Modern.az

Şahbaz Quliyevin anasının evi hələ də təmir olunmayıb - FOTOLAR

Şahbaz Quliyevin anasının evi hələ də təmir olunmayıb - FOTOLAR

8 İyun 2016, 11:57

Aprelin 2-dən etibarən cəbhədə atəşkəsin pozulması nəticəsində yaşanan gərginlikdən sonra Azərbaycanın cəbhəyanı rayonlarındakı bir çox yaşayış evinə, təhsil müəssisələrinə, xəstəxanalara ciddi ziyan dəyib. Erməni vandalizmi nəticəsində Tərtər, Fizuli, Ağdam, Goranboy və başqa rayonlarda yüzlərlə ev tamamilə yararsız vəziyyətə düşüb, dağıdılıb.

 

Ermənilərin təkcə Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.

Evinə zərər dəyənlərin içərisində hazırda erməni girovluğundakı Şahbaz Quliyevin anası Sənəm Quliyevanın olması barədə xəbər vermişdik.

 

Tərtər Rayon İcra Hakimiyyətindən S.Quliyevanın evinin Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən təmir olunduğu açıqlansa da, Modern.az saytına məlum olub ki, ev əvvəlki vəziyyətində qalır...

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına növbəti açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rayondakı yaşayış obyektlərinə dəyən ziyanın aradan qaldırılması üçün ayırılan vəsait hesabına Tərtər Rayon İcra Hakimiyyəti təmir işlərinə başlayıb:

 

“Hazırda ustalar növbə ilə evlərin təmir edilməsini həyata keçirir. Bəzi evlərə isə  Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən material verilib. Həmin vaxt sakinlər materialları Agentliyin verməsi müqabilində dağılmış, zərər görmüş evlərinin təmirini öz üzərilərinə götürüblər.

 

İndi İcra Hakimiyyətinə vəsait ayrılandan sonra yenidən həmin evləri də siyahıya sala bilmərik. Dövlətin pulunu havayı dağıtmaq olmaz. Həm material verilsin, sonra da maliyyə ayrılsın, bu mümkün deyil. Material verilən evlərə biz yaxınlaşmamışıq, digər evlərdə iş gedir.

 

Çünki, elə etməliyik ki, üst-üstə düşməsin. Əgər Agentlik xərci çəkibsə, bir də İcra Hakimiyyəti ora niyə xərc çəksin? Nəzərə almaq lazımdır ki, Agentliyə də dövlət tərəfindən vəsait ayrılıb. Hansı evlərə ki, Agentlik yox, biz getmişik, həmin evlərdə təmir işləri gedir. Yerli işçilərin gücündən istifadə edərək, əmək haqqı verilməklə evlərin bərpasını həyata keçiririk.

Vətəndaş Bərpa Agentliyi ilə razılaşıb, düşünüb ki, nə versələr qənimətdir. Amma biz İcra Hakimiyyəti olaraq evlərə baxış zamanı qırılan şüşəyə qədər təmir etdirib, dəyişdirib evdən çıxırıq”.

M.Məmmədov Agentliklə razılığa gələn sakinlərə təmir işlərində köməklik edilə biləcəyini deyib:

 

“Nəzərə alın ki, Tərtərdə 450-ə yaxın evə ziyan dəyib. Biz bu işləri yekunlaşdırdıqdan sonra Agentliklə razılığa gələnlərə müraciət edəcəyik. Hansı evlərə ki, material verilib, təmir getməyib, əlavə göstəriş verildiyi təqdirdə biz orada iş görəcəyik. Şahbaz Quliyevin anası Sənəm xanımın evinə də Agentlik tərəfindən material verilib.

 

Çox güman ki, Agentliyin verdiyi materialı hesablayaraq, əlavə köməklik göstərəcəyik. Hazırda bu mümkün deyil, çünki, paralel olaraq 2 qurum bir evə material verə, orda iş apara bilməz. Onda belə çıxır ki, dövlətin pulunu sel-su gətirir, hara gəldi xərclənsin?...Çünki, vətəndaş materialı alanda özü öhdəlik götürüb ki, evi özüm təmir etdirəcəm. İndi Prezident tərəfindən ayrılan vəsait hesabına aparılan təmiri görəndə, Agentlikdən material alanlar da istəyir ki, İcra Hakimiyyəti evini təmir etsin. Olmaz, qayda-qanun var”.

 

Məlumat üçün bildirək ki, S.Quliyeva Tərtər rayonun Qapanlı kənd sakinidir.

 

2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb.

Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir