Modern.az

TQDK bu qəbul imtahanı keçirir

TQDK bu qəbul imtahanı keçirir

Aktual

12 İyun 2016, 10:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. 

TQDK-dan Modern.az-a verilən məlumata görə, saat 11.00-da başlayacaq imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir. 

Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi”  TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:

“İmtahana buraxılış vərəqəsi”;
şəxsiyyəti təsdiq edən sənədin əsli. 

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq. 

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb. 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!