Modern.az

Sən nə karəsən ki, teatra şeytan yuvası deyirsən?..

Sən nə karəsən ki, teatra şeytan yuvası deyirsən?..

9 May 2016, 18:00

Məlumunuzdur ki, şair Söhrab Tahir vəfat edib. Mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib. Bu vəziyyət də mədəniyyətdən yoxsul bir tənqidçimizi əməlli-başlı sevindirib və hadisəni belə şərh edib: “Yaxşı ki, şairin nəşi ilə vidalaşma hansısa teatr binasında yox, Təzəpir məscidində oldu. Sovet dövründəkindən fərqli mərhumlarımızı artıq şeytanın evindən yox, Allahın evindən yola salırıq”.
Bu fikri yazan müasir Azərbaycan ədəbiyyatında tənqidçi kimi tanınan Əsəd Cahangirdir. Hansı ki, bu gündən mən ona bir ləqəb ərməğan edirəm – Şeytan Əsəd!

Əsəd Cahangirin yazdığı bu çirkin fikir mənim yadıma bir hadisəni saldı: bundan 98 il əvvəl, 1918-ci ildə Azərbaycan teatr məktəbinin qurucusu Hüseyn Ərəblinski aktyor dostu Hacıağa Abbasovu öz evinə çağırır və ona deyir: “Hacıağa, qəmli olmağımın səbəbi budur ki, keçən gün “Şəms” restoranına gedib yemək istədim. Hacı Aslan Məcidov kababçılıqdan bir az pul qazanıb, özü də ancaq kassada oturur. Oğlu Əliheydər isə restoranı idarə edir. Hacı Aslan soyuqqanlıqla mənə baxıb dedi ki, “Əliheydər, dünəndən qalmış tavakababından qızıdırıb bu artistə ver”.
Bu söz mənim əhvalımı pisləşdirdi, evə  ac gəldim. Hacıağa, əgər bir gün qiyamət deyilən əhvalat baş versə, nə olacaq? Dünyada ömür keçirib gedən peyğəmbərlər gələcəklər məhşərə. Qeybdən səs gələcək: “Ya Musa, sənə inanan kəsləri çək qabağa!” Bu vaxt məhşər əhli görəcək ki, Edison öz ixtiraları ilə, məşhur musiqi ustadı Rubinşteyn öz musiqi aləti ilə, professor Akinşeviç öz cərrah bıçağı ilə gəlib bir yanda dayanacaq. Sonradan əmr olunacaq: “Ya İsa, çək gəlsin sənə inananları!”. Bu vaxt görəcəklər ki, Puşkin, Qoqol, Lev Tolstoy öz kitabları ilə, sonra Belinski öz əsərləri ilə gəldilər. Əlbəttə, bu təklif peyğəmbərimiz Məhəmmədə də ediləcəkdir. Bu zaman məhşər əhli görəcək ki, qovurmaçı Əbdüləli, onun dalınca kababçı Hacı Aslan Məcidov gəlib Məhəmmədin hüzurunda dayanacaqlar. Məhşər əhli qəhqəhə çəkib gülüşəcək, Məhəmmədin ümmətinə əcəb afərin deyəcək. Görəsən, Hacıağa, dünyaya elə bir gün gələcək ki, bizim bu yazıq xalqın istedadına, onun incəsənətinə qiymət verilsin?”.



Hesab edirəm ki, bu hadisə və ondakı ibrət Əsəd Cahangirin aqibətini çox gözəl ifadə edir. Hüseyn Ərəblinskinin siyahısına Əsədi də elavə etmək gərək. Bəli, qovurmaçı Əbdüləli ilə, kababçı Hacı Aslanla birlikdə, Əsəd də gəlib Məhəmmədin hüzurunda dayanacaq. Əbdüləli əlində tava tutacaq, Hacı Aslan əlində şiş tutacaq. Amma Əsəd Cahangirin əlində tutmağa bir tava qədər, şiş qədər əhəmiyyətli nəsnə də olmayacaq. Ən acınacaqlı qəhqəhələr ona ünvanlanacaq. Çünki o, toplum üçün faydalı nəsə yaratmadığı halda, toplum üçün fədakarların yaratdığı ən nəhəng sənət ocağını təhqir edib. Bunun cəzası çox ağır olacaq. Həm də çox... Yanaqları qızarıb pörtəcək, qulaqları, dodaqları titrəyəcək, saçları dik-dik duracaq, sinəsi iki döşünün arasından yırtılacaq və yepyekə bir şeytan onun içindən çıxıb yox olacaq. Ondan sonra Şeytan Əsəd paklaşacaq, doğru yola gələcək, anlayacaq ki, teatr dünyanın ən böyük  yaradıcılıq məbədidir, onun batini kimi şeytan yuvası deyil!

İndi mən Əsəddən soruşuram, necə olur ki, 1873-cü ilin avam, cahil toplumunda yetişən böyük sənət xadimləri bu ölkənin, bu xalqın mədəniyyəti üçün teatrı yaratdıqları halda, indi sən durub onlara şeytan deyirsən? Necə olur ki, sonrakı illərin xuravatına, mövhumatına, din fırıldaqçılarına qarşı sinə gərən, onları ifşa edən bir ziyalı zümrə sənin üçün şeytan olur? Necə olur ki, rus əsarətinə, zülmünə qarşı vuruşub sürgün olunan, öldürülən Abbas Mirzə Şərifzadələr, Ülvi Rəcəblər sənin üçün şeytana çevrilir? Axı sən özündən rütbəcə böyüklərə yarınıb mənfəət ummaqdan başqa nə etmisən? Sən hansı ədalətsizliyə, hansı haqsızlığa, hansı zülmə, hansı əsarətə qarşı heç olmasa bir dəfə haqq səsini çıxarmısan? Bunları etmədiyin halda, sən nə karəsən ki, teatra şeytan yuvası deyirsən?

Əgər unutmusansa sənə xatırladım ki, 2010-cü ildə “Teatral” adlı ilk teatr dərgisinin baş redaktoru olmusan, 28.05.2011-ci il tarixində, “525-ci qəzet”də “2004-2011-ci illər Azərbaycan dramaturgiyası haqqında qeydlər” başlıqlı yazında xalq üçün teatrın əhəmiyyətindən danışmısan. Hələ o yazıda fürsət tapıb mədəniyyət nazirinin müavini Ədalət Vəliyevi də tərifləmisən. Bu mənbələri mənə göstərdiyi üçün gənc yazar Məhəmməd Tanhuya təşəkkür edirəm. Yeri gəlmişkən, Məhəmməd bəy deyir ki, Əsəd Cahangir ötən əsrin əvvəllərində doğulsaydı o dövrün romantiklərini məhv edənlərdən, onları sürgünə göndərənlərdən biri olacaqdı. Çox doğru deyir!

Burdan növbəti sual yaranır: sən bu riyakarlıq sindromuna necə tutulmusan? Bir vaxt kimlərəsə yarınmaq üçün təriflədiyin sənət məbədini indi təhqir etməyi necə bacarırsan? Bu “qabiliyyətin” qədər yaradıcılıq istedadın olsaydı, bəlkə bu zavallı xalq üçün bir qəhrəman olardın! Heyf! Çox heyf!

Sonda onu da deyim ki, teatr bütün teatr fədailərinin tanrısıdır, anasıdır, atasıdır, qardaşıdır, bacısıdır, dostudur, sevgilisidir, həyat yoldaşıdır. Teatr hər bir teatr adamı üçün hər şeydən və hər kəsdən üstün duran məbəddir! Müqəddəslərin müqəddəsi, doğmaların doğmasıdır.
İndi, ay Əsəd Cahangir, bu qədər insanın inancını, məbədini, doğmasını təhqir etməyə sənin nə haqqın var? Sən heç bilirsən ki, yaxın gələcəkdə teatrların önündə sənin kimi mədəniyyət qatillərinin simvolu ucaldılacaq və ora daxil olan hər kəs Məkkədə şeytana daş atıldığı kimi sizi daşlayıb sonra mədəbə girəcək! Bu ayinin adı da “Əsədə daş atmaq” olacaq. Ki, yaşasın sənət, yaşasın mədəniyyət, yaşasın teatr və bütün yaradıcılıq məbədləri!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür