Modern.az

Odunbazarı, Lülə daşı və Sazovası ilə məşhur Əskişəhər - II YAZI

Odunbazarı, Lülə daşı və Sazovası ilə məşhur Əskişəhər - II YAZI

4 May 2016, 14:25

 

“Maraqlı fotolarınız varmı?...”

Adım Ərdəm Çətintaşdır. Müzakirələrə qatıla bilməsə də, deyim ki, Mətbuat və yayım bölümünun hocasıyam. Foto dərsi verirəm. Azərbaycanı çox sevirəm. Orada olmaq, bildiklərimi tələbələrinizlə bölüşmək istərdim. Sonra isə sosial media üzərində dərslərimizi davam edə bilərik». Maraqlı həmsöhbətdir Ərdəm hoca. Ölkəmiz haqqında xeyli məlumatlıdır. «Arşın mal alan»ı, «O olmasın, bu olsun»u əzbər bilir. Mahnılarımızı da çox sevir. Görüşümüz qısa olsa da, maraqlı nəticələr əldə etdik. Reallaşdırmaq ümidi ilə yolumuz

Kino və Televiziya

bölməsinə. Burada isə mənzərə bir qədər də ürəkaçıcıdır. Bölüm başqanı Alper Altunay və professor Nəzih Orhon ölkəmizi daha yaxından tanıyır. Uğurlarımıza sevindiklərindən, Dağlıq Qarabağ probleminin həll edilməməsindən üzüntü keçirdiklərini deyir və «Biz hər zaman can Azərbaycanın yanındayıq», - kimi duyğulu fikirlər söyləyirlər. Və bir də bizə müəllifi olduqları kitablardan verir, bölüm tələbələrinin layihəsi kimi gerçəkləşən müxtəlif hədiyyələr təqdim edirlər. Hansı ki, bu layihələrin, qısametrajlı filmlərin, video çarxların səsi təkcə öz universitetlərindən, digər ali təhsil ocaqlarından deyil, İstanbul, Ankara, İzmir, Adana, Antalya və digər şəhərlərdə keçirilən kino və televiziya, tələbə festivallarından, simpoziumlardan eşidilir - ilk yerin sahibi kimi.

Nəzih Orhon:

- Bunun üçün işləməyə, yeni projelər düşünməyə dəyər. Tələbələrimiz hər zaman etimadımızı doğruldurlar.

Alper Altunay:

- Biz işlərimizdən zövq alırıq. Sizinlə də əməkdaşlıq etməyə, tələbələrinizi, hocalarınızı, doktorantlarınızı bölümümüzdə görməyə şad olarıq.

Əlbəttə, bu təklifləri dəyərləndirməmək olmaz. Üstəlik, belə pozitiv personal, belə işıqlı insanlarla!

“Azərbaycan haqqında nə bilirsiniz?”

sualım 60 nəfərlik auditoriyada canlanma yaradır. Cavablar ürəkaçıcıdır. Demək, ölkələrin bir-birinə olan sevgisi qarşılıqlıdır. Tələbələr üçün Azərbaycan maraqlı ölkədir. Sualları da çoxdur, öyrənmək istəkləri də. Dinləmək qabiliyyətlərinə isə söz yox. "Beynəlxalq jurnalistika və onun təşəkkül prosesləri" mövzusunda oxuduğum mühazirədə, həmçinin «Əkinçi» qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuat tarixinin inkişaf mərhələləri, Azərbaycan Xalq Cümhuriyyəti mətbuatı və Osmanlı dövləti ilə əlaqələri, SSRİ dövrü mətbuatı və həmin dönəmdə Türkiyə əleyhinə olan yazılar barədə məlumatlar, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı və onun mediada işıqlandırılması, medianın müasir durumu, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin senzuranın ləğvi barədə qərarı, dəfələrlə «Jurnalistlərin dostu» seçilmiş prezident İlham Əliyevin mətbuatın, o cümlədən KİV təmsilçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi sərəncamlar, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bu istiqamətdəki fəaliyyətinin auditoriyanın marağına səbəb olması, çoxsaylı suallara yol açması olduqca xoş və arzulanan bir günün uğurla yekunu idi.

Uğurla sevinc birləşəndə


O hissləri hər kəsin yaşamasını arzu edirəm. 24 saat tələbələrə xidmət edən universitet kitabxanasında ulu öndər Heydər Əliyevin adını daşıyan bölməni, gerbimiz və bayrağımız fonunda büstünü, həyat və fəaliyyətinin müxtəlif dönəmlərinin əks etdirən fotolarını, haqqında yazılmış çoxsaylı kitabları, o cümlədən ölkəmizin mədəniyyət nümunələrinin fotostendini, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, kulinariyamızla bağlı kitabları, məlumat toplularını, BDU tərəfdən bu universitetə verilən hədiyyələri görmək və bütün bunlara tələbə marağının şahidi olmaq, sözlə ifadə olunmayacaq əvəzsiz hisslər yaşamaq çox gözəl idi.

100 nəfər əməkdaşı olan Mətbuat Mərkəzi

Ayrı binada yerləşir. Xəbər Mərkəzi, “Anadolu Xəbər” qəzeti və jurnalı, Sosial Media, Mətbuat və PR, bölmələri, o cümlədən TRT Okul kanalını özündə birləşdirən mərkəzin 100 nəfərdən çox əməkdaşı var. Xəbər Mərkəzi koordinatorluğu 2006-cı ildə fəaliyyətə başlayıb. Mərkəz müxbir və redaktorları ilə birlikdə universitetin bütün xəbər toplama və yazma əməliyyatlarını həyata keçirir. Belə ki, qurum universitetin informasiya vasitələri olan elektron qəzet, «Anadolu Xəbər» qəzeti və jurnalı, Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdürlüyünün xəbər tələbatlarını ödəyir. Bundan başqa, xəbərlər agentlik vasitəsilə yerli və məşhur mətbuata da ötürülür. "Anadolu Xəbər" qəzeti və jurnalı koordinatorluğu 1996-ci ildən fəaliyyətdədir. Qəzet 3 həftədə bir 10.000 tirajla çap olunur. Eyni adlı jurnal isə 15.000 tirajlı 6 aydan bir işıq üzü görür.

2014 tarixində qurulan Sosial Media koordinatorluğu isə universitetin elektron qəzetində yayımlanan xəbərləri, elanları və müxtəlif məzmunlu hadisələri universitetin ictimai media platformlarındaki hesablarında yayımını həyata keçirir. Mətbuat və İctimaiyyətlə Əlaqələr müdirliyi isə universitetdə keçirilən elmi, ictimai və mədəni fəaliyyətlərlə əlaqədar hazırlıq, afişa və dəvətnamələr hazırlayır, Əskişəhər və digər şəhərlərdəki sərgilərdə təmsil olunur, universiteti ziyarət edən qrupların gəzinti işini həyata keçirir, tədbirlərlə bağlı aylıq broşuralar hazırlayır və universitetin əksər dizayn işlərini həyata keçirir. Mətbuat Mərkəzi universitetin əsas sütunlarından hesab olunur. Gənc olmalarına baxmayaraq, kifayət qədər təcrübəli olan bölüm koordinatorları - Əlif xanım, Sibel Qurd, Çagatay bəy və Handə xanımın bu istiqamətdəki fəaliyyətləri xüsusilə qeyd olunmalıdır.

Bəs TRT Okulda vəziyyət necədir?

TRT Okul Anadolu Universiteti ilə TRT arasında olan razılaşmaya əsasən 31 yanvar 2011-ci ildə təhsil kanalı kimi fəaliyyətə başlayıb. Kanal üçün proqramların bir hissəsi Anadolu Universiteti, bir hissəsi isə TRT tərəfindən hazırlanır. Universitet tərəfindən hazırlanan proqramlar birmənalı olaraq tələbələrinə hesablanıb. TRT tərəfindən hazırlanan proqramlar isə ana və uşaq sağlamlığı, vətəndaşların müxtəlif ictimai təşkilatlarındakı işləri, məhkəməyə müraciət, vətəndaşlıq hüquqları, əmlak alışı, vergi dairəsi və ictimai təhlükəsizlik, istehlakçılara yönəlik məlumatlar, idman təhsili, müsabiqələr, mədəniyyət-sənət profillidir.

Əskişəhər - tələbə şəhəri!

Əskişəhər 799.724 nəfər əhalisi ilə Türkiyənin iyirmi beşinci şəhəridir. Anadolu və Osmanqazi universitetləri tələbələrinin sayına görə Türkiyədə daha çox tələbə şəhəri kimi məşhurdur. Təbiəti sərt və əsasən yağışlı, insanları mülayim və istiqanlıdır, Azərbaycanı və azərbaycanlıları

çox sevirlər. Şəhər Met halvası, Nuga halvası, Haşhaşlı çörək, Kalaban suyu, Çibörek və Lületaşı ilə məşhurdur. Əskişəhər dövrümüzə qədər dəyişik sivilizasiyalarda mövcudluğunu davam etdirə bilib. Şəhər üçün Odunbazarı evlərinin xüsusi yeri var. Əskişəhərlilər qonaqlar üçün gəzinti xəritəsini müəyyənləşdirəndə ilk olaraq Odunbazarı evlərinə baş çəkmələrini məsləhət bilirlər.

Deyilənə görə, Odunbazarı səmti şəhərin cənub seqmentindəki təpələrin üzərinə qurulub, Badəmlik deyilən bölgəyə uzanır. Rəvayətə əsasən, Əskişəhərdə məskunlaşmağı düşünən xalq Odunbazarı və şəhəri ikiyə bölərək gözəl bir mənzərə yaradan Porsuq Çayının olduğu əraziyə bir qoyun ciyəri asaraq nə qədər duruş gətirəcəyini gözləyiblər. Digər bölgələrə nisbətən qoyun ciyəri Odunbazarında daha çox dayandığından, əhali, məhz oranı məskunlaşma yeri kimi uyğun görüb. Osmanlı nümunələrini qoruyan şəhər, dar və xırda daşların döşəndiyi yolları, taxta bəzəkli, bitişik, nizamlı evləri ilə adət və ənənələrini qoruyaraq günümüzə qədər gələ bilib. Əsasən qırmızı, sarı, yaşıl, göy boyalarla diqqət çəkən Odunbazarı evləri turistik zonadır və həm Əskişəhərə xas bəzək əşyalarının satışı, həm də türk qəhvəsi ilə məşhurdur.

Atlıhan Əl Sənətləri bazarı

Odunbazarından sonra Atlıhana baş çəkməyin xüsusi yeri var. Atlıhan Əl Sənətləri bazarı Əskişəhərin çox əhəmiyyətli bir dəyəri olan lülə daşının bütün dünyada təqdimatı və satışa çıxarılması, ona həyat verən ustaların himayə və təşviq edilməsi məqsədilə 2005-ci ildə Odunpazarı Bələdiyyəsi tərəfindən açılıb. Burada əl sənətlərinin istehsal, nümayiş və satışının həyata keçirildiyi 25 ədəd laboratoriya-mağaza fəaliyyətdədir. Atlıhan Əl Sənətləri bazarı Türkiyədə lülə daşını tanımaq və məhsullarını görmək istəyənlər üçün bir mərkəzə çevrilib.

Lülə daşına Əskişəhərin qərbində, şimal-şərqində və cənub-şərqində olan sahələrdə, 380 metr dərinliklər arasında laylar formasında rast gəlinir. Daşı əldə edə bilmək üçün səthdən etibarən quyular qazılır. Torpaq ərzində asanlıqla seçilən laylara çatanda, bu layı təqib edən üfüqi tunellər açılır və Lülə daşı yumruları axtarılır. Deyilənə görə, bəzi bölgələrdə Lülə daşı təbəqələri yeraltı sular səviyyəsindən daha aşağıdadır. Buralardan daşı çıxara bilmək üçün əvvəl suyun boşaldılması lazımdır. Onun çıxarılmasında böyük ölçüdə insan gücündən və uzun illər nəticəsində qazanılmış fərdi təcrübələrdən istifadə edirlər.

Lülə daşı ilə ilk məşğul olanlar azərbaycanlılardır

Lülə daşı sənətkarı Seyfi Aktaş deyir ki, əslən azərbaycanlıdır və bu sənət növü ilə ilk olaraq onun babaları məşğul olub. Əskişəhəri xarici səfərlərdə Lülə daşı mütəxəssisi olaraq onun məhz Seyfi Atktaş təmsil edir. Sənətkar deyir ki, Lülə daşı asan işlənir, amma bir qədər ehtiyatsız oldunsa, ani bir bıçaq toxunuşu ilə bütün işlədiyini boşa çıxara bilərsən. Odur ki, usta xəyal etdiyini daşa çevirə bilməlidir.

Sazova və Kənd Park

Əskişəhər Elm, İncəsənət və Mədəniyyət Parkı - Sazova 400 min kvadrat metr üzərinə qurulub. 2008-ci ilin oktyabr ayında istifadəyə verilən parkda böyük gəmi və yanında 25 min kvadrat metrlik hovuz, park ətrafında dolaşan buxarlı mini qatar, uşaq oyun sahələri, zoopark, elm və təcrübə muzeyi, konsert sahələri, amfiteatr fəaliyyətdədir. Kənd Park isə Porsuq çayı boyunca uzanan, təxminən 270 min kvadrat metrlik parkdır. Burada hovuz, hovuz içində bir ada, restoranlar və kafelər, gül bağçaları, uşaq oyun sahələri, idman sahələri mövcuddur. Əskişəhərlilər şəhərlərini çox sevirlər.

Bu sevginin nəticəsidir ki, şəhər televiziyası, qəzeti, mədəniyyət ocaqları, alış-veriş mərkəzləri, otellər, əyləncə mərkəzləri Əskişəhərin xatirəsinə adlandırılır - espark, eskart, esqəzet, es tv, esstrorium, esaqua, es Albatros Otel və s. Əhali onlar üçün yaradılan şəraitdən birmənalı razı və məmnundur. Əskişəhərin abadlaşdırılması, turistik məkana çevrilməsi, tramvay xəttinin istifadəyə verilərək şəhərin görkəmi və əhalinin nəqliyyat imkanlarının yaxşılaşdırılması və buna bənzər çoxsaylı işlərdə Əskişəhər Böyükşəhər Bələdiyyəsi və onun başqanı, professor doktor Yılmaz Böyükərşənin əməyi yüksək qiymətləndirilir. 1936-ci ildə Əskişəhərdə dünyaya gələn Böyükərşən 1962-ci ildə Əskişəhər İqtisadiyyat və Ticarət Elmlər Akademiyasının ilk məzunlarından olub. 1966-ci ildə doktor, 1968-ci ildə dosent, 1973-ci ildə professordur. 1982-ci ildə Anadolu Universitetinin rektoru təyin edilib və bu vəzifəni 1993-cü ilə qədər davam etdirib. Anadolu Universitetindəki bir çox fakültələrin, institutların qurulması, məhz onun rəhbərliyi ilə həyata keçirilib. 1999-cu ildən günümüzədək Əskişəhər Böyükşəhər Bələdiyyə başqanıdır.

14 gün bitdi…

Və Əskişəhərdən xoş xatirələrlə ayrıldım. Hər sonun bir uğurlu başlanğıcı olduğuna inanır və reportajlara burada nöqtə qoyuram...

Pərvanə İbrahimova

Bakı-İstanbul-Pendik-Əskişəhər

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu