Modern.az

“Bakıda Təzə bazardan başqa bütün bazarlar ləğv edilməlidir” - MÜSAHİBƏ

“Bakıda Təzə bazardan başqa bütün bazarlar ləğv edilməlidir” - MÜSAHİBƏ

Müsahibə

31 May 2016, 12:03

Eldar Quliyev: “Torpaqları hasara alıblar, insanlar mal-qarasını otarmağa örüş tapmır”

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiyalar İttifaqının rəhbəri Eldar Quliyev Modern.az saytına müsahibə verib. 

- Eldar müəllim, bir neçə gün öncə Milli Məclisin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun layihəsi yenidən müzakirəyə çıxarıldı və bugünkü plenar iclasa tövsiyyə edildi. Bu sənəd aqrar sahədə hansı dəyişiklikləri edəcək?

- Komitə sədri Eldar İbrahimovun rəhbərliyi ilə maraqlı müzakirələr apardıq. Bu qanun 3 ildir ki, müzakirə olunur və biz ayrı-ayrı yerlərdə pilot layihələri həyata keçiririk. Burada söhbət qanunun qəbul olunmasından deyil, onun qəbulundan sonrakı prosesdən gedir. Yəni, bu qanun işlək vəziyyətdə olmalıdır. Bəzi qanunlar var ki, onlar qəbul olunsa da, icra mexanizmində bir sıra çətinliklər yaranır. Bu sənədin qəbulunu nəinki kənd əhalisi, həm də şəhər əhalisi böyük səbirsizliklə gözləyir. Biz bunu bir çox yerlərdə müzakirə etmişik. Hətta Milli Məclisdə  II  oxunuşdan əvvəl İsmayıllı rayonunda bu qanun layihəsini  müzakirə etdik və orada da əhalinin fikirlərini dinlədik. 2014-cü ildə Prezidentimizin kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq bir neçə fərmanı olub, o cümlədən  də fərmanların birində “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun layihəsinin hazırlanması və Milli Məclisə təqdim olunmasıqeyd olunmuşdu. Biz bu qanun üzərində böyük səylə çalışdıq.  Onu xüsusi olaraq vurğulayım ki, bu qanun layihəsinin gecikməsinin əsas səbəbi sənədin daha mükəmməl hazırlanması ilə bağlı oldu. Çünki biz istəyirik ki, bu qanun layihəsi qəbul olunduqdn sonra yerlərdə icrasına başlanılsın və ortaya problem çıxmasın. Hətta mən  xarici ölkələrdə səfərlərdə olanda sənədin tətbiqinin mümkün yolları tanış oldum. 

Bilirsiniz, bəzən məsələdən xəbəri olmayanlar kooperasiyaları kolxozlarla müqayisə edirlər. Bu heç də belə deyil və Avropa belə sistemlə işləyir.

İlk kooperasiya 1849-cu ildə İngiltərdə tətbiq olunmağa başlayıb və daha sonra digər Avropa ölkələrində bunu həyata keçiriblər. Sonralar isə Londonda Kooperasiyalar Alyansı yaradılıb.

Mən 1995-ci ildə Londonda Koopersiya Alyansının yaranmasının 100 illiyində iştirak edəndə seçkilərin də keçirildiyinin şahidi oldum. 

Koopersiyanın üzərində bu qədər çox dayanmağımın səbəbi bəzi insanların bunun səhv salması ilə bağlıdır. Onlar hesab edilər ki,  bu kolxoz, sovxozdur. Axı bunlar sovet dövründə yaranan bir qurum olub. O dövrdə ki, kommunist rejimi fəaliyyət göstərirdi və kəndlərdəki sahibkarları “kulak” edib, güllələdilər. Onlardan qalanları – torpağı, mal-qaranı əvvəl kolxoz, sonra isə sovxoz adı altında birləşdirdilər. Mərhum Prezidentimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ilk  dəfə 1995-ci ilin yanvarında aqrar islahatlarla bağlı fərman imzaladı. Ondan sonra isə kolxoz və sovxozların ləğvi ilə bağlı qanunlar qəbul olundu. Kolxoz və sovxozlar o vaxt ləğv olundu. O dövrdə koopersiya ləğv olunmadı. Məsələn, bu gün Amerikada 500 min kooperativ var və bu ölkə dünyada adambaşına ən çox kənd təsərrüfat məhsulu istehsal edir. Həmin 500 min kooperativ  istehsal məhsulunun 80%-ni verir. Dövlət ərzaq təhlükəsizliyi məsələsini bu kooperativlərin köməyi ilə həll edir. Müstəqillik, sərbəstlik var və lazım gəldikə dövlət tərəfindən onlara subsidiyalar verilir. Avropada isə adambaşına kənd təsərrüfatı məhsulunun istehsalına görə  Almaniya 2-ci yeri tutur. Fransada da bu sahədə çox böyük irəliləyişlər olduğunu gördüm. İstehsalçı öz öz işi məşğul olur. Qeyd etdiyim kimi, bütün bu məsələlərdə kooperasiyaların böyük rolu var.

- Siz xarici təcrübədən danışdınız. Bəs xarici təcrübənin Azərbaycanda da tətbiqi mümkündürmü və bu, ölkəmizdə aqrar sahənin inkişafına nə kimi təsir edə bilər?

- Biz qanunun qəbulundan sonra bir çox işlər görməyi planlaşdırırıq. Çünki təkcə istehsal ilə kifayətlənmək olmaz. İstehsal olunmuş məhsulu bazarlara çıxarmaq və azad rəqabət mühiti yaratmaq lazımdır. Bu gün monopoliyanın aradan qaldırması ilə bağlı söhbətlər gedir, mən deyərdim ki, bu çox çətin və həm də çox vacib məsələdir. Monopoliyanı aradan qaldırmaq üçün sərbəst, müstəqil rəqabət mühiti yaratmaq lazımdır. Məhsulu təqdim edərkən onun həm keyfiyyətinə, həm də rəqabətə davamlılığına diqqət yetirmək lazımdır. Biz yarmarkalarda ciddi iş görməklə və bazarlarla rəqabətə girərək qiymətləri aşağı edə bilərik.  Biz də bilirik ki, bazarlarda yer almağa sahibkarlara maneçiliklər törədilir. Mən hesab edirəm ki, Bakıda bir tək Təzə bazarı saxlamaq şərtilə digər bazarlar ləğv edilməlidir. Təzə bazarı da yenidən qurmaq lazımdır. Bilirsiniz ki, bu gün iqtisadi yükləşimiz çox yaxşı olduğunua görə Azərbaycana kifayət qədər qonaqlar gəlib-gedir. Biz onları  daha yaxşı yerlərə apara bilərik. Biz  tariximizi qorumaq şərtilə bu bazarı yenidən tikməliyik. Dünyada da bu belədir, 3-4 mərtəbəli marketlər tikilir, onun 1-ci mərtəbəsi kənd təsərrüfatı məhsullarının satışı üçün ayrılır. Şəraiti yüksək səviyyədə etməklə, gigiyenik qaydalara əməl etməklə bu cür yüksək səviyyəli yerlər yaratmaq olar. Və biz bununla həmin insanlara məhsulunu satmaq üçün şərait yaratmış olarıq. Burada mütləq tədarükçülərə böyük ehtiyac var. Əgər kənd təsərrüfatı məhsulunu istehsal edən adamın vaxtı yoxdursa, imkanı yoxdursa, kənddən şəhərə gəlsin, o insanın mütləq tədarükçüləri olmalıdır.

- Bu işlərdə sizin rəhbəri olduğunuz “Azərittifaq”ın rolu nə ola bilər? Çünki burda kifayət qədər təcrübəli insanlar çalışır.

- Kənd məhsullarının alışını öz üzərimizə götürə bilərik. Amma bir məsələ var ki, biz həmin məhsulu hara verə bilərik? Bu gün məhsulun tədarükündə problem yoxdur. Əsas odur ki, məhsul hara təhvil  veriləcək.  Biz qanunda da məhsulun təşkili olunması üçün ayrı-ayrı şəhərlərdə, rayon mərkəzlərində  tədarükə yerlər ayrılması ilə bağlı məsələni önə çıxaracağıq. Digər  tərəfdən, məhsul satışında da müəyyən qədər qalıq qalır, hansı ki onlar emala getməldiir. Buna görə də o məhsulların emalı üçün emal müəssisələri yaradılmalıdı. Bu gün həlli vacib olan məsələlərdən biri də budur. Ona görə də  bu məsələdə həm istehsalçı, həm də alıcı əziyyət çəkir. Hesab edirəm ki, biz məsələlərə kompleks yanaşmalıyıq.

İndi istehsalçı məhsulun satılmamasından, alıcı isə o məhsulun baha olmasından şikayət edir.

- Sizin rəhbəri olduğunuz təşkilatın bu məsələdə əsas köməyi nədən ibarət ola bilər?

- Mərkəzi Kooperativlər İttifaqı kimi bizim əsas işimiz kordinasiya etməkdir. Kimsə gələcəkdə bizim üzvümüz olarsa, müvafiq dövlət qurumları ilə yaranmış məsələnin həllində onlara yardımçı olarıq. Daxili auditlər yaratmaqla sahibkara kömək edərik. Onlar öz gəlirini və xərclərini bilməlidir. Bu, iqtisadi cəhətdən də sahibkara çox dəstək olar.

- Bir mütəxəssis kimi  fikrinizi bilmək maraqlı olar: Sizcə, Azərbaycanın mövcud torpaqlarının istifadə olunması ərzaq təhlükəsizliyi problemlərini tam aradan qaldıra bilərmi?

- Əlbəttə. Milli Məclisdə də “Torpaq haqqında” Qanuna baxıldı. Boş qalan torpaq sahələrinin monitorinqi keçirilməli və əkinə yararlı olan torpaqlar istifadəyə verilməlidir. Burada cərimələrdən tutumuş cinayət işinin açılmasına qədər məqamlar nəzərdə tutulur. 

Söhbət burada pay torpaqlarından getmir. Bu torpaqlara cərimələr tətbiq edilmir. Burda əsasən 100 hektarlara torpaq sahələrinə cərimələrdən gedir. Çünki bəzi şəxslər var ki, torpaq sahələrini hasarlayaraq həmin torpaqların istifadəsini faktiki dayandırıblar. Əgər biz bu gün ərzaq təhlükəsizliyi problemini həll etmək istəyiriksə, məhsul bolluğu yaratmalıyıq.  İdxaldan ixraca keçməklə biz ölkə Prezidentinin də qarşıya qoyduğu məqsədə nail ola bilərik. Ət, süd, yağ, tərəvəz, buğda kimi məhsullarla biz özümüzü təmin etməliyik. Əgər bizdə hansısa məhsul istehsal olunursa, onun xaricdən gətirilməsinə zərurət yaranmır, yerli məhsul varsa, niyə xaricə üz tutmalıyıq? 

- Eldar müəllim, komitənizin nazirliklə iş proseduru necə qurulub?

- Biz nazirliklə çox yaxşı, qarşılıqlı əməkdaşlıq şəkilində işləyirik. Nazirliyin maddi-texniki bazasında çox yüksək şəkildə yeniliklər var. Bizim komitə işini yalnız parlamentlə məhdudlaşdırmır, daim axtarışdayıq. Fikrimiz var ki, gələcəkdə Bakıda da Kənd Təsərrüfatı Akademiyası yaradılsın. Çünki bəzi insanlar övladının Gəncəyə  getməsini istəmir. Hesab edirəm ki, Kooperasiya Universitetində bununla bağlı bir fakültə açmaq olar. İstək odur ki, bu sahə üzrə mütəxəssislər hazırlansın və onlar gələcəkdə də işlə təmin olunsunlar. Kənd təsərrüfatı sahəsində istehsal nə qədər güclənərsə, sənaye də o qədər inkişaf edəcək. Rayonlarımızda artıq pambıq, barama əkininə başlayıblar. Hətta qiymətlər qoyulub və ənənəvi sahə kimi bu məhsulların istehsalına çox böyük ehtiyac var. Biz bu sahələrlə yanaşı, zeytunçuluq, üzümçülüyü də inkişaf etdirməliyik.

Mənim təklifim budur ki, biz kimyəvi gübrələrdən təbii gübrələrə keçməliyik.  Bütün Amerika kimyəvi maddələrdən demək olar ki, imtina edir. Burada ekoloji cəhətdən təmiz məhsul istehsal olunur. Biz hazırda bunun üzərində işləyirik. Ola bilsin ki, yaxın 5 il ərzində ölkəmizdə təbii gübrələr hazırlansın. Bir gerçəklik də var ki, bu gün ekoloji təmiz məhsulun qiyməti kimyəvi yolla ərsəyə gələn məhsulun qiymətindən yüksəkdir. Əgər insan öz sağlamlığına önəm verirsə, təbii ki, ekoloji təmiz məhsula üstünlük verəcək.

Mən üzümü gənclərə tutaraq demək istəyirəm ki, kənd təsərrüfatında gənclərə həmişə ehtiyac var. Orada da tələb və təklif dəyişmir. Burada hər zaman işçi qüvvəsinə ehtiyac var və ən əsası da sərf olunan məbləği ən azı bir il içərisində qazana bilərsən.

Torpaqlardan səmərəli istifadə etmək lazımdır. Kənd təsərrüfatının inkişafı üçün əsas məsələlərdən biri də məhsuldarlıqdır. Son on il ərzində müəyyən irəliləyişlər olsa da, arzuolunan yəni dünya standartlarına hələ ki gəlib çatmamışıq.

Növbəli əkinlər də vacib məsələlərdən biridir. Məsələn, taxıl biçildisə, yerinə hansısa bir məhsul əkmək lazımdır. Bəzən torpağı dincə qoymaq lazım gəlir, bəzənsə ardıcıl əkinə.

Topraq üçün vacib olan bir məsələ su ilə təminatdır. Çünki elə məhsul var ki, onu çox sulamaq lazım gəlir. Azərbaycanın iqlim şəraiti hər zonada hansısa məhsulu əkilməsinə imkan yaradır. Və önəmli olan odur ki, hər zonaya uyğun məhsul əkilsin.

Keçmişdə mal-qara üçün otlaqlar vardı. Amma indi o sahələr də hasarlanıb. Meşələr dövlətin ehtiyatıdır, xalqın sərvətidir. Amma onlar da zaman-zaman qırılır.

Xəzərdə bu gün balıqçılıq və balıq tutmaq çox asan başa gəlir. Balıqçılığı da inkişaf etdirmək lazımdır. Bu da ərzaq təhlükəsizliyinin təminatıdır. Kənd təsərrüfatı yeganə sahədir ki,  iqlim şəraitindən çox asılıdır. Həyata keçirməli olduğumuz əsas şey həmin kənd təsərrüfatı istehsalçılarının sığorta məsələsini həll etməkdir. Biz bununla bağlı yeni qanun layihəsində müddüəlar nəzərdə tutmuşuq. Sığortası  olan sahibkar daha rahat şəkildə məhsulunu əkəcək və satışa çıxaracaq. Mən ümid edirəm ki, bu qanun layihəsi qəbul olunacaq. Hər kəs bu qanunun qəbul olunmasını gözləyir. 

Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir