Modern.az

Əlbir olub bir ayı bir şir ilə, ovladılar Türkiyəni tədbir ilə...

Əlbir olub bir ayı bir şir ilə, ovladılar Türkiyəni tədbir ilə...

Ədəbi̇yyat

7 İyun 2016, 18:34

Aqil ABBAS

Deyəsən, qardaş Türkiyənin bizdən başqa dostu qalmadı. AKP-nin xarici siyasəti Türkiyəni dünyadan təcrid elədi. Və bu gün Türkiyə elə bir çıxılmaz dalana dirənib ki, ölkəni xilas etmək üçün yeni bir Atatürkə ehtiyacı var. Atatürklər də həftə-səkkiz mən doqquz doğulmurlar, yüz ildə, iki yüz ildə ya doğulalar, ya da doğulmayalar.

AKP-nin iqtisadi siyasəti Türkiyəni qüdrətli dövlətlər sırasına çıxara bildi, amma qüdrətli Türkiyənin də qüdrətli daxili və xarici siyasəti olmalı idi. Amma çox təəssüf ki, bunu bacara bilmədi. Çünki Türkiyənin siyasətçiləri siyasətlə yox, bir-biriylə söyüşməklə məşğuldurlar, iş-güclərini buraxıb bütün günü mitinqlərdə və televizyonlarda şüar söyləməklə məşğuldurlar.

Bir türk yazıçısı vaxtilə Azərbaycanın görkəmli bir yazıçısının evinə qonaq gəlir. Görkəmli yazıçımız ona iki otaq dolusu əlyazmalarını göstərir. Türk yazıçısı gedəndə deyir: «Bu herif hey yazıyor, hiç okumuyor?» İndi, türk siyasətçiləri də hey konuşuyorlar, heç çalışmıyorlar?

İraqla düşmən, Suriya ilə düşmən, İranla miyanə, Gürcüstan da Gürcüstandı də, əlacsızlığından Türkiyəyə mehribandı, Yunanıstanla düşmən, Bolqarıstanla düşmən, Rumıniya ilə düşmən, Rusiya ilə düşmən, hətta doğma qardaşı Özbəkistanla da düşmən, Ukraynanın da vəziyyəti bəlli. Bunlar Türkiyənin qapıbir qonşularıdı, yəni çəpər-çəpərdilər. Fransa onun kimi, ən yaxın dostları almanları da gördük. İngiltərənin baş naziri də Türkiyəni təhqir elədi, İsraillə də onun kimi. Az qala qardaş bildiyi ABŞ Türkiyəni İraqda da tələyə saldı, Suriyada da. ABŞ vurhavur İraq və Suriyanın ərazilərində kürd dövləti qurur, sonra da keçəcək Türkiyənin ərazisinə və artıq keçib də.

Türkiyə də gedib Somalidə, Nigeriyada, Keniyada konsulluq binası açır, dost axtarır. Rəhmətlik Baba Pünhanın dili ilə desək: «Somali, Nigeriya, Keniya it günündə, it də Somali, Nİgeriya, Keniya günündə».

Vaxtilə İran dünyadan təcrid olunmuşdu, amma bu ölkədə vahid bir ideologiya var və bu ideologiya da İranı məhv olmaqdan qorudu, yaşatdı. Və İrana qoyulan embarqolar hətta İranın xeyirinə işlədi və məcbur olub başlarını işlətdilər, hərbi sənayelərini qurdular, sualtı qayıqlarını yapdılar, təyyarələrini yapdılar, üç min kilometr vuran raketlərini yapdılar və sair və ilaxır və yavaş-yavaş da xarici siyasətlərini qurdular. İndi İrana düşmən olan dövlətlər, ABŞ da başda olmaqla, bu ölkə ilə dostlaşmağa başladılar. Gördülər ki, İranı sıxmaqla heç nə qazanmadılar, nə parçalaya bildilər, nə vətəndaş müharibəsi yarada bildilər, nə də ac-yalavac qoya bildilər.

Türkiyə isə əksinə, bir-bir bütün dostlarını itirməyə başladı və itirib bitirdi.

Və əlbir olub bir ayı bir şir ilə,
Ovladılar Türkiyəni tədbir ilə.

İndi də ayı ilə şir əlbir olub PKK-nı salıblar Türkiyənin üstünə. Əvvəl PKK bir bölgədə fəaliyyət göstərirdi, indi Qara dənizdən tutmuş Akdənizə qədər, ordan da Ədirnəyə qədər. Məlumat verirlər ki, Şırnak və Diyarbəkirdə mindən çox terrorçu etkisiz hala gətirilib, yəni öldürulüb. Birincisi, bunlar bu şəhərə necə gəlib çıxmışdı, harda yatmışdınız? Daha doğrusu, yatmamışdız ey, seçim mitinqləri yapırdız. PKK-çı öldürməklə PKK bitməz, İŞİD-çi öldürməklə də İŞİD bitməz. Hər gün ABŞ-ın və Rusiyanın təyyarələri İŞİD-i bombalayır. Türkiyənin təyyarələri də Kandili. Nə olur?!

Rusiyanın təyyarəsini vuranda dedim ki, gərək Türkiyə belə etməyəydi. Çünki mən sabahı görürdüm. Düşdülər üstümə, dədəm-nənəm qalmadı, əbə-əcdadım qalmadı, söyhasöy. Hamı oldu bozqurd, hətta Rusiyanın Azərbaycandakı sukaları da oldu bozqurd, vətənsevər, millətsevər, Türkiyəsevər, nə bilim day nə sevər, mən oldum Vətən xaini, Rusiyanın agenti, nə bilim at gəldi örkən apardı, it gəldi çarıq. İndi Azərbaycanın bir çox siyasətçiləri, hətta millət vəkilləri deyirlər ki, Türkiyə Rusiyadan üzr istəməlidir. Nə onların dədə-nənəsinə söyən var, nə də onları Vətən xaini adlandıranlar. Hardasınız,ə?! Bilirəm, bu yazını oxuyandan sonra da yenə vətənşüvənlik başlayacaq.

Mən türkçülüyü, bozqurdçuluğu, millətçiliyi təbliğ edəndə, əlimdəki qəzetləri az qala dünya türklərinin qəzetinə çevirəndə görən hardaydı bu vətənşüvənlər?

Mənə sosial şəbəkələrdə söyənlər türk bayrağına sarılmışdılar və deyirdilər ki, Rusiya Türkiyə ilə müharibə eləsə gedib Türkiyə tərəfdən vuruşacağıq.

Yadıma şair İlyas Ərnəfəs düşdü. Qarabağda savaş gedəndə bəyanatlar verirdi ki, İraqa getmək istəyirəm, Səddamın ordusunda ABŞ-la vuruşacağam. İlyas Ərnəfəs daha səmimi idi, nəinki bu vətənşüvənlər.

PKK Türkiyəyə savaş açıb, bəs niyə gedib Türkiyə tərəfdən vuruşmursuz? Gedin də, viza da lazım deyil, gündə Türkiyəyə 30 təyyarə uçur, yüzdən çox da avtobus gedir. Rəqəm bir az çox oldu, eybi yox.

Kərbəlayı Abbasqulu bəyə deyir: «Heç oğlum Yadullanın musibəti belə olmamışdı». İndi canımız, qanımız, qardaşımız, arka daşımız, ikinci dövlətimiz Türkiyədə baş verən müsibətlər, Türkiyəyə qarşı Avropada qurulan tələlər, Suriya və İraqda qurulan tələlər Türkiyəsevərlər üçün, damarlarında türk qanı daşıyanlar üçün az qala Qarabağ müsibəti kimi bir müsibətə çevrilib. Hər gün terror, hər gün şəhidlər. Türk televizyonlarını açmaq, ümumiyyətlə, heç mümkün deyil, amma açmamaq da mümkün deyil. Türkiyənin olmayan türk televizyonları da bu şəhid xəbərlərini, terror xəbərlərini, bu ölüm-itim xəbərlərini, hətta adi avtomobil qəzaları xəbərlərini elə təqdim edirlər ki, elə bil toy xəbərləri verirlər.

Hər səhər azı iki saat Türkiyənin müxtəlif televiziya kanallarında xəbərləri izləməmiş evdən çıxmıram. Bu səhər çıxanda seyr etdiyim bir süjet, eşitdiyim bir xəbər yandırdı məni və məcbur oldum bu yazını yana-yana da yazdım:

Səhər saatlarında İstanbulda PKK-çılar polisləri daşıyan avtobusu partladıblar, 7 polis, 4 sivil ölüb, 36 da yaralı var.

İndii gözləyirəm görüm, Almaniyanın, Fransanın, İngiltərənin, İspaniyanın, İtaliyanın cümhurbaşkanları və ya başbakanları İstanbula gəlib Taksimdə qol-qola verib öz etirazlarını bildirəcəklərmi, Türkiyə xalqına başsağlığı verəcəklərmi?

Tanrı daha Türkü qorumur, arkadaşlar. Qorumur ey, birdəfəlik bilin, Türk gərək özü-özünü qorusun! İndi Türkiyənin başbilənlərinin tarixdən silib atmaq istədikləri Atatürkün dediyi ortada: «Türkün türkdən başqa dostu yoxdu!»

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir