Modern.az

Türkoloji düşüncənin tarixindən: qırğız türkoloqu Qasım Tınıstanov

Türkoloji düşüncənin tarixindən: qırğız türkoloqu Qasım Tınıstanov

6 İyun 2016, 13:50

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru,
professor

Qasım Tınıstanov – mədəniyyət xadimi, xalq maarifçisi, məşhur dramaturq, şair, tərcüməçi və görkəmli türkoloq, qırğız peşəkar ədəbiyyatının əsasını təşkil edənlərdən biri, linqvist, ilk qırğız professoru. 10 sentyabr 1901-ci ildə Çoktal nahiyəsinin Çırpıktı kəndində (indiki İssık-Kul vilayəti) kasıb kəndli ailəsində anadan olmuşdur. Bəzən onun ictimai mənşəyi təhrif də olunmuşdur. Belə ki, o, 1937-ci ildə həbs olunarkən onun şəxsi işində ictimai mənşəyi belə qeyd olunmuşdur: “bəy oğlu” və ya bəy-manap oğlu”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. Москва, Издателъская фирма «Восточная Литература» РАН, 2002, с.263) Görünür ki, belə məqamlarda onun ictimai mənşəyi bəzi sənədlərdə məqsədli şəkildə dəyişdirilmişdir. Qasım Tınıstanov 1911-ci ilə qədər atasının tərbiyəsini almış, onun sadə savadını öyrənmişdir. Səkkiz yaşından başlayaraq kənd məktəbində ərəb dilində yazmaq və oxumağa başlamışdır. 1912-ci ildə atası onu rus internatına vermək məqsədi ilə Karakol şəhərinə gətirmişdir. Lakin bu təşəbbüs həyata keçməmiş, Qasım 3-4 sinifli müsəlman məktəbinə daxil olmuşdur. O, boş vaxtlarında pul qazanmaq üçün məktəb müdirinin ev işçisi olmuşdur. Çox böyük zəhmətdən və çətinlikdən sonra 1913-cü ildən 1914-cü ilə qədər Qasım Tınıstanov Sazanovka kəndində (indiki Ananevo kəndi) missioner (Missioner məktəbində xristianlığı yaymaq üçün xristian olmayan xalqlar arasına göndərilən təbliğatçılar oxumuşdur) məktəbində oxumuş, eyni zamanda çar çinovnikinin təsərrüfatında qazanc əldə etmək üçün işləmişdir. 1915-ci ildə Qasım Tınıstanov rus pansionatına qəbul olmuş, 1916-cı ildə məşhur siyasi hadisə – qırğızların Çinə qaçması ilə bağlı təhsilini dayandırmışdır. 1917-ci ilə qədər Qasım Tınıstanov Kulja şəhərində (Çində) muzdur kimi işləmişdir.

Qasım Tınıstanov Karakol şəhərinə qayıdana qədər hədsiz dərəcədə əzab və əziyyətlər çəkmişdir. Bütün bu çətinliklərə baxmayaraq, iki ay özbək məktəbində oxumuşdur. O, 1919-cu ilin oktyabrında Daşkənddə Qazax-Qırğız Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə qəbul olmuş, 1924-cü ildə oranı bitirmişdir. 1919-cu ilin axırlarında Türküstan komsomolunun sıralarına daxil olmuş, bu ittifaqın işində fəal iştirak etmişdir. 1920-ci ildən başlayaraq qazax dilində çıxan “Janı Öris” qəzetində şöbə müdiri işləmiş, sonralar “Sana”, “Jas kayrat”, “Ak jol” qəzet və jurnallarının redaksiyaları ilə əməkdaşlıq etmişdir. Bu qəzet və jurnalların səhifələrində Qasım Tınıstanov öz yaradıcılığını, oçerklərini, məqalələrini və çoxsaylı müxtəlif yazılarını çap etdirmişdir. O, 1921-ci ilin may ayında sağlamlığının pisləşməsi ilə bağlı olaraq Karakol şəhərinə gəlmiş, fəal həyatını burada davam etdirmişdir. Karakol şəhərində qırğız teatr qrupunu yaratmış, əhali arasında təbliğat işi aparmış, boş vaxtlarını qırğız dilinin dərindən öyrənilməsinə həsr etmişdir.

Qasım Tınıstanovun qırğız dilinə aid elmi fəaliyyəti 1924-cü ildə başlamışdır. O, 1924-cü ildə Qara-Qırğız Elmi Komissiyasının elmi əməkdaşı olmuşdur. Həmin ildə Qasım Tınıstanov partiya sıralarına keçmişdir. 1924-cü ilin axırlarında o, Daşkəndə Qara-Qırğız Elmi Komissiyasının Akademik Mərkəzinə katib kimi çağırılmışdır. 1925-ci ilin avqustundan bu mərkəzin sədri seçilmişdir. 1925-ci ilin avqust-oktyabr aylarında o, “Erkin Too” qəzetinə redaktorluq etmiş, fəal şəkildə partiya və həmkarlar təşkilatlarına köməklik göstərmiş, açıq şəkildə mühazirə və məruzələrlə çıxış etmişdir. 1927-ci ilin fevral ayına qədər Qara-Qırğız Elmi Komissiyanın sədri işləmiş, partiyanın təbliğat işinin təşkilini həyata keçirmişdir.

Qasim Tınıstanov 1925-1927-ci illərdə “Yeni Əlifba Cəmiyyəti”nə başçılıq etmiş, sonra isə onun mərkəzi komitəsinin rəhbəri olmuşdur. Bu müddətdə Qasım Tınıstanov Daşkənddə müəllim kurslarında mühazirələr oxumuşdur. 1927-ci ildən 1930-cu ilə qədər Qırğızıstan Sovet Sosialist Respublikasının Komissarı vəzifəsini yerinə yetirmişdir. 1930-cu ilin sentyabrında öz vəzifəsini məcburən tərk etmiş və bir ilə yaxın səhhəti ilə bağlı olaraq işləməmişdir.

 Qasım Tınıstanov 1931-ci ildən sonra Elmi Araşdırmalar İnstitutunda elmi əməkdaş kimi fəaliyyətə başlamış və mədəni quruculuq işlərinə yaxından kömək etmişdir. 1928-ci ildən başlayaraq 1931-ci ilə qədər “Yeni mədəniyyət yolunda” jurnalına redaktorluq etmiş, burada özünün elmi və bədii yaradıcılığını çap etdirmişdir. 1933-cü ildən ömrünün sonuna qədər Qırğızıstan Pedaqoji İnstitutunda dosent, sonra professor kimi fəaliyyət göstərmiş, eyni zamanda Elmi Araşdırmalar İnstitutunda mədəni quruculuq işləri ilə məşğul olmuşdur.

27 fevral 1935-ci ildə partiya yığıncağı əsassız olaraq “burjua-millətçi ideologiyasının yayılması üstündə” Qasım Tınıstanovu partiya sıralarından uzaqlaşdırmışdır. 7 may 1935-ci ildə partiya komitəsinin yanında fəaliyyət göstərən nəzarət komitəsinin qərarı ilə onun müqəssir olmadığı aydınlaşmış və Qasım Tınıstanov yenidən partiya üzvlüyünə bərpa olunmuşdur. 1 avqust 1937-ci ildə Qasım Tınıstanov həbs olunmuş və Frunze (indiki Bişkek) partiya komitəsinin qərarı ilə həmin ilin 4 avqustunda partiya sıralarından azad edilmişdir. 1938-ci il noyabrın 5-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Qasım Tınıstanovun güllələnməsinə hökm vermişdir. Bu hökm elə həmin gün həyata keçirilmişdir.

20-30-cu illərdə Qırğızıstanda hakimiyyət uğrunda ciddi mübarizə getmişdir. Bu mübarizənin acı nəticələri, o cümlədən Qasım Tınıstanovun həyatına gətirdiyi çətinliklər az olmamışdır. Bu barədə oxuyuruq: “20-30-cu illərdə Qırğızıstanın (Azərbaycan, Qazaxıstan və s.) partiya-sovet rəhbərliyində hakimiyyət uğrunda mütəmadi olaraq mübarizə gedirdi, Tınıstanov da bu mübarizəyə cəlb olunmuşdur. O, Yusub Əbdürəhmanovla 30-cu illərin əvvəllərində Qırğızıstan SSR-in Xalq Komissarları Sovetinin keçmiş sədri ilə sıx bağlı  idi. 26.08.1937-ci ildə həbs olunmuş Coldoşevin ifadəsindən: “Tınıstanov bir yerdə durmur. O, daim inkişaf edir. O, pantürkizmdən dar milliyyətçilik mövqeyinə keçir. Bu dövrdə Tınıstanov “Canıl Mırza” poemasını yazır, bu poema başdan-ayağa keçmiş feodal Qırğızıstanın ideallaşdırılması və tərifinə, feodal Qırğızıstanın müasir Sovet Qırğızıstanı ilə müqayisəsinə həsr edilmişdir... Bu poemada Tınıstanov feodal məişətinin nəsil quruluşunun ideallaşdırılması məsələlərində Əbdürəhmanovla çox yaxınlaşmışdır. Burada manap və bəylərin yırtıcı istismarına bəraət qazandırır və onları inkar edirdi. Bu iftirada kimin kimə üstün gələcəyini müəyyən etmək çətindir. Buna görə də təsadüfi deyil ki, Y.Əbdürəhmanov Qırğızıstanda yalnız bir şairi – Tınıstanovu qəbul edir və əksinə, Tınıstanov da onu “Yeganə dövlət xadimi” kimi qəbul edirdi.

1933-сü ildə Yusub Əbdürəhmanov Qırğızıstan Xalq Komissarları Sovetinin sədri vəzifəsindən azad edilmiş, partiyadan çıxarılmış və əvvəlcə Samaraya, sonra isə Orenburqa aşağısəviyyəli işə göndərilmişdir (1937-ci ilin aprelin 4-də o, Orenburqda həbs olunmuş, sonra isə Tınıstanovla eyni gündə güllələnmişdir). Onun ardınca bütün tanışları da zərər çəkmişdir. 1935-ci ildə Tınıstanov “burjua milliyətçisi” kimi partiya sıralarından kənarlaşdırılmışdı. Ancaq onu işdən azad etməmişlər: O, Qırğızıstan Dil və Yazı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı olaraq fəaliyyət göstərmiş, 1936-cı ildə isə professor adını almışdır. Bu institutda da 1934-cü ildən Y.D.Polivanov işləmiş, Tınıstanov onu Frunzeyə (indiki Bişkekə – B.X.) dəvət etmiş və onunla sıx elmi təmasda olmuşdur”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Adı göstərilən əsər. s.263-264)

Ona olan ittiham 1-ci dərəcəli prokuror Şults-Ann tərəfindən təsdiq edilmişdir:   

1. Müttəhim Tınıstanov 1921-ci ildə antisovet bay-manap mənşəli, “Alaş-Orda“ əksinqilabi milliyyətçi təşkilatına daxil olmuş, sonralar ”Sosial-Turan Partiyası” ilə birləşmiş və həbs gününədək onun fəal üzvünə çevrilmişdir. Əksinqilabi ”Alaş-Orda” təşkilatında və “Sosial-Turan Partiyası”nda bu təşkilatların rəhbər mərkəzinin tərkibinə daxil olaraq, öz əksinqilabi fəaliyyətini əsasən ədəbiyyat sahəsində aparmışdır...

2. 1921-ci ildən 1925-ci ilədək “Alaş-Orda” təşkilatının əksinqilabi mərkəzinin üzvü kimi Şimali Qırğızıstanda təşkilatın digər üzvləri ilə birlikdə böyük cəlbetmə işini aparmış, “Alaş-Orda”nın filiallarını təşkil etmiş və basmaçıların hazırlılığı və təşkili üzrə fəaliyyətini gücləndirmişdir.

3. Ali təhsilli olaraq, dilçilik və yazı üzrə mütəxəssis kimi elmi fəaliyyətinin bütün yollarında xalq təhsili, dil quruculuğu işində böyük ziyankarlıq işləri görmüş,  öz elmi əsərlərilə əksinqilabi milliyətçi ideyalar təbliğ etmişdir.

4. Alaş-Orda əksinqilabi təşkilatının, Sosial-Turan Partiyasının rəhbərləri ilə – keçmiş XKS-nin sədri Əbdürəhmanov və İsakeyevlə, kapitalist dövlətlərinin kəşfiyyat orqanları ilə münasibət quraraq, onlarla birlikdə “STP” (Sosial Turan Partiyası) əksinqilabi təşkilatının işini əlaqələndirir və Qırğızıstanın təsərrüfat və siyasi vəziyyəti haqqında məlumatları onlara ötürürdü.

Müttəhim Tınıstanov büsbütün öz günahını boynuna aldı.

Bu işə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən  1 dekabr 1934-cü il qanununun tətbiqi ilə baxılması nəzərdə tutulur (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. Москва, Издателъская фирма «Восточная Литература» РАН, 2002, с.266)

Qasım Tınıstanova hökm oxunan iclasda səyyar sessiyanın üzvlərindən hərbi müstəntiq Alekseyev (sədr), hərbi müstəntiq Zaytsev və I dərəcəli hərbi müstəntiq Boldırev, katib – I dərəcəli hərbi müstəntiq Batner və prokuror Şults-Ann da iştirak etmişdir. Bu iclas 1938-ci ilin noyabr ayının 5-də 0.55-də başlamış və  01.25-də bitmişdir. Orada qeyd olunmuşdur ki: “Müttəhim özünü günahkar saymır və ilkin istintaqdakı ifadələrindən imtina edir. O, antisovet təşkilatının üzvü olmayıb. Antisovet  “Alaş-Orda” dəstəsində iştirakını inkar etmir. 8 nəfərin ifadələrinin elan edilmiş çıxarışlarına cavab olaraq (ona görə də içlas cəmi 30 dəqiqə davam etmişdir) “müttəhim bildirir ki, onun antisovet “STP”-yə aidiyyatı ilə bağlı bütün ifadələr həqiqətə uyğun deyil... Son sözdə  müttəhim ədalətli hökm çıxarılmasını  xahiş edir”. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. Москва, Издателъская фирма «Восточная Литература» РАН, 2002, с.267)

Bütün bunlara baxmayaraq, müttəhimin ifadələri hesaba alınmamış, hökm əvvəlcədən hazırlanmışdır. Məhkəmə oyunu davam etdirilmiş və 58-4 bəndi çıxarılmış, ancaq qalan digər bəndlər ölüm hökmü üçün kifayət etdiyindən ölüm hökmü verilmişdir. (bax: Ф.Д.Ашнин, В.М.Алпатов, Д.М.Насилов. Репрессированная тюркология. Москва, Издателъская фирма «Восточная Литература» РАН, 2002, с.267)

1 oktyabr 1957-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Qasım Tınıstanovun güllələnməsini əsaslanmamış günah kimi qiymətləndirmiş və ona bəraət qazandırmışdır. 1958-ci ilin yanvar ayında Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Bürosu Qasım Tınıstanovu yenidən partiyaya qəbul etmiş və onu təmizə çıxartmışdır. Buna baxmayaraq, 1959-cu ilin dekabr ayında Qasım Tınıstanov növbəti dəfə (üçüncü dəfə) Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə partiyadan çıxarılmışdır. Lakin 16 may 1964-cü ildə qəti surətdə Kommunist Partiyasının Mərkəzi Komitəsində partiya komissiyası haqlı olaraq Qasım Tınıstanovu partiya üzvlüyünə qaytarmışdır.

Qasım Tınıstanov istedadlı və müxtəlif sahələri bilən və həmin sahələrə nüfuz etməyi bacaran sima olmuşdur. Düşüncə dərinliyi, geniş erudisiyası, müxtəlif sahələrə marağı onu başqalarından fərqləndirmişdir. O, rus, qazax, özbək, tatar dillərini yaxşı bilmiş, dunqan, uyğur dillərində tədqiqat işləri aparmışdır. Qasım Tınıstanovun qırğız milli elminin, xalq təhsilinin, mədəniyyətinin inkişafında gördüyü işlər əvəzsizdir. Onun şəxsən iştirakı ilə qəbul edilmiş yeni əlifba qırğız dilində qəzet, jurnal, dərslik, elmi və bədii ədəbiyyat materiallarının çapına imkan yaratmışdır. Bununla da o, qırğız ədəbi dilinin inkişafında xüsusi xidmət göstərmişdir.

23 may 1925-ci ildə Bişkek şəhərində keçirilmiş Birinci Elmi-Pedaqoji Qurultayda Qasım Tınıstanov çıxış etmiş, yeni qırğız əlifbasının, elmi terminologiya aparatının və şifahi xalq ədəbiyyatı materiallarının toplanmasının vacib olduğunu əsaslandırmışdır. Qasım Tınıstanov 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Beynəlxalq Türkoloji Qurultayın da iştirakçısı olmuşdur. “Yeni əlifbaya keçid haqqında” məruzəsi ilə çıxış etmişdir. Onun buradakı çıxışı və elmi məlumatı məşhur türkoloqlar, linqvistlər – V.Bartold, S.Oldenburq, B.Çobanzadə, K.Yudaxin, A.Samoyloviç, S.Malov tərəfindən yüksək qiymətləndirilmişdir. 28 may 1927-ci ildə Qasım Tınıstanov Səmərqənd şəhərində Orta Asiya Respublikalarının yeni əlifbaya keçməsi ilə bağlı çağırılmış elmi konfransın iştirakçısı olmuşdur.

Qasım Tınıstanov peşəkar qırğız poeziyasında da mühüm yer tutmuşdur. Onun “Canıl Mırza” poeması və şeirləri 1925-ci ildə “Qasım ırlar jıynaqı” toplusunda işıq üzü görmüşdür. O, “Akademiya geceleri” (“Akademiya gecələri”) adlı pyesini 30-cu illərdə yazmışdır. Bu pyesi ilə Qasım Tınıstanov dramaturgiya sahəsindəki istedadını göstərmişdir. Məşhur “İnternasional” qırğız dilində Qasım Tınıstanovun sayəsində səslənmişdir.

Qasım Tınıstanov qırğız dilinin tədrisi, orfoqrafiyası, terminologiyası ilə bağlı xeyli nəzəri və praktik dəyəri olan işlər görmüşdür. Dərsliklərini, monoqrafiyalarını və elmi məqalələrini çap etdirmişdir: “Okuu kitebi” – 1924 (“Oxu kitabı”), “Çondor üçün alippe” – 1926 (“Böyüklər üçün əlifba”), “Bizdin til” – 1927 (“Bizim dil”), “Okuu, jazuu, bil” – 1927 (“Oxu, yaz, bil”), “Ene til, I bolük” – 1929 (“Ana dili, I hissə”), “Ene tilibiz, II bolük” – 1931 (“Ana dilimiz, II hissə”), “Janı ail” – 1929 (“Yeni aul”), “Til sabaqı” – 1932 (“Dil dərsi”), “Til ilimi boyunça terminoloqiyalık sozdük” – 1933 (“Dilçilik terminləri lüğəti”), “Kırqız ımlasının kuruluşundaqı neqizqi prinçipter” – 1934 (“Qırğız orfoqrafiyasının formalaşmasının əsas prinsipləri”), “Kırqız adabiy tilinin janı ımlasının dolboru” – 1934 (“Qırğız ədəbi dilinin yeni orfoqrafiya layihəsi”), “Kırqız ımlasının   erejeleri” – 1936 (“Qırğız orfoqrafiyasının düzgünlüyü”), “Kırqız tilinin morfoloqiyası” – 1934 (“Qırğız dilinin morfologiyası”), “Kırqız tilinin    sintaksisi” – 1936 (“Qırğız dilinin sintaksisi”), “Термины по зоологии” – 1935 (“Zoologiya üzrə terminlər”), “Разработка программы по кыргызскому языку: для I-IV курсов пединститутов” – 1935 (Qırğız dilinə aid işlənmiş proqram: pedaqoji institutun I-IV kursları üçün”), “Пунктуация кыргызского языка” –1935 (“Qırğız dilində punktuasiya” – Punktuasiya durğu işarələrini qoyulması üsulu deməkdir.), «Программа кыргызского языка: для V-X классов» – 1937 (“Qırğız dilinin proqramı: V-X siniflər üçün”), «Орфография кыргызсково языка» –1937 («Qırğız dilinin orfoqrafiyası”), «Подражателъные слова: научное описание» – 1935 (“Səstəqlidli sözlər: elmi təsvir etmə”). Bu kitab barəsində professor N.А.Baskakov demişdir: “Qasım Tınıstanov onun üzərində 1928-ci ildən işləməyə başlamış, minlərlə söz toplamışdır...”

Qasım Tınıstanovun çap edilməmiş elmi əsərləri də olmuşdur: “On il yeni əlifba uğrunda mübarizə”, “Xarici terminlərin qırğız dilinə təsiri”, “Qırğız orfoqrafiyasının layihəsində əsas çatışmazlıqlar”, “Qırğız orfoqrafiyasında fəaliyyət göstərən qaydaların düzəlişi”.

Qasım Tınıstanov elmdəki fəaliyyətinə görə 1935-ci ildə Orta Asiyanın nümayəndəsi kimi professor elmi vəzifəsinə layiq görülmüşdür. Onun elmi fəaliyyətini professor E.D.Polivanov yüksək səviyyədə qiymətləndirmişdir: “Yoldaş Tınıstanov qırğız dilinin tədrisi işində və Qırğızıstanda dil quruculuğu sahəsində mühüm rol oynamışdır”. Onun müasiri, dövlət xadimi Jusup Abduraxmanov da Qasım Tınıstanovun fəaliyyətini yüksək qiymət vermişdir. Onun fikrincə, Qasım Tınıstanov özünün faciəli, qısa, lakin qaynar həyatında qırğız xalqına elə xidmət etmişdir ki, M.Lomonosov elə o cür rus xalqına xidmət etmişdir.

 Haşiyə: 17-18 oktyabr 1991-ci ildə Qırğızıstanın Karakol şəhərində Qasım Tınıstanovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirildi. Bu konfransda Azərbaycandan dəvət olunmuş nümayəndə kimi iki nəfər iştirak edirdi. Həmin iki nümayəndədən biri də bu sətirlərin müəllifi idi. Onun “Azərbaycan dilində sözsonu t və l samitlərinin fonomorfoloji xarakteri” adlı məruzəsi konfransda maraqla dinlənildi.

 Konfransın proqramında Qasım Tınıstanovun anadan olduğu Çırpıktı kəndinə səfər nəzərdə tutulmuşdu. Bu kənd səfalı bir yerdə – İssık-Kul gölünün ətrafında yerləşir.

 Konfransdan sonra konfrans iştirakçıları Qasım Tınıstanovun anadan olduğu Çırpıktı kəndinə də səfər etdilər. Çırpıktı kəndində Qasım Tınıstanovun anadan olmasının 90 illiyi münasibətilə 90 yurta qurulmuşdu. Eyni zamanda burada qırğız xalqının adət-ənənələri ilə bağlı çox maraqlı tədbirlər hazırlanmışdı. Həmin tədbirlər sırasında yaddaqalanlardan biri atçapma yarışının keçirilməsi oldu. Atçapmada birinci yeri tutanlara mükafat verildi.

 Ümumiyyətlə, Qasım Tınıstanovun anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans yüksək səviyyədə keçdi və bu da o böyük insanın adına layiq oldu.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir