Modern.az

Qulu Məhərrəmlinin vəkili: “Məhkəmə ədalətsiz qərar çıxarıb” - MÜSAHİBƏ

Qulu Məhərrəmlinin vəkili: “Məhkəmə ədalətsiz qərar çıxarıb” - MÜSAHİBƏ

16 May 2016, 16:04

Professor Qulu Məhərrəmliyə qarşı məhkəmə prosesinin dayandırıldığı barədə mətbuatda getmiş məlumatlar həqiqətə uyğun deyil. Modern.az saytı bu qəbildən olan suallara cavab tapmaq, eləcə də jurnalistə qarşı aparılan məhkəmənin digər məqamları ilə bağlı onun vəkili Cavid Rzazadəyə müraciət edib.

-Cavid bəy, məhkəmənin dayandırılması ilə bağlı xəbər hardan qaynaqlanmışdı və indi işlər nə yerdədir?

-Məncə, burada bəzi saytların diqqətsizliyi və jurnalistə qarşı məhkəmə prosesinin dayandırılmasından dolayı rəğbət hissləri rol oynamışdır. AzTV sədrinin Qulu müəllimə qarşı hər iki məhkəmə iddiası öz gücündədir. Yəni həm CM-nin 147 və 148-ci maddələri ilə bağlı xüsusi ittiham qaydasında olan şikayət də, dəymiş zərərin ödənilməsinə dair jurnalistin 100 min manat cərimə olunması barədə müraciət də məhkəmə baxışındadır. Sadəcə, Yasamal rayon Məhkəməsi cinayət işini icraata götürdüyü üçün, biz cərimə məsələsinə baxan Nəsimi Məhkəməsində vəsatət qaldırdıq ki, mülki iş üzrə icraat müvəqqəti dayandırılsın. Məhkəmə bu vəsatətimizi təmin edib. Söhbət məhz bu prosesə müvəqqəti ara verilməsindən gedir.

-Bəs indi Yasamal rayon Məhkəməsində işlər hansı mərhələdədir?

-Məhkəmə Qulu Məhərrəmlinin məlum müsahibəsindəki söz və ifadələrində təhqirin olub-olmadığını müəyyənləşdirmək üçün materialları linqvistik ekspertizaya göndərmək barədə qərar qəbul edib. Amma yenilik odur ki, Ekspertiza Mərkəzi işə baxmaq üçün əlavə mütəxəssislərin cəlb olunması barədə məhkəməyə müraciət edib. Yaxın günlərdə məhkəmə həmin müraciətə baxacaq.

-Sizcə, belə bir ekspertizanın aparılmasına nə dərəcədə zərurət var?

-Mən hüquqşünasam, Azərbaycan dilini də pis bilmirəm. Sizə tam məsuliyyətlə deyirəm ki, bu müsahibədə kiminsə şərəf və ləyaqətini alçaldan, onu nalayiq, ədəbsiz formada aşağılayan heç bir təhqiramiz ifadə yoxdur. Sadəcə, vəzifəli şəxsin, yüksək post tutan məmurun açıq tənqidi var. Qulu Məhərrəmli televiziya işini və bu sahəni idarə edən şəxsin hansı keyfiyyətlərə malik olmasını yaxşı bilən mütəxəssis kimi cənab Arif Alışanov haqqında tənqidi mülahizələrini söyləyib. Bu mülahizələr doğru da, yanlış da ola bilər. Bütün hallarda insan öz fikirlərini yol verilən etik çərçivədə ifadə edib. Yəni, kor-kor, gör-gör – burada heç bir təhqir və ya söyüş yoxdur. Şikayət tam əsassızdır.

-Bəs onda nəyə görə məhkəmə bunu özü müəyyənləşdirməyib, linqvistik ekspertizaya göndərir?

-Linqvistik ekspertiza məsələsi qarşı tərəfin istəyidir, vəsatət qaldırıblar və məhkəmə də bu vəsatəti qəbul edib. Biz də buna qarşı deyilik. Amma təkrar edirəm ki, cənab Alışanovun narazılığına səbəb olan müsahibəni vermiş şəxs söz adamıdır, elmlər doktorudur, dilçi alimdir, peşəkar jurnalist və yüksək səviyyəli media mütəxəssisidir. Yəni o, hansı sözü hansı məqamda işlətməyi, sözlərin ifadə etdiyi məna çalarlarını hər halda çox yaxşı bilir.

-Belə anlaşılır ki, məhkəmə özü tənqidlə təhqiri ayırd edə bilmir?

-Mən elə deməzdim, sadəcə, məhkəmənin düzgün qərar qəbul etməsi üçün ciddi əsaslar, o cümlədən istinad üçün sübut olmalıdır. Həm də cəmiyyətin tanıdığı və müdafiə etdiyi bir jurnalist, elm adamı və tanınmış ziyalı haqqında qərar qəbul etməyin məsuliyyəti də var axı. Amma bu fikirinizə qatılıram ki, bir çoxları, xüsusən məmurlar, hətta əksər jurnalistlər də tənqidlə təhqiri ayıra bilmir. Biz Qulu müəllimin işi ilə bağlı prosesə başlayanda tanınmış hüquqşünaslar, media mütəxəssisləri və bir neçə görkəmli dilçi alim yığışıb məsləhətləşmişik. Qəti fikir bundan ibarət olub ki, müsahibədə bəzilərinə zahirən kəskin görünən ifadələrin heç birində təhqir yoxdur, yalnız vəzifəli şəxsin tənqidi vardır. Özü də əgər müsahibəyə diqqət yetirsəniz görərsiniz ki, Qulu Məhərrəmli tənqidi fikirlərini bu cümlə ilə başlayır: “Sədr kreslosuna əyləşmiş bu şəxs...”. Yəni o, dəqiq sərhəd müəyyənləşdirir ki, Alışanov haqqında adi fərd kimi yox, vəzifəli şəxs kimi danışılır, dediyi mənfi cəhətlər şəxsə deyil, məmura yönəlikdir. Düşünürəm ki, tutduğu vəzifə baxımından digər məmurlar kimi, cənab Alışanovun da tənqidə, habelə ictimai qınağa məruz qalması normal bir haldır. O da bütün məmurlar kimi tənqidə hazır olmaqla yanaşı, həm də buna təmkinlə yanaşmalıdır.

-Cavid bəy, siz müdafiə etdiyiniz Qulu Məhərrəmlini əvvəldən tanıyırdınızmı?

-Mən onu efirdən tanımışam, verilişlərinə, siyasi icmallarına baxmışam, yadımdadır ki, valideynlərim həmişə onu əla teleaparıcı kimi bəyənir və apardığı “7 gün” proqramını tərifləyərdilər. İndi isə qürur duyuram ki, tənqidi fikirlərinə görə məhkəməyə verilmiş bu insanın müdafiəçilərindən biriyəm. Mən onun yüksək mədəniyyətini, səmimiliyini, elmini, intellektini, təmkinini, bunlarla yanaşı güclü yumor hissi kimi şəxsi keyfiyyətlərini bir yana qoyaraq deyirəm ki, Azərbaycanda millətinə, xalqına, onun dəyərlərinə, tarixinə bu dərəcədə sevgisi olan və bu ölkənin gələcəyinə ürəkdən can yandıran belə bir ziyalının varlığına çox sevinirəm. Cəmiyyətdə Qulu müəllimin bu qədər nüfuzu olmasına və dəstəklənməsinə də təbii baxıram. Mən bu cür insanları xalqımızın milli sərvəti sayıram.

-Elə isə deyin, bəs belə bir ziyalının məhkəməsinin sonunu necə görürsünüz?

-Əlbəttə, burda sağlam zəka, ədalət, vicdan, ziyalıya yanaşma, ölkənin adı və imici baxımından nikbin düşünməyə əsaslar var, amma açığını deyim ki, mən yaxın dövr üçün sonluqla bağlı nikbin deyiləm. Biz ümid edirdik ki, heç bir əsas olmadığı üçün bu iş icraata götürülməyəcək, amma mənim fikrimcə, məhkəmə əksini etməklə ədalətsiz qərar çıxardı. Ona görə də mən indi üzdə görünməyən bəzi xoşagəlməz prosesləri də ehtimal edib işlərin pis məcraya doğru getməsi qənaətindəyəm. Bu səbəbdən, hətta Qulu müəllim miqyasda bir şəxsiyyətin həbsi də istisna olunmur. Eyni zamanda ümid edirəm ki, Qulu müəllimin səsləndirdiyi fikrə görə məhkum edilməsinə azad sözün və azad fikrin məhkum edilməsi kimi cəmiyyət də öz qiymətini verəcək. Xüsusən, vicdanlı jurnalistlər, söz azadlığına dəyər verən qələm əhli bu məsələyə həssaslıqla yanaşacaq, çünki burda həm də ifadə azadlığının hüdudlarının daraldılması və peşə namusu məsələsi var.

-Siz “yaxın dövr üçün” ifadəsini işlətdiniz, bəs uzaq dövrü necə görürsünüz?

-Uzaq dövr deyəndə, yəqin ki, siz Avropa Məhkəməsini nəzərdə tutursunuz. Təbii ki, biz də belə düşünürük. Burda bir maraqlı məqam da odur ki, Qulu müəllim Avropa Şurasının “Şərq tərəfdaşlığı proqramı”nda iştirak edən ölkələrdə söz azadlığı üzrə ekspertlərdən biridir. Yəni müdafiə tərəfini qane etməyən qərar olduğu halda bu məhkəməyə müraciət qaçılmaz olacaq. Orada isə məmurun söylədiyi tənqidi fikrə görə jurnalisti məhkəməyə verməsinə, ümumiyyətlə, diffamasiya məsələsinə fərqli baxış olduğundan problemin fərqli və nikbin sonluqla bitəcəyinə şübhə etmirik. Amma əlbəttə, istərdik ki, ədalət bəri başdan təmin olunsun və ölkəmizin adı qara siyahılara düşməsin.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır