yazılarını da verməlidir. Bu gün kommunikasiya o qədər inkişaf edib ki, informasiyanı deyirsən, anında internetdədir. Bu modern mətbuatla ayaqlaşmaq üçün sözsüz ki, biz peşəkar jurnalistləri də dəvət edirik, onların axtarışındayıq.
O dövrlərdə “Səs” qəzetinin başında cəmləşənlər xalqı sevənlər, ideologiyaya qulluq edənlər və konkret olaraq Yeni Azərbaycan Partiyasının funksionerləri olublar. Bunların hər biri qəzetin ətrafında cəmləşib, böyük məktəb keçiblər.
“Səs” təkcə qəzet kimi fəaliyyət göstərməyib, bu qəzet ideologiyaya xidmət edib. Qəzet bu gün də ideologiyaya qulluq edir, amma bu gün həm də çalışırıq ki, müasirliyi qoruyaq, müasir jurnalistikanı inkişaf etdirək, jurnalistikanın inkişafında biz də öz töfhəmizi verək.

Qəzeti müasirləşdirmək üçün “Səs” qəzetinin bazasında “Səs” İnformasiya Agentliyi yaratdıq.
“SİAsport” saytı da bir-iki günə fəaliyyətə başlayacaq. Həm sosial şəbəkədə işləmək, həm internet resuslarından istifadə etmək, həm portal yaratmaq kimi geniş planlarımız var".

""Səs"ə çoxlu məktublar gəlir"

Altı ildir ki, baş redaktor kimi fəaliyyət göstərən Bəhruz Quliyev qəzetin 15 illiyini də keçirib: “Xoş bir təsadüfdür ki, qəzetin 20 illiyini də keçirmək mənə nəsib olur və 20 illik fəaliyyətlə bağlı müxtəlif işlər görmüşük”.

Daha sonra müsahibimiz digər məsələlərdən danışdı: “Redaksiyada ən aktual mövzularla bağlı hər həftənin üçüncü günü dəyirmi masalar keçiririk. Ən aktual məsələlərin həllində, problemin çözülməsində müxtəlif ictimaiyyət nümayəndələrini, siyasi xadimləri, millət vəkillərini, dövlət məmurlarını dəvət edirik.  Prezident Adminstrasiyasının şöbə müdirlərindən tutmuş Nazirlər Kabinetində işləyən vəzifəli şəxslərə qədər, kimisə dəyirmi masaya dəvət etmişiksə, hamısı dəvətimizi qəbul edib gəliblər”.

Baş redaktor deyir ki, “Səs” qəzetinə çoxlu məktublar gəlir, onların arasında təbrik məktubları da olur, şikayət məktubları da...
Stolun üstündəki məktubları bizə göstərək onların hamısını araşdırdıqlarını qeyd etdi.

İşçilərin sayı barədə məlumat verən müsahibimiz dedi ki, qəzet və egentlikdə ümumilikdə 60-dan çox adam çalışır, 6 bölgədə də müxbir postu fəaliyyət göstərir”.

Bəhruz Quliyev işçiləri neçə seçdiklərini də danışdı:

“Bizə praktikantlar da gəlir. Mən sevinərəm ki, jurnalistlər jurnalistika fəaliyyətinə başlamamışdan qabaq bizdən başlasınlar. Bir də görürsən cavan insanlar yaxınlaşıb deyirlər ki, “müəllim biz hara gedirik, deyirlər ki, təcrübəniz var? Mən axı təcrübəni harda keçməliyəm, kimsə imkan yaratmalıdır ki, təcrübə toplayım. Gedib “reket” qəzetlər də keçməyəcəm ki”.
Peşəkar qəzetlər hər zaman bunu deyirlər - “təcrübən var? Harda işləmisən? Yoxsa, onda get”. Amma mən deyirəm ki, “sənin təcrübən lazım deyil, məndə təcrübə qazanacaqsan. Sıfırdan burda başlayacaqsan”. Ona görə bir işçi ilə aylarla əziyyət çəkirəm.
Bu gün də redaksiyada öyrənən cavanlar var. Bəzən praktikantlardan bacarıqlı olanları işə götürürəm”.

Baş redaktor dedi ki. “Səs” qəzetinə birbaşa ştata düşmək mümkün deyil. Bura işləməyə gələnlər olub ki, 8 il çalışandan sonra ştata götürülüblər.

“Səs”in tirajı 35 mindən 5 minə duşub...

Əvvəllər 30-35 min tirajla çıxan qəzet bu gün 4500-5000 sayla oxucularının görüşünə gəlir. Qəzetin abunəçiləri də var, lakin baş redaktor bunun kommersiya sirri olduğunu və sayını deyə bilməyəcəyini bildirdi.

Bizə çatan məlumatlara görə, dövlət idarələrində, orta məktəblərdə çalışan insanlar məcburən “Səs” qəzetinə abunə yazdırılır. Bəs buna nə deyirsiniz?
Sualımıza cavab olaraq baş redaktor söylədi ki, indiyə kimi harasa zəng edib, deməyib ki, onun qəzetimə abunə yazılsınlar: “Kim məcbur edirsə, Allah onun canını sağ eləsin. Allah balasını saxlasın ki, bizim işimizi görür. Amma dəflələrlə mənə müracitə edənlər də olur ki, “sizin qəzetə abunə yazılmaq istəyirik”.
Halbuki mən görürəm ki, başqa qəzetlərin rəhbərləri xahiş edirlər, yalvarırlar ki, insanlar onlara da abunə olsunlar”.

“..biz yazdığımıza təkzib vermirik...”

Baş redaktora növbəti sualımız - “Səs” qəzeti nə vaxtsa təkzib veribmi?
B.Quliyev dedi ki, informasiya dəqiq deyilsə onu dərc etmirlər. “Yazdığımızı da heç vaxt, məhkəməyə çıxsaq belə, təkzib etmirik”.

Qəzetin neçə şöbəsinin olduğunu soruşduqda müsahibimiz “düzü, indiyə qədər neçə şöbənin olduğunu saymamışam” dedi və ardınca da əlavə etdi:
“Siyasət, informasiya, mədəniyyət, beynəlxalq şöbələr, texniki və yaradıcı heyətlə işləyən iki müavin, məsul katibimiz, korrektorumuz, operatorlarımız var”.

Bəhruz Quliyevdən işçiləri arasında tənbəli olub-olmadığını soruşduq. Cavabında qısaca dedi ki, elə bir kollektiv yoxdur ki, onun ərköyünü olmasın.

Yanvarın 11-də “Səs”in 20 yaşı tamam olur və baş redaktor bununla bağlı böyük tədbir və layihələrinin olduğunu dedi:
“Səs” qəzetinin 20 illik yubileyi ilə bağlı ardıcıl olaraq tədbirlər keçirmişik, universitetlər arası yazı müsabiqəsi elan olunmuşdu və bizə çoxlu sayda yazılar verilib. “Səs”in fəaliyyəti haqqında ən yaxşı yazı verən müəlliflər mükafatlandırılacaq.
20 illik yubileylə bağlı həm yazı müsabiqəsi elan etmişik, həm dəyirmi masa keçirmişik, xüsusi nömrələr, döş nişanları, qələmlər və ən əsası disk hazırlamışıq. Böyük tədbir Bakı Əyləncə Mərkəzinin “Lido” zalında olacaq. Çalışacam ki, məmurlardan tutmuş jurnalistlərə kimi, hətta cəmiyyətin sadə üzvləri də orada olsun, 300 nəfərlik qonaqlıq olacaq. Müğənnilər də olacaq. Prezident Adminstrasiyasının şöbə müdirləri, Yeni Azərbaycan  Partiyasının funksionerləri, deputatların əksəriyyəti, nazirlərdən, komitə rəhbərlərindən bir neçəsi, müxalifət partiyalarının rəhbərləri, veteran “Səs”çilərdən, televiziya, agentlik, qəzetlərdən, İcra hakimiyyətlərindən qonaqlarımız olacaq. Tədbirdə yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq, diskin, eyni zamanda “SİAsport” saytının təqdimatı olacaq”.

Qarşıdakı planlarından danışan baş redaktor dedi ki, 20 yaşdan  sonra çalışacaqlar ki, “Səs” qəzeti  mövqeyini saxlamaq şərtilə modernləşsin.
“Bizim proyektlərimiz var, amma o proyektləri, planları əvvəlcədən demək düzgün olamaz. Aktual məsələlərin müzakirəsi intensivləşəcək. “Səs” qəzetini onlayın sistemə keçirməyi, 3 dildə fəaliyyət göstərən agentliyin materiallarını  başqa dillərdə də yaymağı planlaşdırırıq. Müxtəlif sahələr üzrə portallar açılaçaq.
“Səs” İnformasiya Agentliyinin törəmələri olacaq”.

“Səs”in ən stajlı işçi danışır...

Baş redaktorla söhbətimiz başa çatdıqdan sonra biz Kadrlar şöbəsinin müdiri Xalidə Ağaverdiyevanın ixtiyarına verildik. Daha doğrusu o, bizə bələdçilik etmək tapşırığını almışdı.
Bələdçimiz bizi qəzetin ən qocaman işçisinin yanına apardı.

Hümanitar şöbənin müdiri Zümrüd Bayramova əvəlcə bizimlə danışmaqdan çəkinsə də, sonradan razılaşdı. O, qəzet yarandığı gündən burada çalışır. Jurnalistika fəaliyyətinin 20 ili “Səs” qəzeti ilə bağlıdır və qəzetin çətin dönəmlərini daha yaxından yaşayan əməkdaş olub:

- “Səs” qəzeti çətin bir zamanda fəaliyyətə başladı. Lakin qəzetin sütunları möhkəm olduğundan öz fəaliyyətini davam etdirə bildi.
Qeyd edim ki, qəzetə təcavüzlər olduğu üçün bir neçə dəfə qısa fasilələrlə fəaliyyətini dayandırıb. İkinci nömrədə qəzet Sovet imperiyasına qarşı məqalə dərc etdirdiyinə görə nəşrini dayandırmışdı. O zaman 14-15 min tirajla çap olunan qəzet əldən-ələ gəzirdi.
“Səs” qəzetində işləmək  hər adamın hünəri deyildi. Məqalələr xalqın mənafeyini müdafiə etdiyindən qəzetə təzyiqlər olurdu. 1992- ci ilin oktyabrında qəzetə silahlı basqın oldu. Həmin vaxt qəzetin yaradıcı heyəti baş redaktor Ağabəy Əsgərov, əməkdaşlar Valeh Məhhərəmov, Səyyad Aran, Hüseyn Paşayev, məndən, eyni zamanda bir neçə texniki işçidən ibarət idi. Elə bir zaman idi ki, nəşriyyata gedəndə yanımızda nəsə gəzdirirdik ki, bizə silahlı hücum olanda özümüzü qoruyaq.
20 ilimi ona görə bura bağlamışam ki, “Səs” öz sözünü deyə bilən, ədalətli, xalqın mənafeyini müdafiə edən bir qəzetdir. Çox güman ki, bundan sonra da burada çalışacam.

"Siyavuş Novruzovu, bir çox redaksiya işçilərini döymüşdülər"

Qəzet yaranan gündən burada işləyən digər əməkdaş Valeh Məhərrəmli indi baş redaktorun müavinidir. Valeh müəllim də qəzetin ilk  saylarını çaxardıqları dönəmlətdə yaşanan çətinliklərdən danışdı:

- “Səs” qəzeti yaranan gündən burada işləyirəm. Əvvəl bir il müddətində tərcüməçi kimi fəaliyyət göstərmişəm. 1991-ci ildə “Səs” qəzetinə rus dilində yazılmış proqram və nizamnamələri təcrümə edib verirdim, Stalin, Lenin, eləcə də digər liderlər haqqında rus jurnallarından qeyri-adi xəbərləri axtarıb tapır, tərcümə edib qəzetdə verirdik. 1992-ci ilin aprelindən etibarən isə məsul katib işləyirəm”.

20 illik fəaliyyəti zamanı nə vaxtsa qəzetdən getməyi düşünüb-düşünmədiyini Valeh müəllimdən soruşduq. Cavab verdi ki, “Səs” qəzeti onun üçün həmişə doğma olub:

“Qəzetdən getmək fikrim heç vaxt olmayıb, ona görə ki, bu kollektiv həmişə səmimi olub. Əvvəllər müxbirləri az idi, qəzet təqib olunduğundan burada işləmək istəmirdilər. Qəzetə iki dəfə hücum olub. İndiki deputatlarımızdan olan Siyavuş Novruzovu, bir çox redaksiya işçilərini döymüşdülər. Mənə yalnız tənələr olub, hər iki hücumda nəşriyyatda olduğum üçün baş verənləri görməmişəm.
Qəzetdə işlədiyim müddətdə siyasi yazılardan əlavə, qeyri-adi hadisələr haqqında 20-dən çox irili-xırdalı kitablar da yazmışam.
İki nömrəsi çıxandan sonra Ayaz Mütəllibov qəzeti bağlatdırdı, məhz uğurlarına görə... Sonrakı illərdə ən böyük uğurumuz Heydər Əliyevin  Naxçıvandakı fəaliyyətini işıqlandırmamız oldu. İndi də onun ideyalarını, Prezident İlham Əliyevin fəaliyyətini işıqlandırırıq”.

“Səs”də kompüter çatışmazlığı...

Bələdçimiz Xalidə xanım bizi müxbirlər otağına apardı. Otağa daxil olub bir neçə əməkdaşla salamlaşdıq. Onlardan biri noutbukda nəsə yazırdı, yəqin ki qəzet üçün material hazırlayırdı, digərləri isə kağız üzərində işləyirdilər. Müxbirlərin otağında kompüterin olmaması düzü bizi təəccübləndirdi.
Noutbukda yazı yazan müxbirə yaxınlaşdıq. Naib Niftəliyev 10 ilə yaxın müddətdə fasilələrlə “Səs” qəzetində çalışıb: “2000-ci ildən burada çalışıram. “Səs” qəzeti ilə bağlı təəssüratlarım kifayət qədər çoxdur. Müxtəlif vaxtlarda müxtəlif sahələr üzrə çalışsam da, indi siyasət müxbiri kimi fəaliyyət göstərirəm. Hesab edirəm “Səs” Azərbaycanın mətbuat tarixində öz dəsti xətti, öz yeri olan bir qəzetdir”.

Onlar “Səs”də işlədikləri üçün fəxr edirlər

“Səs” qəzetinin digər siyasi şərhçisi Rövşən Rəsulov da öz həmkarı kimi qısa fasilələrlə 10 ilə yaxın burda işlədiyini bildirdi. Rövşən Rəsulova görə, bu qəzetdə işləməyin üç əsas üstünlüyü var:
“Səs” qəzetində işləməyin üstünlüyü ilk növbədə əqidədədir, ikincisi şərəfdir, üçünçüsü isə böyük bir məmnunluq hissi və burda işləməyin xöşbəxtçiliyidir. “Səs” qəzeti mənim üçün xüsusi qəzetdir, çünki mən jurnalistika fəaliyyətimə bu qəzetdə başlamışam və axıra kimi burada davam etrmək fikrindəyəm. “Səs”qəzetində ictimai-siyasi həyatda baş verən bütün prosesləri müşahidə etmişəm və bu qəzetlə maarifləndirilmişəm”.

Digər siyasət müxbiri Samir Feyruzov burada təzə işçidir: “Səs” qəzeti cənab Prezidentin ideologiyasını, siyasi xəttini və Yeni Azərbaycan Partiyasının ideoloji konsepsiyasının əsas müddəalarını təbliğ və təşviq edir. Gənc Azərbaycan vətəndaşı olaraq mənim də mövqeyim budur. Buna görə də mən bu gün buradayam. Özümə fəxr bilirəm ki, cənab Prezidentin siyasi fəaliyyətini təbliğ edən, müdafiə edən mətbu orqanda çalışıram”.

“Səs”in yeni işçilərindən olan Zahid Süleymanovla da söhbətləşirik. O da siyasət şöbəsindəndir, elə jurnalistika fəaliyyətinə də buradan başlayıb. Deyir “Səs” qəzeti iş yeri, qəzet olmaqla yanaşı, onun üçün böyük bir məktəbdir: “Bu məktəb bizə həm siyasi, həm insanlıq baxımından böyük töhfələr verir”.
 
Növbəti  müsahibimiz İnformasiya şöbəsinin müdiri Rəfiqə Kamalqızı oldu. 16 ildir “Səs” qəzetində fəaliyyət göstərir. Deyir ki, bundan sonra da əli qələm tutanadək çalışacaq ki, “Səs”in mövqeyindın çıxış etsin

Siyasət şöbəsinin daha bir əməkdaşı Tapdıq Qurbanlı “Səs”  qəzetində 5 ildir fəaliyyət göstərir. O da jurnalist kimi burada işə başlayıb.

Murad İsmayılzadə “Səs”də çalışmaqla yanaşı, Bakı Dövlət Universitetinin politologiya fakülətəsinin tələbəsidir: “Burada biz tam jurnalist deyilik. Bəhruz müəllim də tez-tez deyir ki, biz burda dövlət ideologiyasını təbliğ edən insanlarıq, ideologiyanın daşıyıcılarıyıq, ona görə mənim üçün belə tarixi olan bir qəzetdə işləmək şərəfdir. Amma bundan sonra burada işləməklə bağlı hələ dəqiq planlarım yoxdur”.

SİA da yeniliklər edəcək...

Bələdçimiz Xalidə xanım bizi “Səs” qəzetinin törəməsi - “Səs” İnformasiya Agentliyinin (SİA) otağına da apardı. Qeyd edək ki, agentliyin iki otağı var.
SİA-nın icraçı direktoru Vəli Vəliyev bildirdi ki, agentlik 2008-ci ilin avqust ayından fəaliyyətə başlayıb: “Biz də Azərbaycan mətbuatına xarakterik olan mətbu orqandır. Xəbər alırıq, xəbər istehsal edir və satırıq.
Bütün bölmələr üzrə əməkdaşlarımız var. Hərə öz sahəsində gündəlik informasiyaları əldə etməyə çalışır.
Hər agentliyin özünəməxsus üslubu olduğu kimi, bizim də iş üslubumuz, metodumuz var. Əsasən informasiyaların tez, daha dolğun şəkildə oxuculara çatdırılmasına, hadisə yerindən xəbər vermə məsələsini daha operativ şəkildə yerinə yetirməyə çalışırıq. Biz düşünürük ki, bunu digər agentlik, mətbu orqanlardan daha çevik yerinə yetiririk, amma bundan da çevik iş metodları var. Bununla bağlı yaxın vaxtlarda Rabitə və Informasiya Texnologiyaları Nazirlilyi ilə birgə bir fəaliyyətimiz olacaq”.

Vəli Vəliyev deyir ki, SİA-nın əməkdaşları reytinq dalınca qaçmırlar və reytinq üçün işləmirlər.

SİA-nın əməkdaşı Könül Kamilqızı agentlik yaranandan burada çalışır. Deyir ki, agentliyin iş formatı getdikcə inkişafa doğru dəyişir:
“Agentliyimiz 8-10 qabaqcıl agentliklər sırasındadır. Agentlikdə işləmək deməzdim çətindir, ən azından müəyyən formatı bilmək lazımdır ki, yazılar hansı formada yazılır. Ən əsası isə fəaliyyət göstərən dövlət strukturları ilə münasibətlər qurulmalıdır, yəni  jurnalistin qarşı tərəfdən informasiya almaq bacarığı olmalıdır”.
Könül xanım agentlikdən əvvəl il yarım “525-ci qəzet”də işlədiyini bildirdi.

PJB-nin ən gənc üzvü SİA-nın əməkdaşıdır…

Agentliyin digər əməkdaşı – SİA-nın parlament müxbiri Nailə Ağaverdiyeva 2009-cu il mart ayından burada çalışır: “Universitetdən bura təcrübə üçün göndərilmişdim və təcrübə müddətindən sonra bəyənilib saxlanılmışam. Bura sonradan gəlmək və parlament müxbiri olmaq mənim üçün gözlənilməz idi. Çünki 3-4 ay idi işləyirdim və mənə gəlib dedilər ki, "sən parlament müxbiri olacaqsan". Bu mənim üçün həm çox sevindirici hal idi, həm də məsuliyyətli iş idi. Hər zaman fikirləşirdim ki, mən bunun öhdəsindən necə gələcəm, çünki burdan əvvəl heç yerdə işləməmişəm”.

Nailə parlament müxbirləri arasında demək olar ki, ən gəncidir və bunu özü də təsdiqlədi.

Nailədən parlament müxbiri kimi qanunlarla bağlı materialları tez bir zamanda ötürməkdə çətinlik çəkib çəkmədiyini soruşduq: “İlk vaxt Milli Məclisə gedəndə bilmirdim ki, hansı informasiyanı ötürüm, çox təlaş içində olurdum. Amma indi ordan gələndə Vəli müəllim mənə deyir ki, “sən bütün bunları deməyə neçə çatdırdın?””.

“Baş redaktor olmağım yaradıcılığıma maneçilik törədirdi, keçdim müxbirliyə...”

Agentliyin ikinci otağında da əməkdaşlar gərgin işləyirdi və biz içəri girən kimi diqqətlər üzərimizdə cəmləşdi.
Agentliyin əsas əməkdaşlarından olan Elçin Bayramlı 5 il “Səs” qəzetində işləyib, indi də SİA-da analitik şöbənin müxbiridir:
"Elçi", "Ekspress", "24 saat" qəzetlərində çalışıb. Deyir ki, "Bakinskiy Raboçiy", "İki Sahil" qəzetlərinin yazarı, AzərTAc-ın da müxbiri olub.

- 12 illik jurnalist fəaliyyətimin son 5 ilini “Səs” qəzetində çalışıram. Əsasən geopolitik, iqtisadi və sosial mövzularda yazıram. 20 illik tarixi olan “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus rolu olub. Mən 90-cı illərin əvvəllərindən ulu öndər Heydər Əliyev ideyalarının tərəfdarı olmuşam. Bu ideyanı təbliğ edən ən güclü qəzet “Səs” olduğuna görə, bu qəzetdə çalışmağa üstünlük verdim. Baş redaktorumuz Bəhruz müəllim bu qəzetin güclənməsi, öz yolu ilə inkişaf etməsi  üçün var gücü ilə çalışır. Biz də bu yolda ona yardımçı olmağa çalışırıq.
2008-ci ildən “Səs” İnformasiya Agentliyi yarandı. Mən də agentliyə təyin olundum və bir müddət SİA-nın baş redaktoru kimi çalışdım. Lakin bu iş yaradıcılığı arxa plana keçirirdi. O üzdən də yenidən sıravi jurnalist kimi çalışmağa başladım. Hazırda agentlikdə və qəzetdə siyasi, iqtisadi təhlillər və araşdırmalar yazıram. Sevinirəm ki, öz oxucu auditoriyam var.

“Səs”də işlədiyim vaxtlarda mətbuatda bir sıra uğurlar qazanmışam. Jurnalistlər  arasında beynəlxalq və yerli təşkilatların keçirdiyi müsabiqələrdə dəfələrlə qaliblərdən olmuşam. Jurnalist fəaliyyətimlə bağlı bir neçə mükafat almışam. Hesab edirəm ki, burada özümün potensialımı daha yaxşı ifadə etmək imkanı yaradılıb.

“Səs”də işlədiyim dövrdə yaddaqalan xatirələrim çoxdur. Mənim üçün ən maraqlı hadisələr isə kollektiv səfərlərimiz, əlamətdar günlərdə və qəzetimizin ad günlərində keçirdiyimiz tədbirlərdir.

Səmimi etirafa gəldikdə, açıq deyim ki, əsas problemim işə gecikmək, əsas uğurlarım isə bununla bağlı çoxsaylı xəbərdarlıqlara baxmayaraq hələ də işdən qovulmamağımdır.

İdman yazarı, keçmiş ATV-çi, fotomüxbir...

E.Bayramlı ilə təzəcə söhbətləşib qurtarmışdıq ki, dedilər tədbirdən gələn var. Məlum olur ki, bu, idman müxbiri Elgün Aslanovdur. “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin İngilətərənin “Everton” klubuna transferi ilə bağlı keçirilən tədbirdən qayıtmışdı.  

“Əslində bu mənim ürəyimcə deyil, çünki bizim harda inkişaf etmiş futbolçularımnız var, göndəririk xaricə, orda da əsas heyətə düşə bilmirlər, batıb gedirlər. Bizə də köhnəlmiş, əldən düşmüş futbolçu kimi qayıdırlar” deyən Elgün özünü yüz ilin idman yazarı kimi göstərməyə çalışdı .

Daxili və xarici siyasət üzrə müxbir İlkin Nəcəfovun əvvəllər ATV telekanalında Xəbərlər Departamentində işləyib. 6 ay olar ki, bura gəlib. İlkindən telekanalı agentliyə dəyişməsinin səbəbini soruşduq. Cavabı belə oldu ki, “Səs” İnformasiya Agentliyi, “Səs” qəzeti jurnalistlərin gələcək perspektivli inkişafını təmin edəcək iş yeridir.
Bu da onun iş yerini dəyişməsinin səbəbi. Sən dedin biz də inandıq...

Tapdıq Abdullayev “Səs” qəzetinin fotomüxbiridir. Deyir ki, “Səs”də 5 ildir işləyir: “2005-ci ildən burdayam. Tələbəçilik başlayan vaxtdan Bəhruz müəllim məni bura dəvət edib. Bir-iki il özümü jurnalist kimi yoxladım, amma jurnalist fəaliyyətim alınmadı. Ancaq fotoqraflığa meylim vardı və artıq iki ildir fotomüxbirliklə məşğulam”.
Tapdıq dedi ki, 2009-cu ildə Neft Akademiyasında törədilən qətliamın ilk görüntülərini hamıdan qabaq o, lentə alıb.

Beyəlxalq əlaqələr şöbəsinin müdiri Zakir Rəhimli ilə də tanış olduq. O da bizimlə söhbətdə ancaq “Səs”in uğurlarındam danışdı...

Redaksiyalarda olan hər bir əməkdaşla qısa da olsa söhbət etdik. Artıq getmək vaxtı idi. Amma bələdçimiz bizimlə öz işi barədə danışmadı. Xalidə xanım heç şəklinin çəkilməsinə də razı olmadı.  
 
“Səs”in yerləşdiyi binadan çıxıb gedirdik ki, siyasət şöbəsinin müdiri İlham Əliyevlə rastlaşdıq. Ad və soyadı ölkə başçısınınkı kimi olan jurnalistlər. Elə oradaca ondan bir-iki kəlmə soruşduq. Əvvəllər “Xalq” qəzetində işləyən İlham Əliyev 1996-cı ildən “Səs” qəzetində fəaliyyət göstərir: “Səs” qəzeti ölkədə gedən ictimai-siyasi prosesləri yaxından və diqqətlə izləyir. Qəzetin rəhbərliyində təmsil olunmağıma baxmayaraq, özüm də müsahibələrə, tədbirlərə gedir, tədbirlərin işıqlandırılmasında iştirak edirəm, müəllif yazılarım olur”.
İlham Əliyevə suallarımız çox oldu, amma o, hansısa səbəbdən cavab vermək istəmədi...

Bu da son. “Səs” qəzetində və eyni adlı agentlikdə düz üç saat vaxt itirdik. Gördüklərimizi qələmə almaq üçün bu zaman da kifayət idi. Sonda redaksiyamız adından “Səs” qəzetinin kolektivini 20 yaş münasibətilə təbrik edirik...

 

YAP-ın yarandığı binada indi "Səs" hay-küy salır...

 

İşgüzar əməkdaşlar...

 

Baş redaktor: "Biz ağa qara, qaraya ağ demirik".

 

"Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev: "Reytinq dalınca qaçmırıq".

 

"Həə, baxaq görək yazılarımız çıxıbmı...".

 

"Səs"in müxbir otağı. Burada heç də hamı kompüterdə yazmır, hələ də köhnə üsulla işləyənlər, əllə yazanlar da var.

 

Könül Kamilqızı: "Agentliyimiz 8-10 qabaqcıl agentliklər sırasındadır".

 

Rəfiqə Kamalqızı: "16 ildir "Səs" qəzetində yazıb-pozuram".

 

Zakir Rəhimli qəzetin beynəlxalq əlaqələr şöbəsinin müdiridr, xarici məsələlərə o baxır...

 

Bu gənc "Səs"in təzə işçilərindəndir. Murad İsmayılzadə həm də BDU-nun tələbəsidir.

 

Parlament müxbiri Nailə Ağaverdiyeva deyir ki, parlamentin iclasları başlasaydı, yazmağa da çox şey olardı...

 

"Səs"in veteran əməkdaşı İlham Əliyev bəzi suallarımızdan yayındı...

 

İlkin Nəcəfov bura ATV telekanalından transfer olub. Camaat qəzetdən televiziyaya gedir, o isə televiziyadan qəzetə gəlib...

 

"Səs"in qaraqabaq əməkdaşı bərk məşğuldur.

 

İdman müxbiri Elgün Aslanov "Everton"un tədbirindən qayıdıb.

 

Elçin Bayramlı: "“Səs”də işlədiyim dövrdə yaddaqalan xatirələrim çoxdur".

 

Samir Feyruzov: ""Səs" bizim üçün əvəzolunmaz qəzetdir".

 

Operator xanımın işi çoxdur...

 

Tapdıq Qurbanlı: "Məni yaxşı çəkin ha..".

 

Bir azdan əllə yazan müxbirlər bu operator xanımdan xahiş edəcəklər.

 

Baş redaktorun müavini Valeh Məhərrəmli: "Ehhh, burada elə çətin günlərimiz olub ki..."

 

Humanitar şöbənin müdiri Zümrüd xanım qəzet yaranandan burada çalışır...

 

Rövşən Rəsulov "Səs"də siyasi şərhlər verir...

 

Naib Niftəliyev 2000-ci ildən "Səs" üçün çalışır.

 

O birilər yazırlar, fotomüxbir Tapdıq isə montaj edir....

 

"Baxaq görək saytlar nədən yazır...".

 

SİA-nın xanım əməkdaşları məşğuldurlar, onlardan operativlik tələb olunur.

 

Bu da "Səs" qəzetinin zəhmətinin bəhrələri...

 
Aytən Əliyeva
Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir