Modern.az

Qarabağ torpağını Şəkiyə aparan şəhidin DASTANI   

Qarabağ torpağını Şəkiyə aparan şəhidin DASTANI    

19 May 2016, 13:49

Vətəni qibləgah edən şəhidlər - XV

Vətən uğrunda canından keçən şəhid... yolumuz Şəkiyə idi, Kiş kəndinə.  Bu gün “Odlar yurdu” adlandırdığımız Azərbaycan torpağı elə yaranışdan odlu-alovlu olub. Alban torpaqları olanda da, Azərbaycan olanda da - gələni də yandırıb, gedəni də...

Kiş kəndində 1992-ci ilin aprel ayının 4-də dünyaya gəlmiş, sirlərlə dolu o dar küçələrdə böyümüş, alban tarixini  barmaqları, ovucları, əlləri, ayaqları ilə hiss etmiş, qədim fəlsəfənin, qədim yurdun və qədim inancın oğlu şəhid Orxan Hümmətov da var. Hay deyilən həmin toplumla mübarizədə, müharibədə gənc ömrü yarımçıq qaldı...

Analar övladlarının bədənindəki bütün işarələrin yerini bilərlər

Hümmətovların evinə getmək üçün  Kiş kəndinin dar dalanlarından keçdik. Darvazanın üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalandığından, bu həyətin    şəhid mənzili olduğu bəlli idi. Köhnə qapı-pəncərəli, kasıb bir daxma idi. Həmin qəhrəman oğul bu balaca daxmada böyümüşdü.

Şəhidimizin anası Pərvanə Hümmətova bizi giley-güzarla qarşıladı:

“Mənim balam şəhid olub, ancaq internetdə Allahını unudan adamları ağızlarına gələni yazırlar. Deyirlər ki, sağdır. Öğlum həlak olmazdan əvvəl telefonunu itirib, o da hansısa dələduzun əlinə keçib... İndi balamı ağızlarda söz edirlər. Yaxşını yaza bilmirsən, pisi də yazma. Qarabağı tanımayan vicdansız əclaflar, torpağı özünə Vətən bilməyənlər... Get sən də döyüş, torpaq hamımızın torpağıdır. Arvad, kişi, balaca, böyük, hamının torpağıdır. Mənim oğlumun 24 yaşı təzə tamam olmuşdu, şəhid oldu, get vuruş, sən də şəhid ol Vətən yolunda, ya da qəhrəman ol qayıt. Ancaq pis iş görmə, böhtan danışma... Mənim şəhidim, dövlətim, oyuncaq deyil...”.

Pərvanə bacının könlünü aldım, sakitləşdirib, “indi danış” dedim.


“Danışsam kitablar dolar. Balam haqqında nə danışım? İki oğlum var. İkisi də hərbçidir”,-söylədi.

Artıq neçənci dəfədir ki, şəhid evlərində olarkən doğmalarının onlar haqqında danışdıqlarında bir mütləqi yəqin edirəm. Hamısı həlak olanlar haqqında sağ imiş kimi danışır. Pərvanə bacı da elə dedi.

“2 oğlum var. İkisi də hərbçidir oğlanlarımın. Böyük oğlum Vusalın 29 yaşı var.  İnstitutu bitirəndən sonra diplomu evin bir küncündə qaldı, iş tapmadı, iş vermədilər heç yerdə. Axırda gedib keçən il hərbiyə yazıldı. İndi işləyir. Elə qardaşı Orxana baxıb, hərbiçi oldu. Orxanı isə gücümüz çatmadığından heç yerdə oxutmadıq. Ancaq məktəbdə yaxşı oxuması olmasa da, həmişə Kiş kəndindəki Heydər Əliyev adına məktəbin gözü oldu. Güləş, qol yarışlarına gedib, medallar, fəxri fərmanlar, diplomlar gətirərdi. Birinci oldu, birinci yerləri qazandı. Həmişə Azərbaycan bayrağını qaldırdı...”

Yenə səsi titrədi ananın. O uca bayrağımız o qədər əzizdir ki, adını kim çəkirsə, səsi titrəyir, əlinə kim alırsa, ürəyi əsir. O danışır, mən üzünə baxırdım.  Sifətinin bütün əzələləri titrəyirdi... Dərdi üzünə çıxmışdı... Dərdi dərdimə döndü bu ANAnın da. Söhbətinə davam etdi Pərvanə ana:


“Toya hazırlaşırdıq. Böyük oğlum Vusalın toyuna. Yer də danışmıdıq. Gəlinin toyu iyunda, bizimki sentyabrda olacaqdı. Gəlinin dəvətnamələri paylanmışdı.  Orxan tikinti materialları alıb tökdü ki, toya qədər ev tikək, gəlini yaraşıqlı evə gətirək. Dedi ki, çatmayan pulu bankdan götürəcək. Qardaşı üçün elçiliyə də Orxanın köməkliyi ilə getdik. Necə dəfə Vüsal  elçi göndərmək istəsə də, əlimizdə-ovcumuzda imkan olmadığından getməmişdik. Onda Vusal 1 ay idi ki, işləyirdi. Bir gün Vusal zəng vurub istədiyi qızla danışırdı, birdən qıza dedi ki, “anam sabah elçı gələcək”. Çox narahat oldum. Dedim “ay oğul, qız istəmək asandırmı? Mənim  hələ qız qapısına getməyə imkanım yoxdur”.
Sonra ana –bala qərara gəldik ki, Orxana zəng vuraq. Evimizin  böyüyü elə bil Orxan idi. Zəng vurdum, dedim “Orxan, qardaşına elçi gtemək istəyirik, pul lazımdır”. Səhərisi günü  400 manat göndərdi. Sonradan qız qapısına neçə dəfə getdiksə, bayramlıq, xonçalıq pulları Orxan verdi. Elə sevinirdi, elə hazırlaşırdı ki, qardaşının toyuna... Ona deyirdim ki, qardaşından sonra səni evləndirəcəm. Deyirdi ki, “yox ay ana, mənə hər qız gəlməz. Mənim ailə quracağım qız, gərək hər vaxt mənim ölüm xəbərimə hazır olsun...””.


Ananın söhbətinin bu yerini qələmə alanda Orxanın sosial şəbəkədə paylaşdığı  qara qələmlə çəkilmiş bir şəkli xatırladım. Kiş kəndinə bənzəyən bir mənzərə...  Arxa planda bir məbəd görünür, elə Alban məbədlərinə oxşayır. Ön planda əli silahlı əsgər bir qızla üz-üzə dayanıb, söhbət edirlər. Hiss olunur ki, qız yol üstündə əsgəri döyüşə yola salır. Həmin paylaşımın altında Orxan belə bir qeyd yazıb: “Bir aləm...”.

Ana söhbərinə davam edir... 

“Analar övladlarının bədənindəki bütün işarələrin yerini bilərlər. Ana qədər övladını kimsə tanımaz. Orxanın barmağının birinin bukümlərində xallar var idi. Deyirdi ki, “itəndə məni bu bundan tanıyarsan”. Son dəfə martın 17-si gəlmişdi. Bayramı bir yerdə keçirdik. Yola düşən gün səhər tezdən durduq. Çayını-çörəyini verdim. Gəlib oturdu dizimin üstündə. Dedi, “ana, məni körpə vaxtımızda olduğu kimi, yellə ayaqlarının üstündə”. Bir-iki dəfə ayağımı tərpətim. Gücüm çatmadı.  Dedi ki, “ana gördünmü, daha yekə kişiyəm, gücün çatmır nə mənə, nə qardaşıma.  Gecələr durub üstümüzü örtürsən, eləmə belə”.
Dedim “ay bala, neçə yaşınız olsa da, siz mənim üçün elə, həmin körpələrsiniz”. Yenə qayıtdı ki, “ay ana, mənim bədənimdə nişanələrim var, bir şey olsa, onunla məni tapacaqsan”.
Gözlərim yaşardı, ağladım. Gəlib əlləri ilə gözlərimi silib “sən ağlasan, dünyanı viran qoyaram... ağlama” dedi. Sonra sığalladı, öpdü yanaqlarımdan. Dünyanı qaraış-qarış gəzib dolaşsaydı da, səsimə səs verərdi Orxan, hardan çağırsaydım, eşidərdi məni. Evə gələndə bir-birimizi qucaqlayıb iyləyərdik. Deyirdi ki, “ay ana mən səndən heç doymuram axı”. Cavabımda “ay bala, mən də səndən heç doymuram axı...” deyirdim.

Ağlaram ozan olsa,
Gül dönüb xəzan olsa.
Bağlanıb dastan olar
Dərdimi yazan olsa.

Bu oğlumla üz-üzə etdiyim son söhbətim oldu. Aprelin 3-ü axşam saat  9-un yarısında danışdıq onunla. Atası ilə birlikdə soruşduq ki, neynirsən. Cavab verdi ki, kursdan gəlib, yatacaq. Bizi aldatdı. O heç yalan danışmamışdı. Torpağın, Vətənin xətrinə yalan dedi mənə.

Sonra başladı balasının boyunu oxşamağa Pərvanə bacı:

“Ahu gözlü balamın mənalı baxışları, xırda gülüşləri var idi. Güləndə gözləri süzülərdi. Heç doymadım qucaqlamaqdan, boyuna baxmaqdan. Axırınıncı dəfə evə gələndə qucaqlamaq istədim çiyinlərini, qollarım bir-birinə çatmadı. Özünü sıxıb balacalaşdırdı, sonra ürəyimə sıxdım Orxanı. Gedəndə çörək dişlədib qoydum evə ki, qayıdıb yeyəcək. Adətən bizim tərəflərdə səfərə çıxan adamın salamat qayıtması üçün, əzizləri ona çörək dişlədərlər... O çörək elə də durur orda...

Qardaşını yaman çox istəyirdi. Vüsal evə on dəfə də girib-çıxsa, hər dəfə Orxan onun üçün ayağa durardı. Atalarının yanında nəfəslərini də çəkmirdilər. Onları o qədər mehriban böyütmüşəm ki... Onlar uşaq olanda, ataları  çox vaxt burda olmurdu. Rusiyaya çörəkpulu dalınca gedirdi. İndi köhnəlmiş bu birotaqlı, bir eyvanlı evimizi də o Rusiyanın pulu ilə tikmişdik.  Bu  uşaqlar nə qazansalar gətirib atalarına verərdilər. Sonra xərclik üçün pulu məndən istəyərdilər. Deyirdim ay bala, vermisiniz, özünüz istəyin atanızdan...  
Belə, böyük-kiçik yeri bilən, abırlı həyalı uşaqlar böyütmüşəm”.

General olmaq istəyən əsgərin çəkməsində gələn Qarabağ torpağı...

“Orxan uşaq vaxtı böyürtkən yığıb, turistlərə satırdı. Alveri yaxşı olanda sevinə-sevinə gəlirdi evə. O müharibə illərinin pis vaxtları idi, dolanşıq çətin idi. Qazandığı pulla özünə, qardaşına məktəb paltarı alırdı. Birdən evdə heç çörək də tapmırdıq. Bir də görürdüm ki, böyürtkən satıb, çörək gətirib. O yavan çörəyə tabe olurdular. Elə vaxt olurdu, o yavan çörəyi onlara yedirib, özüm aç yatırdım.  Biz o uşaqları elə çətinliklə böyütdük.

Hərb sənətini yaman sevirdi. Deyirdi ki, “ana mən general olacağam”. Nə vaxt evə gəlirdisə, çəkmələri, paltarları palçığın içərisində olurdu.  Deyirdim ki, “ay bala, siz elə palçıqda təlim keçirsiniz. Bir dəfə də palçıqlı çəkmələrinin torpağını təmizləyib, bir torbaya yığıb dedi: “Ana Şəkidə Qarabağın torpağını Kiş kəndinə gətirən  bir nəfər varsa, o da mənəm”.
Torpağı yığıb mənə verdi, dedi ki, “Şuşa alınınca, saxla””.

Analar çox vaxt balasının başına gələn qəzanı hiss edər. Mən də rəhmətlik anamdan eşitmişdim, anasına çox bağlı olan övlada bir acı dəyəndə, ananın qarnının içi yanar, sızıldayar. Pərvanə bacı da deyir ki, oğlunun xəbərini almadan 1 həftə öncə, bədəni yanırmış. Qadın gedib bədəninə su töküb ki, bəlkə sərinləsin... Əlacı olmayıb. Gedib dərdini qonşuya danışıb ki, bədninin istiliyi ona imkan vermir. Aprelin 4-ü səhər ertə əri Kazımdan cəbhə bölgəsindən hansı xəbərlərin  olduğunu soruşur. Kazım deyir ki, “televizorda dedilər ki, 3 nəfər gizir şəhid olub”. Pərvanə ana, evdə özünə rahatlıq tapmadığından həyətə çıxıb, ot-ələfi təzmizləyir ki, başı qarışsın. Zibili aparıb, kədin kənarına atanda, əllərini göyə qaldırıb, səsi titrəyə-titrəyə, cəbhədə son döyüşlərdə həlak olan şəhidlər üçün ağlayır və əsgərlərə Tanrıdan salamtlıq arzu edir. Bu vaxt kənd bələdiyyəsindən olan nümayəndə onu görür, lakin qayıdıb gedir. Bələdiyyə işçisi deyir ki, Orxanın şəhid olmaq xəbərini anaya çatdıra bilməyib. Çünki qadın əlini göyə qaldırıb, əsgərlər üçün Allahdan mərhəmət istəyirmiş.
Beləcə, həmin gün axşama qədər kəndin bir çox adamı bu qapıya gəlib, geri qayıdıb. 

Pərvanə Hümmətova:  

“Oturub televizora baxırdım, şəhidlərin şəkillərini görəndə yana-yana ağlayırdım... Öz-özümə deyirdim ki, sizin ananız ölsün, necə dözəcək ayrılığınıza...Torpaqla danışırdım, deyirdim ki, ay torpaq, neylədin bu cavanları, heç heyfin gəlmədimi?!  Ayağa durub, Kazımdan soruşdum ki, “ay kişi, bilmədin o ölən gizirlərin adı nədir, kimdir?”. Ancaq Orxan nə atasının, nə də mənim ağlıma gələrdi qara xəbər, elə bilirdim ki, təlimdədir. Yenə durub çıxdım, həyətə, əlimi göyə açıb dedim ki, ay Allah sən hamının balasını salamat qaytar, mənim Vüsalımla, Orxanılm da onların içərisində.
Qonşum  Bənövşə gəlib televizoru söndürdü. Dedim ay qız, dəli olmusan, bu nədir, televizoru niyə söndürürsən, qoy xəbərlərə baxaq. Şəhidlərin adını deyəcəklər.  Arvad televizoru söndürüb, qaça-qaça getdi. Durub bunun dalınca çıxanda, baxdım ki, qaynım darvazanın qabağındadır. Məni görcək  “evimiz yıxılıb” deyib, başına döydü.  Qışqırdım ki, Vüsala nə olub?! Dedi Vüsal deyil, Orxandır.
Özümü o hündür pilləkəndən çırpdım yerə. Vurdum eyvanın pəncərələrini sındırdım. Bir də gördüm balamın tabutunu bayrağa büküb gətirirlər. Əlimin qanı balamın büküldüyü bayrağa bulandı. Bundan da ağır dərd olar?! 
Sən demə dünən gecədən bütün kənd bilir, gəlib bizə deməyə ürək eləmirlər. Sonra bildik ki, oğlum Ağdərə uğrundakı vuruşlarda qəhrəmanlıqla həlak olub. 14 nəfər qarşıda həlak olan hərbçiləri çıxarmaq üçün gedəndə, düşmənin atdığı mərminin qəlpələrindən yaralanıb, ölüblər. Polkovniklər Raqub Orucov, Vüqar Hüseynov, qobustanlı gizir Orxan Müstəcəbov, Qəbələdən olan gizir Sahil Şirinov, Dəhnə kəndindən Vüqar Süleymanov... və başqaları da onlarla birlikdə həlak olublar. Qobustandan olan Orxan mənim Orxanımın meyitini çıxarmaq istəyəndə, onu da vurublar. Onlar ikisi də eyni yaşıd imişlər”.

İndi oğluna aid olan ən xırda xəbəri, detalı öyrənib yaddaşına yazmaq istəyir ana. Dediyi sözlər yadına düşür, hərəsində bir məna, bir öncəgörümlük axtarır. Deyir ki, oğlu “meymun ili”ndə doğulub. Bəzən adamın öz ili özünə düşmür. Bu il də meymun ilində təhvil olmuşdu. Şəhid anası söhbətə davam edir :

“Vüsal da, Orxan da çox vaxt bu qapıdan qoşa girərdilər. Dünən Vüsalı qucaqlayıb deyirəm ki, hanı Orxan. Vusal deyir ki, “ana, bundan sonra məni iki dəfə bas bağrına, Orxan mənim içərimdədir, hiss edəcək. Mənim varlığıma köçüb”.

                                        Qaradı qaşın ördək,
                                        Yaşıldı başın ördək.
                                         Həmişə cüt gəzərdin,
                                         Hanı qardaşın ördək.


Orxan Ordu xanı olacaqdı 

Vusaldan soruşdum qardaşını. Məlul-məlul baxır adamın üzünə:


“Hələ körpəlikdən anamdan “qaqaş” istəmişəm. Kənddə hamının evində uşaq görəndə gəlib ağlayardım. Mənim 6 yaşım olanda qardaşım dünyaya gəldi. Əmim qızının yanına gedib adlar kitabında ad axtardıq. İndiyə kimi yadımdadır. Orxan adının üstündə dayandıq. O zaman həm də türk aktyoru Orxan Gəncəbayın kinoları dəbdə idi. Bir də əmim qızı kitabdan Orxan adının mənasını oxuyub dedi ki, “Ordu xanı” deməkdir. Sevindim. Dedim qoy, qaqaşım, böyüyüb ordu xanı olsun.
5-ci sinifdə oxuyandan beyninə girmişdi ki, hərbçi olacaq. İki dəfə hərbçi olmaq üçün imtahan verdi. İdman normativlərini yerinə yetirdi, testdən keçmədi. Əsgəri xidmətini başa vurub qayıdandan  1 il sonra gedib Azərbaycan Silahlı Qüvvələrinin  Xüsusi Təyinatlılar hissəsinə yazıldı. Dəfələrlə təlimlərdə fərqlənmişdi. Türkiyədə xüsusi təlim kursunu uğurla başa vurmuşdu. NATO-nun sülhməramlı dəstəsində iştirak etmişdi. Mavi beretlilərdən idi. NATO-nun Azərbaycandakı növbəti hərbi təlim kursunu  aprel ayında bitirəcəkdi. Məndən kiçik olsa da, ondan çox şey öyrənirdim. Arxam, dayağım idi.
Ona ideal bir şəxsiyyət kimi baxırdım. Bir ölçü vahidi tapmıram ki, aramızdakı münasibəti dəyərləndirim. Tən idim, yarımçıq qalmışam.
Aprelin 3-ü axşam saat 9-da mənimlə danışıb, özümdən muğayat olmağı tövsiyə etdi. Heç fərqinə də varmadım sözlərinin deyilişinə. Ancaq ki, adətən belə danışmazdı. Fikirləşdim ki, təlim kursundadır. Sən demə, anamgildən sonra mənimlə danışıb, vida görüşü edirmiş. Özüm də hərbçiyəm. Mənə deyiləndə ki, qardaşın şəhid olub, inana bilmədim. Onun yoxluğunu dərk edə bilmirəm. Deyirəm bəlkə yalandır, bəlkə qayıdacaq, gözüm telefonda qalır ki, bəklə zəng edəcək... Telefonumuzun danışıq balansı bitəndə ya o məndən, ya mən ondan xahiş edirdik ki, kontur yükləyək. Dünən də elə oldu, telefonumun balansı bitmişdi, götürüb Orxana zəng vurmaq istədim ki, kontur yükləsin... amma birdən hiss etdimki, yoxdur axı... bilirsiniz, o yoxluq necə olur? Səsi yoxdur, özü yoxdur... onu bir dəfə qucaqlamaq, ətrini duymaq üçün dünyalarımı verərərm, ancaq yoxdur Orxan... Yoxluğuna inanmasam da ... yoxdur!
Təkcə adının şəhidlər siyahısında olduğundan rahatlıq tapıram. Təki qanını ala bilək onalrın”.                          

Həyətə çıxıb Orxanın atası Kazım kişiyə  el adəti ilə başsağlığı verdim. Üzünü dağlara çevirib baxdı. Bu Kiş kəndi vüqarlı Qafqaz sıra dağlarının əhatəsindədir.  Gördüm ki, oğlu haqqında danışmaq çətindir, həyətində evin tikintisi barədə soruşdum:

“Bu evin təməlini elə Orxanla birlikdə başladıq. Gücümüz çatan tikinti materiallarını da alıb tökmüşdük həyətə. Oğlum şəhid olanda bu həyətə 4800 adam gəldi Şəkidən, başqa rayonlardan.  Həmin adamların içərisində eloğlumuz Milli Məclisin deputatı Cavanşir Feyziyev də var idi. Uşağın üç mərasimi günü kənd sovetindən həyətdəki evin təməli haqqında soruşub, ona deyiblər ki, Orxan başlamışdı. Deputat həmin evin tikintisini öz üzərinə götürdü. Kəndimiz Qarabağ döyüşlərində  Orxanla birlikdə 9 şəhid verib. Kənd qəbirstanlığındakı həmin 9 şəhid məzarının üstünü götürüb, hamısını mərmər etdi.Tanrı köməyi olsun”.

 Qadınlar ağlayaraq ürəklərini boşaldarlar, kişilər var ki, ağlaya bilmirlər. Oğul dağı sinələrini göynədir, qədlərini əyir. Bir aprel səhəri Kazım kişini də belə əydi. Orxanınn 40 mərasimi günü isə “3-cü dərəcəli hərbi xidmətdə fərqlənməyə görə”  medalı atası Kazım Hümmətova təqdim olundu.

 Hümmətovlar ailəsindən ayrılanda, Pərvanə bacıdan Orxanın palçıqlı çəkmələrini soruşdum. Dedim ki, gətir şəklini çəkim. Ana  içəri otağa keçdi. Paltar dolabından oğlunun çəkmələrini götürüb, bağrına basdı, iylədi, öpdü, ağladı... nalə çəkdi... Mən də həmin dərdin forosunu çəkib, əbədiləşdirdim. O şəkil 2-5 aprel döyüşlərinin danışan dili oldu. O şəkil dünyadakı bütün mühariblərin şeytan əməli olmağının mesajıını verdi pul qazanmaq üçün silah satan siyasətçilərə.

“Sənin mənə dönəcəyin gün təqvimlər 30 fevral göstərəcək...”

Orxanın və ailəsinin həyat hekayətini qələmə alanda, şəhidimizin Facebook hesabında bir qeydə rast gəldim: “Xüsusi əməliyyatlar üçün xüsusi insanlar vardır. Qarşıdakı düşmən dəstəsi Sizdən sayca üstün ola bilər. Lakin düşmənin sayca üstün olması Xüsusi Təyinatlılar üçün heç bir şey ifadə etməz. Önəmli olan sayca üstünlük deyil, Xüsusi Təyinatlıların öyrəndikləri  hərb sənəti, bir-birinə olan bağlılıqları və əməkdaşlığın güclü olmasıdır... Xüsusi Təyinatlılar düşmənin heç gözləmədiyi anda və zəif nöqtəsindən vurur və düşmən dəstəsi geri çəkilmək, dağılmaq məcburiyyətində qalır. Xüsusi Təyinatlılar elə buna görə qeyri-mümkünü bacaran bir ovuc Qəhrəman olaraq xatırlanar”.

Türk dünyası tarixində Qəhrəman olaraq xatırlanacaq 2-5 aprel şəhidlərinin şəhadət sırasında ruhu dolaşan Orxan balamız. Orxan qəhrəmanımızın dəftərlərində bir söz də var idi: “Sənin mənə dönəcəyin gün təqvimlər 30 fevral göstərəcək...”.

P.S.  Bu yazını qələmə alarkən dağ oğullarının, dağlı balalalarının torpaqdan, təbiətdən, mənsub olduğu alban kökündən törədikləri haqqında mülahizələrlə başladım. Çünki öz kökünü bilən, öz haqqını tanıyan hər bir azərbaycanlı- şəkili, bakılı, şirvanlı, qarabağlı üçün şəhid olmaq Tanrı Məqamına yüksəlməkdir. Amma bir çox insanlar var ki, onların qulaqları, gözləri, dilləri HAQQa qarşı möhürlənib. Bu fikirlər Qurani Kərimdəndir. Onların Tanrı dərgahında yeri yoxdur. Belə xislətli adamlar dünyanın indi Ermənistan adlandırdığı o şeytanlar yuvasında da var, bugünkü Azərbaycanda da var...

Orxan hekayətimin nöqtəsini yenə də “Literaturnaya Kanada” qəzetinin baş redaktoru Vaaqan Karapetyanın fikirləri ilə bitirirəm: “...Çox şad olardım ki, ağıl üstün gələ və bu ərazilər öz tarixi sahibləri olan Azərbaycana qaytarıla. Dağlıq Qarabağ – Ermənistanın bədənində xərçəng şişi kimi oturub. Nə qədər tez cərrahi  müdaxilə olunarsa, bu şiş kəsilib götürülərsə, Ermənistanın yaşamaq şansı bir o qədər çox olacaq”.     

Aida Eyvazlı  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...