Modern.az

O təkcə şəhid gülü deyil...

O təkcə şəhid gülü deyil...

Ədəbi̇yyat

9 May 2016, 14:49

Yaqut Aslanova

-Nə gözəldir!

- Bax buna da, Aylin. Amma toxunma.

- Niyə axı qəşəngdir!

- Amma, sən bütün güllərdən gözəlsən.

-Yox, bunlar qəşəngdir. Qoy doyunca gəzim, bir də sən əsgərlikdən gələndən sonra gələcəyəm.

-Niyə? Anama deyərəm səni gətirər.

-Narahat olma, istəmirəm.  Dörd  ildir səninlə gəlirəm, beşinci dəfə də səninlə gələcəyəm.Təki sağ-salamat gəl, sonrası asandır.

-Yaxşı, gəl bunlara da bax. Güllər necə də gözəl görünür, insan toxunmağa belə,  çəkinir.

-Hara getdin Tural? İtirdim səni. Necə tapacağam?

-Gəldim Aylin, buradayam, sənə qərənfil aldım.

-Axı niyə qərənfil? Başqa gül al da!

-Aylin, güllərin gözəli, özəlidir qərənfil.

- Bilirəm, amma qərənfili şəhidlərin, ölən insanların məzarına qoyurlar axı!

 -Narahat olma bu qədər güllər içində anılmayan, rast gəlmədiyimiz sadəcə qərənfil oldu. Dedim onu sənə alım, gül bayramında güllər sırasına qoşulsun, kənarda qalmasın. Mən düşünürəm ki, o təkcə şəhid gülü deyil, xoş günlər üçün də istifadə oluna bilər.

-Yaxşı, düz deyirsən. Mən bunu saxlayacağam, sən gələnə qədər növbəti gül bayramında mənə alacağın qərənfilə qədər qoruyacağam.

-Bilirəm Aylinim gecdir gəl gedək.

Bu gözəl gündən 2 ay sonra  Aylin qardaşını bir illik hərbi xidmətə  yola saldı. Qərənfili dəftərin arasında ayrılarkən qardaşına göstərdi.

-Unutma gəlib mənim qərənfilimi yeniləyəcəksən! Allahın izniylə sağ-salamat gəl!

-Yaxşı, ağlama. Dərslərini oxu. Mən gələcəyəm, hələ necə gözəl günlər yaşayacağıq.

Aralarında yaş fərqinin çox olmasına baxmayaraq ,Tural həmişə bacısına həmyaşıdı kimi baxırdı. Yaş fərqinin önəmi yox idi. Lazım bildiyi, gərəkli olan hər şeyi bacısıyla bölüşürdü. Aylin də Turalla fəxr edirdi. Onu çox istəyirdi.

Keçən günlər Aylinə daha çətin olurdu, lakin darıxdıqca, qurumuş qərənfilə, gül bayramında çəkdirdikləri şəkillərə baxırdı. Beləcə keçən günlərin sayını asan unudurdu. Sonradan şəkillərin arasına Turalın əsgər geyimində olan şəkillərini də əlavə etdi. Qardaşı üçün darıxırdı, amma fəxr edirdi onunla. Keçən zamanın sürətini artırmaq üçün, daha çox dərs oxuyur, başını qatırdı.

Tarix oldu 31 mart 2016... Həmin gün Aylin dərsə getməzdən qabaq, qərənfili və şəkilləri axtardı. Amma yastığının altında tapa bilmədi. Anasının səsini eşitdi bu axtarışın içində. Yan otaqda anası ağlayaraq qərənfilə və Turalın əsgərlik şəkillərinə baxırdı.

-Ağlama niyə ağlayırsan axı, üç aydan az vaxt qalıb gələcək də, ana! Niyə belə edirsən?!

-Get dərsə, mənə fikir vermə anayam da, keçər.

-Ağlamaq uğursuzluq gətirər. Az qalıb səbrli ol. Oğlu əsgər olan təkcə sən deyilsən ki?

-Düzdür, qızım, bağışla, belə edib ikimizi də narahat edirəm. Get dərsə mən də yaxşıyam indi. Tural neçə gündür zəng etmir, səsni eşitsəm bəlkə də düzələrəm. Bilmirəm.

Tural zəng vurdu aprelin 1-i: - Ana səni də,  Aylini də çox istəyirəm. Bir neçə gün zəng edə bilməyəcəyəm, narahat olma. Hər nə olarsa, səbr edin, sizdən istədiyim təkcə budur.

Turalın son istəyini yerinə yetirmək həm Aylin üçün, həm də anası üçün çətin oldu. Onun əbədi  yoxluğunu səbrlə qarşılaya bilmirdilər. Hər ikisinin acısı bir-birindən ağır idi. Təsəlli isə …. Təsəlli tapmaq çətin olurdu. Onlar isə təsəlli yaratmağa çalışırdılar .

40 gün keçmişdi. Keçən sadəcə zaman, dəyişən isə təqvim rəqəmləri idi. Aylin üçün hər şey qəribə idi. İlk vaxtlar çox çətin oldu. Amma anasının tək ümidi, yeganə övladı olaraq, bu həyatda ona kömək etməli idi. Onun dayağı, həmdəmi olmalı idi. Ona görə də, özünü çox güclü, məğrur göstərməyi qərara almışdı .

Turalın məzarı üstünə gəldi. Məhz mayın 10 -da .

- Sən, mənə söz vermişdin. Gəlib qərənfilimi yeniyələcəkdin. Amma gəlmədin, gələ bilmədin. Mən gəldim, sənə! Yeni, təzə qərənfillərimlə. Gül bayramında sənə nə qədər qərənfil aldım. Amma gülləri  sənə yox, məzarına verdim. Güllər mənə yaraşır demişdin. Niyə indi güllərə bürünmüsən? Bütün vədlərin yarım qaldı,Tural. Sənsiz çətin olacaq. Ən çətin isə sənsiz yaşayacağım 10 maylar olacaq.

Təzə qərənfilləri Turalın məzarına qoydu. Əlində quru qərənfili, gözündə kədəri, qarşısında məqsədi yoluna davam etdi .

Yarı yolda arxaya baxdı. Turalı və neçə şəhid məzarını gördü. - Allah hamınıza rəhmət eləsin, dedi. - Sizinlə fəxr edirəm. Siz varsınız deyə, biz varıq. Biz kədərlənməli deyilik, qürur duymalıyıq.
Göz yaşlarını sildi. Başını dik tutaraq, yoluna davam  elədi ...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi