Modern.az

Akif Nağı: “İsa Qəmbərə dedim ki, məni həbs etdirsin” - SÖHBƏT

Akif Nağı: “İsa Qəmbərə dedim ki, məni həbs etdirsin” - SÖHBƏT

4 May 2016, 09:41

QAT sədri: “Əkrəm Əylisli yanımda ağladı”


“Hüseyn Cavidin əsərlərini bəyənmirəm”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:  

-Çox gərgin görünürsünüz. Deyəsən işləriniz həddindən artıq çoxdur.

-Bəli. İşlərimiz çoxdur. May ayının 6-da Təbriz səfərimiz var. Mayın 7-də Təbriz Universitetində Qarabağla bağlı, Şuşanın işğal günü ilə əlaqədar böyük konfrans keçiriləcək. Çalışırıq ki, hər şey yaxşı olsun.

-Sizin fəaliyyətinizə kölgə salmaq kimi bir niyyətim yoxdur. Bir jurnalist kimi mənə maraqlıdır, bu gərginliyin nə zamansa effektiv nəticəyə gətirib çıxaracağına inanırsınız?

-Nəticənin olub-olmayacağını zaman göstərəcək. Amma hər halda biz özümüzdən asılı olan işləri görürük. Bizim işimiz başdan-ayağa gərginlikdir. 20 ildən artıqdır ki, gərgin vəziyyətdə işləyirik. Bu onunla bağlıdır ki, bəzən gördüyümüz işlərin nəticəsinin olub-olmayacağını çox düşünürük. Bəziləri bizi başa düşmürlər. Cəmiyyətdə də, hakimiyyətdə də. Biz çoxlu təqiblərə məruz qalmışıq, döyülmüşük. Bizə qarşı müxtəlif hücumlar da olub. Amma biz qətiyyətlə hesab edirik ki, məqsədimiz torpaq davasıdır. Torpaqlarımız işğaldan azad olunmalıdır. Bunu adi bir əhval-ruhiyyədə aparmaq mümkün deyil. İşimizin xarakteri elədir ki, istər-istəməz gərginlik olur.

-Təqib, təzyiq demişkən, əvvəllər polis bölmələrinə tez-tez yolunuz düşüb... Heç olubmu ki, polis bölməsində sizinlə normal rəftar etməsinlər?

-Hər cürü ilə rastlaşmışam. Təbii ki, bizim aksiyaları dağıdanda zor tətbiq ediblər, döyüblər. Amma içəridə, yəni bölmədə əksər vaxtlar bizə münasibət xoş olub. Yəni, bizi başa düşüblər ki, oğru, quldur deyilik. Yalnız torpaq uğrunda tələblərimizi səsləndiririk. Amma elə də olub ki, polis bölməsində bizi başa düşməyiblər. Bölmədə bəzən bizə təzyiqlər ediblər, bizimlə kobud davranıblar, xoşagəlməz sözlər işlədiblər.



-O xoşagəlməz ifadələr qarşısında dözüm nümayiş etdirmisiniz, yoxsa siz də özünüzdən çıxıb onların tonunda cavablar vermisiniz?

-Bəzən olub ki, onlara öz tonlarında cavablar vermişəm. Elə vaxtlar olub ki, polis rəisi və rəis müavinlərinə emosional şəkildə cavablar vermişəm.  Təşkilatımızın məqsədi və məramından xəbəri olmayıb, bizimlə kobud davrananları hardasa başa düşmüşük.

-O səhnələri ümumiləşdirib danışdınız. Bəs ən yadddaqalan konkret epizod hansıdır?

-Ən xoşuma gəlməyən situasiya 2001-ci ildə olub. Cəbrayılın, Füzulinin işğal günü ilə bağlı aksiya keçirirdik. Bizi tutdular. 24-cü polis bölməsinə apardılar. Bölmənin bir rəisi var idi. Səhv etmirəmsə, adı Ziyadxan idi. Bizə qarşı çox kobudluqlar elədi. Hətta işçilərinə əmr elədi ki, mənim qollarımdan tutsun. Dedi ki, “onun Qarabağ deyən ağzını cıracam”. Bizə yumruqlar da vurdu. O polis rəisi çox qanmaz adam idi. Sonradan o özü də işdən uzaqlaşdırıldı.

Ötən il biz I Avropa Oyunları öncəsi erməni idmançıların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirirdik. Bizi sürüyə-sürüyə, döyə-döyə Nəsimi rayon Polis İdarəsinə apardılar. Hamıda sanki rəy yaranmışdı ki, Avropa Oyunlar öncəsi etiraz etmək olmaz. Bizə bölmədə normal münasibət oldu, dedilər ki, sizi başa düşürük. Sonra bizi Nəsimi rayon Polis İdarəsi rəisinin yanına apardılar. Yəqin ki, hələ də orada vəzifədədir. Mən hələ onun kimi kobud və səviyyəsiz polis rəisi görməmişdim. Hətta oradan çıxanda fikirləşdim ki, daxili işlər nazirinə bu rəisin kobudlğu ilə bağlı bir məktub yazım.

-Bayaq dediniz ki, xoş münasibətlər də görmüsünüz. O anları da təsvir eləsəniz, maraqlı olardı.

-Yasamalda Polis İdarəsinin bir rəis müavini var idi...

-Olmaya məşhur “mitinq Çingiz”i nəzərdə tutursunuz?..

-Hə, elədir ki var. Onu hamı tanıyırdı. Mitinqləri çox sərt şəkildə dağıdırdı. Aksiyaları dağıdanda çox kobud olurdu. Aksiya iştirakçılarına əl qaldırırdı. Amma bölməyə gedəndə, görürdün ki, adama insani münasibət bəsləyir. Bizə çay, peçenye, konfet gətirdirdi. Deyirdi ki, “səhərdən küçələrdəsiz, gəlin, bir dincəlin, çay için...”.
ayıl türməsinin də bir rəisi var idi. Adı Dəmir idi. Onun müavini Ağarza müəllim idi. Onlardan tutmuş o türmənin əməkdaşlarına qədər bizə hamı diqqətlə yanaşırdı. Deyirdilər “biz bilirik siz niyə görə tutulmusunuz”.

Bayıl türməsində olanda yadımda qalan bir hadisəni də sizə danışım: biz Bayıl türməsinə təzə düşmüşdük. Ora təzə gələnləri 2 gün müddətində karantində saxlayırdılar. Tam şəraitsiz bir vəziyyətdə olursan. 2 gün dəmir çarpayıda yatırsan. Ora düşdüyümüz birinci gün idi. Kameranın balaca pəncərəsi var idi. Bir də gördük ki, o pəncərə döyüldü. Nəzarətçi şüşə çaynikdə bizə çay, konfet gətirmişdi. Şüşə stəkan da verdi. Halbuki, kamerada şüşə materialdan olan hər hansı bir əşyadan istifadə qadağandır. Hələ bir qeyd də qoyub getdilər. Həmin qeyddə yazılmışdı: “Mən “Masallı Mamed”in dayısı Camalam. Bilirik ki, müqəddəs işə görə bura düşmüsünüz. Bizdən nə asılı olsa, xahiş edirəm deyəsiniz”.

-Sonradan onu heç gördünüzmü?

-Onu nə türmədə, nə də mülki həyatda gördüm.

-Bildirdiniz ki, QAT-ın fəaliyyəti birmənalı qarşılanmır. Açığını deyək ki, sizin fəaliyyətinizə ironiya ilə yanaşanlar da var. Bu sizcə, nədən qaynaqlanır? Neçə ildir eyni şüarları səsləndirmənizdən, ideoloji xəttinizdə bir dəyişiklik olmamağından?

-Cəmiyyətdə müxtəlif insanlar var. Hamı eyni cür düşünmür. Bununla yanaşı, müxtəlif yerlərə bağlı olan adamlar var. Onlardan bəziləri hansısa xarici ölkələrə, bəziləri isə daxildə hansısa qruplara bağlıdır. Buna görə də, bizim fəaliyyətimizə olan müxtəlif münasibətlər hesab edirəm ki, təbiidir. Cəmiyyətdə hamı, eyni, yekdil mövqedən çıxış eləsə, bu, anormallıq olar. Bizim tutduğumuz yol, mövqe, düzgündür ki, buna müxtəlif münasibətlər özünü göstərir. Cəmiyyət özünəməxsus şəkildə reaksiya verir. Elələri var deyir ki, “dövlət olan yerdə, QAT kimi qurumların fəaliyyətinə ehtiyac yoxdur”. Mənə elə gəlir ki, bu cür yanaşanlar öz fəaliyyətsizliklərinə haqq qazandırmaq istəyirlər. Torpaq məsələsi dövlətdən, hökumətdən öncə, xalqın işidir. Xalqın mövqeyi ortada olmalıdır...



-Amma xalqı öz ardınızca apara bilmirsiz axı!

-Əksəriyyət bizim xəttimizi dəstəkləyir. Ən müxtəlif səviyyələrdə bunu görmüşəm. Ziyalılardan da, hakimiyyət nümayəndələrindən də, deputatlardan da bizi dəstəkləyənlər var. Xalqın özünün də bizə olan münasibəti müsbətdir. Siz xalqı ardınca aparmaqdan söz açdınız. 1988-ci ildə 100 minlərlə insan meydanlara çıxmışdı. O insanları kimsə öz ardınca gətirməmişdi. Bu, xalqın öz təşəbbüsü idi. Xalq elə bir orqanizmdir ki, kimin nə deməyindən asılı olmayaraq özü yeri gələndə reaksiya verir.

-Yəni “belə reaksiyalar,instinktiv şəkildə olur” demək istəyirsiniz.

-Bəli, instinktiv şəkildə. Buna görə də, bu gün 100 minlərlə insan dalımızca gəlmirsə, bu o demək deyil ki, onlar bizi dəstəkləmir. Sadəcə məqamı gözləyirlər. Biz də deyirik ki, xalq torpaq uğrunda səhnəyə çıxacaq. Fikrimiz budur ki, QAT düzgün xətt müəyyənləşdirib. Biz bəyan edirik ki, torpaqlarımız hərbi yolla işğaldan azad olunmalıdır. Bu ideyanı hakimiyyət də, xalq da dəstəkləyir. Şərt o deyil ki, Akif Nağının ardınca gəlsinlər.

-Sizə qarşı tənqidlər bəzən kəskin xarakter alır. Vaxtı ilə “Realnıy Azerbaydjan” qəzetində əleyhinizə sərt tonda yazılar dərc olunub.  Bu kampaniya idi?

-Sözünüzə qüvvət olaraq deyim ki, hətta “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovla da münasibətlərimiz düz gəlmirdi. Onlar da bizim apardığımız təbliğatı, mövqeyimizi qəbul etmirdilər. Hesab edirdilər ki, QAT-ın fəaliyyəti Azərbaycanın imicinə mənfi təsir göstərir. Bir var  ki, insanlar səmimi şəkildə tənqid edirdilər ki, bu yolla getmək olmaz. Biri də var ki, sifariş yerinə yetirirdilər. Hesab edirəm ki, “Realnıy Azerbaydjan”da sifariş yerinə yetirənlər daha çox idi. O vaxtlar o qəzetdə mənim haqqımda bir yazı getmişdi. Belə bir proqnoz var idi ki, QAT əslində çoxdan dağılmalı idi. Onlar ürəklərindən gələn arzuları dilə gətirirdilər ki, QAT dağılsın. Amma bu fikirlərə baxmayaraq QAT bu gün də mövcuddur.

-Düzdür, “Realnıy Azerbaydjan” artıq yoxdur. Amma onun rəhbəri Eynulla Fətullayev bu gün də sizi tənqid edir.

-Bu da onun mövqeyidir. Özü burda olsa idi, üzbəüz oturub danışardıq. Mövqeyimizi əsaslandırmağa çalışardıq. Bir dəfə Eynulla Fətullayev anons etmişdi ki, gələn nömrələrin birində Akif Nağının hansı məmurdan nə qədər pul alması barədə yazacaq. Mən də ona cavab verdim ki, çox arzu edirəm ki, həmin adamın adını çəksin. İstərdim ki, həmin adam heç olmasa adı yazılandan sonra QAT-a yardım etsin.

-Sizin siyasi fəaliyyətiniz də olub. Tamerlan Qarayevin yaratdığı “Doğru Yol” Partiyasında ideologiya məsələləri üzrə katib idiniz...

-
Açığı mən partiyalaşmağa getmək istəmirdim. Hərəkat başlayandan mən Qarabağla bağlı az-çox işlər görmüşəm. Sadəcə olaraq, mənim Tamerlan Qarayevlə şəxsi münasibətlərim var idi. O da ağdamlıdır, mən də. Bu partiyaya gələndə də, mən ancaq Qarabağla bağlı təbliğatlar aparırdım. Sonradan, səhv etmirəmsə, 1995-ci ildə “Doğru Yol” Partiyası Müsavata birləşdi. Mən Müsavat Partiyasında da Məclis üzvü olanda ancaq Qarabağ təbliğatı aparmışam. Mən eyni zamanda Müsavat Partiyasının Qarabağ Komissiyasının sədri idim.



-“Doğru Yol” Tamerlan Qarayevin səfir getməsinə görəmi Müsavata birləşdirildi?

-Bəli. Partiyanın fəaliyyəti çox zəifləmişdi.

-Bəs siz niyə görə, o partiyaya sədrlik etmək təşəbbüsü ilə çıxış etmədiniz?

-Bu məsələdə maraqlı bir nüans olmuşdu. Tamerlan bəy səfir gedən ərəfədə partiya Məclisinin toplantısı keçirildi. Elan edildi ki, Rasim Musabəyovun sədr olmasını istəyirlər. Hamı əl çaldı. Yalnız mən fərqli mövqedən çıxış elədim. Əlimi qaldırıb dedim: “Rasim Musabəyov bacarıqlı, bilikli, savadlı adamdır. Amma partiya sədri olmaq üçün bir neçə əlavə keyfiyyətlər lazımdır. Onlardan biri də qətiyyətdir”.

Bildirdim ki, Rasim Musabəyovda belə qətiyyət yoxdur. Qeyd etdim ki, məhz buna görə də, “Doğru Yol” Partiyasını təhlükə altına qoyursunuz.

-Deyəsən ürəyinizdən sədr olmaq keçirdi...

-Bəlkə desəydilər, özüm də olardım. Sadəcə öz namizədliyimi vermək yaxşı çıxmazdı. O zaman bir az xoş olmayan vəziyyət yarandı. Rasim Musabəyov məndən incidi və mənim təklifimin nə olduğunu soruşdu. Dedim ki, sizin sədr olmağınız yanlış addımdır. Bildirdim ki, 3 nəfər – İxtiyar Bəxtiyarlı, Rasim Musabəyov və Akif Nağıdan ibarət üçlük partiyanı idarə etsin. Tamerlan bəy də zarafata salıb dedi ki, “özüm burdayam, özüm də partiyanı idarə edəcəyəm”. Sonrakı proseslər göstərdi ki, Rasim Musabəyov həqiqətən də partiyaya rəhbərlik edə bilməzdi. Partiya tam fəaliyyətsiz qaldığı üçün Müsavata birləşdi. Tamerlan bəy də təklif etdi ki, partiya fəaliyyətsiz qalmaqdansa, Müsavata birləşməlidir.

-Amma siz Müsavatda da axıra qədər qalmadınız. Niyə çıxdınız ordan? Bəlkə müəyyən gizlinləri açmağın zamanıdır? İstəməzdim ümumi ifadələrlə cavab verəsiniz.

-Mən 2005-ci ilə qədər Müsavat Partiyasının rəhbərliyində oldum. Bir neçə dəfə partiyanın daxilində məsələ qalxmışdı ki, Akif Nağının QAT sədri olaraq fəaliyyəti Müsavatın xətti ilə üst-üstə düşmür. Hətta mənim məsələmi Müsavat Partiyasını Divanında da müzakirə etmişdilər. Çox böyük mübahisələr yaranırdı. Qarabağ Azadlıq Təşkilatının daxilində mənim özümə də təzyiqlər var idi ki, sədr bitərəf olmalıdır. Bir neçə dəfə, Müsavatdan olan təzyiqləri də gördüm. Mənə deyirdilər ki, ATƏT-dən Müsavata irad bildirirlər ki, Akif Nağı ATƏT-in ofisi qarşısı aksiya keçirir. Həmin zamanlar partiyalar beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirdilər. Mənim hərəkətlərim də onların imicinə mənfi təsir göstərirdi. Bir neçə dəfə özüm partiyadan çıxmaq barədə düşünmüşdüm. Amma bu zamanlar Müsavata təzyiqlər var idi, mən də belə çətin vaxtda partiyanı buraxıb getmək istəmirdim. 2005-ci il parlament seçkilərində Müsavat Partiyası sanki bir az yumşaldı, hakimiyyətə münasibətdə nisbətən loyallaşdı.

Hətta parlamentdə yer də qazandı. Bu məqamda mən də partiyadan çıxmaq qərarına gəldim. Artıq heç kəs deyə bilməzdi ki, Akif Nağı partiyanı ağır zamanlarda qoyub getdi. İsa Qəmbərlə də məsləhətləşdim və partiyadan çıxdığımı ona bildirdim. Sakit şəkildə, heç bir bəyanat vermədən Müsavatdan ayrıldım.

-Uzun müddət İsa Qəmbərlə işləmisiniz. O, sizdə necə təəssürat yaradıb? Şəxsən mən onu savadlı, intellektual, soyuqqanlı bir siyasətçi kimi xarakterizə edərdim.

-Mən də sizin kimi düşünürəm. O, alicənab, soyuq başla düşünməyi bacaran bir insandır.



-“Soyuqqanlı” epitetini əbəs yerə işlətmədim. Bəs İsa Qəmbər o zaman Müsavat daxilində sizə qarşı olan təzyiqlərdə soyuqqanlı davranırdı?

-Soyuqqanlı idi. Amma bəzən mənə qarşı olan hücumların, ittihamların üzərindən sükutla keçirdi. Reaksiya verə bilərdi, amma bunu etmirdi. 2003-cü il prezident seçkiləri ərəfəsində bilirsiniz ki, Müsavat Partiyasının şansları çox yüksək qiymətləndirilirdi. O zaman QHT-lərin çoxu, dost partiyalar İsa Qəmbəri dəstəkləyirdi. O dövrdə partiyanın daxilində mənə qarşı yenə təzyiqlər oldu. Tələb edirdilər ki, QAT da İsa Qəmbərin namizədliyini dəstəkləməlidir. Uzun müddət bu basqı davam etdi. Mən təzyiqlərin qarşısında dayanaraq bəyan etdim ki, QAT-ın hər partiyadan olan üzvləri var. Dedim ki, QAT siyasi, hakimiyyət məsələlərinə qarışmır. Lakin kiminsə təşəbbüsü ilə “Yeni Müsavat” qəzetində İsa Qəmbəri dəstəkləyən bir qrup təşkilatın adı dərc olundu. Qarabağ Azadlıq Təşkilatının da adı o siyahıya salınmışdı. Mən Müsavat Divanının iclasında məsələ qaldırdım ki, bunu kim edib? Divanın toplantısında çox ağır diskussiyalar getdi. Amma heç kəs boynuna almadı. Hamı bir-birinin üstünə atdı. İsa Qəmbərin seçki qərargahı dedi ki, onlara bu haqda məlumat veriblər ki, bəs QAT İsa Qəmbəri dəstəkləyir. Rauf Arifoğlu isə bildirdi ki, qərargahdan “Yeni Müsavat” qəzetinə siyahını veriblər. Heç kəs boynuna almadı. Məni ittiham etdilər. “Necə yəni, sən İsa Qəmbəri müdafiə etmirsən?” deyə sullar ünvanlayırdılar. Bildirdim ki, fərd olaraq İsa Qəmbəri dəstəkləyirəm. Amma təşkilat olaraq kiminsə namizədliyini dəstəkləmirik. İsa Qəmbər bu müzakirələrə heç bir müdaxilə etmirdi, reaksiya da vermirdi. Ancaq sonda saat yarımlıq müzakirədən sonra İsa Qəmbər dedi: “Mən Akif bəyin mövqeyini başa düşürəm, ona təzyiq etməyin”.

-Mənə elə gəlir ki, o məlum təşəbbüsün kimdən gəldiyini bilirsiniz.

-Çətin məsələdir. Açığı kimdənsə şübhələnmirəm.

-İsa Qəmbərlə əlaqələriniz qalırmı?

-Hazırda aramızda münasibət çox soyuqdur. 2010-cu ildə İsa Qəmbər Gürcüstandan Respublika Partiyasının sədri David Usupaşvili  və Ermənistandan Erməni Ümummilli Hərəkatı İdarə Heyətinin sədri Aram Manukyanla birlikdə Almaniyanın Potsdam şəhərində birgə bəyannaməyə imza atdılar. Bununla bağlı bizim çox sərt bəyanatlarımız oldu. Bəyan etdik ki, Azərbaycandan kimsə Ermənistanla əməkdaşlığa gedirsə, bu, qəbulolunmazdır. İsa Qəmbər bu mövqeyimizə görə, məndən çox incimişdi. Yadıma gəlir, tədbirlərin birində onunla görüşdüm. Mənə çox soyuq münasibət bəslədi. Salamlaşmaq belə, istəmirdi. Mənə ironiya ilə dedi ki, “siz vətən xainlərinə əl verirsiniz?”. Cavabımda dedim: “Mən sizi vətən xaini adlandırmamışam. Sadəcə demişəm ki, sizin bu hərəkətiniz vətənə, milli maraqlara xəyanət kimi dəyərləndirilə bilər. Amma siz də mətbuatda mənə cavab verdiniz ki, “bizə qarşı çıxanlar hakimiyyətin sifarişini yerinə yetirir”. Mən sifariş yerinə yetirirəm?”. İsa bəy bildirdi  ki, o elə bir şey deməyib. Soyuqluq var aramızda, ancaq son zamanlar bir az münasibətlərimiz istiləşməyə başlayıb. Bu yaxınlarda cəbhədə yaşanan hadisələrlə bağlı QAT geniş formatda bir tədbir keçirdi. İsa bəy də gəlib, orada iştirak etdi, QAT-ın gördüyü işləri çox yüksək dəyərləndirdi.

-Siz o tədbirlə əlaqədar demək olar ki, əksər partiyalara dəvətnamə göndərmişdiniz. Nəticə adekvat oldumu?

-Biz dəvət göndərdiyimiz siyasi partiyalardan demək olar ki, hamısı gəldi. Bir AXCP-dən başqa. Onlar da şifahi şəkildə bizə xəbər etdilər ki, bu toplantıda iştirak etməkdə çox maraqlıdırlar. AXCP bilirsiniz ki, Milli Şura ilə bir yerdədir. Biz Əli Kərimliyə, Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə dəvət göndərmişdik. Bizə xəbər çatmışdı ki, onlar da bu tədbirə qatılacaqlar. Sonradan xəbər göndərdilər ki, onlar bu tədbirin pozulmaması, qarşıdurma yaranmaması üçün gəlməyiblər. Bir də YAP gəlməmişdi. Niyə belə etdi? Mənim üçün anlaşılan deyil. Cəmiyyətdən gələn səslərə, çağırışlara, ən azından reaksiya vermək lazımdır.

-Siz debatlarda da çox olmusunuz. Yadıma gəlir, deyəsən Eldar Namazovla gərgin müzakirə aparırdınız.

-Eldar Namazov Yenilənmiş Madrid Prinsiplərini müdafiə edirdi. Orada öz əksini tapan referendum məsələsini Eldar müəllim canfəşanlıqla müdafiə edirdi. Eldar Namazov mənimlə söhbət zamanı qan-tərə batmışdı. Bu gün özü də referendumun əleyhinə çıxır.

-Başqa mövzuya keçid üçün fürsət axtarırdım ki, digər sualı verim. Ağlıma ilk gələn sizin futbola olan marağınızla bağlıdır. Əvvəllər futbol oynasanız da, indi bu idmandan uzaqlaşmısınız. Bu yaşdan irəli gəlir?

-Təbii ki, yaşla əlaqədardır. Mənim indi də ən çox xoşladığım idman növü futboldur. Mənim azarkeşlik etdiyim komandalar var. Türkiyədə “Qalatasaray”, İngiltərədə “Çelsi”, İspaniyada “Real Madrid”, Azərbaycanda “Qarabağ”dır.

Bizim özümüzün komandası var idi. İsgəndər Həmidov, Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Şahin Rüstəmov, jurnalist Emin Eminbəyli ilə eyni komandada idik. Fazil Mustafa, Nəsiman Yaqublu ilə futbol oynayardıq. 5-6 il bundan qabaq gördüm ki, hər oyunda travma alıram. Ona görə də  elə o vaxtdan daha futbol oynamıram.



-Deyəsən nərd oynamağı çox xoşlayırsınız.

-Nərd oynamağı da çox xoşlayıram. 30 illik dostum var idi, sonradan quda olduq. Amma onunla həmişə nərd oynayanda həmişə bir-birimizin “qanını içirik”. Bir dəfə internet televiziyalarının biri mənimlə bağlı süjet hazırlayırdı. Qudamı çağırdım, kamera qarşısında oynadıq, onu uddum. İndi harda söz düşsə, zarafatca deyirəm ki, kamera da səni udmağımı çəkib, əlimdə fakt var.

-Spirtli içki qəbul edirsiniz?

-Xeyr.

-Heç zaman içməmisiniz?

-Mən hardasa 10 il bundan qabaq alkoqollu içkiləri tərgitdim. Artıq namaz qılıram.

-Hansısa daxili gizli bir səs sizi namaz qılmağa çağırdı, yoxsa ətrafınızdakılardan kimsə dini terminlə desək, sizi haqq yoluna gətirdi?

-Mənim indiki çevrəmdə demək olar ki, hamı spirtli içki qəbul edir. Məni də uzun müddət içən adam kimi tanıyıblar. Amma düzünü deyim ki, heç zaman ifrata varmamışam. Amma iştirak etdiyim məclislərə demək olar ki, rumka əlimdə mən tamadalıq edirdim.

Hamı məni o şəkildə tanıyırdı. İndi bəzi dostlarım məni görəndə deyirlər ki, “sənin içkini tərgitməyinə inanmırıq”. Nə isə sanki məndə içkiyə qarşı əks proseslər getdi. Mən özüm də inanmırdım ki, nə zamansa içkini atıb, namaza başlaya bilərəm.

Ağlıma da gəlmirdi. Həyatın öz qanunları var, sanki birdən-birə dini hisslər mənə hakim kəsildi. Mən düşündüm ki, ən azından həyat tərzimi dəyişəcəyəm. Hardasa bu qərarı verənə qədər 1 il vaxt keçdi. Sanki içimdən bir səs “içkini qurtarmaq,  Allah yoluna qayıtmaq lazımdır” deyirdi.

-Həcc ziyarətinə getmək haqqında düşünürsünüz?

-Mümkündür. Təklif edənlər də çoxdur. Fikrim isə budur ki, kim Həcc ziyarətinə getmək istəyirsə, öz pulu ilə yola çıxmalıdır.

-Həcc qiymətləri çox bahadır axı!

-Ona görə də, deyim ki, hələ ki, getməyə maddi imkanım yoxdur.

-Himnə görə deputat Araz Əlizadə ilə olan mübahisə və müzakirəniz etik çərçivələri aşdı. Düzü, sizdən gözləməzdim ki, onu vurmaqla hədələyəcəksiniz.

-Mən də özümdən bunu gözləmirdim. Söhbət ondan gedir ki, jurnalist mənə sual verəndə mən heç Araz Əlizadənin nə dediyini bilmirdim. Mən öz xarakterimə uyğun olaraq dedim  ki, hər kəsin öz fikri ola bilər. Himnlə bağlı bilən adamlar, bəstəkarlar, şairlər münasibət bildirə bilər.

Sonra gördüm ki, Araz Əlizadə mənim haqqımda ağlına gələni danışıb. Mən də növbəti dəfə ona cavab verdim. Bir sözlə dedim ki, onu görsəm vuracağam.

-Həqiqətən də, maraqlıdır. O anda qarşınıza çıxsaydı Araz Əlizadəni vurardınız?

-Mən həmişə dediyim sözün üstündə durmuşam. Araz Əlizadə ümumiyyətlə çox səviyyəsiz adamdır. Onun məsələsini yenidən qabartmaq istəmirəm.

-Mütaliə dairəniz əsasən hansı çərçivədədir?

-Mən tarixi romanları çox xoşlayıram. Mənalı əsərləri çox xoşlayıram. Bayıl türməsində olanda vaxtımız çox olurdu. Orada detektiv əsərlər oxuyurdum. Çingiz Abdullayevin demək olar ki, bütün əsərlərini oxudum.

-Xoşunuza gəldi?

-Detektiv əsərlər belədir ki, onu oxuyandan bir müddət sonra yaddan çıxır. Oxuduğun məqamda rastlaşdığın süjetlər maraqlı olur. Ümumiyyətlə eyni vaxtda bir neçə kitabı oxumağı xoşlayıram.

-Mütaliəniz çərçivəsində istərdim ki, bu sualıma cavab verəsiniz. Azərbaycan ədəbiyyatında kimin əsərlərini xoşlamırsınız? Məsələn, mən açığını deyim ki, Hüseyn Cavidin əsərlərini bəyənmirəm.

-Düzünü deyəcəyəm. Hüseyn Cavidin əsərlərini mən də bəyənmirəm.

-Niyə?

-Çünki yaxşı  başa düşmürəm. Ona görə ki, onun dili ağırdır. İkincisi isə, bəlkə də qoyduğu mövzular mənə çatmır. Hər halda xoşlamıram. Nəsə Hüseyn Cavidin yazdıqları məni qane etmir. Amma buna baxmayaraq onu böyük şəxsiyyət hesab edirəm. Hansınısa başa düşmürəmsə, yenə də təqsiri özümdə axtarmağa çalışıram.



-Son illər qalmqallarla yadda qalan Əkrəm Əylislinin yaradıcılığını necə qiymətləndirirsiniz? Amma mən istəmirəm ki,  onun bütün əsərlərinə “Daş yuxular”dakı ideoloji, tarixi yanlışlıq kontekstində qiymət verəsiniz.

-Mən Əkrəm Əylisinin əsərlərinin çoxunu oxumuşam. Heç zaman onu güclü yazıçı hesab etməmişəm. Bilmirəm ki, o adam niyə vaxtında populyarlıq qazandı?! Əkrəm Əylisi bir dəfə, səhv etmirəmsə 2001-ci ildə Milli Məclisdə Qarabağ müzakirələri zamanı çıxış etdi. O dedi ki, Qarabağ 3-5 faiz torpaqdır da, verin getsin, məsələ qurtarsın. O zaman mənimlə onun arasında qarşıdurma yarandı. O zaman “Sara” televiziyası var idi. Orada Əkrəm Əylisli ilə dialoqa getdik. O verilişin axırında, Əkrəm Əylisli yanımda ağladı. Dedi ki, bütün əsərlərindən imtina edir. Əkrəm Əylisli ardınca dedi ki, Bakını tərk edib kəndinə qayıdır. Doğurdan da, çıxdı getdi. Sonra ironiya ilə deyirdilər ki, Əkrəm Əylisli ev tikməyə gedib.

-Anarın yaradıcılığı necə?

-Onu çox istedadlı, savadlı yazıçı hesab edirəm. Orijinal üslubu, orijinal ideyaları var. Anarın da bütün əsərlərini cavanlıqda oxumuşam.

-Azərbaycan Texniki Universitetində müəllim işləmisiniz, sonra işdən çıxarılmısınız.

-Mən Moskva Dövlət Universitetini bitirdikdən sonra Texniki Universitetə təyinat aldım. Tarix müəllimi olaraq, orada çalışırdım. 2004-cü ildə Azərbaycanda NATO-nun tədbiri keçirilirdi. Erməni generallar da həmin toplantıya dəvət olunmuşdu. Biz buna çox kəskin şəkildə etiraz etdik. Biz bu hadisələrdə Azərbaycan hakimiyyətinə və NATO-ya qarşı dayandıq. NATO-nun baş katibi bəyanat vermişdi ki, “QAT aksiya keçirsə də, biz həmin tədbirə gələcəyik”. Biz onda elə bir aksiya keçirdik ki, bəlkə də tarixdə belə bir şey olmamışdı. Sanki hərbi əməliyyat aparırdıq. 3 qrupa bölündük. Mən başda olmaqla bir qrup polisi öz üzərimizə çəkdik. Tapşırıq belə idi ki, birinci qrup döyüləndən sonra, ikinci qrup zala girməli idi. Əgər içəridə polis, təhlükəsizlik qüvvələri var idisə, ikinci qrup onları üzərlərinə  gətirməli idilər. Qapı tam açıq olmalı idi ki, üçüncü qrupumuz konfrans zalına girsin. Elə bu üçüncü qrupumuz şüşələri sındırıb zala daxil ola bilmişdi. Məni tutmuşdular. Bayılda olan vaxtı Texniki Universitetin rektoru əmr verib məni işdən çıxartdı.

-Oğlunuz yanılmıramsa, qəbul imtahanında yüksək nəticə göstərib.

-Elə yüksək bal yığmayıb. Bir oğlum var. 5 il bundan qabaq Kooperasiya Universitetinə daxil oldu. 2-ci kursda olanda göndərişlə Ukraynaya getdi, orada təhsil aldı. Hal-hazırda hərbi xidmətdədir.

-Ümumiyyətlə neçə övladınız var?

-3 qızım, 1 oğlum var. Qızlarımın hamısı ailə qurub. 6 nəvəm var. Hamısı orta səviyyəli bir işdədirlər.

-Xanımınızla mübahisə edirsiniz? Hər halda mənə elə gəlir ki, işinizin mahiyyəti ailədə istər-istəməz mübahisəsiz ötüşməz.

-Əvvəllər çox mübahisə edərdi. İndi yorulub (gülür). Xanımım qabaqlar məni başa düşmürdü. Şükürlər olsun, indi başa düşür ki, torpaq davası mənim yolumdur.


-Bu yolda büdrəmələr olur. Amma yüksəliş üçün imkanlar da yaranır. Nə zamansa vəzifə təklifi almısınız?

-Birbaşa, konkret mənə kimsə deməyib ki, səni vəzifəyə qoyuruq. Amma müəyyən çağırışlar, dəvətlər olub. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla olan bir dialoq yadıma düşdü. 1995-ci ildə Əli Həsənov tələbə yoldaşlarımla olan bir məclisdə mənə dedi: “İstəyirəm ki, bizim komandada olasan”. Mən də dedim ki, yolum fərqlidir.

Bundan başqa, 2003-cü ildə Müsavat Partiyasında hamı vəzifə davası edirdi. Hamı özünü göstərməyə çalışırdı. O zaman digər təşkilatlar, siyasətçilər də Müsavatla əlaqə qurmağa çalışırdılar. Bu gün parlamentdə olan elə deputatlar var ki, onları İsa Qəmbərlə əlaqələndirməyim üçün mənə yalvarırdılar. Onlar da vəzifə istəyirdi. Bir dəfə İsa bəy, Divanının iclasından sonra məni saxladı və dedi ki, səninlə söhbətim var. Dedi ki, hamı vəzifə istəyir, sən isə qıraqda qalmısan. Bir iddian yoxdur? Mən də dedim ki, İsa bəy, mənə heç bir vəzifə lazım deyil. Ona bildirdim ki, prezident seçilsə, səhəri günü məni həbs elətdirsin.  Onu da əlavə etdim ki, “amma əlaltdan Qarabağ Azadlıq Təşkilatına kömək edərsiniz. Maliyyəsini, silahını verərsiniz. Onları partizan kimi cəbhəyə göndərərsiniz. Sabah da beynəlxalq təşkilatlar sizə təzyiq eləsə, deyərsiniz ki, onların sədri həbs olunub. Amma bunlar dayanmırlar”. Güldü və “narahat olma” dedi.

-Hərbi xidməti harada olmusunuz?

-Sovet vaxtı Baltik donanmasında xidmət etmişəm. Amma Qarabağ müharibəsində iştirak etməmişəm.

-Stolunuzun üstündə kompüter görmürəm. İstifadə edə bilmirsiniz?

-İstifadə etməyi bacarıram. Amma kompüter adamın vaxtını çox alır. Ona görə də, maksimum kompüterdən uzaq durmağa çalışıram. Evdə kompüterim var. Axşam saatlar 10, 11-in yarısından başlayaraq 1 saat yarımərzində kompüterdə oluram.

Söhbətləşdi: Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir