Modern.az

Fikrət Qoca və Hüseynbala Mirələmov

Fikrət Qoca və Hüseynbala Mirələmov

3 May 2016, 17:38

Motsart və Salyeri. Mirzə Şəfi Vazeh və Bodenştedt. Şekspir və Frensis Bekon. Puşkin və Dantes. Messi və Ronaldo. Bəxtiyar Vahabzadə və Qabil. 28 Aprel və 28 May. Nəhayət Xalq şairi Fikrət Qoca və yazıçı Hüseynbala Mirələmov. Hamısını yəqin ki, düzgün anladınız. Son 3 duetdən başqa.

Sonra da  başladınız müxtəlif dövrlərdə yaşayan dahi, görkəmli, tanınmış şəxsiyyətlərlə müairlərimiz olan  Fikrət Qoca və Hüseynbala Mirələmov arasında bir oxşarlıq, paralel axtarmağa. İlk reaksiyanız yəqin ki, belə oldu: “Nə???” deyə özünüzə bir sual verdiniz.


“Fikrət Qoca sanki Salyeri kimi Hüseynbala Mirələmovu Motsart bilib onun yaradıcılığına həsəd aparır? Yoxsa, hansısa plagiatorluğun üstü açılıb?  Aydın olub ki, Fikrət Qocanın yazdığı romanları Hüseynbala Mirələmov öz adına çıxıb. Lap Bodenştedt Mirzə Şəfi Vazehdən oğurladığı kimi. Bəlkə Fikrət Qoca Hüseynbala Mirələmov Şekspir və Bekon səviyyəsində Azərbaycan üçün əziz şəxsiyyətdirlər? Kimin kimdən oğurlaması üzə çıxıb və bunu açıqlayıb bu iki şəxsiyyətdən hansı birinisə itirmək istəmirlər. Yaxud da Dantes Puşkini duelə çağırdığı kimi Hüseynbala Mirələmov da Fikrət Qocanı  duelə çağırıb. Onu öldürmək istəyir. Yox buna da inanmırıq. Düzdür Hüseynbala Mirələmovun bir deputat kimi tapançası ola bilər. Amma inanmırıq ki, bu silah Fikrət Qocaya qarşı tuşlana. Fikrət Qocanın yerində Səməd Vurğun olsaydı, yenə inanardıq ki, hərdən ova-zada gedibmiş, ceyrandan-cüyürdən ovlayırmış. Qoşalüləsi varmış. Sonra da bu prosesi qələmə alırmış. Yox, Fikrət Qoca atam Qabilin təbiriylə desək, heç toyuq başı da kəsməyib buvaxtacan. Bəlkə məşhur futbolçular Messi və Ronaldo kimi mükafat qazanmaq marafonuna çıxıblar? Yaxud da Qabil və Bəxtiyar Vahabzadə kimi... Ay Mahir, hamısını başa düşdük. Az-maz tarixdən xəbərdarıq. Bəs “Qabil və Bəxtiyar Vahabzadə”ni niyə bu rəqiblər siyahısına daxil etmisən? Bildiyimiz qədər onlar dost, qonşu olublar. Bildiyimiz qədər Fikrət Qoca və Hüseynbala Mirələmov da düşmən deyillər. Biri görkəmli şair – Xalq şairi, Yazıçılar Birliyinin 1 katibidir. Hüseynbala Mirələmov isə nasir-publisist, deputat, “Şöhrət” ordenli ictimai-siyasi xadimdir. Mahir, bu nə başlıq, bu nə girişdir axı?”

Tələsmə, əziz oxucum. Bir az hövsələ elə. Xəbərin yoxdur? Bəs Fikrət Qocayla Hüseynbala Mirələmov sinlərinin bu vaxtında rəqibə çevriliblər.  İkisi də  “Azərbaycan Dövlət mükafatına” namizədliyini irəli sürüb. İndi sual edəcəksiniz ki, axı burda qəribə nə var? Mükafatdır da... Lap 10 dənə namizəd ola bilər, onlardan da biri mükafatı qazanar. Düzdür. Amma qəribəsi budur ki, mükafat şəxsə yox, əsərə verilir. Və bu baxımdan Hüseynbala Mirələmov çox ağıllı, daha dəqiq desək, bic və siyasətcil tərpənib. Yalnız bir əsərini mükafata təqdim edib. Fikrət Qoca isə bütün şeir külliyyatını - 10 cildliyini. Bəs birdən almasa?! Mükafatı Hüseynbala Mirələmov götürsə?! Bu 81 yaşlı şairə zərbə olmayacaqmı? Ya da əksinə. Əgər Fikrət Qoca mükafatı alsa. Onda heç nə deməyəcəklər. Çünki 60 il poeziyada külüng vuran bir Xalq şairinin mükafat alması çox təbiidir. Deyəcəklər ki, Fikrət Qoca, bu mükafat sənə ana südü kimi halaldır. Amma! Nə “Amma”? Birdən Hüseynbala Mirələmov mükafat almasa... onda  bunu bir siyasi səhv kimi qiymətləndirənlər tapılacaq. Axı Hüseynbala Mirələmovun bir neçə xarici dilə  tərcümə olunan kitabının qəhrəmanı Heydər Əliyevdir. Mükafata layiq görülməsə, deməli, yaxşı yazmayıb.

"Mahir, bəsdir də... Biz görmüşük ki, mükafata verilən əsərləri kollektivlərdə müzakirəyə çıxararlar, namizədləri müqayisə etmədən kitablar haqda xoş sözlər yazarlar, uğurlar arzulayarlar. Sən isə bubaşdan “əmma” dolu bir yazı çıxarmısan ortalığa. Konflikt yaradırsan. Sən ədəbiyyatçısan, yoxsa konfliktoloq?”.
 
Düz deyirsiniz. Amma konflikti mən yox, Yazıçılar Birliyi ilə Azərbaycanda Atatürk Mərkəzi  yaradıb. Necə? Fikrət Qocanın namizədliyini Yazıçılar Birliyi verib, Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabının namizədliyini isə Atatürk Mərkəzi. Mən də bu xəbəri oxuyan kimi başımda şirin və unudulmaz xatirələr oyandı. O xatirələr ki, çoxunuz bilmirsiz. Bəzi yazılarımda toxunmuşam bu yaddaşa. Amma ötəri.

İndi bir ədəbiyyatçı kimi oturub fikirləşirəm: kimdir layiq? Fikrət Qoca, yoxsa Hüseynbala Mirələmov? Sonda yəqin ki, bu suala cavab verəcəyəm. “Qabil və Bəxtiyar Vahabzadə”, “28 Aprel və 28 May” qarşıdurması prizmasından. Hələlik isə “sandığ”ı açmaq vaxtıdır.

Zəlimxan Yaqub

Yazıma hər hansı əks həmlələrin qarşısını yerindəcə almaq məqsədiylə bir haşiyə çıxmaq məcburiyyətindəyəm. Hüseynbala Mirələmovu deyə bilmərəm, amma Fikrət əmi başlığı və girişi oxuyan kimi eynəyini çıxarıb stolun üstünə qoyacaq. “Allah sənə rəhmət eləsin, Qabil. Axı sən niyə öldün?” deyib dərindən köks ötürəcək. Sonra isə içində coşub “Ay Mahir, bəsdir də gic-gic şeylər yazdın da. Əl çək də məndən, Anardan... Axı nəvaxtacan adını “Sandıq ədəbiyyatı” qoyub, deyingən qarılar kimi dalımızca danışacaqsan. Bir dəfə də 7 ilə bitirdiyin BDU-nun Filologiya fakültəsinin diplomu  yadına düşsün də. Axı ədəbi tənqidçisən eşitdiyimə görə. Bir dəfə də şeirlərimizi, poemalarımızı tənqid elə, öz ədəbiyyatçı fikrini de. Axı nəvaxtacan...?”.

Fikrət əmi, düz deyirsiniz. Atam da o vaxt sizinlə eyni fikirdəydi. Yəqin ki, o əhvalatın siz də iştirakçılarından biri olmusunuz.

HAŞİYƏ: Günlərin bir günü Yazıçılar Birliyində, Sədr Anarın otağında qızğın mübahisə gedirmiş. Mövzunun nə olduğunu deyə bilmərəm. Amma otaqda olanların hamısı yaman əsəbiymiş. Bu dəm qapı yavaşca açılır. Xalq şairi, deputat Zəlimxan Yaqub girir içəri. Mübahisə bir anlıq dayanır. Hamının diqqəti qapıya yönəlir. (Demə Zəlimxan hansısa jurnala yazı gətiribmiş. Anarın otağına girib ağsaqqal yazıçılara öz hörmət və ehtiramını bildirməyi özünə borc bilib.) Təqribən nəzərlərdən “Zəlimxan, nədi? Vaxt tapdın gəlməyə? Bu əsəbi vaxtımızda bir sən çatışmırdın” ifadələri oxunur. Amma Zəlimxan Yaqub  özünü itirmir.

- Salam, ustadlar! – deyə şux səslə sükutu pozur. Bunu eşidən Qabil:

- Nə ustad, ustad salmısan, hə...  Gəlib qulağıma çatır sənin ustada hörmətin. Elə hara çatırsan, mənim haqqımda anekdot danışırsan. Bir dəfə də şeirlərimdən danış da... (SON)

Hə, Fikrət əmi, artıq gecdir.  Yolum başqadır. Nə həqiqi, nə də “dejurnı” ədəbi tənqidçi oldum.

“Mükafatsayan”

İnsanların əksəriyyətində belə  bir xüsusiyyət var: “Başqasının pulunu “saymaq””. Bizim qonşularda isə pul az idi. Elə hey mükafat, orden-medal qazanırdılar. Ona görə  mən də mükafatsayana çevrilmişdim: “Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə SSRİ Dövlət Mükafatı laureatıdırlar. Dörd yazıçı Sosialist Əməyi Qəhrəmanıdır: Süleyman Rəhimov, Süleyman Rüstəm, Mirzə İbrahimov və Rəsul Rza. İlyas Əfəndiyev “Lenin” ordeni almışdı. Deməli, növbəti mükafat Sosialist Əməyi Qəhrəmanı olmalıydı. Amma yox. Deyəsən bu, mümkün olmayacaqdı. Çünki partiyaçı, yəni ki, kommunist deyildi. Əli Vəliyev də bu ali təltifə namizədlər ssırasındaydı. Sonra gəlirdi İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri...”.
Bunlar mənim proqnozlarım idi. Daha doğrusu böyüklərin mənim yanımda danışdığı söhbətlərdən gəldiyim nəticələr. Bircə “Lenin mükafatı”nı alan olmamışdı. Düzdür, Nəbi Xəzrini təqdim etmişdilər, amma alınmamışdı.

Atamın isə heç nəyi yox idi. 48 yaşında bir dəfə cəhd etmişdi. Amma ala bilməmişdi. “Cəhd” anlayışı mükafata aid idi. Çünki mükafata şəxsi yox, onun yaratdığı əsəri təqdim edirdilər. Özü də ki, yaradıcı təşkilatlar. Atam da 10 ilə yazdığı “Nəsimi” poemasını layiq bilib “Azərbaycan” jurnalı vasitəsilə Azərbaycan SSR Dövlət Mükafatına irəli sürmüşdü. Demə həmin il akademik Məmməd Arif Dadaşzadə də qoca vaxtında (ölümündən 1 il qabaq.) özünü bu mükafata layiq bilib. Görkəmli akademiki də qoyub, çox da məşhur olmayan Qabilə mükafat verməyəcəkdilər ki... 1974-cü ildəki bu uğursuzluq atamı ruhdan salmışdı. O vaxtki qanunlara görə də bir əsəri yalnız iki dəfə irəli sürmək olardı.

Və mükafatı yalnız iki ildən bir verirdilər. Özü də ki, 28 Apreldə - Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu günün ildönümündə. Üstündən iki il keçir. Yenidən mükafata təqdim olunma zamanı yetişir. Ancaq atam cürət etmir. Amma...

Günlərin bir günü telefonumuz zəng çaldı. Atam dəstəyi götürdü. Zəng edən o vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri olan, Xalq yazıçısı İmran Qasımov idi. O nə deyirdi, eşitmirdim. Atam isə “yox, yox” deyib durmuşdu. Sonra “yaxşı” deyib dəstəyi asdı. 10 yaşım vardı. Heç nə başa düşmürdüm. Nə vaxtsa anlamaq ümidiylə yaddaşıma həkk edirdim. Demə İmran müəllim atama deyirmiş ki, lazım olan sənədləri, çap olunan kitabları  gətir, “Nəsimi” poemasını mükafata təqdim edəcəyik. Xülasə, uzun tərəddüddən sonra atam əsərinin mükafata verilməsinə razılıq verib, sənədlər gedib Mərkəzi Komitəyə və Nazirlər Sovetinə. O vaxt mükafatı Azərbaycan Kommunis Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti (indi Prezident Administrasiyası və Nazirlər Kabineti), fəxri-fərman, medal, orden, fəxri adları isə Ali Sovet (indiki Milli Məclis) verirdi. Azərbaycan SSR Dövlət Mükafatının məbləği 2500 rubl idi. Səhnə əsəri və ya kino layiq görüləndə məbləğ əvvəlcədən təqdim olunmuş siyahıya əsasən yaradıcı heyətin arasında bölüşdürülürdü.

Sənədləri verdiyi və mükafata namizədliyi təqdim olunan gündən bizim “qara günlər”imiz başlandı. İllah ki, atamın dostlarının. Xüsusilə də qonşuların.  Onlara hər gün verilən suallar da eyniydi, alınan cavablar da. Suallar təqribən beləydi: “Salam (Salam Qədirzadə), Əliağa (Əliağa Kürçaylı) görəsən alaram? İmran müəllim aldatmaz ki, məni?”. Cavablar da “Qabil, alacaqsan. Layiqli əsərdir. Gör nə qədər əziyyət çəkmisən e... İmran müəllim də yalançı adam deyil” olurdu. Mən isə yanlarında oturub qulaq asırdım. Eləcə kirimişcə. Ofisiant kimi əllərindən tuturdum. Arağı badələrə süzəndən sonra şüşəni aparıb “morozilnik”ə qoyurdum. Növbəti sağlığın dəmi gələndə gedib buz dolabından geri gətirirdim. Bu qədər sadə.

Bir neçə gün keçdi. Atamın həyəcanı bir az da artdı. Demə ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmini də mükafata təqdim ediblər. Bundan sonra suallar dəyişdi. “Hiss eləmişdim də İmran məni aldadacaq. Ara yerdə əsər batdı. Daha mükafata təqdim edə bilməyəcəyəm. İsa tək olsaydı bir təhər yolundan döndərmək olardı. Mənə görə namizədliyini geri götürərdi. Amma Həsən... Özü də ki, İmran Həsən Seyidbəyliylə çox yaxındırlar. Nə qədər müştərək roman yazıb, film çəkiblər. İndi onu atıb məni tutacaq?” .

Həqiqətən də məsələ qəlizləşmişdi. Həsən Seyidbəyli məşhur kinorejissor, ssenarist, nasir idi. Yəqin ki, “Uzaq sahillərdə” filmini xatırlayırsınız.

Atamın qanı qaralmışdı. Bircə, Hüsü Hacıyev küçəsi 19-da, 5-ci mərtəbədə Hüseynov və İmamverdiyev ailələrinin 4 otağı bölüşdüyü illəri yada salıb, ərklə “İsa əclaf o biri otaqda “Məşhər” romanını yazırdı, mən də bu biri otaqda “Nəsimi”ni” deyirdi. Təqribi belə başa düşürdüm ki, “bilsəydim məhz eyniadlı əsərə görə rəqib olacağıq, imkan verməzdim ona yazmağa” demək istəyir.

Amma atam ümidini çox da üzməmişdi. Çünki İmran Qasımov “Ədəbiyyat, incəsənət və memarlıq sahələrində Azərbaycan SSR Dövlət Mükafatları Komitəsi”nin sədri idi. Yəni ki, Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyevə və digər rəsmilərə ən layiqli əsərləri o, təqdim edəcəkdi. Komitənin sədri isə rəssam, atamın xətrini istəyən Mürsəl Nəcəfov idi. Beləcə günlər keçirdi. Amma günlərin bir günü:

- Əliağa, Salam,  vəssalam, mükafat “köpdü”.

- Niyə, ay Qabil?  Vaxta ki, hələ var?

- Nə vaxt? Bəxtiyar da (Bəxtiyar Vahabzadə) əsərini verib mükafata. Burda day İmranlıq da iş yoxdu. Bəxtiyar Kişiylə (Heydər Əliyev nəzərdə tutulur) nərd atan adamdır. Onu qoyub, mənə mükafat verər? Nə olsun ki, layiqdir əsərim? Bəxtiyarın əsəri layiq deyil?

- Mən Bəxtiyarla danışaram, - deyə Əliağa əmi onlardan ayrıldı.

 O, Bəxtiyar Vahabzadəylə qapıbir qonşu idi. Bir müddətdən sonra geri qayıtdı.

- Qabil, Bəxtiyarla danışdım. Dedim ki, sən gələn il də verə bilərsən poemaları. Özü də təzə əsərlərdir. Amma Qabil ala bilməsə, çətin ki, bir də bu boyda böyüklükdə əsər yaza. Həm də böyük zərbə olacaq onunçün. İmrandır da, salıb onu oyuna. Bilməyib ki, sən də namizədliyini verəcəksən.

- O nə dedi? – deyə atam dilləndi.

- Bəxtiyar dedi ki, “başüstə. Qabilə görə geri götürərəm. Amma sən də mənə zəmanət ver ki, İmran mükafatı Həsən Seyidbəyliyə yox, məhz ona verəcək”. Bax onda dinə bilmədim.

Atam çox pis vəziyyətə düşmüşdü. Əlbəttə ki, namizədliyini geri götürə bilərdi. Amma İmran Qasımov israrla sözünün üstündə durmuşdu: “Qabil, sən də, “Nəsimi” poeman da mükafata layiqdir”.

Günlər keçdi. Nəhayət seçim günü gəlib çatdı. Saat 5 olardı. Dayım da bizdəydi. Səhv etmirəmsə evə ilk zəng edən Süleyman Rüstəm oldu: “Qabil, təbrik edirəm, laureatsan”. Sonra isə İmran Qasımov, Mürsəl Nəcəfov zəng etdilər:

- Qabil, Heydər Əliyev kitabları götürüb bilirsənmi nə dedi? Dedi ki, “Eto je tselaya biblioteka”.

Amma atam qulaqlarına inanmırdı. Elə bilirdi ki, bu bir zarafatdır. Tez dayım Firuzu mağazaya qaçırtdı ki, araq alsın. O vaxtlar axşam 6-dan sonra spirtli içkilər satmırdılar. Dayım da 5-6 araq və başqa lazım olan şeylər əlində girib həyətə. Blokun qabağında İsa Hüseynovla rastlaşıb.

- Firuz, ley-peydir?

- Hə, İsa. Qabil mükafat alıb. Onu yuyuruq. Sən də gedək...

Bir də gördük ki, dayım pərt halda içəri girdi:

- Qabil, İsanı gördüm həyətdə. Deyirəm ki, Qabil mükafat alıb. Onu yuyuruq. Sən də qalxaq yuxarı. Sifətimə baxdı eləcə və heç nə demədi. Başını aşağı salıb yoluna davam elədi. Heç gözləməzdim ondan. Heç quruca təbrik də etmədi.

Demə dayımın xəbəri yox imiş ki, qonşumuz İsa Hüseynov da namizədlər sırasındaymış. Qabilin mükafat alması, onun almaması deməkdir.

Həmin gecə mükafatı yaxşıca “yudular”. İndi hövsələniz çatmayıb soruşacaqsınız ki, axı bunun Fikrət Qoca və Hüseynbala Mirələmov “qarşıdurma”sına nə dəxli? Səbrli olun.

Səhər açıldı və aydın oldu ki,  ədəbiyyat üzrə 2 laureat var. Biri Qabil, o biri isə Bəxtiyar Vahabzadə. Böyük Heydər Əliyev seçimdə  hər ikisini qiymətləndirib. Moskvaya zəng edərək “qosplan”dan (Dövlət Plan Komitəsi) əlavə bir yer də alıb. İndi sual edə bilərsiniz ki, bəs İsa Hüseynovun “Nəsimi” kinosu necə? Mükafata layiq deyildimi? Layiq idi. Amma sonralar bildik ki, İmran Qasımovla Həsən Seyidbəylinin o günlərdə arası sərinmiş.

Fikrət Qoca, yoxsa Hüseynbala Mirələmov?

Xatirəmi bitirdim. İndi çox gözəl başa düşürəm ki, Fikrət Qoca və Hüseynbala Mirələmov hansı hisslər keçirirlər. Çünki o hissləri o vaxt atam da keçirib. Va-bank deyilən bir anlayış var. Bu prizmadan baxsaq Fikrət Qoca va-banka gedib. Bütün yaradıcılığını tərəzinin bir gözünə qoyub. Tərəzinin o biri gözündə isə Hüseynbala Mirələmovun yazdığı neçə-neçə kitabdan yalnız biridir. Birdən alınmasa, digər romanlarıyla özünü bir daha sınaya bilər.

Tərəzinin bir gözündəki 10 cildliyin müəllifi Prezident Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək,  “Xalq şairi” fəxri adına layiq görülən Fikrət Qocadır. O Fikrət Qoca ki, Moskvada xəstə yatanda  Heydər Əliyev onu ziyarət etmiş, müalicəsini öz nəzarətinə götürmüşdü.
Tərəzinin digər gözündəki kitabın baş qəhrəmanı isə Heydər Əliyev özüdür. Bəlkə...

Haşiyə: SSRİ-nin rəhbəri Leonid İliç Brejnev Kremlin həyətində gəzirmiş. Görür ki, bir nəfər qoltuğunda böyük bir qarpız gedir.

- Nə böyük qarpızdır? – deyə Brejnev soruşur.

- Buyur, seç, Leonid İliç, - deyə qarpızın yiyəsi cavab verir.

- Nəyi seçim? – deyə Leonid iliç cavab verir, - axı qarpız bir dənədir?!

- Leonid İliç, biz təkcə səni hər qurultayda 1-ci katibliyə necə seçirik bəs? Sən də qarpızı elə seç. (SON)

... protokol xətrinə belə addım atılıb? Deyiblər ki, namizəd tək ola bilməz. Hökmən bir dənə də qurbanlıq olmalıdır yanında. Hə, bu da düzgün addımdır. Yadımdadır, o vaxt Azərbaycan SSR-in ilk Prezidentini seçəndə də Ayaz Mütəllibovla yanaşı Zərdüşt Əlizadənin də namizədliyini irəli sürmüşdülər. Namizəd tək olsaydı seçkilərin legitimliyinə kölgə sala bilərdi.

SON

Mən isə 1976-cı ilin havasındayam. İki şey dəyişib. O vaxt mükafatları 28 apreldə elan edirdilər, indi isə 28 mayda. Onda Azərbaycan Respublikası  SRİ-nin tərkibindəydi, indi müstəqildir. Əlavə bir mükafat yerinin alınması da Moskvanın yox, özümüzün əlimizdədir. Mən hər iki müəllifi və kitabları layiqli hesab edirəm. Sadəcə 1976-cı ildəki tarixi...

Allah sənə rəhmət eləsin, Heydər Əliyev. Allah sənə rəhmət eləsin, İmran Qasımov.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir