Modern.az

Talış kəndində şəhid olmuş kəşfiyyatçı - FOTOLAR

Talış kəndində şəhid olmuş kəşfiyyatçı - FOTOLAR

12 May 2016, 10:17

Vətəni qibləgah edən şəhidlər - XIII

Yandırıbsan, dedim, ey çərx, mənim sinəmdə
Bunca dağlar ki, nə vardır sayı, nə payanı.
Dedi: sinəndəki dağlar hamı məndəndir əgər,
Bəs mənim sinəmdə dağlar çəkən оl kimsə hanı?
(Məhəmməd Füzuli)

Modern.az saytı "aprel döyüşləri"nin şəhidləri barədə silsilə məqalələrin təqdimatına davam edir.

80 manat aylıq,  göbələk satan uşaq, halal çörək...

Şirvanın  tarix kitabının dəyərli səhifələrindən sayılan Qobustan rayonu Qarabağ müharibəsi başlanandan bəri 84 şəhid verib. Onun 49-u Qobustan rayonunun qeydiyyatındadır. Tanrının dərgahında bu ülvi MƏQAMA bu ilin “aprel döyüşləri”ndə daha bir oğlumuz da qovuşdu: Orxan  Ələsgər oğlu Müstəcəbov

O, 1993-cü il martın 5-də  Qobustanın Bədəlli kəndində  doğulub boya-başa çatıb. 23 illik ömrünün qısa hekayətini anası Şəhla Müstəcəbova danışdı:

- Üç oğlum var. Bu gördüyün daxmada min bir əzabla böyütdüm o uşaqları. 1993-cü ildən sonra dövlətdən aldığım 80 manat yardımla dolandırdım onları. Uşaqların atasını erkən itirdim. Ələsgər rəhmətə gedəndə 40 yaşı var idi. Böyük oğlum  Elmir 16, Royal 13, Orxanım isə 7 yaşında idi. Ağsaqqalımız Xanəsgər əmi həyat yoldaşımın ili çıxan gün mənə dedi ki, “ay gəlin, böyük oğlun Elmiri ver özüm saxlayım”. Vəziyyət ağır idi. Başqa əlacım yox idi. Ağsaqqalımız qapıya diləklə gəlmişdi. Özünün övladı olmurdu. Bacısı qızını götürüb saxlayırdı. Elmiri də aparıb yanında saxladı, ev-eşik sahibi elədi, elə bacısı qızı ilə də evləndirdi. Bu iki uşağa da əmiləri, dayıları kömək oldu, biri paltarını aldı, biri ayaqqabısını. Mən də həyət-bacada əlləşdim. Toyuq-cücə saxladım ki, uşaqlarım ac qalmasın. Yoxsa ki, 80 manatla uşaq böyütmək olardı...

Orxan elə körpəlikdən zirək uşaq idi.  Payız oldumu, çıxırdı bu dağlaraın-düzlərin döşünə, kəndin uşaqları ilə  payız göbələyi yığıb magistral yolda satırdılar. Polis də kəsirdi başlarının üstünü, göbələklərini dağıdır, qablarını sındırırdı ki, bir də yola çıxmasın uşaqlar. Qəfil qəzaya rast gələrlər.  Bu uşaq da neyləsin axı... Ağır illər idi. Kənddə-kəsəkdə iş yox idi gedib işləyib, balalarımızı dolandıraq.
Bir də görürdün sevinə-sevinə gəldi ki, “ana, yolda  uşaqların göbələyinə az pul verirlər, mənə isə əmilər 3-5 manat artıq verirlər”. O da balamın ruzisi idi. Deyirdim “ay bala, görürülər ki, sən hamıdan balacasan, ona görə də rəhm edib, könlünü alırlar. Allah sənə kömək eləyənə kömək olsun”...
Balalarımı belə zülmlə böyütdüm.  Elə ki, ay tamam olurdu, bir də görürdün ki, qaça-qaça gəlib ki, “ana, 80 manatımızı verirlər”. Hərdən o pulları üst-üstə yığıb, Şamaxıya aparırdım onu, əyin-baş, mer-meyvə, Allahın verənindən alırdım.  Eh... hansı birini danışım, balamın zəhmət çəkdiyi günlərini... Ən çox sevdiyi bayram Novruz idi. Çünki Novruzda atasının qəbrinin üstünə  bayrampayı aparardı. Bazardan evə qayıtdıqmı, birinci qəbiristanın tədarükünü görərdi...

13-14 yaşından sonra Bakının da yolunu tanıdı. Kəndin uşaqlarına qoşulub gedib ev tikənin, divar hörənin əlinin altında işlədi, vedrə daşıdı. Beləcə evimizə köməyi dəydi.



2011-ci ildə aprel ayının 2-də əsgər getdi. Bir gün hərbçi əmisi Gülxan Müstəcəbova zəng edib deyir ki, MAXE olmaq istəyir. Gülxan onu nə qədər dilə tutursa, fikrindən döndərə bilməyir. 9 ay əsgəri xidməti keçəndən sonra, öz arzusu ilə MAXE sıralarına yazıldı, hərbi təlimlərini orada keçdi. Hərbi təlimini başa vurub gələndə, bir dəri- bir sümük idi. Dedim “ay oğul, mən səni belə göndərmişdim hərbiyə?”. Dedi, “ana, fikir eləmə, bizim hərbi hissənin qanunları budur. Biz  elə belə hərbçilər deyilik, bu Vətəni qorumalıyıq. Ona görə ağır sınaqlardan, imtahanlardan keçmişik”. Sonra söhbət etdi ki, xüsusi təyinatlı  dəstədə qulluq etmək istəyən əsgərlər arasından onu da seçiblərmiş. Əsgərlikdən gələndən sonra, əhd etmişdi ki, ilk maaşını alanda Şıx Eyyub babanın üstündə qoç qurban kəsəcək. Balam işləməyə baladı. Dediyi kimi, ilk maaşını alanda aparıb Şıx Eyyub babanın üstündə qurbanını kəsdi,  hamıya payladı. Özü dilinə vurmadı.

Övliyalıq və şəhidlik məqamı

“Şirvan övliyalar məskənidir”. Həyatını Allah yolunda sərf edərək, ona yaxınlaşmağa nail olmuş müqəddəs şəxslərə “övliya” deyirlər. Hər qarışında min bir sirr  yatan Şirvan torpağında övliyaların yaşaması bu yerlərin havasının, suyunun pak olması ilə də əlaqədardı. Əhli-Sünnə alimlərinin rəyinə görə, Allaha yaxın olan övliyalar, nə libasları, nə də zahiri görünüşləri ilə digər insanlardan seçilirdilər. Onların dünya malında gözləri yox idi. Nəfslərinə qul olmağı bacarırdılar. Müqəddəs, təmiz, saf, pak, həlim və gözəl əxlaqa malik adamlara “övliya”  və ya “övliya övladı”  deyərdilər. 20-ci əsrin böyük klassik şair Hüseyn Cavid əfəndi ədəbli insanları belə xarakterizə edirdi:

Hələ dursun kamalı, mərifəti;
Onda var sanki övliya sifəti.


Şeyx Eyyub Şamaxının Ərəbqədim kəndində doğulub. Atasını tez itirdiyindən, dayılarının yanında böyüyüb. Şeyx Eyyub baba mədəniyyətin və təhsilin mərkəzi olan Şamaxıda  bir neçə dil öyrənmişdi. Nücum, fəza, riyazi elmləri, ədəbiyyatı  əxz eləmişdi. Və Şeyx rütbəsini almışdı. Ən əsası isə ətrafına yığdığı müridlərinə Allahın tək olmasını, süfliyi təbliğ edirdi. Müridləri ona “Şeyx” deyə müraciət edərdilər. Şeyx Eyyub baba övliyalıq məqamına yüksələndən sonra, artıq onun duaları haqq dərgahında rədd olunmurdu. Onun üçün də xəstələr, şəfa üçün gələnlər, sıxıntısı olanlar Şeyx Eyyub babanın yurduna  gəlib, dərdlərinin çarəsini  orada tapardılar. Tibb elminin inkişaf etmədiyi XVIII –XIX əsrlərdə Şeyx Eyyub baba Şamaxıətrafı və başqa mahalların, xanlıqların əhalisi üçün, xanlar, bəylər üçün təbib kimi qəbul olunmuşdu. Və tədricən ona müraciət forması olaraq,  əhali  arasında “Şeyx” sözü “Şıx” sözü ilə əvəzlənməyə başlamışdı. Yaşadığı dövrdə cəmiyyət arasında çox böyük nüfuz qazanmışdı. Şıx Eyyub babanın  möcüzələrindən bu günə qədər Şirvanda rəvayətlər danışılır. Məzarı bu gün ziyarət yeridir.
İnsanları  yüz illərdən bəri gələn inancından döndərmək mümkün deyil. Şıx Eyyub baba elmin fədaisi idi, ÖVLİYALIQ  MƏQAMINA çatmışdı. Şəhidlərimiz isə torpaq fədaisi, Vətən fədaisi idilər, ŞƏHİDLİK MƏQAMINA yüksəldilər. Allahın dərgahında hansının daha  uca olduğunu biz  bilmərük. Məhəmmdə Füzuli də belə deyirdi:

Tərki-dünyalıq nədir, təqva nədir? – biz bilmərük,
Eşqdən başqa nə var əfsanədir, – biz bilmərük.

Aləmin heç əmrinə bizlərdə yоxdur ehtiyac,
Xalq deyir: var ehtiyac, amma nədir – biz bilmərük.

Sirri-həqqin məzhəri, aləmnüma ayinəmiz
Saf meydir, sadə üz, başqa nədir? – biz bilmərük.

Söylədim: öldü Füzuli asitanında sənin,
Söylədi: kimdir ölən, harda, nədir? – biz bilmərük.

“...erməninin mənim torpağımda nə işi var axı...”



Orxan Müstəcəbovun da hərbi sirlərini kimsə bilmədi. Erməni tapdağı altında olan torpağımızda bütün kəşfiyyatçılar kimi, Orxan Müstəcəbovun da uğurlu əməliyyatları olurdu. Uğurlu əməliyyatların birindən sonra, mükafat olaraq ona medal da vermişdilər. Anası oğlunun medalını öpüb gözünün üstünə qoyur.  Təsadüfən həmin gün ondan soruşur ki, “bala, heç erməni görsən, öldürərsən?”. Orxan gülə-gülə anasına deyir ki, “medalı ona öz torpağımızda düşməni məhv etdiyinə görə veriblər”.
Anası Şəhla gözləri dolmuş halda “ay bala, erməni vurmusan? Nöşün? Onun da anası var axı”, - deyə gileylənir. Orxan deyir ki, “ana mən onu vurmasam, o məni vuracaq, onun mənim torpağımda nə işi var axı? Mən onu vurmasam, arxadakı dostlarım məni satqın və fərasətsiz hesab edəcəklər. Biz Vətən torpağını qoruyuruq və onu mənfur ermənilərdən təmizləməliyik”.

“O evə gələndə, səhər o başdan işə qayıdanda, ürəyim əsirdi. Həmişə narahat idim”,- deyir, qoşa bulağa bənzər gözlərinin dayanmayan yaşını silib, söhbətinə davam edən Şəhla bacı.

“Qorxurdum ki, yuxulu olar, maşını qəza törədər. Dəfələrlə  yolda ehtiyatlı olmasını tövsiyə etmişdim. Bir dəfə də dedi ki, “ana, Allah eləməsin ki, yolda qəzaya düşüb ölüm. Bu çox ucuz ölüm olar. Allah mənə ölüm qismət edəndə də ŞƏHİDLİK versin. Ən gözəli şəhid olmaqdır”.

Oğlum Royal Müşfiqabad qəsəbəsində yaşayır. Mən də orada yaşayırdım. Bu Bədəllidəki kənd evimizə az-az gələrdik. Axırınıcı dəfə martın 19-da hamımızı yığıb gətirdi kəndə ki, bayramı burda keçirək. Gedib bütü qohum-əqraba ilə  görüşüb, hallaşıbmış. Dostları ilə görüşüb, onlara deyib ki, “bəlkə heç qismət olmadı bir də görüşməyimiz...”. Nə bilim, balamın ürəyinə hardan dammışdı ki, ömrü belə qısa olacaq?!

Təxminən 1 ay olardı ki, hərbi hissədən 1 otaqlı ev almaq üçün raport yazmışdı. Deyirdi ki, yol gəlib-gedəndə yorulur. “Ana, gəl yanımda qal, həm darıxmaram, həm də yollarda vaxt itirmərəm”. 1 ay bundan əvvəl dedim ki, “bala, get özünə Müşfiqabad qəsəbəsindən torpaq sahəsi al, qardaşına yaxın ol, bu il də evləndirərəm səni”. Uşaq sözümdən çıxmırdı. Gedib bankdan 12 min manat pul götürdü. 3 sot torpaq aldı Müşfiqabaddan. Həmin bankın pulunu bu yaxınlarda dövlətimiz ödədi. Sağ olsun, prezidentimiz, sağ olsun Mehriban xanım Əliyeva. Bizə maddi yardım etdi. Yoxsa bu qədər millətin, gəlib-gedənin qarşısında dayana bilməzdik. Oğlum qapımı yaman qonaqlı-qaralı elədi.



“...bəlkə yarasından öpsəydim ayılardı...”       

“Martın 30-u Orxanı təlimə yola saldıq. Sonra qardaşı Elmirə zəng vurub, telefonuna kontur yükləməyi xahiş edib. O gündən sonra Orxana zəng çatmadı.  Fkirləşdim ki, yenə təlimdədir. Ancaq cəbhə zonasında ermənilərin yenə aləmi bir-birinə qatmasından xəbərimiz vardı. Televizora baxırdıq. Aprelin 3-ü dedilər ki, 10 nəfər şəhid olub. Aprelin 4-ü dedilər ki, 3 nəfər də şəhidimiz var. Elə pis oldum, dedim ay yazıq şəhid anaları, ay yazıq olan cavanlar. Amma hardan bilim ki, mənim oğlum elə o ilk şəhidlərin sırasındadır. Orxanın telefonlarına zəng çatmayanda artıq narahat olmağa başladım. Uşaqlara dedim ki, hərbçi əmiləri Gülxana zəng vürüb xəbər bilsinlər. Gülxan Cəlilabadda xidmət edir. O, 1992-ci ildə Orduya könüllü  gedənlərdəndir. Yanında bütün hərbçi dosatları şəhid olub, özü sağ qalıb. Allahın qisməti, yazısıdır. Gülxanın qismətində qardaşı balasını şəhid görmək də var imiş.
Gülxan bir neçə saatdan sonra bizə zəng vurub Orxanın ayağından yaralandığını, Gəncə qospitalında olduğunu dedi... Ağlayıb özümü öldürdüm ki, məni aparın, Gəncəyə... Dedilər ki, ora gedib-gəlmək çətin olar, Orxanı bura xəstəxanaya gətirirlər. ..

Başımı aldada-aldada məni Müşfiqabad qəsəbəsindən gecə ilə bu evimizə gətirdilər. Gördüm ki, həyət doludur adamla. Yollara işıq çəkirlər, çınqıl töküb hamarlayırlar... Yenə də inanmadım.  Qohum-əqrabanı, dost-tanışı həyətimizdə görsəm də, ürəyimdə hələ bir ümid var idi. Fikirləşirdim ki, yəqin ayağından bərk yaralanıb. Öz-özümə deyirəm ki, hə, nolsun bir ayağı yaralı olar, ya da yarısını kəsərlər. Allaha yalvarıram ki, ay Allah, ay Şix Eyyub baba oğlumu mənə bir ayaqlı yetir, qoy bir ayaqla bəy dursun, əlində əsa tutsun... Heç ağlıma gətirə bilməzdim ki, Orxan ölə bilər. Səhərə yaxın, balamın maşınında gəzdirdiyi  bayrağa bükülü tabutunu gətirdilər. Hava yaman soyuq idi. Dedim ki, balamın tabutunu içəri evə qoyun, balama soyuq olmasın. Məni evdən çıxardılar. Qoymadılar oğlumla hallaşım. Görmədim balamın yarasını, bəlkə yarasından öpsəydim ayılardı... Orxanım məni belə yandırdı...”.



Şəhla balası haqqında danışdıqca, digər oğlu Elmir anasının əllərini ovcunun içərisində tutub tumarlayırdı. Anası ağladıqca, o da kövrəlirdi. Anası söhbətini bitirəndən sonra, Elmir qardaşı haqqında danışdı:

- Qardaş itkisi çox ağırdır. Ancaq bir ona şadam ki, həmin döyüşdə həlak olan oğullarımız, qardaşım Orxan da daxil azad etdikləri Vətən torpağında şəhid olublar. Talış yüksəkliyini alıb keçiblər qabağa, “dayan” əmri alana qədər irəli gediblər! Onların qanı öz torpağımızda axıb. Qələbə sevincini yaşayıblar. Onlar  geri aldıqıları torpaqlarda mövqelərini bərkidiblər. Arxalarınca kömək gec gəlib, 4 saat yarımdan sonra. Eşitdiyimə görə komandirləri Raquf Orucov, Vüqar Yusifovla birlikdə həlak olublar.  Nə qədər erməni öldürüb, qisas alıblar.

Evin ortancıl oğlu Royal qardaşı haqqında bunları dedi:

- Orxan özü könüllü olaraq bu yolu seçdi. Hərbi xidməti başa vurduqdan sonra “torpaqlarımız azad olana qədər hərb sahəsində çalışacağam” deyirdi. O, daim öz peşəsi ilə öyünərək, doğma Qarabağımızın erməni qəsbkarlarından alınacağı günü, Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. Qardaşım öz istəyinə nail oldu, bir hərbçi kimi böyük vətən sevgisi ilə şəhidlik zirvəsini fəth edə bildi. Ancaq anam üçün, bizim üçün doğmalarımız üçün çox çətindir. Bu ağrını ancaq balası şəhid olanlar bilər. Onun bir damla nəfəsini yenidən hiss etmək üçün nələrimizdən keçmərik. Gərək bunu hamı anlaya. Qardaşımın yoxluğunu hər yerdə hiss edirik. Sağ olsun rayonumuzun baş həkimi Emin doktor. Anam üçün bir tibb bacısı ayırıb. Dava-dərmana da pul almır. Anamı nəzarətdə saxlayırlar. Özü tez-tez zəng vurub xəbər bilir. Hamı şəhid ailəsinə belə yanaşa, bütün səlahiyyətli orqanlar öz üzərlərinə düşən vəzifəni icra etsələr, şəhid ailələrinə də təskinlik olar ki, əzizləri unudulmur, xatirəsinə hörmət var.
Qardaşım kəndimizin 4-cü şəhididir. Qarabağ uğrundakı 1992-ci ildə gedən döyüşlərdə  həlak olan Şikar Şikarlı Azərbaycanın Milli Qəhrəmanıdır. Yəqin ki, qardaşımın da adını əbədiləşdirəcəklər. Onun adı əbədiləşərsə, anamın dərdinə  bir az məlhəm olar. İndi kənd uşaqları onun şəklini maşınlarında gəzdirirlər.

“Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə, bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar” - bu fikirləri isə Orxan Müstəcəbovu aprel ayının 5-də Vətən torpağına əmanət edərkən dostları, hərbçi yoldaşları, rayon ictimaiyyəti söyləmişdi.

Məkanın mübarək olsun, Vətən oğlu! Şəhid balamızın ruhu da həmin gün qeyb olduğu göylərdən yerə baxanda  bəlkə də sufi və övliya şair Məhəmməd Füzuli kimi düşündü:

Kirpiyimdən qan sızar şamü səhər, bilməm neçin?
Canımı üzməkdədir sоnsuz kədər, bilməm neçin?
Halimə heyran ikən aləm, özüm heyrətdəyəm
Kim, mənim halimə heyrandır bəşər, bilməm neçin?





Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir