Modern.az

Jurnalistikanın qabiliyyət imtahanı yumşaldılmalıdır

Jurnalistikanın qabiliyyət imtahanı yumşaldılmalıdır

10 İyun 2016, 13:38

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Məzmunca ortabab olan yazının müəllifini "qabiliyyətsiz" hesab edərək "kəsib" atmaq, doğru  yanaşma deyil

 

Doğrusu Jurnalistika fakültəsinə qəbul olunmaq istəyənlər üçün Azərbaycan MətbuatŞurasının təşəbbüsüiləqabiliyyət imtahanı tətbiq ediləndə bu qərara mən də sevinmişdim ki, nəhayət bu peşəyə əsl istedadı olanlar gələcək. Çünki buna qədər digər ixtisaslara sənəd verib o yerə balları çatmayan abituriyentlər könülsüz olsalar da, nəyə görəsə jurnalistikanı seçirdilər. Jurnalistika isə yaradıcılıq deməkdir, istedadı olmayan adam özünü bu sahədə əli çıraqlı nə qədər axtarsa da tapa bilməz.

Amma bu gün Jurnalistika fakültəsinə qəbul olunmaq üçün qabiliyyət imtahanına qoyulmuş şərtlər, orta məktəblərdə "Azərbaycan dili və ədəbiyyat" fənlərinin keçirilmə səviyyisəni, eləcə də 11-ci sinfi yenicə bitirmiş məzunların təfəkkürünü nəzərə alsaq, nəinki ağırdır, hətta labirintdə özünə çıxış yolu axtaran insanın düşdüyü vəziyyət qədər çətindir.

Fikrimiz daha anlaşıqlı olsun deyə, gəlin bu şərtlərdən bir neçəsinə diqqət yetirək.

Məsələn, abituriyent esseni yazarkən, "ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli və ya ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməlidir".

Əlbəttə, mən də çox istərdim ki, bizim orta məktəbi bitirən yeniyetmələrimizin ictimai-siyasi bilikləri geniş olsun. Amma orta məktəblər buna kifayət qədər şərait yarada bilirmi? Şagirdlər "ictimai-siyasi" problemlərin, ümumiyyətlə bu anlayışın nə olduğunu dəqiq anlaya bilirlərmi ki, onun barəsində təhlil aparıb hansısa nəticəyə gələ bilsinlər? Hansı orta məktəbdə ictimai-siyasi mövzuları özündə əks etdirən dərnəklər və ya klublar fəaliyyət göstərir? Belə olmadığı təqdirdə biz bu yeniyetmələrdən hansı haqla ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini tələb edə bilərik?

Baxın, ən azı 9-ci sinifdən başlayaraq bütün gününü test həll etməklə "göz yaddaşı"nı məşq etdirən abituriyentdən "fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir" tələb olunur.

Bəs niyə nəzərə alınmır ki, bu şərtləri yerinə yetirmək üçün gənclərdə tam formalaşmış təfəkkür olmalıdır. Gəlin etiraf edək ki, test üsulu təhsildə neqativ halların qarşısını müəyyən qədər alsa da, "göz yaddaşı"nı inkişaf etdirsə də, amma təfəkkürün formalaşmasına ciddi şəkildə mane olur. Bu isə müasir abituriyentin düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, özü də ədəbi dilin normalarına uyğun şəkildə ifadə etmələrinə şübhəsiz ki, imkan vermir.

Qabiliyyət imtahanında yazı işinin qiymətləndirilməsinə qoyulan meyarlara diqqət yetirəndə də şərtlərin ağır olduğunu görürsən. Məsələn,"yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi" və ya "yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması" və s. 

Cənablar, gəlin bu gün ümumilikdə mediamıza diqqət yetirək - istər qəzetlərdə, istər saytlarda, istərsə də radio və televiziyada illərcə jurnalist kimi çalışanlar bu şərtləri lazımınca yerinə yetirə bilmədikləri halda, 11-ci sinfi yeni bitirmiş məzundan orijinal üslub, dil zənginliyi, obrazlılıq tələb etmək nə qədər doğrudur?

Bu yeniyetmə tədris ili başlayandan öz dərsləri ilə "yüklənir" və onun mütəmadi olaraq məqalələr yazıb orijinal üslub formalaşdırmağa təbii ki, imkanı olmur. Orta məktəb şagirdi dilini zənginləşdirmək  üçün sözsüz ki, əlavə ədəbiyyatlar oxumalıdır. Bəs, əlavə müəllim yanına hazırlığa gedən, kompüterə, mobil telefonlara bağlanmış bu yeniyetmələrin buna vaxtı çatırmı?

Son iki ildə jurnalistikaya sənəd verənlərin qabiliyyət imtahanından kifayət sayda  keçə bilməmələrinin səbəblərini təhlil edəndə, burada TQDK tərəfindən yazıları yoxlamaq üçün dəvət olunmuş komissiya üzvülərinin də rolunu vurğulamaq lazım gəlir.   
 

Mənə görə qabiliyyət imtahanı verən abituriyentlərin yazılarını, orta məktəblərdən "dil və ədəbiyyat" müəllimləri, eləcə də qəzetlərdən dəvət olunmuş redaktorlar deyil, məhz Jurnalistika fakültəsinin müəllimləri yoxlasalar bu, daha məqsədəuyğunolar. Çünki, orta məktəb müəllimləri bu yazıları yoxlayarkən, təbii ki, haqlı olaraq öz peşələri çərçivəsində daha çox qrammatika və ədəbi dilin normalarını əsas götürürlər. Heç şübhəsiz ki, səhvləri obyektiv şəkildə üzə çıxarıb imtahan şərtlərini pozanlara "qeyri məqbul" qiymət yazırlar.

Bəzi KİV nümayəndələri isə, xüsusən də qəzet redaktorları psixoloji olaraq bu yazılara az qala redaksiyada çalışan müxbir yazılarına yanaşdıqları kimi yanaşırlar.

Amma Jurnalistika fakültəsində çalışan müəllimlər yazıların (esselərin) məzmunundan və abituriyentin yazı ruhundan anlayırlar ki, bu gənc jurnalistikada təhsil almış olsa, gələcəkdə ondan jurnalist olar, ya olmaz.

Hamımız yaxşı bilirik ki, yazmaq ovqat məsələsidir. Ola bilər ki, həmin gün hansısa istedadlı bir gəncin ovqatı özündə olmasın. Bundan başqa, 2 saat 30 dəqiqə ərzində psixoloji baxımdan abituriyentin gərginliyini nəzərə almamaq, 2-4 səhifə yazıda 6 və daha çox dil və nitq səhvinə görə, məzmunca ortabab olan yazının müəllifini "qabiliyyətsiz" hesab edərək "kəsib" atmaq, doğru yanaşma deyil.

Yaxşı olardı ki, bu şərtlərə bir daha baxılsın və yazıda məzmun əsas götürülsün. Qalan işlər texniki məsələlərdir ki, onları da jurnalistikada təhsil alanda müəllimlər cilalayacaqlar.

Aydın məsələdir ki, KİV-in istənilən növündə çalışan jurnalist yazmağı bacarmalıdır. Amma bununla yanaşı qabiliyyət imtahanı zamanı abituruyentin təkcə yazı qabiliyyətinin "üstünə getmək" olmaz. Burada onun diksiyası, natiqliyi, səs tembri, zahiri görünüşü və bu sahəyə yarayan digər müsbət keyfiyyətləri də əsas götürülməlidir. Çünki ola bilər ki, hansısa abituruyentin yazı qabilliyəti müəyyən qədər zəif olar, amma radio və televiziyada çalışmaq üçün, qeyd etdiyim keyfiyyətlər tələblərə tam cavab verər.

Bütün bu reallıqların fonunda, sonda qeyd edim ki, əgər jurnalistikaya qəbul olmaq üçün qabiliyyət imtahanına qoyulan şərtlər orta məktəblərimizin müasir durumuna uyğun olaraq yumşaldılmasa, təbii ki, jurnalistikaya qəbul olmaq istəyənlərin sayı   ildən-ilə aşağı düşəcək və belə olan halda baza təhsilli jurnalistlərin yerini yumşaq desək, istənilən sahədən olan "həvəskar"lar tutacaqlar. Bu isə gələcəkdə, demokratiyanın, eləcə də cəmiyyətin inkişaf etməsinə mənfi təsir edəcək, xüsusən də "rekert jurnalist"lərin çoxalmasına və bir sıra digər problemlərin artmasına gətirib çıxaracaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir