Modern.az

Hansı sayt yaxşı xəbər başlıqları verir? - Tanınmış jurnalistlərdən maraqlı AÇIQLAMALAR

Hansı sayt yaxşı xəbər başlıqları verir? - Tanınmış jurnalistlərdən maraqlı AÇIQLAMALAR

Media

31 May 2016, 17:26

Müasir mediada xəbərə maraq yaratmağın əsas şərtlərindən biri də oxucular üçün cəlbedici başlıqlar seçə bilməkdir. Çünki oxucu xəbər haqqında ilkin informasiya və anonsu məhz ona qoyulan başlıqdan alır.

Azərbaycan mediasında xəbər başlıqları ilə bağlı durum necədir?  Saytlardakı xəbər başlıqları oxucuları çağıra bilirmi?

Modern.az saytı mövzu ilə bağlı bir neçə tanınmış jurnalistin fikirlərini öyrənib. 

“Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı hesab edir ki, ölkədə əsl jurnalistikadan anlayışı olanlar azdır və buna görə də  xəbərlərin başlıq seçimi də yaxşı vəziyyətdə deyil:

“Bizdə təəssüf ki, media orqanlarının sayı çox, jurnalistikadan başı çıxanlar isə azdır. Yəni peşəkar jurnalist qıtlığı var. Ona görə də bugünkü mediada xəbər başlıqlarına mənim münasibətim müəyyən mənada mənfidir, başlıqlar qənaətbəxş deyil. Amma ümumən “normal xəbər başlıqları heç yoxdur” demək də düz olmaz. Bunu tam müəyyən etmək üçün xüsusi araşdırma aparmaq lazımdır. Araşdırma apararaq müəyyən riyazi hesablamalarla ölkə mediasındakı xəbər başlıqlarının nə qədər normal olduğunu bilmək olar. Amma bu hesablamanı aparıb dəqiq rəqəmləri ortaya qoyacaq kimsənin olduğuna da inanmıram.
Təbii ki, bu gün saytlara baxanda müəyyən maraqlı sərlövhələrlə də rast gəlmək olur. Xəbər başlıqlarının əsas məqsədi təqdim olunan infromasiyanın nədən ibarət olduğunu bildirməkdir. Bizdə isə çox zaman başlıq bir cür və içindəki xəbər ayrı cür olur. Problem ondadır ki, oxucunu özünə cəlb etmək üçün bizdə bir çoxları yalandan hay-küylü başlıqlar qoyurlar, amma xəbərin içi tamam başqa şey olur”.

Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu düşünür ki, İP və reytinq xatirinə xəbər başlığı seçən jurnalistləri qınamaq düzgün deyil:

“Bu gün xəbərə başlıq seçmək Azərbaycan mediasında və mətbuatında çox həssas məsələyə çevrilib. Burada medianı və jurnalistləri qınamaq o qədər də doğru deyil. Xəbərlərə başlıq seçmək redaksiyanın, saytın öz daxili səlahiyyətinə aid olan bir məsələdir. Amma burada qanunvericilik və peşə əxlaqı mütləq qorunmalıdır.
Bu gün Azərbaycan mediası özünün elə bir tarixi dövrünü yaşayır ki, cəmiyyətə çıxa bilmək və təmasda olmaq, İP toplamaq üçün müxtəlif üsullardan istifadə edir. Bəzən bu üsullar müəyyən manipulyasiyaya gətirib çıxarır. Bu gün mediada xəbər başlıqları seçilərkən oxucu əldə etmək və İP yığmağa görə kimlərisə qınamaq düzgün deyil. Çünki burda hansısa qeyri-etik və yaxud mənəvi baxımdan günah bir iş yoxdur. Bir çox KİV-lərin elə ən böyük hədəfi də budur. Ona görə də başlıq seçimlərində cazibədarlıq və gözəgəlimlilik, çəkicilik yaratmağı müsbət qiymtləndiriəm”.

Baş redaktor bildirib ki, qəzetlərin saytlara uduzmasına da elə məhz seçilən maraqlı və çəkici xəbər başlıqları səbəb olub:

“İçərisində müəyyən xoşagəlməz tendensiya olmasına baxmayaraq, zamanla bu məsələ KİV bazarında rəqabət nəticəsində sıradan çıxacaq. Üzdə yenə də ən dəqiqləri və peşəkarları qalacaq.
1990-c illərin axırlarından başlayaraq çap mediası özünün estafetini onlayn, elektron mediaya verdi. Hər halda o vaxtdan bu günə qədər oxucunun diqqətini qəzetlərdən saytlarda çəkə bilmişik. Bu çox böyük bir uğurdur. Etiraf etməliyik ki, bu uğurun böyük bir hissəsi məhz ötən illər ərzində saytlarda xəbərlərə qoyduğumuz başlıqlar hesabına olub”.

Telejurnalist Qulu Məhərrəmli Azərbaycan mediasında xəbər başlıqlarının seçimində vəziyyətin yaxşı olmadığı qənaətindədir: 

“Jurnalistikada sərlövhələrə, xəbər başlıqlarına konkret verilən tələblər var. Bu tələb ondan ibrətdir ki, sərlövhə məzmuna uyğun və təbii ki, müəyyən qədər də cazibədar olmalıdır. Amma heç bir halda yalan və uydurma olmalı deyil. Təəssüf ki, bu gün mediada, xüsusən yeni onlayn saytlarda çoxlu sayda məzmunsuz başlıqlar verilir. Ölkə içinə aid olmayan məlumatlar sanki bu ölkəyə aid olmuş kimi təqdim edilir. Xəbəri açıb baxıb görürsən ki, başlıq xəbərin içinə uyğun gəlmir, heç kimə gərək olmayan məlumatlardır. Bu kimi başlıqlarla oxucunu aldatmaq olmaz və düzgün deyil.

Başlıq bir növ qarmağa keçirilən yemdir. Bunun vasitəsilə biz oxucuları cəlb edirik. Yanlış başlıqlarla oxucunu bir dəfə aldatmaq olar. Amma 2-ci və 3-cü dəfə aldatmaq mümkün deyil”.

Jurnalist hesab edir ki, xəbər başlıqlarının seçimində xalq dilindən istifadə daha çox fayda verə bilər:

“Klassik jurnalistikamıza baxanda görürük ki, həqiqətən də gözəl xəbər başlıqları olub. Xəbər başlıqları üçün xalq dili, deyimləri və frazeoloji birləşmələr var. Günümüzdə işlətdiyimiz hikmətli və atalar sözlərindən xəbər başlıqlarında məharətlə istifadə etmək olar. Bacarıqlı və peşəkar redaktorlar xəbər başlığı seçməyin öhdəsindən məharətlə bilirlər.

Amma ucuz və sensasiyalı başlıqlar oxucunu qaçırdır. Xəbərin oxucunu çağırması, özünə cəzb etməsi üçün onun başlığından çox şey asılıdır. Hesab edirəm ki, bir çox hallarda başlıqlar sadəcə cazibədar olur.

Təəssüf ki, peşəkar seçimlər azdır. Bütövlükdə mediamızda, saytlarda xəbər başlıqlarının seçimindən o qədər də razı deyiləm. Bu gün xəbər başlıqlarında daha çox təbliğat, yalnış yönəltmə və münasibət var.  Xəbər başlığında bunların heç biri olmamaldır. Aldadıcı başlıqlar artıq effekt vermir. Peşəkar, özlərinə hörmət edən saytlar yalançı və ucuz başlıqlardan az istifadə edirlər. Əsasən təcrübəsiz saytlar daha çox ucuz, sensasiyalı və mənasız başlıqlar qoyurlar”.

 Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir