Modern.az

Arif və Qulu

Arif və Qulu

18 May 2016, 17:01

Mahir Qabiloğlu

Yazımın adı lap dastan başlığına oxşadı. Əslində adı  cazibəli olsun deyə  belə qoydum. Hardasa bu fikirlərimin kağıza köürülməsində bu iki şəxsin rolu olduğu üçün belə başlıq seçdim. Dostluqla başlayan, qarşıdurmayla davam edən, sonda sülhlə nəticələnəcək bu davanın iştirakçısına, tərəfkeşinə çevrilmək istəməzdim. Çünki ət ilə dırnaq arasına girənlərin aqibəti yaxşı  məlumdur. Yaxud da ki, “gedib-gələn qələt eləyir” ifadəsinin sonda mənə də aid olmasını istəməzdim.

HAŞİYƏ: Təkrar da olsa, yerinə düşür. Mən balaca idim. Evə dayım, xalamgil gələndə mənimlə məzələnirdilər. Bilirsinizmi necə? Dayım bir söz deyirdi mənə ki, get xalana de. Mən də tez qaçırdım mətbəxə, sözü çatdırırdım. O da mənim uşaq ağlıma yaxın bir gülməli söz deyirdi. Məsələn: “Get dayına de ki, gəlib onun qulaqlarını çəkərəm”. Mən də gətirib onu çatdırırdım dayıma. Özü də gülə-gülə. O da guya ki hirslənirdi, başqa bir söz deyirdi. Beləcə məni mətbəx və otaq arasında sanki poçtalyona döndərirdilər. Dediklərini anlamırdım. Amma bu, xoşuma gəlirdi. Sonda dayım yorulurdu və “Mahir, get xalana de ki, gedib-gələn qələt eləyir”. Mən də qaçırdım mətbəxə. Bu sözləri çatdırırdım. Özü də əlavə edirdim ki, “xala, dayı sənə dedi ki, qələt eləyirsən”. Xalam da eyni sözlərlə məni dayımın yanına qaytarırdı. Amma, uşaq idim, başa düşmürdüm ki, “gedib-gələn qələt eləyir” sözünü bunlar mənə deyirlərmiş. (SON)

Yazını sonacan oxumamış oxucularımda belə bir sual yarana bilər: Arif Alışanov və Qulu Məhərrəmli arasında gedən məhkəmə çəkişməsində,  sən Mahir, kimin tərəfindəsən? Yoxsa bitərəfsən? Əsla. Mən heç kimin tərəfində deyiləm. Mən ümumiyyətlə məhkəmə çəkişməsinin əleyhinəyəm.

Bu çəkişmənin tərəflərinə olan münasibətimə gəldikdə isə... Mənimçün bir Qulu Məhərrəmli var. O, jurnalistdir, müəllimdir və böyük həmkarım olmaqla yanaşı, həm də 11 il bir kollektivdə iş yoldaşı olmuşuq. Bu barədə uzun-uzadı danışmağıma ehtiyac yoxdur. “Qulu Məhərrəmlinin SƏHƏRİ” adlı yazımda hər şeyi ifadə etmişəm. 

Arif Alışanova isə iki baxış bucağım var. Birincisi, onunla da bir kollektivdə çalışmışam. Amma yollarımız kəsişməyib. Salam-əleyk, əleykmə salam. Vəssalam.  Nə film çəkmişəm, nə də ezamiyyətlərə getmişəm ki, o da  mənim qonorarımı, ezamiyyə xərclərimi  yüksək yazıb yaxşılıq edə, ya da əksinə, kəsib pislik edə. Amma insafən 1-ci tanıdığım Arif Alışanovdan bütün kollektiv razı idi. Bacardığı yaxşılığı edirdi. Bacarmayanda da ondan incimirdilər. Çünki onun qarşısında ondan da böyük sədr vardı. Sonda Nizami Xudiyev qarğış yiyəsi olurdu. 

İkinci tanıdığım Arif Alışanov isə sədr Alışanov oldu. Yenə də mənə bir pisliyi keçmədi. Özünün də və ətrafının da çox gözəl bildiyinə görə özüm ərizəmi yazıb işdən çıxmışam. Özü də ki, 3-cü cəhddən. Birinci cəhddə Faiq Hüsiyev, ikincidə Qalib Şükürov qabağını alıb ərizəmi cırdılar. Üçüncüdə isə subardinasiyanı pozub ərizəni köməkçiyə təqdim etdim və dəhlizdə yaxınlaşıb işdən çıxmaq arzumu bildirdim. Sədr Arif Alışanov da iki aydan sonra ərizəmə qol çəkdi.

Amma düzünü desəm, xoşum gəlmir Arif Alışanovdan. Mənə nə yaxşılığı, nə də pisliyi keçsə də... Bir səbəb ona qarşı məndə mənfi assosiasiya yaratdı.  Qısa deyəcəyəm.  Adi işçi və sədr müavinliyi dövründə ona alqış deyən, sədrlik postu arzulayan, 30 il bir yerdə çalışdığı  insanların dilini əksinə çevirdiyi üçün. Bu, bəlkə də mənim hissə qapılıb gəldiyim nəticədir. Şəxsən mənə nə istisi var, nə də soyuğu.  Hər hansı rəhbər təyin edilən şəxsin işçilərini özünün təyin etməsinə tam ixtiyarı  var. Özü də ki, əmək qanunvericiliyinə əsasən. İstəyər işdən çıxarar, istəyər işə götürər. İstəyər işdən çıxardığı şəxsi yenidən vəzifəyə gətirər. Pensionerləri gənclərlə əvəz etmək də qanunsuz hərəkət sayılmır.  Amma bütün bunlara baxmayaraq mənim sədr Arif Alışanova həmişə hörmətim olub. Yalnız bir səbəbə görə. Hansı? Elə isə başladıq.

VƏZİFƏ

Atamın təbirincə desək, “vəzifə çox köpəyoğlu şeydir”. Adamı 180 dərəcə dəyişdirməyi öz yerində. Birincisi,  bu  vəzifədə gözü olanlar qara paltar geyinib, saqqal buraxırlar. Opponentdən çevrilirlər düşmənə. Və əhd edirlər ki, ta bu adam vəzifəsindən çıxmayana qədər nə qara libasımı çıxaracağam, nə də saqqalımı qırxacağam. İddia dəyişir. Artıq  bu vəzifəyə yiyələnmək ikinci plana keçir. Hədəf vəzifəyə layiq görülənin  vəzifədən çıxarılmasıdır.

Eyni zamanda isə bu vəzifəyə iddialılar meydana gəlir. Onlara el arasında “pazlar” deyirlər. Ən yaxın paz müavin olur.  Üçüncü qismi isə bu vəzifəlinin qazandığı pullar maraqlandırır. Ciblərinə bir qəpik də girməsə, başlayırlar başqasının pulunu saymağa. “Mənə qismət olmasa da, qoy qussun” deyib, demaqoqluq edib,  qıraqdan baxıb həzz alırlar. Dördüncü qism də var. Onlar ortada yeyib, qıraqda gəzənlərdir. Onlara çatsa da az çatır, ona görə də başlayırlar böyüklərinin dalısıyca deyinməyə.

Ən böyük xeyri isə bu informasiya, xüsusilə də dezinformasiyada bəhrələnənlər görür. Axı, onların da vəzifəsi yoxlamaqdır. İş olan yerdə isə çatışmazlıqlar nə qədər istəyirsən var.

Vəzifəli isə qalır çabalaya-çabalaya. Bilmir yerinə göz dikənlərlə çarpışsın, yoxsa ayağının altını qazanlarla. Bilmir işçilərini dolandırsın, yoxsa qapısına gələn qonaqları yola salsın.

HAŞİYƏ: Təsəvvür edin ki, şam yeməyinə əyləşmisiniz. Yemək ortaya gələndə qapı döyülür. 3-4 qonaq girir içəri. Onları da məcbur olub süfrəyə dəvət edirsiniz. Qonağa çox çatsın deyə uşaqların payından kəsməyə məcbur olursan. Ya da “ay uşaq, gedin dərsinizi hazırlayın!” bəhanəsiylə süfrədən izaqlaşdırırsan. Arvad isə ehtiyat, sabah bişiriləcək ərzaqlardan tezbazar yemək hazırlayır. (SON)

Oğul-uşaq, dost-tanış, qohum-əqraba da ki, öz yerində. Nəsə çox çətindir indiki zəmanədə vəzifəli adam olmaq. Şəkər, əsəb  xəstəsi olan içi özünü yandırır, xarici maşınlı, bağlı, villalı, novostroykalı bayırın isə özgələri. Heç kimi də inandıra bilmirsən ki, vallah mən yaxşı işləyirəm. Etimadı artıqlamasıyla doğrulduram. Sübutum da var.

HAŞİYƏ:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Alışanov Arif Nizam oğlu ....

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2011-ci il.

***
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Alışanov Arif Nizam oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2015-ci il.

(SON)

Arif Alışanov son 15 ildə bilmir ki, qəzetdə, saytlarda yazılanlara inansın, yoxsa sənəd-sübuta. Yığır işçilərini başına və deyir: “Əgər mən pis işçi olsaydım, Ümummilli liderimiz Heydər Əliyev məni öz sərəncamıyla sədr müavini postuna irəli çəkərdimi? Əgər mən pis işçi olsaydım, Nizami Xudiyev sədrlikdən uzaqlaşdırıldıqdan sonra bu vəzifəni müvəqqəti icra etməyi mənə həvalə edərdilərmi? Əgər mən 6-7 ay pis rəhbərlik etsəydim məni bu boyda posta təsdiq edərdilərmi? Əgər mən pis rəhbər olsaydım, 10 noyabr 2011-ci ildə  Azərbaycan televiziyasının və radiosunun inkişafında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 15 iyul 2015-ci ildə isə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərimə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunardınmı? Layiq olmasaydım 5 il deputat mandatı daşıyıb, siyasətçi sayılardımmı? Son 10 il ərzində 2 yeni kanal aça bilərdimmi?..”.

Bu sözləri oxuyanlar mat-məəttəl bir-birilərinin sifətinə baxıb, gözlərini döyəcəklər ki, “biliriy e... bütün bunları. Amma bu barədə Arif Alışanov heç yanda deməyib axı? Biz bu sözləri nə onun dilindən eşitmişik, nə də yazdığını görmüşük”. Bilirəm. İndi özünüz seçin. Hansı yaxşıdır. Bunu eşitmək, oxumaq, yoxsa 3 saatlıq yersiz, cəfəng  videoyaya tamaşa etmək? Ya da ki, məhkəmə çəkişməsi?

Heç olmasa “Mehman” filminə baxmaq kifayət idi. Kamilovun ordenləriylə qürrələnib, prokuror Mehmana acıq vermək səhnəsinə. Və sonda da “Axı mən Arif Alışanovam” deməsi  neçə-neçə ittihama tutarlı cavab olmazdımı?

Statistik məlumatlara görə, AzTV-yə 40 milyon manat pul ayrılır. (Azərbaycanda  çəkilən və hər il də qaşınıb, yenidən asfaltlanan 30-40 kilometr bərbad yola qoyulan məbləğ) Hara xərclənir, necə xərclənir deyə bilmərəm. Əlimdə rəsmi sənəd yoxdur. Olsa da maliyyəçi deyiləm. Lap tutaq ki, əlimdə rəsmi sənəd var. Mənə  nə? İkincisi, axı mən kiməm ki, başımı dövlətin ayırdığı pulun xərclənməsinə soxum? Əgər bilsəydim ki, burdan mənə bir qəpik-quruş düşəcək, müdaxilə edərdim. Bunun üçün Hesablama Palatası var, Maliyyə Nazirliyi və digər nəzarət orqanları var. Hər ayın axırı da hesabat verilir.  O ki, qaldı maaşların aşağı və ya işçilərin dolanışığının çətin olmasına... Müəllim və həkimdən üzü aşağı, hansı dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə maaşlar yuxarıdır ki? Bəlkə Milli Elmlər Akademiyasında yuxarıdır? Hələ yaxşı ki, AzTV-də qonorar deyilən sistem var. Narazı olanlar var? Yolunuz açıq olsun! Şikayətlənməyin, ora-bura informasiya ötürməyin isə yalnız onlara ziyanı var. Yuxarıda bir misal çəkdim. (şam yeməyi əsnasında qonağın gəlməsi) Bu da ikincisi.

HAŞİYƏ: Deməli bir valideyn uşağının hər gün məktəbdən gəlib “müəllim “5 məmməd” süpürgə pulu istədi”, yaxud “3 məmməd” fondpulu yığırlar” və sairə, ilaxır deməyindən boğaza yığılaraq, nazirlikdə işləyən bir qohumuna zəng edir. Və başlayır şikayətə.  Sonda da deyir ki, bəs mənim adım olmasın. Uşağı gözünçıxdıya salarlar. Qohumu da söz verir ki, bu faktı araşdıracaq.

Üstündən bir gün keçir. Axşam ata işdən evə gəlir. Oğlu yaxınlaşıb nə desə yaxşıdır?

- Ata, 1 şirvan ver də...

- Niyə?

- Məktəbə komissiya gəlib. Yola salmaq üçün 1 şirvandan yığırlar. (SON)

Vəzifəli adamlardan yazmaq, donos yığıb onları ictimailəşdirmək artıq dəb halını alıb. Belə xəbərlər oxumayanda  saytları, qəzetləri kasad adlandırırıq. Oxuyuruq, ləzzət alırıq. Amma cibimizə 1 qəpik də girmir. Əksinə çıxır.

Bu yazılar feilin zaman şəkilçilərini də çaş-baş salıb. Bu -ır,-ir,-ur,-ür şəkilçisi var ya... indiki zaman şəkilçisi sayılır. Amma indi qeyri-müəyyən və ya geniş  zaman şəkilçisinə çevrilib. “Hacıbala Abutalıbovu işdən çıxardırlar”, “Ziya Məmmədov istefa verir”, “Əbülfəs Qarayev Bakı şəhərinin meri təyin olunur” və sairə, ilaxır. Hamısı da indiki zamanda. Yox, yazmırlar ki, istefa verəcək və ya çıxardılacaqlar. Bu, olardı gələcək zaman. Bütün bomba və şok-şok  informasiyalar indiki zamanda yazılır.
O cümlədən Arif Alışanov da... 10 ildir ki, işdən çıxardırlar. Amma çıxarıb qurtara bilmirlər. Hər dezinformasiya da vəzifəli şəxsin vəzifə ömrünün uzadılmasına səbəb olur. Sonuncu dəfə eşitdim ki, “Vsyo. Televiziyanın 60 yaşından sonra Arif Alışanov gedir”. Elə o bayram günü Qulu Məhərrəmlinin tarixi müsahibəsi meydana çıxdı. AzTV-çilər iki cəbhəyə bölündü. 3 saatlıq video vəziyyəti daha da gərginləşdirdi. Bir məqalə də mən yazdım. Alışanovçulardan bəziləri məni də Məhərrəmovçu elan etdilər. “Onu ki, işdən çıxaran olmayıb. Öz ərizəsiylə çıxıb. O, niyə Qulunun tərəfinə keçib ki?” deyənlər də tapıldı.

Bu davaya belə don geyindirənlər də tapıldı ki, bəs Qulu Məhərrəmli Arif Alışanovu bu cür tənqidi fikirlərlə devirib yerinə keçmək istəyir. Başqalarını bilmirəm, mənim Qulu Məhərrəmliyə olan münasibətim onun gələcəkdə kim olacağıyla ölçülmür. Bəs əsl məsələ nə yerdədir? Məncə...

HAŞİYƏ:

Abbas Səhhətin gözəl bir şeiri var. Orta məktəbdə əzbərlətdirmişdilər onu.

Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə;
Çeynədilər, dişlədilər, diddilər.
Bir-birini al-qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb ol haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar. (SON)

Nəsə çox danışdım deyəsən.  Hər şeyi dedim, amma Arif Alışanova hansı səbəbə böyük hörmət bəslədiyimi yox.

HAŞİYƏ:  Həsən Həsənov sədr müavini keçdiyindən “Xəbərlər”redaksiyasına baş redaktor Allahverdi Məmmədov təyin edilmişdi. Kənardan gətirilən adam da o saat qəbul olunmur axı. Ta köhnəlməyənəcən. Redaksiyada da bu cür abu-hava hökm sürürdü. Günlərin bir günü sədr Nizami Xudiyev bizi kabinetinə çağırdı. Çox əsəbi görünürdü. Amma təmkinin qoruyurdu. Bir misalla bizim şıltaqlığımıza son qoydu:

- Mən o vaxt APİ-nin rektoru işləyirdim. Bilirsiniz də tələbəliyim başa çatandan sonra əmək fəaliyyətim orayla bağlı olub. Ona görə də təhsil sahəsinin bütün incəliklərini bilirəm. Prezident Heydər Əliyev Lidiya Rəsulovanı  təhsil naziri təyin elədi. İclas keçirəndə, nəsə göstəriş verəndə naşılığı özünü biruzə verirdi. Əlbəttə ki, bu da biz tərəfdən cavabsız qalmırdı. Fikirlərimizi söyləyir, etirazımızı bildirirdik.  Daha doğrusu onu pərt edirdik. Bizim sözümüzün qabağına söz qoya bilmirdi. Bir tədbir də görə bilmirdi ki, hamımız alim, millət vəkili, görkəmli ictimai-siyasi xadim, prezident sərəncamıyla təyin olunan vəzifəli şəxslər  idik. Axırda məcbur olub, bizdən prezidentə şikayət etdi. Görüşlərin birində Prezident Heydər Əliyev rektorlardan birini ayağa durğuzub, ona xitabən bizə də “Mən Lidiya Rəsulovanı ora nazir təyin etmişəm. Mən belə məsləhət bilmişəm. Mən belə məsləhət bilmişəmsə, siz də onun göstərişlərinə qeyd-şərtsiz əməl etməlisiniz. QANDINIZ?” (SON).

Arif Alışanov Prezident İlham Əliyevin sərəncamıyla AzTV-nin sədri təyin edilib. O, etmad göstərib və təyin edib. Bu illər ərzində mükafatlandırıb da... Səlahiyyətlərini də genişləndirib. Nə vaxt lazım bilsə, onda da işdən uzaqlaşdıracaq. Bu, yalnız onun səlahiyyətinə aid olan məsələdir.

Mən də ona hörmətlə yanaşıram. Sadəcə, sonda QANMAZ  olmamaq üçün.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır