Modern.az

“Adam bu nikahdan yazan jurnalistlərə görə xəcalət çəkir”

“Adam bu nikahdan yazan jurnalistlərə görə xəcalət çəkir”

26 May 2016, 19:40

İki gündür 32 yaşlı müəllimənin keçmiş şagirdi olmuş 18 yaşlı oğlanla ailə qurması mətbuatın gündəmini zəbt edib. Burada qanunazidd heç bir əməl olmasa da, hadisə hay-küylə, sensasiya kimi içtimailəşdirildi. Hətta bəzi “jurnalistlər” heç bir aidiyyəti olmasa da, Təhsil Nazirliyindən bu evliliyə münasibət öyrənməyə, açıqlama almağa çalışıblar. Axı evlilik məsələsinin Təhsil Nazirliyinə nə aidiyyəti var? Orta məktəbi ötən il bitirmiş 18 yaşlı oğlan niyə şagird kimi təqdim olunur? Yoxsa bunlar jurnalistikanın indiki acı mənzərəsidir?

Modern.az saytı məsələ ilə bağlı uzun müddətdir jurnalistikada çalışan bəzi baş redaktorların fikirlərini öyrənməyə çalışıb.

İlham Quliyev - “Kaspi” qəzetinin baş redaktoru:

“Bu, tam absurd bir yanaşma idi. Oğlan məktəbi qurtarıb, müstəqil qərar vermək hüququna malikdir. Qız da həmçinin. Qızın müəllimə olması heç kimə əsas vermir ki, onun şəxsi həyatı ilə bağlı qəbul etdiyi hər hansı qərar haqda Təhsil Nazirliyinə müraciət etsin. Nazirlik müəllimənin şəxsi həyatına niyə qarışmalıdır ki? Fikrimcə, bu, ilk növbədə qeyri-peşəkarlıq nümunəsidir. Adam belə şeyləri görəndə utanır. Jurnalist həmkarlarımız, xüsusilə də gənclər belə məsələlərdə daha diqqətli olmalıdırlar. Xəbər hazırlayarkən Peşə Etikası Kodeksini, şəxsi həyatın toxunulmazlığı məsələsini həmişə nəzərə almalıdırlar. İndiki halda, sözügedən cütlüyün onların toy şəkillərini yayan media quruluşlarını məhkəməyə verib, cavab tələb etmək hüququ var. Axı bu xanımla bəy ictimai maraq kəsb edən şəxslər deyil, adi, sadə insanlardır. Heç kimə, o cümlədən jurnalistlərə də onların həyatını müzakirə mövzusu etmək hüququ verilmir. Bəzən bizim həmkarlar özlərini hər şeyin fövqündə görür, elə bilirlər ki, ürəkləri nə istəyir yaza bilərlər. Amma belə olmamalıdır. Media bu cür insanların şəxsi həyatı ilə bağlı məsələlərdə son dərəcə həssas olmalıdır. Ümumiləşdirsək, bir həmkarımızın yazdığı kimi, 32 yaşlı xanımın 18 yaşlı oğlanla ailə qurması yox, bunu xəbər edən, Təhsil Nazirliyindən olaya münasibət öyrənməyə çalışan jurnalistikanın mövcudluğu faciədir.”

Emin Quliyev - “Gün.az” saytının redaktoru:

“Ümumiyyətlə bu hadisə medianın gündəmində olmamalıdır. Bu toy mətbuatın müzakirə edəcəyi bir mövzu deyil, fərqi yoxdur onların neçə yaşı var. Qanunla onların nikaha girmə icazəsi var, yəni 15-16 yaşlı uşaq deyillər ki...
Ümumiyyətlə, mövzunun gündəmdə olmasının əleyhdarıyam və təəccüblənirəm ki, niyə bu hadisə gündəmdə saxlanılır. Təhsil Nazirliyindən münasibət öyrənməyin isə bu məsələyə heç  aidiyyəti yoxdur. Təhsil Nazirliyi kiminsə şəxsi həyatına qarışmır, bu qurum müəllimənin peşəkar keyfiyyətlərinə görə cavabdehdir. Media şəxsi həyata çox çirkin şəkildə müdaxilə edir”.

Niyaz Niftiyev - “Azadinform.az” saytının baş redaktoru:

“Mən belə düşünürəm ki, mətbuatda da, “KİV haqqında” qanunda da xüsusən bu məsələ öz əksini tapır ki, şəxsi həyata müdaxilə yolverilməzdir. O insanlar ki, cəmiyyətdə öz davranışları ilə diqqət mərkəzindədirlər, onlar haqqında bir informasiya verilirsə, mütləqdir ki, KİV nümayəndəsi həmin adamın razılığını alsın.
32 yaşlı müəllimənin 18 yaşlı oğlana qoşulub qaçması xəbəri fikrimcə, mətbuatın mövzusu olmamalıdır. Ümumiyyətlə, bu kimi məsələlərin Azərbaycan mətbuatının çoxillik təcrübəsinə zidd olduğunu düşünürəm. Xüsusən də bu olaya Təhsil Nazirliyindən münasibət öyrənmək çox yanlışdır. Azərbaycan mətbuatı bu kimi məsələləri tənzimləməlidir. Bu nikah müəllimə ilə oğlanın şəxsi işidir. Biz 20 yaşlı oğlanla 50 yaşlı qadının da izdivacının və birgə yaşayışının şahidi ola bilərik. Buna təəccüblənmək və ictimai müzakirəyə çıxarmağın, məsələnin cəmiyyətə bu şəkildə təqdim olunmasının əhəmiyyəti yoxdur. Azərbaycan mətbuatı çalışmalıdır ki, bu kimi məsələlərlə gündəmi zəbt edib, insanların şəxsi həyatı ilə oynamasınlar. Mənim bu məsələyə münasibətim çox mənfidir. Rəhbərlik etdiyim informasiya agentliyində də bu xəbərlə bağlı informasiya verməmişik və tərəfdarı da deyiləm. Düşünürəm ki, bu nikah iki nəfərin arasında olan münasibətdir. Bu iki nəfər elə bir ictimai çəkiyə malik olmayan şəxslərdir və hadisə barədə hər gün informasiya vermək, onların şəkillərini tapıb içtimailəşdirmək, Təhsil Nazirliyindən açıqlama almaq və bu kimi faktlar ümumiyyətlə doğru deyil”.

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi