Modern.az

Tanıdığımız, tanımadığımız Elçin - MÜSAHİBƏ

Tanıdığımız, tanımadığımız Elçin - MÜSAHİBƏ

14 May 2016, 15:17

May ayının 13-də Xalq yazıçısı Elçin Əfəndiyev növbəti ad gününü qeyd etdi. Bakı Dövlət Universitetinin dosenti, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı Elçinin həyat və fəaliyyətini yaxından tanıyanlardan biri, uzun müddət Elçinlə bir yerdə işləmiş filologiya elmləri doktoru , tanınmış tədqiqatçı-publisist Abid Tahirli ilə söhbətləşib.
Modern.az saytı həmin müsahibəni təqdim edir.

-Abid müəllim, Elçin haqqınızda yazdığı bir məqalədə sizin tanışlığınızın az qala 30 il əvvələ təsadüf etdiyini göstərir. Mümkünsə, ilk tanışlığın tarixi haqqında bir qədər ətraflı danışardınız.

- Böyük məmnuniyyətlə.  1987- ci ilin son günlərində, lap dəqiq desəm, dekabr ayının 28-də Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti- “Vətən” Cəmiyyəti təsis edildi. Elçin müəllim cəmiyyətin Rəyasət Heyətinin sədri seçildi. O zaman mən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi” qəzetində çalışırdım. ”Vətən” Cəmiyyəti fəaliyyətə başladıqdan sonra həmin qəzet “Odlar yurdu” adı ilə onun orqanı kimi nəşrini davam etdirdi və qəzetin əməkdaşları, o cümlədən mən də “Vətən” Cəmiyyətində işə başladıq. O vaxta kimi Elçin müəllimi şəxsən tanımırdım. Doğrudur , Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığımız illərdə ən çox oxuduğumuz, auditoriyalarda, dəhlizlərdə diskussiya, ciddi müzakirə etdiyimiz  çağdaş   Azərbaycan ədəbiyyatının  2-3  yazıçısından biri kimi Elçinin əsərlərini  böyük məhəbbətlə  oxuyur, yaradıcılığını izləyirdim.

Hələ “Odlar yurdu” qəzetinin ilk nömrəsinin buraxılmasına hazırlıq zamanı Elçin müəllim qəzetin baş redaktoru Ramiz Əsgərlə məni qəzetin məsələləri ilə bağlı görüşə dəvət etdi. Sözün düzü , görüş çox gərgin keçdi. İndiki kimi yadımda, gözümün qarşısındadır. Elçin müəllim bizi mehriban, gülərüzlə qarşıladı, hal-əhval tutdu, sonra gözləmədiyimiz halda, söhbətə sərt şəkildə davam etdi:  “Mən Yazıçılar Birliyində işləyəndə ara-sıra sizin qəzet əlimə keçirdi. Hər dəfə də o qəzeti əlimə alanda, onu vərəqləyəndə əsəbləşirdim. Təsəvvür etmək çətin deyil ki, o bərbad qəzeti oxuyanda  Vətən həsrəti ilə alışıb –yanan  o yazıq həmvətənlər  hansı hissləri keçirir?!  Hansı səhifəni açırsan çoban, sağıcı, pambıqçı, sosializm yarışı, partiya qurultayı, öhdəçilik, kolxoz, sovxoz... başqa heç nə yoxdur. Əmək qəhrəmanlarından yazmaq olar və lazımdır. Lakin qədərində, həm elə yazmaq ki, onun Vətən eşqi, Vətən məhəbbəti, ülvi hiss və duyğuları təsirli olsun, oxucuda  unudulmaz təəssürat yaratsın. Məqalənin hər sətrini oxuduqca,  həmvətənin qəlbi Vətən üçün titrəməli, Vətən sevgisi ilə dolmalı, Vətən üçün çırpınmalıdır. Həmvətən məqaləni oxuduqca Vətənlə qürur duymalı, onunla, soydaşları ilə fəxr etməlidir, ucadan, ağızdolusu deməyi bacarmalıdır ki, “Azərbaycan mənim Vətənimdir””.
Elçin müəllim danışdıqca hiss olunurdu ki, onun qəzetin fəaliyyəti və bizimlə çox ciddi fikirləri var. O, qəzetin ünvanına bir qədər də kəskin iradlarını bildirdikdən sonra niyyətini açıq bildirdi:
“Siz inciməyin, “Vətən” cəmiyyətinə belə qəzet lazım deyil. Mən sizi birinci dəfə görürəm, sizinlə heç bir qərəzim yoxdur. Sizin əvəzinizə də kimisə bura gətirmək arzum da yoxdur. Lakin bu şəkildə yolumuzu davam etdirə bilmərik. Mən “Vətən” Cəmiyyətinin orqanını tamamilə  başqa cür təsəvvür edir, o cür də görmək istəyirəm. “Odlar yurdu” qəzeti tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin, milli-mənəvi, dini dəyərlərimizin, adət-ənənələrimizin, dilimizin güzgüsü olmalıdır. Zaman bunu tələb edir. İndi yenidənqurma bizə tarixi şans yaratmışdır ki, özümüzü dünyaya təqdim edək. Siz Azərbaycan Xalq Cümhuriyyəti tarixini yazın, liderlərini, onların milli dövlət quruculuğu ilə bağlı fəaliyyətlərini, arzu və istəklərini təbliğ edin, ilk  müstəqil dövlətimizin atributlarından,  Xalq Cümhuriyyətinin süqutu səbəblərindən bəhs edin. Qəzetdə dilimizlə, tariximizlə, ədəbiyyatımızla bağlı ayrıca guşələr açın. Azərbaycan generallarını, sərkərdələrini xalqa  tanıdın. Bəli, doğrudur, onların böyük qismi çar generalı idi. Amma dost da, düşmən də bilsin ki, xalqımız böyük sərkərdələr yaratmağa qadirdir. Qəzetdə  elm, sənət, mədəniyyət   xadimlərindən oçerklər dərc edin. Bunları bacarsanız, bir yerdə işləyəcəyik, yoxsa, açığını deyirəm, yollarımız ayrılaca”.

 Sonra Elçin  bizə müraciətlə soruşdu: “Bəlkə sizin sözünüz, sualınız, təklifiniz var?”.

Elçinin iradlarının tamamilə haqlı olduğunu qeyd edib, qəzetin fəaliyyətində əsaslı dəyişikliklər edilməsinə çalışacağımızı, etimadı doğruldacağımızı  bildirdik. Beləliklə, görüş başa çatdı. Bir neçə gündən sonra 1988-ci il yanvarın əvvəllərində “Odlar yurdu” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Elə birinci nömrədən də təqdir olundu və uğur qazandı və biz bir yerdə işləməli olduq.  Bax, Elçin müəllimlə tanışlığımızın tarixi belə olmuşdu.

- Yeri gəlmişkən, Elçin müəllimin ilk və son sədri olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti ilə bağlı nə deyərdiniz?

- Mübaliğəsiz deyəcəyəm ki, “Vətən” Cəmiyyəti XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində - hələ Sovet hakimiyyətinin, rejimin və kommunist ideologiyasının mövcud olduğu illərdə leqal, lakin əsl antisovet bir təşkilat kimi fəaliyyət göstərirdi.

- Bəs dövlət orqanları, senzura, nəhayət, “Vətən” cəmiyyətinin işini tənzimləyən Əsasnamə bu cür fəaliyyətə yol verirdimi?  

- Ölkədəki mövcud ictimai- siyasi vəziyyəti, mühiti, Milli azadlıq hərəkatının özü ilə gətirdiyi ab-havanı, Dağlıq Qarabağda növbəti dəfə  baş qaldıran erməni separatizminin fəsadlarını, erməni  vəhşiliyinin nəticələrini göz qabağına gətirmədən, onları xatırlamadan bu suala cavab vermək çətindir. Əvvəla, aqoniya vəziyyətində olan partiyanın  Mərkəzi Komitəsi, senzura  öz canının hayında idi. İkincisi, bütün dövlət orqanlarında, bütün səviyyələrdə və mövqelərdə qəlbi, nəbzi  xalqla vuran dövlət məmurları, hüquq və inzibati orqan işçiləri  də kifayət qədər idi. “Vətən “ Cəmiyyətinin Əsasnaməsi heç yada düşmürdü, Cəmiyyət öz fəaliyyətini  zamanın tələbi ilə tənzimləyirdi... 

- “Vətən Cəmiyyətinin fəaliyyət istiqamətləri hansılar idi və onları nəticələri barədə nə deyə bilərsiniz?

- Ən əvvəl onu vurğulamaq istəyirəm ki, “Vətən “ Cəmiyyətinin, o cümlədən “Odlar yurdu” qəzetinin  fəaliyyəti nə onların mövcud olduğu illərdə, nə də sonralar  kifayət qədər qiymətləndirilməyib. Yaxşı olardı ki, tədqiqatçılar, sahə mütəxəssisləri xalqımızın tarixində parlaq iz buraxmış, xaricdə məskunlaşmış həmvətənlərlə Azərbaycan arasında ilk dəfə mənəvi körpü yaratmış, bu ifadəni məsuliyyətlə deyirəm, milli şüurun dirçəldilməsində, milli dövlətçilik ənənələrinin təbliğində misilsiz rol oynamış Cəmiyyətin, demokratik və müstəqil mətbuatın bünövrəsinin qoyulmasında əvəzsiz xidmətlər göstərmiş “Odlar yurdu” qəzetinin  fəaliyyətini dərindən  araşdırsın, dəyərləndirsin. Elçin müəllimin rəhbərlik etdiyi  Cəmiyyətin   fəaliyyət istiqamətləri çoxşaxəli, irimiqyaslı, nəticələri  isə faydalı və məhsuldar  olmuşdur. Onlardan bir qismini tezis şəklində xatırlamağa çalışacağam.

- “Vətən” Cəmiyyəti tarixdə ilk dəfə xaricdə yaşayan həmvətənlərlə, onları birləşdirən mədəniyyət mərkəzləri ilə sıx əlaqə yaratmağa , əməkdaşlıq etməyə nail oldu;

-  Xarici ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtmaq məqsədi ilə çox sayda mədəni- kütləvi tədbirlər, konfrans, simpozium və görüşlər keçirdi;

- Azərbaycanın ictimai- siyasi , ədəbi- mədəni həyatında , azadlıq mücadiləsində misilsiz xidmətlər göstərmiş, lakin sovet rejimi və kommunist ideologiyasının düşməni kimi böhtan və iftiralarla gözdən salınan, unudulmasına çalışılan şəxsiyyətlərin, o cümlədən Əli bəy Hüseynzadənin, M. Ə. Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Nağı Şeyxzamanlının... həyat və fəaliyyətinin, irsinin gerçək mənzərəsi ilk dəfə Azərbaycan xalqına təqdim olundu. Şərqin, islam dünyasının ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş ictimai rəy formalaşdırıldı;

- “Vətən” Cəmiyyətinin vasitəsi ilə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisləri Məhəmməd Gəngərli, Əhməd Qaraca və digərləri ilə tanışlıq imkanı əldə etdi, onlar Vətəni ziyarətə gəldilər;

- “Vətən” Cəmiyyəti dünya şöhrətli şərqşünaslarla, türkoloqlarla, azərbaycanşünaslarla , onların irsi ilə ölkə ictimaiyyətini məlumatlandırdı. A. Benniksen, T. Svyataxovski, O. Aldştatın  Azərbaycanla bağlı tədqiqatları geniş əks-səda doğurdu, rəğbət qazandı. Şöhrətli sənətkarların, alimlərin, həkimlərin, mətbuat nümayəndələrinin- İbrahim Əhrari, Əyyub və Davud İmdadian qardaşları, , Səlim Turan, Rza Diqqəti , Yaqub Zurufçu , Nurəddin Qərəvi, Əkbər Behkəlam, Turxan Gənceyi, Şapur Ənsari, İren və Şirin Məlikovalar...kimi həmvətənlərin Azərbaycana səfərləri hər dəfə hadisəyə çevrilirdi;

- “Vətən” Cəmiyyəti 20 Yanvar faciəsi haqqında rus qoşunlarının Bakıda vəhşilkilər törətdiyi  vaxtdan  başlayaraq bütün çətinliklərə, komendant saatına, fövqaladə vəziyyət rejiminə baxmayaraq, teleks, telefon, vidio kassetlər və qəzet vasitəsi ilə həqiqəti bütün dünyaya yaydı;

-“Vətən” cəmiyyəti  çirkin “erməni məsələsi”nin əsl mahiyyətinin açılması, və bədnam qonşularımızın Dağlıq Qarabağdakı separatizminin acı, ağır fəsadları, erməni vandalizmi barədə, ümumiyyətlə Cənubi Qafqazda gedən proseslərlə bağlı  həqiqətləri həmvətənlərə, dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirdi;

-”Vətən” Cəmiyyətinin fəaliyyəti ilə uzun müddətdən- 1946-  ildən sonra ilk dəfə Cənubi Azərbaycan mövzusu  yenidən gündəmə gəldi, aktuallaşdı;

-”Vətən” Cəmiyyəti yeni əlifbanın üstünlüklərinin təbliği ilə kifayətlənmədi, ölkəmizdə ilk dəfə latın əlifbası ilə qəzet buraxdı;

--”Vətən” Cəmiyyətinin dəvəti ilə ilk dəfə ABŞ konqresinin üzvü Cim Mudi Azərbaycana səfər etdi, paytaxta gələn ilk yüksək səviyyəli  rəsmi qonaq kimi Şəhidlər Xiyabanını ziyarət etdi;

- ”Vətən” Cəmiyyəti həmvətənlər arasında Azərbaycan dilini, tarixini, mədəniyyətini, ədəbi—mədəni irsini təbliğ, təşviq edir, öyrədir və sevdirir, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın ünvanına küllü miqdarda qəzet, kitab, digər çap məhsulları göndərirdi;

 -”Vətən” Cəmiyyəti xarici mətbu  orqanları, eləcə də həmvətənlərimizin buraxdəğı nəşrlərl daim izləyir, onlarla əlaqə saxlayır və əməkdaşlıq edirdi.

Əlbəttə, bir müsahibədə  Elçin müəllimin rəhbərliyi ilə “Vətən“ Cəmiyyətinin Azərbaycan adına  gördüyü işi tamamilə əhatə etmək mümkün deyil. Elçin müəllimin bu Cəmiyyətdəki fəaliyyəti onun nə qədər millətpərvər, vətənsevər, xalqımızın tarixinə, taleyinə, milli- mənəvi, dini dəyərlərimizə  bağlı olduğunu, müstəqil Azərbaycanın naminə hər cür fədakarlıq etdiyini bir daha ortaya qoymuş oldu.

- Siz əslində dediklərinizlə bir görkəmli  xalq xadimi obrazı yaratmış oldunuz. Bəs Elçin müəllimin yaradıcılığı barədə qənaətləriniz necədir?

- Elçinin bədii irsi, tərcümələri, ədəbi tənqid və onun problemləri haqqında məqalələri  ilə bağlı çox  yazılmış, əsərlərinin ideya-məzmunu,  sənətkarlıq məsələləri, dili, üslubu, süjet və kompozisiyası barədə  sanballı tədqiqatlar aparılmış, dissertasiyalar qələmə alınmış, əsərləri bir çox dillərə tərcümə olunmuş, xarici ölkələrdə nəşr edilmiş, pyesləri respublikanın, Türkiyənin, İngiltərənin nüfuzlu teatrlarında oynanılmış, ssenariləri əsasında filmlər çəkilmişdir. Elçin ilk yaradıcılığından  ədəbi mühitin, ədəbi tənqidin, ən əsası isə oxucu auditoriyasının daim diqqət mərkəzindədir. Elçin yaradıcılığının bədii gücü, estetik xüsusiyyətləri, tarixi-fəlsəfi  mahiyyəti və dəyəri, yazıçının  milli ədəbiyyatımızın inkişafındakı yeri,  əvəzsiz  rolu barədə Məmməd Cəfər Cəfərov,  Mir Cəlal, Məmməd Arif, Həmid Araslı, Mirzə İbrahimov, Mehdi Məmmədov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev,  Yaşar Qarayev, Yusif Səmədoğlu,  Anar, Kamal Abdulla, Nərgiz Paşayeva, Tofiq Hacıyev, İsa həbibbəyli, Nizami Cəfərov , Nizaməddin Şəmsizadə, Nizami Tağısoy, Vilayət Quliyev, Kamil Vəliyev, İmamverdi Əbilov, Cahangir Məmmədli, Vaqif Yusifli... kimi qələm sahibləri fikir söyləmişlər. 
«Bədii dərk duyğusu güclü və cəlbedici» (Məmməd Cəfər), «sinəsində şəfqətli sənətkar ürəyi gəzdirən» (Əziz Mirəhmədov) Elçin «rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan cəsarətlə istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda əyaniləşdirən mizanlar və cizgilər axtarır, onlara görümlü, baxımlı, obrazlara çevirən epitetlər tapır» (Yaşar Qarayev ), odur ki, «əsərlərində ən xırda, gözəgörünməz obraz belə az və ya çox dərəcədə, öz dünya tutumunda filosofdur» (Aydın Məmmədov). Bütün bunlar və onlarca bu cür qənaətlər 1959-cu ildə «O inanırdı» adlı hekayəsi ilə ədəbiyyata qədəm qoyan, sonralar çox  sayda hekayənin, «Toyuğun diri qalması», «Dolça», «Poçt şöbəsində xəyal», «Bir görüşün tarixçəsi» və sair kimi povestlərin, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı romanların, son dövr ədəbi, mədəni həyatında əks-səda doğuran bir sıra pyeslərin müəllifi Elçinin - «Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən birinin» (Kamal Talıbzadə) özünəməxsus, təkrarsız yaradıcılığına layiqli, qədirli münasibətin təzahürüdür. Əlbəttə, Elçin yaradıcılığı haqqında söz demək məsuliyyət tələb edir. Mən yazıçının  əsərləri barədə 10-a yaxın məqalə yazmış və mətbuatda dərc etdirmişəm. Həmin məqalələrin birində yazdığım kimi, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı romanları, «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça» və s. kimi povestləri, «Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim», «Mənim ərim dəlidir» və s. kimi pyesləri, onlarla hekayəsi çoxlu kinossenariləri, sanballı elmi monoqrafiyaları, uğurlu tərcümələri ilə ədəbi mühitdə özünəməxsus yer tutan Elçinin təbirincə desək, bədii yaradıcılıqla, tədqiqatlarla məşğul olarkən ən əsas qayəsi, məqsədi, amalı ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət etmək olmuşdur. Elə buna görədir ki, onun əsərlərini azərbaycanlılarla bərabər rus, ingilis, fransız, alman, ispan, macar, ərəb, türk, fars … oxucuları da məhəbbətlə mütaliə edir, elə buna görədir ki, onun pyeslərinin tamaşaları anşlaqla keçir, elə buna görədir ki, onun ssenarilərinin əsasında çəkilən filmlər ekranlardan düşmür. Elçinin əsərləri məhz müəllifin ədəbiyyat və sənətə xidmət amalı ilə yazıldığı üçün yaşamaq hüququ qazanmışdır.

- Siz Elçin yaradıcılığından bəhs edərkən onun çoxşaxəli olduğuğunu vurğulamışdınız.

- Təəssüf ki, bu barədə  indi geniş danışmağa, bir müsahibə çərçivəsində bütün fikirləri söyləməyə imkan yoxdur. Lakin  Elçinin publisistikasının, ədəbi tənqidinin, tərcümələrinin hərəsinin ayrı-ayrılıqda ədəbiyyatımızda öz çəkisi, öz yeri olduğu inkaredilməz həqiqətdir. 

- Son vaxtlar Elçinin “Baş” romanı gündəlikdən düşmür. Bu əsər haqında fikriniz maraqlıdır.

- Yəqin, Siz də mənim bu sözümə şərik olarsınız ki,  Azərbaycanın müstəqillik illərində “Baş” romanı qədər geniş əks-səda doğuran, ədəbi ictimaiyyətin, mətbuatın diqqətini çəkən ikinci bir əsər olmamışdır. Bir cümlə ilə desəm,  çağdaş Azərbaycan ədəbiyyatında  “Baş”ın yeri  başdadır. Təsadüfi deyil ki, qısa müddət ərzində bu əsərlə bağlı bəlkə də onlarca məqalə yazılmışdır. Əsərin sorağı Türkiyədən, Almaniyadan, Avropanın digər ölkələrindən gəlməkdədir.  Bu romanla bağlı fikrimi  görkəmli alim  Nizami Cəfərovun  “Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun apokalipsisinə” adlı məqaləsindən kiçik bir sitatla bitirmək istəyirəm. “Hər şeydən əvvəl onu deməliyəm ki, roman həm mövzusuna (tarixi- informativ fakturasına), həm ideya- məzmununa, həm də poetexnologiyasına görə yalnız Azərbaycan deyil, ümumən dünya ədəbiyyatında hadisə sayıla bilər. Və dərin inamımıza görə, romanın çoxlu dəyərləri, məziyyətləri içərisində əsası odur ki, böyük yazıçı- mütəfəkkir Tarixi zədələmədən, hadisələrin mürəkkəb dinamik sistemini bütün təbiiliyi ilə alaraq ona müasir (modern!) sosial- fəlsəfi təfəkkür səviyyəsindən baxmaq təcrübəsi vermişdir ki, bu baxış nə qədər tarixidirsə, bir o qədər də müasirdir. .. “Baş” yalnız ideya-məzmunu ilə deyil, yüksək sənətkarlıq xüsusiyyətlərinə görə də qeyri-adi bir əsərdir”.

- İstərdim, bir qədər də Elçinlə münasibətləriniz haqqında danışasınız.  Axı, uzun müddətdir ki, bir yerdə çalışırsınız.

- Mən Elçinlə  işləməyə başlayan gündən  onun son dərəcə həssas, diqqətli, ciddi, məsuliyyətli, tələbkar, qətiyyətli, prinsipial olduğunu  olduğunu dərk etmiş və hər zaman da onun etimadını doğrultmağa səy göstərmişəm. Elə bilirəm ki, , üzərimə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməyə səy etmiş, istəklərimə nail olmuşam.

- İnciməyin, inandırıcı deyil ki, 30 ildə bir dəfə də olsun, narazılıq, irad olmasın.

- İş olan yerdə müəyyən kəm-kəsirlərin, xırda qüsurların olması təbiidir, qaçılmazdır. O ki qaldı, narazılığa.  Bəli, bir dəfə Elçin müəllim çox ciddi, kəskin şəkildə mənə iradını bildirmiş, açığını deyim ki, incimişdir. Mən və Milli Arxiv İdarəsinin Anar adlı bir əməkdaşı  Əhməd Ağaoğluna aid sənədləri onun Türkiyədə yaşayan nəvəsi Təkdaş Ağaoğlundan almaq və  bizim Milli Arxiv İdarəsinə təhvil vermək məqsədi ilə İstanbula ezam olunduq. Burada da, Türkiyədə də hamı bu fikirdə idi ki, bu səfər əbəs yerədir və biz  də o sənədləri əldə edə bilməyəcəyik. Buna baxmayaraq,  biz getdik, çox çətinliklə də olsa, 85 yaşlı  Təkdaş bəyi dilə tutub sənədləri aldıq və Milli Arxiv İdarəsinə təhvil verdik. Səfərlə bağlı təəssüratlarımı Elçin müəllimə danışmaq istəyəndə o, sual verdi: “Əhməd bəyin qəbrini ziyarət etdinizmi?”.
Mən gərgin işlədiyimizi, sənədləri aldıqdan sonra da  ezamiyyət vaxtının bitdiyini, təyyarə biletlərinin əvvəlcədən alındığını , ona görə də məzarı ziyarət edə bilmədiyimizi təəssüflə bildirəndə Elçin müəllim bərk əsəbiləşərək “heç nə sizə bəraət qazandırmır, mən bunu səndən heç gözləmirdim. Sənədləri gətirdiyinizə görə sağ olun, amma bu, bağışlanılmağa əsas vermir” dedi.  

- Elçin müəllimin ad günündə ona arzularınız bilmək istərdik.  

- Elçin müəllim bu gün də gənclik həvəsi ilə yazıb yaradır, ölkənin görkəmli, nüfuzlu  dövlət xadimi kimi müstəqil Azərbaycanın daha da tərəqqisi naminə fədakarlıqla  çalışır, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri icrası üçün səy və bacarığını əsirgəmir. Mən Elçin müəllimə  möhkəm can sağlığı, yaradıcılıq uğurları, dövlət quruculuğu işində ona etibar edilmiş məsul sahədə yeni nailiyyətlər arzulayıram.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir